Onun ən böyük sərvəti şagirdlərinin uğurlarıdır
Müəllim şagird həyatının formalaşmasında əsas rol oynayan şəxsdir. O, təkcə akademik bilikləri deyil, həm də etik dəyərləri bölüşür və şəxsiyyətimizi formalaşdıran əxlaqı mənimsədir. Müəllim təkcə uşaqlara müəyyən fənləri öyrədən deyil, həm də çətin anlarda köməyə gələn, gündəlik problemlərin düzgün həllinə, düzgün davranış xəttinə sövq edən şəxsdir. Əbəs yerə müəllimin dəyəri yüksək qiymətləndirilərək, onun haqqında müdrik sözlər deyilməmişdir. Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.a) bilik öyrətməyi hər cür ibadətdən üstün saymış, Həzrəti Əli (ə) isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram” demişdir. Makedoniyalı İsgəndərin müəllimi Aristotel haqqında fikirləri də maraqlıdır: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Dahi Nizami Gəncəvi isə müəllimi günəşə bənzədirdi. Ulu Öndər Heydər Əliyev müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir. Onun müəllim haqqında dediyi “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalnız ona etibar edir” fikri müəllimə verilmiş ən gözəl tərifdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri - fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. - hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir.
Hər bir müəllimin ən böyük sərvəti şagirdlərinin əldə etdiyi yüksək nailiyyətlərdir. Onların əsas məqsədi şagirdlərini cəmiyyətdə şəxsi nailiyyətlər əldə etməyə həvəsləndirməkdir. Ölkənin gələcək inkişafı şagirdləri uğurlu tələbə kimi formalaşdıracaq müəllimdən asılıdır.
Ömrünü şagirdlərin yolunda şam kimi əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan müəllimlərdən biri də Akademik Zərifə Əliyeva adına liseydə çalışan ingilis dili müəllimi Gülxas Aslanovadır.
Gülxas xanım gözünün nurunu, ürəyinin hərarətini şagirdləri ilə paylaşan, onların gələcək həyat yollarında nurlu mayaka çevrilən təvazökar insandır. Uzun illərdir ki, bu peşənin sahibidir və hər dəfə çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca, qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
Gülxas xanımın pedaqoji fəaliyyəti çox zəngindir. O, 2002-ci ildə Təhsil və dilin öyrənilməsi üzrə Amerika əməkdaşlıq şurası (ACCELS) tərəfindən həyata keçirilən “Tədrisdə yüksək mükafat” layihəsinin (850 nəfər ingilis dili müəlliminin iştirak etdiyi) qalibi olmuş və Amerikada 2 aylıq təcrübə keçərək Azərbaycanı layiqincə təmsil etmişdir. Bununla yanaşı, həmin ildə Amerikanın Cənubi Karolina Ştatında ingilis dili müəllimlərinin 5-ci illik konfransında “Məktəbdə debat klubunun yaradılması” mövzusu üzrə təqdimatı olmuşdur.
2005-ci ildə Project Harmony təşkilatının məktəblər üçün keçirdiyi yarışın qalibi kimi Bakının 167 saylı məktəbində İKT kabinetinin açılmasına nail olmuş və orada 4 il ərzində koordinator kimi işləyərək, müxtəlif layihələr həyata keçirmişdir.
Həmin il Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Amerika Təhsil Şurasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanın virtual məktəbi” konfransının iştirakçısı olmuşdur.
G.Aslanova “Peace Corps”-un Azərbaycanda yerləşən təşkilatında dil biliklərinin mükəmməlliyi üzrə 5 il tester kimi işləmiş, bu təşkilatın ona hədiyyə etdiyi ingilis dilinin tədrisinə dair metodiki ədəbiyyat, ingilis dilində jurnallar və bədii kitablarla işlədiyi liseyin kitabxanasını zənginləşdirmişdir.
2009-cu ildə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya mərkəzində xarici dil müəllimləri üçün “Dərslərimi necə maraqlı edirəm” mövzusunda uğurlu təqdimatla çıxış etmişdir. Həmin ildə məktəbin fəaliyyətində göstərdiyi xüsusi xidmətə görə Beynəlxalq Müəllimlər günü münasibətilə lisey rəhbərliyi tərəfindən təşəkkürnamə almışdır.
2010-2013-cü illərdə Amerika Təhsil Şurasının İREX “Təhsildə Əla Tədrisə görə mükafat” proqramının, Ankara “Təhsildə İnnovasiya”, ABŞ təhsilli Azərbaycan Məzunları Birliyinin ingilis dili müəllimləri üçün təşkil etdiyi “Learn professionally, Achieve successfully”, Litvanın Vilnüs şəhərində “Məktəb liderləri üçün” konfranslarının iştirakçısı olmuşdur.
Gülxas xanım 2012-2014-cü illərdə TQDK və 2014-2017-ci illərdə Təhsil Nazirliyinin dərsliklərin monitorinqi üzrə, 2013-2014-cü illərdə isə Təhsil Nazirliyində akkreditasiya komissiyasının eksperti kimi fəaliyyət göstərmişdir. 2018-ci ildə nəşr edilən XI sinif ingilis dili dərsliyinin müəllifidir.
Öz bilik və bacarıqlarını müasir dövrün tələbləri çərçivəsində artırmaq üçün daim öz üzərində çalışmaqla yanaşı, bir çox nüfuzlu təlimlər keçmişdir:
Təlim və kurslarda iştirak edən Gülxas müəllim öyrəndiklərini öz həmkarları ilə də bölüşmüş və tədrisdə də istifadə edərək yüksək nəticələr əldə etmişdir.
O, şagirdlərin daha maraqlı təhsil almaları üçün bir çox layihələr təşkil etmiş və onları uğurla həyata keçirmişdir: 2014-2015-ci illərdə E-Twinning layihəsi çərçivəsində Avropa Mükafatına layiq görülmüş “Myths and Legends” və “YES-Young Europeans Speak” layihələrinin rəhbəri kimi 30 şagirdə beynəlxalq layihə iştirakçısı sertifikatı qazandıraraq bir çox şagirdi qızıl medal almağa müvəffəq olmuşdur. 2018-ci ildə Rumıniyanın Buxarest şəhərində “İnfomatrix” olimpiadasında şagirdlərin qrup rəhbəri olmuşdur. Çəkdiyi əziyyətlərin nəticəsi isə onu daha da ilhamlandıraraq, yeni zirvələri fəth etməyə sövq edib. 2010-2019-cu illərdə ali məktəblərə qəbul imtahanlarında Gülxas xanımın şagirdləri 90-100% nəticə göstərmiş, onlardan 1 nəfər 2017-ci ildə 700 bal toplamışdır. Məktəbi bitirənlər sırasında 5 nəfər qızıl medala layiq görülmüşdür. Belə ki, bu illər ərzində onun təhsil verdiyi şagirdlər bir sıra respublika və beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə etmişlər.
Gülxas Aslanova layihələrin kurikulumun vacib tərkib hissəsi olduğunu bilərək dərs dediyi və sinif rəhbəri olduğu şagirdlərinin yerli və beynəlxalq layihələrdə fəal iştirakını təmin edir. Liseyimizdə Gülxas müəllimin şagirdləri ilə birgə hazırladığı “Şuşa” və “İspaniya” layihələrinin təqdimatı böyük məmnunluq hissi ilə xatırlanır. Bu layihələr zamanı şagirdlər yalnız nəzəri biliklər deyil, həm də əməli bacarıqlar əldə edirlər. Hal-hazırda G.Aslanova liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi beynəlxalq layihə müəllifi kimi çox məşğuldur. Layihə Pakistanın Lahore şəhərində yerləşən Lords İnternational School ilə Akademik Zərifə Əliyeva adına lisey arasında təhsildə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Layihənin ilk mərhələsi 21 fevral - 21 iyun 2023-cü il tarixlərini əhatə edir. Şagirdlər və müəllimlər video konfranslarda müxtəlif mövzularda müzakirələr və təqdimatlar təşkil edərək bilik və bacarıqlarını paylaşırlar. Mən də coğrafiya fənni üzrə mövzularda şagirdlərə lazımi məsləhət və tapşırıqlar verərək şagirdlərimin maraqlı təqdimat hazırlamasına kömək edirəm. Belə layihələr dünya ölkələrinin təhsilinə inteqrasiya etməyin səmərəli yoludur.
Gülxas müəllimin dərs dediyi şagirdlər texniki və humanitar fənlər üzrə ingilis dilində keçirilən beynəlxalq bilik yarışmasının World Scholars Cup Bakı roundundan qızıl, gümüş və bürünc medallarla qayıtmışlar və indi onlar xarici dövlətlərdə keçiriləcək beynəlxalq roundlara hazırlaşırlar.
Şagirdlərinin üzərində Gülxas xanımın zəhməti danılmazdır. Elə onda yaşayıb, yaratmaq hissini də daim artıran şagirdlərinin bu uğurlarıdır.
Biz onun illər ərzində çəkdiyi əziyyətin əvəzini heç nə ilə qaytara bilmərik; öyrənmək üçün belə bir mühiti yaratdığına, bilik və hikməti ilə həyatımızı bu qədər dəyişdirdiyinə görə ona minnətdarıq.
Səbrinə, işinə sədaqətinə və cəsarətinə görə ona müəllim və şagird kollektivi və onu tanıyanların adından yalnız bir şeyi demək istəyirəm - “Heç yorulub həvəsdən düşməyin. Nə yaxşı ki, sizin kimi müəllimlərimiz var. Sizin kimi müəllimlər var olduqca millətin gələcəyi əmin əllərdə olacaqdır. Sağ olun, Gülxas xanım!”...
Gülçöhrə ƏSƏDOVA,
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin coğrafiya müəllimi,
Əməkdar müəllim