Sizi əmin edirəm ki, mən həmişə yüksək mənəviyyat uğrunda mübarizə aparmışam, mənim həyatım saf mənəviyyat əsasında qurulubdur, mənim gördüyüm işlər də saf, təmiz mənəviyyat əsasında qurulubdur. Mən Azərbaycan xalqının yüksək mənəviyyatını xalqımızın böyük sərvəti hesab edirəm, ona görə də mən indiyə qədər buna sadiq olduğum kimi, bundan sonra da sadiq olacağam...Bütün həyatımla, gördüyüm işlərlə, respublikanın, dövlətin başçısı kimi atdığım bütün addımlarımla, tədbirlərimlə ölkəmizdə mənəviyyatın daha da möhkəmlənməsini, milli-mənəvi dəyərlərimizin yaşamasını, milli adət-ənənələrimizə sadiq olmağımızı təmin etməyə çalışmışam.

 

Heydər ƏLİYEV,  Ümummilli Lider

 

Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər xalqımızın milli mənlik şüurunun oyanması, azadlığa və müstəqilliyə qovuşmaq arzularının çiçəklənməsi, ictimai həyatımızın, iqtisadiyyatımızın bütün sahələrində, elm və mədəniyyətimizin inkişafında böyük nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olmuşdur. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiya prosesinin hazırkı möhkəm təməli, məhz Heydər Əliyev tərəfindən respublikaya rəhbərlik etdiyi həmin illərdə yaradılmış potensiala əsaslanır. Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar günümüzün reallığıdır. Heydər Əliyevin milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirib. Ölkəmizin Qərbə inteqrasiyasına geniş yol açıb və bu prosesi sürətləndirib. Biz bu gün də bu möhtəşəm strategiyanın real nəticələrini, bəhrələrini görürük. “Əsrin müqaviləsi” çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri Azərbaycanı Qərb dünyası ilə daha sıx birləşdirir və ölkəmizə milyardlarla dollar həcmində mənfəət gətirir. Azərbaycan dövlətinin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin reallaşması da Ulu Öndərin bəşəri xidmətlərindəndir.

 

Ümummilli Lider özünün çoxsaylı çıxışlarında, nitqlərində, məruzələrində, ilk növbədə, mənəvi tərbiyə prinsiplərini ön plana çəkirdi. Heydər Əliyev ümumbəşəri humanist və mütərəqqi ideyalara ehtiramla yanaşmış və onlardan mənəvi tərbiyə sahəsində geniş istifadə etməyi məsləhət görürdü. Hələ sovetlər dönəmində Heydər Əliyevin siyasi tərbiyəvi fəaliyyətində ümumbəşəri mütərəqqi fikirlərin, ideyaların tədqiqi və tərbiyə sistemində istifadə olunması mühüm yer tuturdu. Ulu Öndər nəinki Xəqani, Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə, C.Məmmədquluzadə, Sabir, Hüseyn Cavid, eyni zamanda Firdovsi, Əlişir Nəvai, Homer, Esxil, Şekspir, L.Tolstoy, Puşkin, Şota Rustaveli və başqa mütəfəkkirləri mədh edir, Azərbaycan gənclərinə bu şəxslərin əsərlərini oxuyub dərk etməsini məsləhət görürdü.

 

Milli-mənəvi tərbiyə problemləri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə daha dolğun şəkildə qoyulmuşdur. Ümummilli Lider öncə şəxsiyyətin, millətin, cəmiyyətin mənəviyyatı probleminə toxunaraq milli-mənəvi dəyərlərə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə müraciət edirdi. Bu, o deməkdir ki, Azərbaycan xalqının mənəvi inkişafı, mənəvi tərəqqisi, mənəvi paklığı bilavasitə xalqın öz keçmişinə münasibətindən, öz tarixi mədəniyyətini nə dərəcədə mənimsəyib-mənimsəməməsindən asılıdır. Nəhayət, mənəvi saflıq millətin mütərəqqi adət-ənənələrinin bugünkü həyata daxil olmasının dərəcəsindən asılıdır. Heydər Əliyev milli-mənəvi dəyərlər deyəndə, ilk növbədə, Azərbaycanda min illərlə formalaşmış adət-ənənələri, eyni zamanda bu adət-ənənələrdə əks olunan mütərəqqi prinsipləri nəzərdə tuturdu. Bunları belə təqdim edə bilərik: Azərbaycan ailəsi, ailə ənənələri, ailə mənəviyyatı və ailə mədəniyyəti. Mənəvi cəhətdən sağlam, mənəviyyatı zəngin olan ailə gənc nəslin dayağıdır, mənəvi qida mənbəyidir. Ümummilli Lider qeyd edirdi: “Ailə xüsusi mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə hörmət və ehtiram lazımdır”.

 

Azərbaycanın milli-mənəvi dəyərlərində, Azərbaycan xalqının adət-ənənələrində böyük-kiçik problemi. Gənclərin ağsaqqallara, yaşlılara münasibəti, yaşlı nəslin gənc nəslə qayğısı, onlar üçün nümunə olması ilə bu sistemdə hərə öz funksiyasını düzgün yerinə yetirməlidir. Əgər gənclik düzgün enerjiyə, kəskin düşüncəyə, sağlam orqanizmə malikdirsə, bunlara arxalanaraq, yaşlı nəslə hörmət göstərirsə, yaşlı nəsil də bir nümunə mənbəyi olmalıdır, öz hərəkəti, davranışı ilə gənclərə yol göstərməlidir. Bütün bunlar Heydər Əliyev irsində xüsusi yerlərdən birini tutur.

 

Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabr ayının 2-də xalqa müraciəti, şəhidlərin valideynləri, elm və incəsənət adamları ilə keçirilən görüşləri, habelə Ümummilli Liderin Fransaya, Türkiyəyə, ABŞ-a, İngiltərəyə, Çinə müvəffəqiyyətli səfərləri, Aşqabad Bəyannaməsi, Lissabon sammiti və s. kimi tədbirlər bütövlükdə xalqda, millətdə, xüsusilə gənclərdə bir inam hissi yaratdı. Ruhdan düşmüş xalqda inamı yüksəldən, əhvali-ruhiyyə yaradan, məhz Heydər Əliyev oldu. Ulu Öndər xalqa müraciətində deyirdi: “İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır... Torpaqlarımızın zəbt olunmasına dözməməliyik. Millətini, torpağını sevən hər bir adam buna razı olmamalıdır”. Ulu Öndər bu dəfə də əsl xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi, separatçılar yerində oturduldu, istiqlalımız təhlükədən qurtardı, qanuni dövlət hakimiyyəti bərpa olundu, xalq rahat nəfəs aldı. Gəncə qiyamının yatırılması, Cənub bölgəsindəki pozucu qüvvələrin fitnəkar əməllərinə son qoyulması, ölkədə milli həmrəyliyin bərpası, vətəndaş birliyinin təmini, Milli ordunun möhkəmləndirilməsi, torpaqlarımızın işğalının qarşısının alınması kimi mühüm tədbirlər məhz Heydər Əliyev dühasının qüdrəti ilə gerçəkləşdi.

 

Xalqın mənəvi tərəqqisində şəxsiyyətlər, xüsusilə görkəmli rəhbərlər çox böyük rol oynayırlar. Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürk deyirdi: “Böyük şəxsiyyətləri olmayan millət iqtisadi cəhətdən nə qədər güclü olsa da, müəyyən fəlakət, sarsıntı qarşısında məhv olub gedir. O şəxsiyyətlər böyük və görkəmlidirlər ki, onlar tarixi zərurəti, cəmiyyətin inkişafının obyektiv qanunauyğunluqlarını düzgün dərk edir və kütlələrin əməli fəaliyyətini həmin istiqamətə yönəldirlər, kütlənin mənəvi, siyasi birliyinə nail ola bilirlər”. Bəli, belə şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. O, xalqın birliyini yarada bilmiş, xalqda düşmənə qarşı nifrət oyatmış, xalqın yekdil mübarizəyə qalxmasını təmin etmişdir. Çox təəssüflə qeyd etməliyik ki, ölkənin səriştəsiz rəhbərləri tərəfindən mədəniyyət sahəsində aparılmış qeyri-obyektiv siyasət mədəniyyət və incəsənətin məhvinə şərait yaratmışdır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində elmə, mədəni irsə, ədəbiyyat və mədəniyyətə, görkəmli şəxsiyyətlərə münasibət dəyişdi. Elm, incəsənət adamlarına, yazıçı və şairlərə qayğı artırıldı. Azərbaycan yazıçılarının X Qurultayında iştirakı, məzmunlu nitqi yaradıcı adamlara böyük ümid verdi və gələcəyə inam doğurdu.

 

Mədəniyyətimizin beşiyi sayılan Qarabağ mənfur, qaniçən, faşist ermənilər tərəfindən işğal edilən zaman bu sahələrdə yüzlərlə nadir tarixi, arxeologiya, memarlıq abidələri yerləşirdi. Təkcə Şuşanın erməni təcavüzkarları tərəfindən işğal olunması nəticəsində altı muzey - Azərbaycan Dövlət Xalça Muzeyinin Şuşa filialı, Bülbülün, Üzeyir Hacıbəyovun, Mir Möhsün Nəvvabın ev-muzeyləri, Şuşa şəhərinin tarixi muzeyi, Qarabağın Dövlət Tarix Muzeyi, Şəkil qalereyası məhv edilmişdir. Milli ziyalılarımızın görkəmli nümayəndələrinin bir qrupu mədəniyyətimizin vəziyyəti ilə əlaqədar həyəcan və ağrıdolu bəyanatla mətbuatda çıxış etmişlər. Bəyanatın bir yerində deyilir ki, bir çox istedadlı Azərbaycan dirijoru, musiqiçisi, alimi vətəndə özlərinin gərəksizliyini və onlara ehtiyac duyulmadığını hiss edərək xaricə gedirlər. Mühacirət, “ağıllar”ın, xalqın intellektual sərvətinin xaricə axını xüsusilə narahatlıq yaradır. Gələcəkdə bu, bütün milli mədəniyyət üçün əvəzedilməz itkiyə çevrilə bilər. Bəs çıxış yolu nədə idi? “Mədəniyyət sahəsinin dağılması” kimi təhlükəli bir ənənənin qarşısını necə almaq olar və bununla əlaqədar dövlətin rolu nədən ibarətdir?

 

Bu və ya bu kimi suallara Ümummilli Lider Heydər Əliyev çıxış və nitqlərində çox gözəl cavablar vermişdir. Ulu Öndər qeyd edirdi ki, keçmiş SSRİ-dəki partiya nomenklatur rejimi düzgün olaraq tənqid edilir. Ona görə ki, ədəbiyyat və incəsənət xadimlərinə xırda qəyyumluq göstəriblər, onları “hakimiyyət başında olanların” total nəzarəti şəraitində yaratmağa məcbur ediblər. Bəli, o vaxtlar çoxları üçün yaşayış asan idi, lakin bununla belə, onlar mənəvi əzab-əziyyət içində idilər. İndi ideoloji repressiyalar vaxtı keçmişdə qalıb və həqiqətən istedad sahibi olan konyunkturadan uzaq bir sənətkar buna təsadüf etmir... Keçmişi qiymətləndirərkən onun səhvlərindən imtina etməklə yanaşı, mədəni quruculuq sahəsində on illər ərzində qazanılmış keçmiş təcrübənin hamısının üstündən xətt çəkməyə ehtiyac yoxdur. Belə mədəni-tarixi nihilizm yaxın gələcəkdə vətənimizin mədəniyyəti üçün ağır nəticələr verə bilər. Keçmişin özündə diqqətəlayiq nə varsa, ondan imtina etmək lazım deyil.

 

Ulu Öndərin mənəvi tərbiyə ilə bağlı örnək dolu bir neçə fikirlərinə nəzər salaq:

 

  • * Hər bir xalqın, o cümlədən də Azərbaycan xalqının öz milli mənliyi var. O milli mənliyi də xalqın qabaqda gedən adamları ifadə etməli, təmsil etməlidirlər.
  • * Cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir.
  • * Müstəqilliyimizi daimi etmək, ərazilərimizi bütün təcavüzlərdən, bugünkü və gələcək təcavüzlərdən qorumaq üçün cəmiyyətimizə, xalqımıza, ölkəmizə milli birlik, mənəvi həmrəylik, vətəndaş həmrəyliyi lazımdır.
  • * Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.
  • * Biz azərbaycanlılar - bu, sonradan gələcək bütün nəsillərə də tövsiyə olunur: heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq.

 

Ümummilli Lider Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz kimi, mənəvi tərbiyə ilə bağlı fikirləri onlarladır. Onun mənəvi tərbiyə ilə bağlı hər bir fikrində hikmət işığı vardır. Böyük zəka sahibi belə qeyd edirdi ki, “təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Bu mənada biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər”. Beləliklə, deyə bilərik ki, mənəvi tərbiyə hər bir cəmiyyətin mövcudluğu və inkişafı, hər bir şəxsin həyat fəaliyyəti və başqa adamlarla qarşılıqlı münasibətləri üçün ən zəruri amildir. Mənəvi anlayış və mühakimələr əsasında əqidə formalaşır. Əqidə isə insanı inama bağlayır. İnsan əqidəsinə sadiq olur, əqidəsi naminə hərəkət edir. Əqidəli adamlar Vətən uğrunda, millət, xalq uğrunda canlarından keçməyə, şəhid olmağa hər an hazır olur. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi yaşaması uğrunda canını fəda etməyə hər an hazır olduğunu belə ifadə etmişdir: “Əgər hər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”.

 

Yekun nəticə olaraq qeyd edək ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin müqəddəs missiyanı gerçəkliyə çevirdi, milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi.

 

Vüqar SƏLİMOVA,

“Peşə təhsili və insan kapitalı” jurnalının əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü