Səriştələr biliklərin mənimsənilməsində şagirdlərə kömək edir


Müasir təlim konsepsiyalarında dərsin şagirdlərin müstəqil idrak fəaliyyəti əsasında təşkil edilməsi müəllimin əsas vəzifəsi kimi qiymətləndirilir. Lakin təcrübədə bəzən müəllimlərin dərs prosesində şagirdlərin müstəqil idrak fəaliyyətini təşkil etməkdə çətinlik çəkdiyinin şahidi oluruq. Bunu onlar müxtəlif arqumentlərlə əsaslandırırlar. Arqumentlər sırasında “tədris proqramları həddən artıq ağırdır” fikri prioritetdir. Bu arqumentə əsaslananlar qeyd edirlər ki, “bu həcmdə materialı şagirdə çatdırmaq üçün yeni biliyi müəllimin özünün izah etməsi zəruridir. Bu səbəbdən də dərsdə şagirdlərin müstəqil idrak fəaliyyətini təşkil etmək üçün vaxt qalmır”. Bu arqumentlə razılaşmaq çətindir.

 

Şübhəsiz, tədris proqramları ağır ola bilər. Qabaqcıl müəllimlərin təcrübələri göstərir ki, dərs səmərəli təşkil edildikdə, yəni təlimin metod və texnologiyalarından düzgün və səmərəli istifadə edildikdə, şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alındıqda onların müstəqil təlim fəaliyyətini təşkil etmək o qədər də çətin olmur. Müstəqil təlim fəaliyyətinin təşkili biliyin şagird tərəfindən “kəşf” edilməsinə şərait yaradır.

 

Haşiyə: Kəşf yolu ilə öyrənmə ideyası, ilk dəfə, keçən əsrin əvvəllərində Üzeyir Hacıbəyovun görkəmli Azərbaycan  pedaqoqu Rəşid bəy Əfəndiyevlə polemikası prosesində  formalaşmışdır. Ü.Hacıbəyovun fikrincə, “kəşf yolu ilə öyrədilən” kəlmələrin mənasını uşaqlar özləri tapıb, həmin sözlərin nə ifadə etdiyini və ana dillərində nəyin müqabili olduğunu şagirdlər özləri kəşf edirlər. XX əsrin ikinci yarısında ingilis psixoloqu C.Brünerin axtarışlarında “kəşf yolu ilə öyrənmə” ideyası texnoloji parametrlərlə açıqlandı.

 

Dərs dilemma qarşısında - bilik yoxsa səriştə

 

Gəlin belə bir müəyyənedici eksperiment həyata keçirək: biliyin müəllimin izahı və təhsilalanın müstəqil idrak fəaliyyəti vasitəsi ilə “ötürülməsinin” nəticəsində şagirdin nə əldə edəcəyini müəyyən edək:  

 

I eksperimental situasiya: Müəllim yeni biliyi izah metodu ilə şagirdə ötürür. Əgər biz bu prosesi kənardan müşahidə etmək imkanına malik olsaq, görəcəyik ki: - müəllim danışır - şagird qulaq asır; müəllim sual verir - şagird cavab verir; müəllim tapşırıq verir - şagird icra edir; dərsin sonunda müəllim evə tapşırıq verir. Bu şagirdlərin sinifdəki fəaliyyətidir. Evdə şagirdlər verilmiş mətni oxuyur, yazılı tapşırığı həll edirlər.

 

Eksperimental situasiyanın təhlili: İlk baxışdan belə məlum olur ki, təlimin məqsədi həyata keçdi. Şagird biliyi qavradı, anladı və tətbiq etdi. Lakin məsələnin mahiyyətinə varanda məlum olur ki,“biliyin belə ötürülməsi” prosesində şagird heç nə axtarmadı, hər bir məlumat istər müəllim tərəfindən, istərsə də kitabı oxuyanda ona hazır verildi. O yalnız ona təqdin edilən “biliyi” mənimsədi. Görəsən biliyin belə texnologiya əsasında ötürülməsi zamanı şagirdin müstəqil idrak fəallığı olmur? Axı necə ola bilər ki, müstəqil idrak fəaliyyəti göstərmədən yeni bilik əldə edəsən? Əlbəttə, olur. Təlim materialının şagirdlərə “müəllimin izahı” metodunun köməyi ilə “ötürülmə” prosesində şagirdin müstəqil idrak fəaliyyəti zamanı o müəllimə qulaq asır, evdə dərslərini oxuyur, evə verilən müxtəlif tapşırıqlar vasitəsi ilə mənimsədiyi bilikləri tətbiq edir və s. Bunlar onun müstəqil təlim fəaliyyətidir.

Haşiyə: Təcrübədən bizə məlumdur ki, heç də bütün şagirdlər evə verilmiş tapşırığı yerinə yetirə bilmirlər. Əksər hallarda bunun əsas səbəbi şagirdin müəllimə diqqətlə qulaq asmaması, dərsi başa düşməməsi və bunun nəticəsi olaraq, biliyi tətbiq edə bilməməsi kimi izah edirlər.   

 

II eksperimental situasiya: Dərs şagirdin müstəqil idrak fəaliyyəti əsasında təşkil edilir. Belə dərsi müşahidə edəndə görürük ki: - müəllim dərsin başlanğıcında problem situasiya yaradır, şagirdlər ya tək-tək, ya cütlər, ya da qrup halında problemin həlli üzərində fikirləşir, axtarır, mövcud biliklərini yada salır, müqayisə, analiz, sintez edir, fikirlərini ümumiləşdirib, öz  versiyalarını müəllimə təqdim edirlər. Bu versiyalar elektron lövhəyə yazılır və bütün sinif şagirdlərinin müzakirəsinə verilir. Şagirdlər bu versiyalar haqqında, onların düz və ya səhv olmasını sübut etməyə çalışırlar, bu zaman hər bir şagird və ya qrup öz versiyasını sübut etmək üçün arqument, digər versiyaların həqiqətə uyğun olmadığını sübut etmək üçün əks - arqument gətirirlər.  Onların gətirdiyi arqumentlərə əsasən daha çox düz olma ehtimal olunan versiyalar müəyyən edilir. Şagirdlər həmin versiyalar üzərində tədqiqat aparır və dərsin sonunda tədqiqatın nəticəsi açıqlanır.

 

Haşiyə: Ola bilər ki, problem dərs prosesində həll ediməsin, tədqiqat şagirdlər tərəfindən davam etdirilsin və onun nəticələri növbəti dərsdə açıqlansın. 

II eksperimental situasiyanın təhlili: Bu dərsdə biliyin ötürülməsi “axtarma və kəşf etmə” metodologiyasına əsaslandığı üçün şagirdin müstəqil idrak fəaliyyətinin coğrafiyası genişləndi. Bu, onun “axtarma” fəaliyyəti ilə bağlıdır. Müəllim şagirdi axtarma fəaliyyətinə daxil edəndə o əqli əməliyyatların köməyi ilə yeni biliyi kəşf edir. 

 

Haşiyə: Dərsdə başlanan “axtarma və kəşf etmə” fəaliyyətinin evdə də davam etməsinə inanmaq üçün kifayət qədər əsasımız var. Axı həyatda da axtardığımız nəyisə tapmadan rahat ola bilmirik.

Eksperimental situasiyaların müqayisəsi: Müəllim birinci halda izah metodu vasitəsi ilə şagirdləri biliklərlə silahlandırdı, ikinci halda şagirdləri müstəqil fəaliyyətə cəlb etmək vasitəsi ilə onların bilikləri “kəşf” etməsinə şərait yaratdı.       

 

Müasir dərsin qarşısında duran konseptual sual: Görəsən bu yolların hansı yaxşıdır?

 

Dərs müəllim-şagird münasibətlərinin sehrində

 

Müəllim və şagirdlərin birgə fəaliyyətindən ibarət olan təlim prosesində müəllim öyrədir, şagirdlər öyrənir. Əsrlər boyu təlim prosesi bu fəlsəfə üzərində qurulub, bu gün də belədir. Müəllim və şagird əməkdaşlığı bu fəlsəfənin episentrində reallaşır.

 

Bu əməkdaşlıq bəzən avtoritar, bəzən demokratik metodların tətbiqi ilə reallaşıb. Bəzən müəllimi təlim prosesinin subyekti, şagirdi obyekti hesab ediblər, bəzən isə hər ikisi bu prosesin subyekti kimi qiymətləndirilib. Şagirdi obyekt kimi qiymətləndiriləndə müəllim-şagird əməkdaşlığı avtoritar prinsiplərinə əsaslanır. Mütəfəkkirlər, maarifçilər, qabaqcıl müəllimlər şagird ilə həmişə əməkdaşlıq zamanı demokratik prinsiplərə üstünlük veriblər. Onlar təlim prosesinin fəlsəfəsini daha dərindən dərk ediblər, şagirdi təlim prosesinin subyekti kimi qiymətləndirərək onun dünyanı müstəqil olaraq dərk etməsi üçün şərait yaradıblar, obrazlı desək, “onların gözləri qarşısında dünyaya pəncərə açıblar”.

 

Haşiyə: Dərsin qüdrətinə baxın, o şagirdlərin gözləri qarşısında dünyaya pəncərə aça bilir.

 

Dərsi dünyaya açılan pəncərə kimi dəyərləndirsək, səhv etmərik. Axı şagird dərsdə dünyanı dərk etməyi öyrənir və ya şagirdə dünyanı dərk etməyi öyrədirik. Bu prosesin episentrində dayanan müəllim-şagird münasibətlərinin sehrində izahedici təlimdə müəllimin üç funksiyası meydana gəlib. Onları belə mənalandırıblar: öyrədici, inkişafetdirici, tərbiyəedici. Maraqlıdır ki, müasir təlim konsepsiyalarında yeni funksiya - istiqamətləndirici funksiya prioritet oldu.  

 

Günün sualı: Görəsən müəllimin funksiyası niyə dəyişdi?

 

Təlim prosesinin strukturuna baxanda məlum olur ki, həm müəllim, həm də şagird təlim prosesində özünəməxsus fəaliyyətə malikdir. Müəllim bu prosesdə həlledici, aparıcı qüvvədir. Lakin müasir müəllim vəzifə statusu baxımından keçən əsrin müəllimindən fərqlənir. Əvvəllər biliyin hazır şəkildə şagirdə ötürülməsi prioritet idi, indi şagirdləri biliklər əldə etməyə istiqamətləndirmək metodologiyası üstünlük kəsb edir. Bu, şagirdlərin müstəqil təlim fəaliyyətinin təşkili vasitəsi ilə həyata keçirilir.

 

Müstəqil təlim fəaliyyəti zamanı şagirdlər axtarıb-kəşf etmə prosesinə cəlb edilirlər. Bu zaman onlarda yeni-yeni  səriştələr formalaşır. Əldə edilmiş səriştələr şagirdlərə gerçəkliyi müstəqil olaraq mənimsəmək imkanı verir. Bu prosesdə müəllimin yeni - istiqamətləndirici (fasilitator) funksiyası xüsusi önəm kəsb edir. Lakin istiqamətləndirici funksiya müəllimin əvvəlki funksiyalarını inkar etmir, sadəcə onlara yeni məzmun verir. Fikir verin: - İzahedici-illüstrativ təlimdə müəllim öyrədirdi, inkişaf etdirirdi, tərbiyə edirdi. Müasir təlim konsepsiyalarında istiqamətləndirici funksiya daşıyan müəllim şagirdi həm öyrənməyə, həm inkişafa, həm də tərbiyəyə istiqamətləndirir.

 

Müəllim şagirdləri dərs dediyi fənnə aid olan təlim materialını mənimsəməyə istiqamətləndirmək yolu ilə onları müstəqil təlim fəaliyyətinə cəlb edir. Bu zaman şagirdləri əqli fəaliyyət göstərməyə - “axtarıb - kəşf etməyə” istiqamətləndirir. Könüllü olaraq axtarma prosesinə başlayan şagird (bu motivasiya yaradılandan sonra baş verir), axtardığını tapmayana qədər sakitləşə bilmir (elm adamları bu hissləri öz fəaliyyətlərində həmişə yaşayıblar), əgər məktəbdə tapa bilmirsə, axtarma prosesi dərsdən sonra, evdə davam edir. Bu, şagirdin məktəbdən sonrakı fəaliyyətinin də idrak prosesinə xidmət etməsinə səbəb olur. 

 

Yeni bilik “müəllimin izahı” metodu vasitəsi ilə ötürüləndə şagirdin biliyi mənimsəmə səviyyəsi daha çox müəllimin fəaliyyətindən asılı olurdu. Məlumdur ki, bütün müəllimlər dərsi eyni səviyyədə məzmunlu və maraqlı izah edə bilməz. Müəllim dərsi nə qədər yüksək səviyyədə izah edirdisə, şagird onu bir o qədər dərindən mənimsəyirdi. Amma müəllim şagirdin müstəqil təlim fəaliyyətini təşkil etdikdə, yeni biliyin mənimsənilmə səviyyəsi daha çox şagirdin fəaliyyətindən asılı olur. Əldə etdiyi biliklərdə o daha çox “pay” sahibi olur. Bu zaman biliklər təkcə onun yaddaşına “həkk” olmur (birinci halda belə olurdu), o həm biliyi mənimsəyir, həm də bu biliyi əldə etməyin yollarını öyrənir.

 

İstiqamətləndirici funksiya tərbiyə məsələlərinin yeni həlli yollarının yaranmasını da şərtləndirir. İzahedici-illüstrativ təlim dönəmində müəllim şagirdlərə hər hansı bir məsələ haqqında məlumat verirdi. Məsələn, şagirdlərlə əxlaqi söhbət həyata keçirərək, dostluq haqqında fikirlərini onlarla bölüşürdü. Şagirdlər onu dinləyib, nəticə çıxarırdılar. Müasir təlim konsepsiyaları bu məsələnin yeni yolunu tapıb. Müəllim şagirdlərə məsələn, “Dostluq deyəndə nə başa düşürsünüz? sualı ilə müraciət edir. Şagirdlərin hər biri öz versiyasını yazıb müəllimə verir. Müəllim onları qruplaşdıraraq, elektron lövhədə əks etdirir. Sonra şagirdlər mövcud variantları bir-bir müzakirə edirlər. Hər bir şagird öz versiyasını sübut etmək üçün arqumentlər gətirir. Prosesin gedişində irəli sürülən arqumentlərin məntiqi sübutu əsasında şagirdlərdə dostluq haqqında müəyyən təsəvvürlər formalaşır. Əslində bu yolla onlar həqiqəti “kəşf” etmiş olurlar.

 

İstər təlim, istərsə də tərbiyə prosesində şagirdlərin “axtarıb-kəşf etmə” prosesinə istiiqamətləndirilməsi zamanı şagirdlər əqli fəaliyyətə cəlb olunurlar. Onlar müxtəlif əqli əməliyyatlardan istifadə edərək, onlara məlum olmayanı “kəşf” edirlər. Bu proses onların inkişafını təmin edir.

 

Şagirdlərin müstəqil təlim fəaliyyətinin təşkil edilməsi üçün onların müxtəlif səriştələrə malik olması tələb olunur. Bu səriştələrin sayı kifayət qədər çoxdur. Pedaqoji ədəbiyyatda səriştələr haqqında kifayət qədər geniş məlumatlar var. Qabaqcıl müəllimlər dərsin keyfiyyətini artırmaq üçün şagirdlərdə zaman-zaman səriştələr formalaşdırır və inkişaf etdirir. Bu səriştələr bir tərəfdən təlim-tərbiyə prosesində şagirdlərin idrak fəallığını təmin edir, digər tərəfdən onların müstəqil olaraq bilik və sosial təcrübə əldə etməsi üçün geniş yol açır.

 

Müasir təlim konsepsiyalarının tərəfdarlarının bəziləri biliyin müəllimin izahı vasitəsi ilə şagirdə verilməsini tamamilə məqsədəuyğun hesab etmirlər. Onların məntiqi aydındır, hazır biliyin şagirdə verilməsi yalnız öyrədici vəzifənin tələblərini ödəyir. Müasir təlim konsepsiyaları şagirdlərdə səriştələrin inkişaf etdirilməsi və səriştələr vasitəsi ilə onların müstəqil fəaliyyətini (onların ya müəllimlə, ya da bir-birləri ilə əməkdaşlığı yolu) təşkil edərək yeni biliklər əldə etməsi metodologiyası üzərində qurulur. Biz də ikinci metodologiyanın tərəfdarıyıq, məhz bu metodologiyanın tətbiqi zamanı şagird təlim prosesinin həqiqi subyektinə çevrilir.  Lakin onu da qeyd etməyi lazım bilirik ki, şagirdin hər hansı bir fənlə (hətta ola bilər ki, hər hansı bir mövzu ilə) bağlı ilkin məlumatlar əldə etməsi üçün bəzən “müəllimin izahı” metodundan istifadə etmək qaçılmaz olur. Bu, şagirdlərdə ilkin məlumatlar bazasının və anlayışlar bankının formalaşması baxımından zəruridir. Lakin müəllimin izahı metodundan istifadə edərkən təbii ki, bu izahın strukturunda şagirdlərlə dialoqa yer ayrılması daha yaxşı səmərənin əldə edilməsinə şərait yaradır.   

 

Son söz əvəzi və ya səriştələrin aşılanmasında “bumeranq effekti”

 

 

Şagirdlər səriştələrə yiyələndikcə, onların idrakı fəallığı artır. Səriştələr şagirdlərin dünyanı dərk etmə və sosiallaşma imkanlarını genişləndirir. Şagird səriştələrə yiyələndikcə o gerçəkliyi daha məharətlə “ram etməyə” başlayır. Şagirdlərin bilikləri “səriştələrinin gücü çatan” qədər  mənimsəyə bildikləri artıq bu gün pedaqoji gerçəklikdə aksioma kimi səslənir. Bu səriştələrin “bumeranq effekti”dir. Səriştələr biliklərin mənimsənilməsində şagirdlərə kömək edir. Fəal və interaktiv təlim metodları şagirdlərin idrak fəallığının artırılmasına istiqamətlənib. Şagirdlərdə səriştələr aşılamaq vasitəsi ilə onları müstəqil təlim fəaliyyətinə cəlb etmək - müasir təlim metodları bu metodologiyaya söykənir.

 

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru