Yetkin ziyalı ömrü
Respublikamızın elmi-pedaqoji və ictimai həyatında yetərincə tanınan pedaqoji elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, “Qızıl qələm” mükafatı laureatı, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri Həsən Bayram oğlu Bayramov uzun müddətdir ki, elmi-pedaqoji fəaliyyətlə məşğul olur, ömrünü elmi-pedaqoji kadr hazırlığına, ümumi pedaqogika və təhsilşünaslığın nəzəri-metodoloji, praktik məsələlərinin tədqiqinə, təbliğinə həsr etməkdədir. Onun taleyi təkcə müəllimliklə məhdudlaşmamışdır. İctimai-siyasi proseslərin fəal iştirakçısı olan, Qərbi Azərbaycanda təhsil, komsomol, sovet orqanlarında çalışan, rayon komsomol komitəsinin büro üzvü və rayon Sovetinin deputatı, sonralar da müxtəlif ali məktəblərdə dekan, kafedra müdiri, tərbiyə işləri üzrə prortektor vəzifələrində çalışmaqla milli təhsil quruculuğu prosesində iştirak edərək fəhləlikdən Pedaqoji və Sosial Elmlər Akademiyasının akademikliyinədək (2009) mənalı, məsuliyyətli və şərəfli bir həyat yolu keçmişdir. 1989-cu ildə ADPU-da “Azərbaycanda Sovet pedaqoji elminin təşəkkülü və inkişafı (1920-1931-ci illər)” mövzusunda namizədlik, 2017-ci ildə isə “Çar Rusiyasının Azərbaycandakı təhsil siyasətinin əsas istiqamətləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
1989-cu ildən 2014-cü ilədək fasiləsiz olaraq müəllim və dosent vəzifələrində çalışmış, 2014-2020-ci illərdə Dövlət Dəmiryolu və Metropoliten Liseyinə rəhbərlik etmişdir. O, bu vəzifədə məktəbin tədris - təsərrüfat vəziyyətinin yüksəldilməsi, müəllim - şagird kontingentinin sağlamlaşdırılması ilə bağlı ciddi təşkilati işlər görmüş, bütün vəzifələrə ali təhsilli mütəxəssisləri irəli çəkmiş, Metropoliten və Dəmiryolunda istehsalat təcrübələrinin real davamiyyətini təmin etmişdir. “Azərbaycan məktəbi”, “Sənətkar”, “Peşə təhsili və insan kapitalı” jurnallarında, “Təhsil problemləri” qəzetində peşə təhsilinin aktual problemləri ilə bağlı elmi - metodiki məqalələrlə, nəhayət, “Peşə təhsili haqqında” Qanunun hazırlanması prosesində ekspert olaraq iştirak etmiş, Dəmiryolu liseyinin “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” adlandırılması təşəbbüsü ilə çıxış edərək məktəbin kadr hazırlığı arealının genişləndirilməsinə nail olmuşdur.
Onun nüfuzlu elmi jurnallarda dərc edilmiş 50-dək (o cümlədən 9-u xaricdə (Samara, Alma-Ata, Münhen, Koper, Moskva, Krasnodar, Ankara, İstanbul, İzmir, Aydın şəhərlərində,onlardan 3-ü beynəlxalq reytinqli Tomson jurnallarında dərc edilmişdir) məqalələrdə və elmi tezislərdə öz əksini tapmışdır. Həsən Bayramov 100-dək elmi, 100-dən çox publisistik məqalə və tezisin, 4 monoqrafiyanın, 20-dək fənn proqramının, 10-dan artıq metodik vəsaitin, 5 dərsliyin müəllifi, bir neçə respublika və beynəlxalq elmi-praktik konfransların iştirakçısı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli Sərəncamından ruhlanaraq vətəndaş təşəbbüskeşliyi göstərərək “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” adlı monoqrafiyasını nəşr etdirmiş, Bakı Dövlət Universitetində, Bakı Qızlar Universitetində seminariyanın 140 illiyi ilə bağlı elmi-praktik konfransın əsas məruzəçilərindən biri olmuşdur. O, seminariya ilə bağlı 4 elmi məqalə ilə çıxış etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatı birgə “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” adlı monoqrafiyasının təqdimat mərasimini keçirmişdir.
Bunlardan başqa Həsən Bayramovun hələ əvvəllər nəşr olunmuş “Nitq mədəniyyəti”, “Təhsili idarəetmənin əsasları (bakalaviatura və magistratura pilləsi üçün)”, “İdarəetmənin pedaqogikası və psixologiyası” adlı dərslikləri respublikada elmi - metodiki istiqamətinə görə ilk milli dərsliklərimizdəndir.
Ümumiyyətlə, idarəetmə, xüsusilə təhsili idarəetmə istiqamətləri ölkəmizdə yeni sahələrdən olmaqla, onun elmi-metodiki fəaliyyətində əsas yer tutmuşdur. O, yuxarıda qeyd edilən və Təhsil Nazirliyinin xüsusi qrifi ilə dərslik statusunda nəşr edilən “Təhsili idarəetmənin əsasları” fənninin proqram müəllifi olaraq uzun müddət tədris etmiş, sonralar təhsil menecmenti ixtisası üzrə bakalavr və magistr hazırlığı təşəbbüsü ilə çıxış etmiş, həmin istiqamətin ADPU da tədrisi üzrə işçi qrupun üzvü və nazirliyin beynəlxalq layihəsinin universitet üzrə milli koordinatoru olmuşdur. Sonralar həmin ixtisas üzrə 6 proqramın müəllifi və 2 proqramın isə həmmüəllifi olmuşdur.
H.Bayramov “Təhsili idarəetmənin əsasları” dərsliyində respublikada ilk dəfə olaraq “Təhsilşünaslıq”, “Azərbaycan Təhsilşünaslığı” terminlərini elmi dövriyyəyə daxil etmişdir. Bu təşəbbüsü ilə o, sovet dövründə tətbiq edilən elmi- istiqamətdən, yəni istiqamətli pedaqogika və pedaqogikaşünaslıqdan daha çox, daha əhatəli müasir milli elmi, pedaqoji və təhsil siyasətini ehtiva edən termin olaraq əsaslandırmağa nail olmuşdur.
O, 1997-2009-cu illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Təhsil Problemləri İnstitutunda və ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olmuş, dissertasiya işlərinin müzakirəsində elmi prinsipiallığı və intellektual hazırlığı ilə tanınmışdır. Hazırda o, AMEA-da humanitar elmlər üzrə dissertasiya mövzuları üzrə Koordinasiya Şurasının üzvü kimi də fəaliyyət göstərir.
2007-ci ildən Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2009-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Həsən Bayramov daim yaradıcı iş üslubuna sadiq qalmış, ona xas olan yenilikçi, novator və təşəbbüskarlığı ilə həmişə gənclərə örnək olmuşdur. Son illərdə o, 6 beynəlxalq elmi konfransda iştirak etmişdir.
Respublikada məhkəmələrə alternativ qurum kimi yeni fəaliyyətə başlayan Respublika Mediasiya Şurasının formalaşmasında yeganə elmlər doktoru kimi fəaliyyət sərgiləməkdədir. Belə ki, qısa müddətdə Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Mediasiya Şurası və Ədliyyə Akademiyasının “İlk mediasiya baza təlimi”, “Əmək mediasiyası”, “Ailə mediasiyası”, “Kommersiya mediasiyası”, “İstehlakçı hüquqları mediasiyası” təlim kurslarını müvəffəqiyyətlə tamamlayaraq 3 saylı Bakı Mediasiya təşkilatında mediator kimi nümunəvi fəaliyyətini uğurla davam etdirir.
O, həm də Ədliyyə Akademiyasında mediator hazlrlığı üzrə təlimçi kimi də işini uğurla koordinasiya etməkdədir. Onun “Mediasiya dərsləri” silsiləsindən hazırladığı IX dərs nümunəsi mediatorların peşəkar inkişafı problematikasına hərs edilmiş ciddi araşdırma nümunəsi kimi dəyərləndirilə bilər.
Bu araşdırmalar Həsən Bayramovun elmi-pedaqoji yaradıcılığını tam əks etdirməsə də onu deyə bilərik ki, onun elmi və ictimai fəaliyyət dairəsi çevik olduğu qədər də çoxşaxəlidir. Bu, onun ictimai-məntiqi və kreativ elmi təfəkkürlü ziyalı imicini formalaşdırmaqdadı. Onun tədqiqatlarında yüksək təhlil səviyəsi və araşdırma üsbulu vəhdət təşkil etməkdədir. Hərdən düşünürsən ki, bu adam təkcə elmi-pedaqoji, ya da ictimai-siyasi fəaliyyətlə məşğul olsaydı bəlkə də onu daha məşhur edərdi. Amma hər bir insan öz taleyinin övladıdır. Onun dərslik, dərs və metodiki vəsaitləri milli elmi-pedaqoji külliyatdan qaynaqlanan, onu zamana, dövrə, ictimai-tarixi proseslərin diqtə etdiyi reallıqlarla bərabər, elmi ənənələrə istinadən zənginləşdirmək xüsusiyyəti hakimdir. Bu da onun analitik düşüncəsi, zəngin elmi-publisistik mütaliə diapazonuna malik olması, produktiv məntiqi təfəkkürə və yenilikçi-təşəbbüskar düşüncə tərzi ilə bağlıdır. Bunlar onun tədqiqatlarında, publisistikasında, həm də ictimai-xidməti fəaliyyətində şəxsiyyətini cilalayan amillərdəndir.
Onun elmi-pedaqoji və ictimai fəaliyyətini izləyərkən heyrətlənməmək olmur. Təkcə son illərdəki fəaliyyətinə diqqət yetirək: Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri, Respublika Mediasiya Şurasının üzvü, 3 saylı Bakı Mediasiya təşkilatının mediatoru, Ədliyyə akademiyasının mediya üzrə təlimçisi, 9 saylı Binəqədi ikinci Dairə Seçki Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Humanitar elmlər üzrə Koordinasiya Şurasının üzvü (2021-ci ildən), nəhayət, Qərbi Azərbaycan İcmasının fəal intellektuallarından biri kimi geniş fəaliyyəti təqdir edilməkdədir. Hələlik bu qədər, qalanları qalsın 80 illiyinə!
Hümeyir ƏHMƏDOV,
pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik