Müasir məktəb və onun sabahı


Müasir məktəb anlayışı bu gün bizi onun daimi inkişafda olan bir müəssisə kimi xüsusiyyətləri barədə düşünməyə vadar edir. Çünki onun bütün zamanlarda cəmiyyətin ehtiyac və tələbatlarına cavab verə bilməsi ciddi pedaqoji problem olaraq düşüncə obyektinə çevrilir. Bəzən məktəbi müəyyən zaman kəsiyində cəmiyyətdən təcrid olunmuş şəkildə təqdim etməyə çalışanlar da tapılır. Onu daha çox ayrıca götürülmüş bir obyekt olaraq formalaşdırmaq, inkişaf etdirmək  barədə düşünülür. Əlbəttə, bu nə qədər faydalı görünsə də, əslində məktəbin real cəmiyyət müstəvisində olması, daha doğrusu, məktəbin özünün cəmiyyət, onun özü olması fikri ilə tərs mütənasiblik təşkil edir. Ona görə də müasir məktəbə müasir dövrün atributu kimi yanaşmaq, onu daha çox innovasiyaların mərkəzində, cəmiyyətin inkişafının nüvəsində, yaxud gələcəyə istiqamətlənmiş fəaliyyətlərin leytmotivində qiymətləndirmək lazımdır.

 

Biz bu gün  cəmiyyətin mərkəzində dayanmaqla məktəbin böyük bir cəmiyyət hadisəsinə çevrilməsindən danışırıq. O, daim özünün mövqeyində bir maraqlılıq nümayış etdirməklə fərqliliyini sübut etməli, obyektivlik nümayiş etdirməklə qüdsiyyətini göstərməlidir. Ən başlıcası, görkəmində təhsil texnologiyaları ilə müşayiət olunan bir müasirliyin məzmununda düşüncə və idrakı əks edən bir təhsil ocağının mücəssəməsinə çevrilməlidir.

 

Çünki o, cəmiyyətin aparıcı qüvvəsi kimi uşaqların fəaliyyətini təşkil etməklə onların inkişafına xidmət göstərir. İstər idrakı, istər hissi emosional, istərsə də psixomotor cəhətdən onların formalaşmasını tənzimləyir.

 

Dünyada yeniliklərin artması, informasiyaların çoxalması özlüyündə mürəkkəbliklər yaradır. Əslində, bu mürəkkəbliklər özünün çətinlikləri ilə meydana çıxır ki, zaman-zaman bu çətinliklərdən yaxa qurtamaq, onu dəf eləmək üçün insanlar müxtəlif tədbirlər görməyə məcbur olurlar. Bu gün belə tədbirlərdən biri kimi dövrün çağırışlarına müraciət olunur. Belə çağırışlarla bəzən bütöv bir əsrin çətinliklərinə aydınlıq gətirmək istəyi yaranır. Bunun üçün şablonlardan qaçmaq, daha çox yaradıcı olmaq tələb edilir. Məşhur Amerika filosofu Ken Robinson “Ağlımdan kənar” adlı kitabında yazır ki, “Dünya nə qədər mürəkkəbləşirsə, onun çağırışlarına cavab vermək üçün bir o qədər yaradıcı olmalıyıq”. Əks halda, fəaliyyətimizdə yanılar, problemlərin düzgün həll yolunu tapa bilmərik. Bu keyfiyyətləri  isə yalnız məktəbdə qazanmaqla uğurlara nail ola bilərik. Bu yolda yardımçımız təfəkkür məktəbləri ola bilər.

 

Biz sabahın məktəbini yalnız düşüncə, təfəkkür məktəbi kimi təsəvvür edirik. Yeri gəlmişkən, bu, həm də inkişaf konsepsiyasında göstərildiyi kimi, bizi gələcəyimizlə bağlayan  və təhsil siyasətimizin əsasını təşkil edən paradiqmalardan biridir.

 

Bəs onda ictimaiyyətin nəzərində yaxşı məktəb hansıdır? Elm və təhsil naziri Emin Əmrullayevin müsahibələrinin birində bu suala cavabı belə olmuşdur: “Məktəb indikatoru şagirdlərinin topladığı bal deyil, yetişdirdiyi keyfiyyətli, ölkənin inkişafına töhfə verən insandır”. Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və hazırda da uğurla inkişaf etdirilən müstəqil Azərbaycanın və onun təhsil quruculuğu işinin, xüsusən də ümumi təhsil sahəsində fəaliyyətlərin əsas fəlsəfəsini təşkil edən bu fikir prioritet xarakteri ilə daha müasir məktəbi keyfiyyət baxımından simvolizə etməklə əsl dəyər ölçüsünə çevrilir. Əslində reallıqlarımızdan irəli gələn bu fikir qarşımızda ciddi vəzifələr qoyur.

 

Hazırkı zamanda şagirdləri öz imkanları ilə qarşılaya bilən və onların marağını stimullaşdıran məktəblərin yaradılması təhsil fəaliyyətimizin əsasında durur. Zatən uşaqlar məktəblərinə müəllimlərini sevdikləri kimi daha yüksək münasibət bəsləyir, hər an orada olmaqlarından fərəh hissi keçirirlər. Məktəblərindən böyük məhəbbət hissi ilə danışır, dostları ilə birlikdə orada olmağa tələsirlər. Hər zaman sevimli və mehriban müəllimlərinin söhbətlərindən, diqqət və qyğısından məmnun qalır, onlara məsləhət yeri kimi yanaşırlar.

 

Ona görə də məktəb bütün fəaliyyətində şagirdlərinin  etimadını doğrultmalı, öz növbəsində, ona bütün imkan və şəraitləri ilə cavab verməlidir. Eyni zamanda cəmiyyəti təmsil edən və onun kiçik bir modeli olan qurum kimi şagirdin maraq dünyasının  sehrli aləminə çevirilməlidir.

 

Məktəb icması nədir?

 

İcma ərəb sözü olub lüğəvi mənası “bir neçə obadan ibarət dairə”, “ittifaq”, başqa sözlə, “cəm olmaq” deməkdir. Bu söz Azərbaycan dilinin lüğət tərkibində olsa da, son dövrlərdə daha geniş miqyasda işlənməyə başlamışdır. Bu da xarici ölkələrdə mədəniyyət, təhsil və digər əlaqələr şəraitində meydana çıxmış və hazırkı vaxta qədər istifadə olunmaqdadır. Çünki xarici ölkələrin təhsil sistemi daha çox demokratik əsaslar üzərində qurulduğundan təhsil müəssisələri ilə cəmiyyət arasında baryerlər götürülmüş, bütün qüvvələr uşaqların inkişafına yönəlmişdir. Hər kəs özlüyündə cəmiyyət üzvü olaraq bunu başa düşdüyündən məktəblərin  və məktəbəqər təhsil müəssisəslərinin fəaliyyətinə yaxından kömək göstərməyə çalışır. Məktəb özü də valideynlərdən ibarət qarşılıqlı münasibətdə olduğu tərəfdaşı ilə sıx əlaqələrin saxlanılmasına maraq göstərir. Valideynlərlə əlaqələri gücləndirir. Üşaqların hər birinin valideyni ilə müsahib olmağa maraq nümayiş etdirir.

 

Məlum olduğu kimi, təhsil sistemi qapalı bir sistem deyil. Davamlı olaraq baş verən dəyişikliklər hesabına özünü ifadə etməklə,  kəmiyyət və keyfiyyət baxımından yeniləşməklə və daim dəyişməyə qadir olmaqla cəmiyyətlə münasibətdə açıqdır. Müasir şəraitdə onun şagirdyönümlü, tələbəyönümlü olması çeviklik və dinamizm   kimi  xüsusiyyətlərini artırır.  Sosial sistem kimi deferensiallaşmağa və dəyişməyə açıq olan xidmətlər mühitinə  çevrilir. Belə ümumi təhsil mühiti təhsil alanların fəaliyyətini məhdudlaşdırmır. Əksinə, onların fəaliyyət imkanlarını genişləndirməklə stimullaşdıra bilmək imkanı qazanır.Üzərinə düşən vəzifələri icra etmək məqsədi ilə maraqlı olan  tərəflərlə - valideyn təşkilatları və əlaqəli olan digər təşkilatlarla tərəfdaşlıq müstəvisində mükəmməl bir birlik yaradır. Hər bir məktəbin belə bir birlik yarada bilməsi onun potensial qüvvəsinə çevrilərək  ümumi fəaliyyətindəki irəliləyişləri təmin edir. Əslində bu birgə fəaliyyət etibarı ilə məktəb şurası formasında genişlənməkdə davam edir. Düzgün olaraq son araşdırmalarda da məktəb icması məktəb həyatını daha maraqlı etmək üçün müəllim, valideyn və şagird arasında yaradılmış sıx əməkdaşlıq hesab edilir. Eyni zamanda məktəb icmasına məktəblə bağlı insanların toplusu kimi baxılır. Nəzərə alınır ki, məktəb icması olan yerdə valideynlər məktəblə yaxından tanış olmağa imkan tapa bilir, bu prosesin fəal iştirakçısına çevrilirlər. “Birlikdə öyrənirik,iştirak edirik və istirahət edirik” devizi altında birləşə bilirlər.

 

Niyə məhz məktəb icması?

 

Dünyanın sürətli inkişafı, məlumatların çoxluğu və həyatı fəaliyyətlərin intellektual əsasda yüksəldiyi bir dövrdə təhsilin zəruri bilik, bacarıq və səriştələr əsasında keyfiyyətlə qurulmasını tələb edir. Bu, artıq məktəbin vəzifələrinin yerinə yetirilməsində yeni yanaşmaların tədbiqini, bu zaman təhsil nailiyyətlərinin yüksəldilməsində valideynlərlə, eləcə dəməktəbdən kənarda əlaqəli təşkilatlarla işinin yenidən qurulmasını tələb edir. Bu zaman məktəblərin, ailə, məktəb və digər yerli qurumlarla - ali təhsil müəssisələri, dövlət, səhiyyə, sosial xidmət təşkilatları və sairlə qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin olması vacib şərt kimi qarşıya qoyulur. Göründüyü kimi, tərəfdaşlıq fəaliyyətinə inkişafımızın yeni mərhələsində vəzifələrin yerinə yetirilməsi məqsədilə artan məsuliyyətin bölüşdürülməsi, hesabatlılığın nəzərə alınması kimi yanaşılır.

 

İcma məktəbləri ABŞ təcrübəsində

 

Dünya təctübəsində icma məktəblərinin maraqlı təcrübələri ilə qarşılaşmaq mümükündür. Belə ki, ABŞ-da yaradılmış İcma Məktəbləri Koalisiyası icma məktəblərini məktəb və digər icma resursları arasında həm məkan, həm də tərəfdaşlıq baxımından müəyyən edir. Bu əməkdaşlıq bir çox icma məktəblərindən həftənin altı günü səhərdən axşama qədər il boyu açıq qalmağı tələb etməklə onların icma üzvlərinin ailə ehtuyaclarına cavab verən, pedaqoqların əlaqə qura bildiyi məhəlli mərkəzinə çevrilməsinə imkan yaradır. Bu yüksək tərəfdaşlıq mədəniyyəti keyfiyyətli təlim verən məktəblərin problemlərini həll etməsinə imkan yaradır. Eyni zamanda, yüksək keyfiyyətli təlimin təmin edilməsinə, şagirdlərin məşğulluğunun artırılması üçün məktəbdənkənar maneələrin aradan qaldırılmasına təkan verir. Həmçinin bu məktəblərin yanaşmaları  bir çox hallarda təkrarlanan və şablona çevrilən texnologiyalardan ibarət olmur. Əksinə, bütün tələbələrin, ailələrin, icmaların güclü qarşılıqlı münasibətləri əsasında spesifik yanaşmalar kimi formalaşır. Belə münasibətlər öyrənmə  fəaliyyətində şagirdləri əlaqələndirməklə onların fəaliyyətini tənzimləyir və daha inamla irəliləmələrinin əsasına çevrilir.

 

Məktəb icmasının yaradılması

 

Araşdırmalar onu göstərir ki, ənənəvi olaraq müəllim-şagird-valideyn əlaqələrinin yaradılması onun ümumi təhsil işinə təkan verə bilməsi barədə düşünülmüş və Valideyn-Müəllim Assosasiyası kimi bir ictimai qurum yaradılmışdır. Lakin müstəqillik dövründə təhsil müstəvisində yeni münasibətlər formalaşdıqca vəziyyət tamamilə başqalaşmışdır. Artıq mediada və müxtəlif mətbuat səhifələrində həmin qurumun öz vəzifəsini yerinə yetirə bilmədiyi açıq aşkar şəkildə göstərilirdi.Bu qurumun fəaliyyətində zəif əməkdaşlıqla müşayiət olunan seyrcilik, formalizm diqqəti cəlb edirdi. Məktəbdə şagirdlərin təhsil nailiyyətlərinə, ümumiyyətlə, inkişafına yönəlmiş, onu əsaslı şəkildə dəstəkləyən ciddi əlaqələrin yaradılması özlüyündə bir zərurət kimi meydana çıxmışdır. Belə olan halda, ümumi təhsil vəzifələrinin tərəfdaşlıq prinsipi əsasında yerinə yetirilməsində tərəfdaş ola bilən, məsuliyyəti bərabər bölüşə bilmək missiyasını daşıyan məktəb icması yarandı. 2015-ci ildən bu işin layihə şəklində həyata keçirilməsinə başlanıldı. 50-dən çox məktəb icması yaradıldı.

 

Bu günün müəllimi haqqında qənaətlər

 

Heç şübhəsiz, bu günün müəllimlik düşüncəsində uşaqlarımızı gələcəyin çağırışlarına hazırlamaq barədə fikirlər əsas yer tutur. Onlar rəqəmsal, mürəkkəb, qeyri-müəyyən və dəyişkən xarakter daşıyan müasir dünyada uğur qazanmaq,yeniliklərlə dolu həyatda özünə yer tutmağı bacaran şəxs, eləcə də nəsillərin yetişməsində səlahiyyət sahibi kimi xüsusi mövqe qazanırlar. Ona görə də zəruri bilik və bacarıqların mənimsənilməsinə dəstək verirlər. Şagirdlərin təlim mühitini yaratmaq üçün yeni pedaqoji strategiyalardan istifadə etməli olurlar. Elə strategiyalar ki,şagirdlərin öyrənməsinə  və inkişafına şərait yaratsın, sosial və emosional bacarıqları inkişaf etdirsin. Həmçinin effektiv və fərdiləşdirilmiş pedaqogikanın tələblərinə cavab versin. Bütün bunların fonunda müəllim fəaliyyətini daim innovativ və peşəkarlığı inkişaf etdirmək istiqamətində qursun.

 

Belə olduqda müəllimləri və məktəbləri valideynlər və yerli icmalarla daha möhkəm əlaqələr qurmağa, şagirdləri sosial məsuliyyət hissi və problemi həll etmək istiqamətlərində fəaliyyətlərə təşviq etmək asanlaşa biləcəkdir.

 

Bunun üçün isə innovasiyalara imkan yaradan, ona təşviq edən şərait olmalı, müəllimlərin yeni pedaqogikanı mənimsəməklə potensialını inkişaf etdirməsinə, qabaqcıl təcrübəni öyrənməklə peşəkarlığın  yüksəldilməsinə zəmin yaradılmalıdır.

 

Müəllim xüsusi bir peşədir. Müəllimlər o insanlardır ki, daim ictimaiyyətin diqqətində olmaqla bərabər, tələbələr, həmkarlar və valideynlərlə birgə təmasdadırlar. Biliklər unudula bilər, amma müəllim obrazını unutmaq  çətindir. O daim hər kəsin düşüncə məkanında yaşayır. Odur ki, müəllim obrazının özəlliyi, onun struktur komponentlərinin öyrənilməsi, müəllimin obrazı ilə pedaqoji bacarığı arasında keyfiyyət əlaqəsinin qiymətləndirilməsi hazırda aktual problemlərdən biridir. Təcrübələr də onu göstərir ki, bir çox məktəblilər sevimli müəllimlərinin tədris etdiyi fənni daha yaxşı öyrənirlər. Biliyin formalaşdırılması prosesində tədris metodları ilə yanaşı, müəllim obrazına da böyük əhəmiyyət verirlər. Başqa sözlə, şagirdlərin tədris prosesinə, mövzuya, müəllimə və nəhayət, məktəbə münasibəti məhz bu obrazın vasitəsi ilə yaranır. Həqiqətən də, müəllim uşaqlara təkcə bilik vermir, xüsusən də bu gün yüksək texnologiyaların sürətli inkişafı dövründə bu daha qabarıq görünür. Müəllimin şagirdlərlə qarşılıqlı əlaqəsi məktəbdən başlayır  və  günbəgün  inkişaf  edərək geniş miqyas alır. Belə qarşılıqlı əlaqə prosesində şagirdlər özlərinin şagird dünyalarını tapır və onu zənginləşdirməkdə israrlı ola bilirlər.

 

Məktəb-valideyn tərəfdaşlığı inkişafın hərəkətverici qüvvəsidir

 

İcmaların yaranmasında məktəb ailə münasibətləri yeni mahiyyət kəsb edir. Onların arasındakı əlaqələr əməkdaşlıq çərçivəsindən çıxaraq tərəfdaşlıq mövqeyi qazanır və məktəb icmasını möhkəmləndirən vasitəyə çevrilir. Tərəfdaşlıq mövqeyində olmaq istər məktəbi, istərsə də ailəni daha məsuliyyətli  olmağa, şagirdlərin inkişafyönümlü dinamikasını bərabər  izləməyə sövq edir. Belə münasibətlər müstəvisində məsuliyyətin bərabər bölüşdürülməsi təhsildə ümumi irəliləyişlərin əldə olunmasının təkanverici qüvvəsinə çevrilir. Bu münasibətlər eyni zamanda məktəb təhsilinin keyfiyyət artımında da aparıcı rola malik olur. Həmçinin məktəb-valideyn  münasibətlərini monolit birliyə çevirir.

 

Şagirdyönümlü yanaşmaların sosial xarakteri

 

Şagirdyönümlülük  xüsusi yanaşma kimi  müasir məktəbin daha  işıqlı, parıltılı tərəfləri kimi görünməkdədir.Bu, hər şeydən əvvəl, onun sosial xarakterindən irəli gəlir. Şagirdə cəmiyyətin gələcək aparıcı qüvvəsi kimi dəyər verilir. O, cəmiyyətin mühüm hadisəsinə çevrilir. Beləliklə, cəmiyyət atributlarını yetişdirməklə özünü ifadə edir və zənginləşir. Bütün bu proseslər məktəb icması şəraitində daha effektiv və uğurlu olur.

 

Məktəblə bağlı olan insanların fəaliyyət mərkəzi - məktəb icması

 

Məktəb inkişafetdirici fəaliyyətində maraqlı olan tərəflərlə qarşılıqlı və müştərək çalışaraq tərəfdaşları ilə birləşir. Başqa sözlə, məktəb fəaliyyət mərkəzi kimi tərəfdaşları ilə möhkəm birlik yaradaraq uğurlarını təmin edə bilir. Bu fəaliyyətlərin tənzimlənməsində möhkəm tərəfdaşlıq əlaqələri həlledici rol oynayır. Belə bir mükəmməl əlaqənin yaranması, inkişafı prosesi də formalaşmış müəyyən birliyə əsaslanır ki, bu birlik, əslində, məktəb icmasının xüsusiyyətlərinə uyğun təzahür edir.

 

Ənvər ABBASOV,

Bakı Slavyan Universitetinin prorektoru,  pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim