Təhsil işçilərinin əsas vəzifələrindən biri kimi


“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Çünki hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Xüsusən, aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

 

Heydər ƏLİYEV

 

Müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan edilməsi mühüm və əlamətdar tarixi əhəmiyyət kəsb edir. Hələ sağlığında xalqımızın qəlbində əbədi heykəlini ucaltmış Ulu Öndər müstəqilliyimizin qorunması, gücləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz xidmətlər göstərib. Məhz dahi şəxsiyyətin güclü siyasi iradəsi, yüksək intellekti və uzaqgörənliyi, əzmkar və yorulmaz fəaliyyəti, zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olub və dövlətçilik təməllərini möhkəmləndirib.

 

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı hazırda yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir. Əbədiyaşar liderin layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin şanlı səhifələrini yazmaqdadır. Əminik ki, xalqımızın milli sərvəti hesab edilən Heydər Əliyevin zəngin və çoxşaxəli irsi əbədi olaraq doğma Azərbaycanımızın tərəqqisi və xoşbəxt gələcəyinə parlaq işıq saçacaqdır.

 

Odur ki, görkəmli dövlət xadiminin irsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının şərəfli və önəmli vəzifələrindəndir. Əsas missiyalarından biri Vətənə və dövlətə layiqli mütəxəssis kadrlar hazırlamaq olan Mingəçevir Dövlət Universitetində (MDU) bu zəngin irsin öyrənilməsi və gənclər arasında təbliği diqqət mərkəzində saxlanılır. “Heydər Əliyev İli” çərçivəsində universitetdə geniş tədbirlər planı təsdiq olunub. Ümummilli Liderin şərəfli ömür yoluna və titanik dövlətçilik fəaliyyətinə həsr edilən tədbirlər planı çərçivəsində 2023-cü ilin yanvar-aprel ayları ərzində MDU-da çoxsaylı fəaliyyətlər həyata keçirilib.

 

Heydər Əliyev və Azərbaycan gəncliyi

 

2023-cü ilin fevralın 1-də MDU-da “Heydər Əliyev İli” və 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilib. Ulu Öndərimizin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Azərbaycan Gəncləri Gününün Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb və Ulu Öndərin Azərbaycan gəncinə verdiyi yüksək dəyərdən bəhs edilib. Qeyd edilib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti uğurla davam etdirilir, cəmiyyətin gələcəyi və aparıcı qüvvəsi hesab edilən gənclərə yüksək diqqət və qayğı göstərilir, onların hərtərəfli inkişafı istiqamətində geniş imkanlar yaradılır. Vurğulanıb ki, bu gün gənclərimizin elm, təhsil, mədəniyyət, incəsənət, idman və ictimai həyatın digər bütün sahələrində əldə etdikləri nailiyyətlər məhz dövlətin uğurlu gənclər siyasətinin məntiqi nəticəsidir.

 

Konfransda Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində qazanılan tarixi Zəfərdən danışılıb və qeyd olunub ki, 44 günlük Vətən müharibəsində yüksək qəhrəmanlıq və fədakarlıq göstərən Azərbaycan gənci həm informasiya cəbhəsində, həm də döyüş meydanında öz gücünü bir daha dünyaya nümayiş etdirdi və tarixi ədalətin bərpa olunmasında mühüm pay sahibi oldu. Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimizin üzərilərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminlik ifadə edilib və əbədiyaşar lider Heydər Əliyevin gənclərimiz üçün miras qoyduğu zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliğinin önəmi vurğulanıb. Sonra MDU-nun əməkdaşları və tələbələri “Ümummilli Lider Heydər Əliyev və dövlət gənclər siyasəti”, “Azərbaycan gəncinin düşüncəsində Heydər Əliyev fenomeni”, “Azərbaycanın gələcəyinin uğurlu təminatı müasir bilik və bacarıqlara səylə yiyələnən gənclərdir”, “Millətinə və dövlətinə sadiq vətəndaş olmaq hər bir tələbə gəncin ümdə vəzifəsidir” və “Heydər Əliyev ideyalarına əsaslanan yeni dövrün gənclər siyasəti: Azərbaycanın gələcəyi etibarlı əllərdədir” mövzularında məruzələrlə çıxış ediblər.

 

Bundan əlavə, MDU tələbəsi Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində fərqlənərək fəxri fərmana layiq görülüb.

 

Tarix yaradan Heydər Əliyev nümunəsi

 

Fevralın 28-də MDU və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə həsr olunan “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Mingəçevirin önəminin və potensialının Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirildiyi bildirilib və Ümummilli Liderin şəhərin hərtərəfli inkişafına göstərdiyi böyük diqqət və qayğıdan bəhs edilib. Elmi tədbirin müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği məqsədi daşıdığı vurğulanıb. Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği ilə bağlı MDU-da çoxsaylı tədbirlərin təşkil edildiyi diqqətə çatdırılıb və son dövrdə universitetdə bu istiqamətdə formalaşmış müvafiq elmi potensialın və təcrübənin şəhərin ictimai-siyasi həyatına da əhəmiyyətli töhfə verməsindən məmnunluq ifadə olunub. Sonra, “Qəlblərdə və xatirələrdə əbədiləşən Ümummilli Lider Heydər Əliyev” adlı videoçarx izlənilib. MDU əməkdaşları “Heydər Əliyev: Azərbaycanda milli oyanışın xarakteri və müstəqilliyə doğru böyük qayıdışın başlanması”, “Azərbaycan Respublikasında neft sənayesinin bərpası və inkişafı sahəsində Heydər Əliyevin misilsiz xidmətləri”, “Azərbaycan Respublikasının maliyyə sisteminin formalaşmasında və inkişaf etdirilməsində Heydər Əliyevin möhtəşəm tarixi rolu” və “Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə iqtisadiyyatın aqrar sektorunun inkişaf tendensiyaları” mövzularında məruzələrlə çıxış ediblər.

 

Martın 30-da MDU və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə həsr olunan “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda II elmi-praktik konfrans keçirilib. “Dahi şəxsiyyət, uzaqgörən lider: Heydər Əliyev” adlı videoçarx nümayiş etdirildikdən sonra konfransda “Müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı: Heydər Əliyev”, “Milli mədəniyyətimizin zənginləşməsində Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti”, “Heydər Əliyev və ana dilimiz” və “Qurtuluşdan başlanan intibah yolu və müasir ekoloji siyasət” mövzularında məruzələr dinlənilib.

 

Heydər Əliyev və sosial siyasət

 

Martın 2-də MDU-da “Azərbaycanın sosial siyasətinin inkişaf tendensiyaları və prioritetləri” mövzusunda elmi seminar keçirilib. Seminarda qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın iqtisadi inkişaf modelində əhalinin sosial maraqlarının təminatı prinsipinə hər zaman prioritet əhəmiyyət verilib. Ölkədə aparılan siyasətin mərkəzində məhz insan amilinin, vətəndaşların sosial rifahının davamlı yaxşılaşdırılmasının dayandığı vurğulanıb. Ümummilli Liderin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda sosial islahatlar proqramının uğurla icra olunduğu bildirilib. Diqqətə çatdırılıb ki, sosial siyasətin müxtəlif aspektlərinin tədqiqi universitetin əsas elmi fəaliyyət istiqamətlərindən birini təşkil edir və hazırkı seminar sözügedən mövzuda universitetin akademik heyət üzvləri tərəfindən aparılmış elmi araşdırmaların nəticələrinin təqdimatı və müzakirəsi məqsədi daşıyır. Sonra MDU əməkdaşlarının müvafiq aktual mövzularda elmi məruzələri dinlənilib və müzakirələr aparılıb.

 

Heydər Əliyev və Azərbaycanda mühəndisliyin inkişafı

 

Martın 6-da MDU və “Azərbaycan İES” MMC-nin birgə təşkilatçılığı ilə “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Qeyd edilib ki, həm sovet dönəmində, həm də müstəqillik illərində Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə sənayenin çoxşaxəli inkişafı, eləcə də peşəkar milli kadrların yetişdirilməsi istiqamətində atılan mühüm addımlar və əldə olunan nailiyyətlər Azərbaycanda mühəndisliyin inkişafına da əhəmiyyətli töhfələr verib. Bildirilib ki, məhz Ulu Öndərin uzaqgörən və qətiyyətli siyasəti sayəsində respublikamızda ictimai həyatın bütün sahələri davamlı və dinamik inkişaf yoluna qədəm qoyub, Azərbaycan hazırda bölgədə söz sahibinə və lider dövlətə çevrilib. Əbədiyaşar liderin əsasını qoyduğu uğurlu siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildiyi diqqətə çatdırılaraq, cari ilin fevralın 13-də Mingəçevirdə müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasının böyük sevinc və qürurla qarşılandığı bildirilib. Yeni elektrik stansiyasının Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyini gücləndirməsindəki önəmindən danışılıb. Azərbaycanda mühəndislik, sənaye və energetika sahələrinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edilib.

 

Heydər Əliyev və milli intibah dövrü

 

Aprelin 19-da Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) və MDU-nun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransdan əvvəl, iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu Öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə edib və Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar. Konfransın açılışında çıxış edən Mingəçevir ŞİH-in başçısı İlham İsmayılov Ulu Öndərin hakimiyyətinin birinci və ikinci dövrlərindəki fəaliyyətindən ətraflı bəhs edib, Azərbaycanın aqrar dövlətdən yüksək sürətlə inkişaf edən, intibah dövrü keçirən bir ölkəyə çevirməsini konkret faktlarla şərh edib. Ulu Öndərin zəngin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra məruzələr dinlənilib. Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli “Ulu Öndər-Milli Müstəqillik uğrunda mübarizənin həqiqi carçısı”, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Azərbaycanda elmin və alimin ən böyük himayədarı”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov “Ümummilli Lider və Azərbaycanın milli iqtisadi inkişaf strategiyası”, MDU-nun rektoru Şahin Bayramov “Heydər Əliyevin milli təhsilimizin inkişafında misilsiz xidmətləri” mövzularında məruzələrlə çıxış ediblər.

 

Heydər Əliyev və Azərbaycan təhsili

 

Aprelin 20-də MDU, Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) və Yevlax Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə konfransa tərəfdaşlıq edən qurumların rəhbər və nümayəndələri ilə yanaşı, regionun 7 şəhər və rayonunu təmsil edən təhsil işçiləri də iştirak ediblər. Konfransda Azərbaycanda təhsilin davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib və Ümummilli Liderin Azərbaycanda elmin və təhsilin inkişafına verdiyi misilsiz töhfələrdən bəhs edilib. Qeyd olunub ki, ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edib, 1969-1982-ci illərin həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlandığı və Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bu inkişaf dinamikasının davam etdiyi bildirilib. Ulu Öndərin Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rolu vurğulanıb, əbədiyaşar liderin zəngin irsinin davamlı öyrənilməsinin və gənc nəsil arasında təbliğ edilməsinin təhsil işçilərinin əsas vəzifələrindən olması diqqətə çatdırılıb. Konfransda “Ümummilli Liderin ali təhsil siyasəti: universitetlərimiz yeni inkişaf mərhələsində”, “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır”, “Heydər Əliyev - uşaqları məhəbbətlə sevən lider” və “Ulu Öndərin əsasını qoyduğu idmana qayğı siyasəti bizi yeni qələbələrə çağırır” mövzularında məruzələr təqdim edilib. Sonra Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətləri əks etdirən videoçarx nümayiş olunub.

 

Heydər Əliyev tələbələrin və gənc tədqiqatçıların gözü ilə

 

Mart ayında MDU-nun mühəndislik, təhsil, iqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrinin “Heydər Əliyev İli” çərçivəsində 3 elmi konfransı keçirilib. Konfranslarda MDU tələbələri məruzələrlə çıxış edərək Azərbaycanda təhsilin, mühəndisliyin inkişafında Ulu Öndərin müstəsna rolundan və dahi liderin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs ediblər.

 

Bununla yanaşı, mart ayında MDU-da gənc əməkdaşların və tələbələrin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik seminar, “Heydər Əliyev İli” çərçivəsində doktorant, dissertant və gənc tədqiqatçıların elmi seminarı və magistrantların elmi-nəzəri konfransı, apreldə isə “Heydər Əliyev irsi: rəqəmsallaşma və texnologiyalar sahəsində gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar MDU-da ağacəkmə aksiyası keçirilib. Aksiyada MDU-nun professor-müəllim və tələbə heyəti, universitetin şəhid məzunlarının ailə üzvləri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri iştirak ediblər.

 

Aprel ayında MDU və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib. “Heydər Əliyev İli” çərçivəsində keçirilən idman yarışı şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi işinə töhfə məqsədi daşıyıb. MDU-nu təmsil edən voleybol komandası yarışın qalibi olub.

 

“Heydər Əliyev İli” və növbəti fəaliyyətlər

 

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı MDU-da müvafiq Tədbirlər Planı çərçivəsində fəaliyyətlər hazırda davam edir. Növbəti aylarda da Ulu Öndərə həsr olunan mühazirələr, “dəyirmi masa”lar, seminarlar və konfranslar təşkil ediləcək, ağacəkmə aksiyaları, ekskursiyalar, idman yarışları və digər tədbirlər həyata keçiriləcək. Əminik ki, universitetdə reallaşdırılan bu kompleks tədbirlər gənclərin hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda yetişdirilməsi işlərinə misilsiz töhfələr verəcəkdir.

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru