Ulu Öndərin Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqinin işığında


“Hesab edirəm ki, müstəqil Azərbaycanın müəllimlər qurultayı uğurla başa çatır, qurultayın qarşısında duran vəzifələr yerinə yetirilir. Müəllimlər qurultayında sərbəst, tam demokratik şəraitdə geniş və gözəl müzakirə, fikir mübadiləsi keçirildi. Bu, məni çox sevindirir”.

Heydər ƏLİYEV

 

Heydər Əliyev Azərbaycan təhsilinin inkişaf etdirilməsinə, onun tarixinə, məktəbdə əsas sima olan müəllimin təhsildəki roluna və şəxsiyyətinə dair çoxsaylı fikirlər irəli sürmüşdür. Biz bu məqalədə Ulu Öndərin yalnız 1998-ci il sentyabrın 25-də Respublika Sarayında müstəqil respublikamızın ilk müəllimlər qurultayındakı (Azərbaycan Müəllimlərinin XI qurultayı) nitqində söylədiyi fikirləri diqqət mərkəzinə gətirmək istəyirik. Heydər Əliyev bu qurultayı təhsilimizin gələcəyi və ümumiyyətlə, Azərbaycanın gələcəyi üçün mühüm bir mərhələ hesab edirdi. O, müstəqil  respublikamızın ilk müəllimlər qurultayının iştirakçısı  olduğu üçün özünü xoşbəxt hiss edərək, sevincini salondakılarla bölüşmüşdür. Ümummilli Lider qurultay iştirakçılarına müraciətlə demişdir: “Azərbaycanda təhsilin qədim və zəngin tarixi vardır. Bu gün bu barədə məlumatlar verildi. Biz tarixin bütün mərhələlərində Azərbaycanda müəllimin, təhsilin rolunu qiymətləndiririk”.

 

Heydər Əliyev bütün varlığı, keçdiyi həyat yolu ilə həmişə məktəbə, müəllimə borclu olduğunu, bütün həyatı boyu təhsil sistemi ilə bağlılığını bildirirdi. Eyni zamanda bütün bunların heç də təsadüfi olmadığını qurultay nümayəndələrinin nəzərinə çatdırırdı.

 

Ümummilli Lider onu böyük müəllim kimi dəyərləndirənlərin sözlərinə qüvvət verərək dedi: “Siz məni də müəllim hesab edirsiniz. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz. Mən pedaqoji texnikumu bitirəndən sonra Bakıda ali məktəbə qəbul olundum. Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxt bir az dərs vermək təcrübəm olubdur. O günlər mənim xatirimdədir. Xatirimdədir ki, nə qədər həyəcan keçirirdim. Əvvəlcə bizi o siniflərə aparırdılar, oturub baxırdıq ki, müəllimlər necə dərs verirlər. Bir müddət belə idi. Ondan sonra isə deyirdilər ki, gedib filan gün, filan sinifdə filan dərsi verməlisən. Nə qədər hazırlaşmaq lazım idi. Nə qədər hazırlaşsaydın da, 2-ci, 3-cü, 4-cü sinif uşaqları qarşısında böyük həyəcan keçirirdin. Mən həmin günləri indi də xatırlayıram”.

 

Ümummilli Lider istər respublikamızda, istərsə də keçmiş ittifaqda yüksək vəzifələrdə çalışmış, Azərbaycana rəhbərlik etmiş, eyni zamanda SSRİ dövlətinin rəhbərlərindən biri olmuşdu. Heydər Əliyev hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə məktəblərin inkişafına kömək göstərmiş, təhsilə, müəllimin şərəfli əməyinə yüksək qiymət vermişdir. Bu barədə müstəqil Azərbaycanın ilk müəllimlər qurultayında demişdir: “1969-cu ilə qədər bir çox dövlət işlərində işlədiyim zaman mən daim məktəbə, ali məktəblərə maraq göstərmişəm və onların fəaliyyətində müəyyən xidmətlərim olubdur. Ancaq mən 1969-cu ildə respublikanın rəhbəri seçiləndən sonrakı fəaliyyətimin şübhəsiz ki, bütün sahələrini qiymətləndirərək, Azərbaycanda məktəbin, orta, ali təhsilin, texniki peşə təhsilinin inkişaf etməsini öz fəaliyyətimin əsas hissəsi hesab etmişəm, bununla ciddi məşğul olmuşam. Bu gün iftixar hissi keçirə bilərəm ki, o illər mən Azərbaycana rəhbərlik etdiyim zaman saysız-hesabsız məktəblər yaranıbdır, ali məktəblərin sayı, onların fakültələri, kafedraları artıbdır, yüksək səviyyəli müəllim kadrları, universitetlərdə dərs deyən alim kadrları hazırlanıbdır və bunların hamısında mənim xidmətlərim olubdur”.

 

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsində çalışarkən bir çox istiqamətdə fəaliyyət göstərirdi. Bir sıra nazirliklər (Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi) bilavasitə onun rəhbərliyi altında idi. Ulu Öndər təhsillə bilavasitə əlaqədar olan bu nazirliklərə 5 il rəhbərlik etmiş, onların fəaliyyətində, tədbirlərində, kollegiya iclaslarında iştirak etmiş, onların   məruzələrini, hesabatlarını dinləmiş,  nitq söyləmişdi.

 

Heydər Əliyevin qənaətincə, Sovetlər İttifaqı dövründə yaranmış təhsil sistemi bir çox  üstünlüklərə malik olsa da,   o sistem  tam təkmil sistem deyildi,    onu təkmilləşdirmək lazım gəlirdi.

 

Məlum olduğu kimi, Heydər Əliyev 1983-1984-cü illərdə SSRİ-də məktəb islahatı ilə bağlı komissiyanın sədri olmuşdu. O zaman məktəb islahatı hazırlandı, 1984-cü ildə SSRİ Ali Sovetinin sessiyasında islahatın  müzakirəsi keçirildi.  Ulu Öndər həmin sessiyada məktəb islahatına dair  məruzə ilə çıxış etdi.

 

Məktəb islahatı ilə əlaqədar qanunlar, bir sıra qərarlar qəbul olundu.

 

Göründüyü kimi, Ümummilli Liderimiz təhsil və məktəb sisteminə istər gəncliyindən, istərsə də respublikamıza, eyni zamanda SSRİ-yə rəhbərliyi dövrdən dərindən bələd idi.

 

1984-cü il məktəb islahatından danışarkən Heydər Əliyev qurultay nümayəndələrinə aşağıdakı məlumatı verdi:  “Mən “Məktəb islahatı haqqında” Qanun hazırlamışam, o da qəbul edilibdir. Doğrudur, 1985-ci ildə Qorbaçov Sovetlər İttifaqının başçısı seçiləndən sonra o illərdə görülmüş işlərə görə onda böyük bir qısqanclıq əmələ gəldi. Qorbaçov həm birinci qanunun, həm də məktəb islahatının həyata keçirilməsinə imkan vermədi, şərait yaratmadı. O özü hansısa yeni-yeni islahatlar irəli sürdü. Ancaq buna baxmayaraq, o qanunlar öz işini gördü. Məktəbin təkmilləşməsi sahəsində o illərdə bir çox işlər görüldü”.

 

Heydər Əliyev Azərbaycanda  təhsilin, o cümlədən orta, texniki peşə, orta ixtisas və ali məktəblərin fəaliyyətinin yaxşılaşdırılması  və təkmilləşdirilməsi istiqamətində   ciddi tədbirlərin görülməsini zəruri hesab edirdi. Bildirirdi ki, ölkəmizdə məktəb, təhsil bundan sonra da onun diqqət mərkəzində dayanacaqdır. 

 

Ulu Öndər respublikamızda yeni təhsil müəssisələrinin təmirini və  tikilməsini vacib hesab edirdi. Ötən əsrin 90-cı illərində yenidən müstəqillik əldə etdik. Müstəqilliyin ilk illəri idi. Maddi çətinliklərimiz vardı. Məktəblərin tikilməsi və əsaslı təmirində problemlər vardı. Odur ki, Heydər Əliyev şirkətləri, iş adamlarını təhsilə vəsait sərf etməyə və təhsilin inkişafına qoşulmağa çağırırdı: “Burada tamamilə düzgün fikir söyləndi ki, bizim iş adamları, ayrı-ayrı şirkətlər ya məktəb binası tikə, yaxud da mövcud məktəblərin təmirini öz üzərinə götürə bilərlər. Burada doğru deyildi, bəzi iş adamları məscid tikirlər, - o da lazımdır, mən bunu çox əhəmiyyətli hesab edirəm, - ancaq bir məscid tikəndə, bir dənə də məktəb binası tikmək lazımdır. Ona görə də mən burada deyilən fikirlərə şərik çıxaraq üzümü tuturam Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, şirkətlərə və müraciət edirəm ki, onlar bu sahədə təşəbbüs göstərsinlər. Bəyan edirəm ki, kim bu sahədə təşəbbüs göstərsə, hansısa bir məktəbi yaxşı təmir edib müasir vəziyyətə salmağı öz üzərinə götürsə, şübhəsiz ki, o, dövlət tərəfindən müəyyən qayğı altında olacaqdır”.

 

Ümummilli Liderin qurultaydakı nitqində bütün bu məsələlər diqqət mərkəzində dayandı.

 

Heydər Əliyev Müəllimlər Qurultayına bir gün qalmış, yəni 24 sentyabr 1998-ci ildə bu tədbirə məktub da ünvanlamışdı. Məktub təbrik xarakterli idi, qurultayın keçirilməsi təqdir olunurdu. Təbrikdə  müəllimin rolu xüsusilə dəyərləndirilirdi. Diqqət yetirək: “Azərbaycan müəllimlərinin cəmiyyətimizin həyatında oynadığı rol müstəsna əhəmiyyətə malikdir. Müəllimlik xalqımızın ən çox hörmət etdiyi, ən çox əziz tutduğu bir peşədir. Təsadüfi deyil ki, cəmiyyətimizin ən layiqli nümayəndələri sənətindən, işindən asılı olmayaraq müəllim adlandırılır. Tariximizin bütün dövrlərində bu ada məhəbbətlə yanaşılmış və onun daşıyıcılarına xüsusi ehtiram bəslənmiş, diqqət göstərilmişdir”.

 

Təbrikdə eyni zamanda qurultayın böyük əhəmiyyəti qeyd olunurdu. Fikir verək: “Sizin bu qurultayınız müstəqil respublikamızın ilk müəllimlər qurultayı olsa da, Azərbaycanda müəllimlər qurultaylarının ictimai-siyasi hadisə kimi tarixi qədim, əhəmiyyəti danılmazdır”.

 

Ulu Öndərin Müəllimlər Qurultayındakı nitqində diqqətdə saxladığı məsələlərdən biri də müəllim şəxsiyyəti, müəllimin şərəfli peşəsi ilə bağlı idi. Bu xüsusda deyirdi: “Mən bəyan edirəm ki, bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir”.

 

Heydər Əliyev  öz işinə məsuliyyətlə yanaşan, şagirdlərin, tələbələrin təlim və tərbiyəsi ilə yaxından məşğul olan, öz vəzifəsinin öhdəsindən vicdanla gələn müəllimləri təqdir etməklə yanaşı, müəllimlərin cərgəsinə təsadüfən düşənləri də pisləyirdi. Onları nəzərdə tutaraq deyirdi: “Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq. Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Əziz dostlar, siz fəxr etməlisiniz ki, müəllimsiniz və müəllimlik peşəsinə sadiqsiniz”.

 

Ulu Öndər qurultayda müəllim-təhsilalan münasibətinə də toxunmuşdur. O, müəllimin şagirdi öz övladı kimi sevməsini lazım bildiyi kimi, eyni zamanda şagirdin öz müəlliminə hörmət etməsini, onun nüfuzunu qorumasını da vacib hesab edirdi.

 

Ümummilli Liderin nitqindəki aşağıdakı sözlər diqqətimizi cəlb edir: “Biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Ona hörmət edirdik. Müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur.  Mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir”.

 

Çox qiymətli fikirlərdir.

 

Heydər Əliyev müəllim şəxsiyyətinə də böyük qiymət verirdi: “Mən hesab edirəm ki, insan cəmiyyətində ən yüksək yerdə mənəviyyat durur. Maddi vəziyyət, sərvət, bu və ya başqa şeylər xeyli aşağıda durur. Bununla onu demək istəmirəm ki, müəllimlər həmişə maddi çətinlik içərisində yaşamalıdırlar. Yox, sadəcə, bu sözlərimlə mən özünü müəllimlik peşəsinə həsr edən insanın həmin peşəyə sadiqliyini sübut etmək istəyirəm. Ola bilər, o müəllimlər gedib başqa bir işlə məşğul olsaydılar, bir neçə qat artıq fayda götürə bilərdilər və maddi vəziyyətləri də yaxşı olardı. Ancaq onlar müəllimlik peşəsini seçiblər, siz müəllimlik peşəsini seçmisiniz. Buna görə də mən sizə “afərin!” deyirəm, sizin qarşınızda, müəllimin qarşısında baş əyirəm”.

 

Ulu Öndər övladlarının təlim-tərbiyəsinə qayğı ilə yanaşan valideynləri də hörmət və məhəbbətlə xatırladırdı. Bu xüsusda demişdir:  “Bu, məndə böyük qürur hissi doğurur ki, Azərbaycan vətəndaşları, azərbaycanlılar təhsilə nə qədər bağlıdırlar, övladlarını nə qədər təhsilləndirmək, maarifləndirmək istəyirlər”.

 

Ötən əsrin 90-cı illərində və ondan əvvəl də uşaqlar 7 yaşından məktəbə gedirdilər. Uşaqların 6 yaşından I sinfə getmək məsələsi gündəmdə idi, lakin bu proses ləng həyata keçirilirdi. Odur ki, Ulu Öndər Müəllimlər Qurultayında haqqında danışılan məsələyə öz münasibətini bildirdi: “Burada məktəbə altı yaşından getmək məsələsi barədə də fikir söyləndi. Nə üçün bu, indiyə qədər müzakirə olunur? 1984-cü ildə “Məktəb islahatı haqqında” Qanunda uşaqların 6 yaşından məktəbə getməsi məqbul hesab edilmişdi. Burada deyildi, doğrudan da bəzən heç altı yaşına çatmamış uşaqlar var ki, çox istedadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək lazımdır. Sizə öz təcrübəmdən deyə bilərəm. Mən özüm 6 yaşımda məktəbə getmişəm, - o vaxt hələ nə islahat, nə də qanun var idi, - məni məktəbə qəbul ediblər və on altı yaşımda məktəbi bitirmişəm. Oğlum isə məktəbə gedəndə hələ altı yaşı da tamam deyildi. Bunlar hamısı təkcə mənim yox, çox insanların övladlarının təcrübəsindən keçibdir və buna mane olmaq lazım deyildir”.

 

Heydər Əliyevin öz nitqində diqqət yetirdiyi məsələlərdən biri də  Təhsil Şurasının yaradılması məsələsinə aid idi. Təhsil Şurasının üzvlərinin kimlərdən ibarət olması barədə müxtəlif fikirlər səslənirdi. Ulu Öndər məsələyə öz münasibətini tamam fərqli şəkildə və çox da düzgün olaraq bildirdi. Diqqət yetirək: “Təhsil Şurası ictimai təşkilatdır, müəllimlərin, təhsil işçilərinin təşkilatıdır. Ona görə də belə bir təşkilatda yalnız müəllimlər, bilavasitə təhsil sahəsində işləyənlər, bilavasitə təhsillə məşğul olanlar olmalıdırlar. Əminəm ki, bu şura formal bir təşkilat yox, işlək təşkilat olacaq və təhsilin, müəllimin, məktəbin problemlərini həll etmək üçün həmişə fəal olacaqdır. Azərbaycanın Prezidenti kimi mənim tərəfimdən isə bu şura həmişə dəstək ala biləcəkdir”.  Yuxarıda diqqət mərkəzinə gətirdiyimiz məsələlərdən görünür ki,  Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanımızın ilk Müəllimlər Qurultayında iştirakı və nitqi həm bu möhtəşəm tədbirə böyük önəm vermiş, həm də  təhsilimizin qarşısında duran vəzifələri daha aydın işıqlandırmışdır.

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim