04-06 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib.
Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin astrofizika kafedrasından verilən məlumata görə, bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10.00-dək), mayın 9-da G1 (mülayim) və daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. 04-05 may tarixlərində yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlanmasını bir qədər də gücləndirib.
LASCO (Large Angle and Spectrometric Coronagraph - Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb.
Mayın 8-də Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək.
Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.