Müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının milli-mənəvi dəyərlərə sahib olmasına real imkanlar yarandı. Bu yolda Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, zəkası, onun dərin fəlsəfi, tərbiyəvi mahiyyət daşıyan çıxışları əhəmiyyətli rol oynadı. Azərbaycançılıq ideyasının formalaşmasında, bu ideyanın xalqın milli təfəkkürünə həkk olunmasında Ümummilli Liderin geniş elmi bilikləri, siyasi baxışları mayak rolunu oynadı.

 

Ulu Öndər Azərbaycan xalqının milli məfkurəyə sahib olması üçün onun bir bayraq altında birləşməsinə nail oldu. Siyasi fəaliyyətini Naxçıvanda davam etdirərkən Şərqdə ilk demokratik cümhuriyyətin, ADR-in bayrağını bu qədim diyarda ucaltmağa nail oldu. Bu, dünya azərbaycanlılarının bir bayraq altında birləşməsində ilk addım oldu. 

 

Ulu Öndər bu məqsədə nail olmaq üçün “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün 31 dekabrda  qeyd olunması üçün sərəncam imzaladı. Hər il bayram edilən bu gün dünya azərbaycanlılarının monolit şəkildə birləşməsinə imkan yaratdı. Bu bayramın hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edilməsi gənc nəslin milli ruhda böyüməsi və tərbiyə olunmasında mayak rolunu oynadı. Türk dövlətləri şurasının, türk dövlətləri təşkilatının bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulmasını söyləmək daha doğru olardı.

 

Türk dünyasına qovuşmağın vacib olduğunu söyləyən Ümummilli Lider qeyd edirdi: “Bir millət, iki dövlət sözləri hər bir azərbaycanlının qulağında səslənməlidir. Bu ifadə bizim gələcəyimizin proqramıdır”.

 

Ulu Öndər milli-mənəvi dəyərimiz olan Azərbaycan dilinin zənginləşməsi, inkişafını da daim diqqət mərkəzində saxlayırdı. Milli dəyərlərimiz olan dilimizin, ədəbiyyatımızın zənginləşməsi, inkişafı üçün maddi, mənəvi yardımı yaradıcı insanlardan əsirgəmirdi. Xüsusilə Azərbaycan dilinin inkişafını milliliyin əsası kimi qiymətləndirirdi.

 

Dilimiz milli olsa da, onun leksikası, qrammatikasının ümumbəşəri meyarlar əsasında təkmilləşməsi Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Buna uyğun olaraq o, bir sıra sərəncamlar imzalayaraq həyata keçirilməsinə nail olmuşdur. Bunu onun imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycanda latın qrafikasına keçirilməsi haqqında” 1 avqust 2001-ci il tarixli fərmanları ilə təsdiq etmək olar.

 

Ulu Öndərin millilik konsepsiyasının həyata keçirilməsinə misal olaraq 4 iyul 2001-ci ildə onun imzaladığı “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamını göstərmək olar.

 

Dahi şəxsiyyətin millilik konsepsiyasının həyata keçirilməsini onun imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixində imzaladığı sərəncamı ilə də təsdiq etmək olar.

 

Azərbaycan dilinin inkişafı və onun dövlət dili kimi təkmilləşdirilməsinə Ulu Öndər tək millilik prizmasından yanaşmırdı. Onun ümumbəşəri dəyərlər fonunda formalaşmasına çalışırdı. Elm, təhsil, mədəniyyətimizin inkişafında dil faktorunun yerini aydın görürdü. Onun uzaqgörənliyi sayəsində bu gün Azərbaycan elmi, təhsili dünya elm, təhsil sisteminə inteqrasiya yolunda uğurla irəliləməkdədir.

 

Onun milli konsepsiyasına Azərbaycandan kənarda yaşayan soydaşlarımızın həyat və fəaliyyəti də daxil idi. O, Gürcüstanda yaşayan soydaşlarımıza qayğını da diqqət mərkəzində saxlayırdı. Onların öz ana dilində təhsil alması üçün dərslik və dərs vəsaitləri ilə təmin olunmasına qayğı göstərirdi.

 

Ulu Öndər milli sərvətimiz olan ədəbiyyatımızın inkişafına da xüsusi qayğı göstərirdi. Klassik bədii nümunələrin yenidən çap edilməsi, tanınmış şair, yazıçıların, incəsənət ustalarının xatirələrinin əbədiləşdirilməsi yolunda tədbirlərin həyata keçirilməsinə nail olurdu. Şairlərə, yazıçılara ümumbəşəri dəyərlərə söykənən ədəbi əsərlərin yazılmasını tövsiyə edirdi. O, qeyd edirdi: “Azərbaycan ədəbiyyatı milli kökləri ilə yaşayan, özünü  yaşadan milli varlığını sübut edən ədəbiyyatdır”.

 

O, ideoloji yanaşmalardan uzaq olan əsərlərin meydana gəlməsini vacib sayırdı. Onun Azərbaycan yazıçılarının X qurultayında işlətdiyi bir cümlə mənim də doktorluq dissertasiyamın müdafiəsinə yol açdı. “Ümumbəşəri dəyərlərin mənimsənilməsi əsasında şagirdlərin elmi dünyagörüşünün formalaşması” mövzusunda 1993-cü ildə bitirdiyim doktorluq dissertasiyasını müdafiə edə bildim. Ulu Öndərin yazıçıların X qurultayında fasilə zamanı iki yazarla söhbətində dediyi “ideologiya, milli ideologiya” haqqında danışırlar. İndi kommunist partiyası tərəfindən hazırlanan ideologiya yoxdur. Buna heç ehtiyac da yoxdur. Bizim ideologiyamız iki il bundan əvvəl qəbul etdiyimiz Konstitusiyamızda öz əksini tapmışdır...” kəlamları bədii ədəbiyyatda, elmdə, təhsildə ümumbəşəri dəyərlərə istinad  etməyin vacib olduğunu göstərir. 

 

Bədii nümunələrin yenidən çap etdirilməsini, şair və yazıçıların yubileylərinin keçirilməsini o, gənclərimizin milli ruhda tərbiyə edilməsində bir vasitə hesab edirdi. Məhəmməd Füzulinin 500 illik yubileyində qeyd edirdi: “Məhəmməd Füzuli kimi şəxsiyyəti olan xalq fəxr edə bilər”.

 

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin qeyd edilməsi zamanı çıxışında Ümummilli Lider deyirdi: “Kitabi-Dədə Qorqud” dastanı tarixi köklərimizi dünyaya göstərir, oğuz türk mənşəyimizi və zəngin tariximizi sübut edir.

 

Yüzlərlə şair və yazıçıların yubileyində Heydər Əliyev millilik və ümumbəşəri ideyaların bədii ədəbiyyatdakı rolunu və onun gənc nəslin formalaşmasında əhəmiyyətini xüsusi vurğulayırdı.

 

Ümumiyyətlə, Heydər Əliyevin millilik və ümumbəşərilik ideyaları vəhdətdə tətbiq edilərək gənclərimizin milli qürur, milli iftixar hisslərinin formalaşmasında, elmdə, təhsildə, ədəbiyyatda, mədəni həyatımızda ümumbəşəri tələblərə əməl edilməsində metodoloji prinsip kimi qəbul edildi.

 

Kərim MƏMMƏDOV,

Bakı Slavyan Universiteti, pedaqoji elmlər doktoru, professor