Müasir dövrün təhsili özünün idraki xarakteri ilə gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Azərbaycan cəmiyyətinin tələb və ehtiyaclarına uyğun, son illərdə nəticəyönümlü, yəni, təhsil sistemində əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında qabaqcadan müəyyən edilməsi və müvafiq nəticələrdən ibarət şəxsiyyətyönümlü təhsil sisteminin yaradılması sahəsində xeyli işlər görülmüşdür. Təhsil islahatı yeni texnologiyalara, hər şeydən öncə şəxsiyyətyönümlü və inkişafetdirici təlimə keçidi nəzərdə tutur. Şagirdin əsas bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi təhsil sisteminin başlıca xəttinə çevrilir. Ona görə də şagirdlərdə təşəbbüskarlıq, məsuliyyət və sərbəstlik hissinin formalaşmasına istiqamətlənmə təlim prosesinin lap əvvəlindən başlıca prioritet kimi üstünlük təşkil etməlidir. Şəxsiyyətyönümlü təlimin qarşısında duran vəzifələrdən biri də təlim prosesində şagirdin şəxsiyyətinin öyrənilməsidir. Şəxsiyyətyönümlü təlim elə təlim növünü nəzərdə tutur ki, bu təlim forması şagirdin psixoloji statusu, onun meyil və maraqları ilə ziddiyyət təşkil etmir.  Şəxsiyyətyönümlü təlimin məqsədi şagirdin şəxsi keyfiyyətlərinin, onun idraki fəallığının üzə çıxarılması üçün uyğun şəraitin yaradılmasıdır. Müasir yanaşmalara görə, təhsilin nəticələri təkcə öyrənənin təhsilini başa vurduqda yiyələndiyi bilik və bacarıqların səviyyəsi deyil, həm də onun dünyaya, cəmiyyətin inkişafına baxışını və münasibətlərini göstərən müəyyən şəxsi keyfiyyətlərdir.Təhsildə keyfiyyətə öyrənənlərə verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca meyar kimi baxmaq lazımdır. Şəxsiyyətyönümlü təhsilin əsas məqsədi şəxsiyyət formalaşdırmaq yox, şəxsiyyətin hərtərəfli inkişafı üçün şərait yaratmaqdır.

 

Hazırda müəllimlərdə hansı yeni peşəkar səriştəliliyin formalaşdırılması tələb olunur. Bu halda  müəllimlər aşağıdakı suallara cavab verməyi bacarmalı və müəyyən  etməlidirlər ki, onlar uşaqları “necə öyrətməli?”, onlarda “nəyi formalaşdırmalı?”  və “nəyi və necə qiymətləndirməlidirlər?”

 

Qeyd olunan suallardan birincisi, əsasən təlim texnologiyaları ilə bağlıdır. Tətbiq olunan yeni  standartlar qoyulan suala birmənalı cavab verərək, təlim prosesinə mədəni-tarixi və sistemli-fəaliyyət yanaşmasının tətbiqini irəli sürür və təlimin özünü fəaliyyətlə bağlı şəxsi - səmtləşmə yanaşma ilə əlaqəli texnologiyalardan istifadə edərək qurmağı tələb edir. İKT pedaqoji prosesin təşkili üsulu kimi deyil, başlıca olaraq təlimin vasitəsi rolunu oynayır. Təlim prosesinə yeni texnologiyaların tətbiqi məsələsi, hər şeydən əvvəl, praktiki bacarıqlarla bağlı məsələ olduğundan, öyrədənlərdə texnoloji səriştəlilik məsələsi ön plana çəkilməli və onun formalaşdırılması üzərində fəaliyyət gücləndirilməlidir. Yəni, öyrədən baxılan texnologiyanın nəzəri əsaslarını bilməkdən başqa, onu öz pedaqoji praktikasına tətbiq etməyi bacarmalıdır. Onu da bilmək lazımdır ki, təlim texnologiyasının seçilməsi problemi bir dəfə ilə həll edilə bilməz. Müəllimin texnoloji səriştəliliyi, məhz ondan ibarətdir ki, hər bir halda tələb  olunan texnologiyanı effektiv istifadə etmək üçün təlim prosesini bütövlükdə təhlil edib, onun yenidən səmərəli qurulmasının  yollarını müəyyən etməyi bacarmalıdır.

 

Araşdırmalar göstərir ki, bunun üçün müəllimdə texnoloji səriştəliliyin aşağıdakı formalaşma mexanizmlərinə üstünlük verilməlidir:

 

  • * müxtəlif  texnologiyaların məzmunu və tətbiqi ilə bağlı pedaqoji və metodiki ədəbiyyatla sərbəst tanış olmalı;
  • * müxtəlif səviyyəli metodiki seminarlar və elmi-praktik konfranslarda və təcrübə mübadiləsində iştirak etməli;
  • * internet forumlarda həmkarları ilə ünsiyyət və qarşılıqlı münasibət qurmalı;
  • * ixtisasın artırılması kurslarında (o cümlədən distant təlimlə bağlı) iştirak etməli və s.

 

Bu halda başlıca məsələ müəllim, pedaqoji fəaliyyətində dəyişikliklərin aparılmasını və daima pedaqoji qarşılıqlı təsirlərin təşkilinin effektiv yollarının axtarılmasını başa düşməlidir.

 

Yeni standartlar təhsilalanlarda əsas səriştəlilik kimi şəxsi, sosial, idraki (dərk etmə) və kommunikativlik bacarıqlarının formalaşdırılmasını təmin edir. Bu halda, başa düşmək lazımdır ki, təhsilalanda qeyd olunan səriştəliliyi yalnız o müəllimlər formalaşdıra bilərlər ki, onların özlərində belə kompetensiyalar tam formalaşmış olsun.

 

Yeni təhsil standartlarının əsas xüsusiyyətlərindən biri də universal tədris fəaliyyətinin (UTF) formalaşmasını təmin etməsidir. Bu anlayışın ümumpedaqoji və psixoloji mənası ümumtəhsilin dövlət standartlarında öz əksini tapmışdır. UTF-də dörd qrup fəaliyyət - şəxsi, idraki, tənzimləyici (nizamlayıcı) və kommunikativ bir-birindən fərqləndirilir. Öyrənənlərdə göstərilən fəaliyyətlərin formalaşdırılması təhsil müəssisələrinin ümumpedaqoji məsələsi hesab edilir. Belə fəaliyyətlər hər bir dərsdə, dərsdənkənar fəaliyyətlərdə formalaşdırıla bilər və formalaşdırılmalıdır.

 

Şəxsi UTF özündə həyati, fərdi və peşəkar özünütəyini, sağlam düşüncə və mənəvi-etik qiymətləndirməni, sosial rollara orientasiyanı və şəxsiyyətlərarası münasibətləri, tənzimləyici universal tədris fəaliyyəti isə özündə tədris-təlim fəaliyyətinin təşkili, məqsədəmüvafiqliyi, planlaşdırmanı, proqnozlaşdırmanı, nəzarəti, korreksiyanı və qiymətləndirməni birləşdirir.

 

İdraki universal tədris fəaliyyəti içərisində ümumtədris, eyni zamanda məntiqi və problemin qoyuluşu və həlli ilə bağlı fəaliyyətlər  əsas yer tutur. Kommunikativ universal tədris fəaliyyətinə, birgə fəaliyyət zamanı və ya informasiya mübadiləsində əməkdaşlarla ünsiyyət, müəllimi və yaşıdları ilə tədris əməkdaşlığının planlaşdırılması və təşkili, mənəvi-etik və psixoloji prinsiplər əsasında şəxsi fəaliyyətin tənzimlənməsini daxil etmək olar.

 

Müasir öyrədənlərdə hansı peşəkar səriştəlilik formalaşdırılmalıdır ki, fəaliyyət prosesində səriştəli-səmtləşmə və təhsilalanlarda effektiv tədris fəaliyyətinə keçid təmin olunsun. Başqa sözlə, onda layihə-konstruktivliklə bağlı səriştəliliyi formalaşdırmaq mümkün olsun.

 

Bütün bunlarla yanaşı əsas məsələ müəllimin şüurunda yeni standartların tələbləri əsasında pedaqoji məsələlərin qoyulmasında və tətbiqində müasir tələblərə cavab verən dəyişikliklər getməlidir. Öyrənənə “bilik vermək” əsas məqsəd deyildir, eyni zamanda bu bilikləri “təkrar danışmaq” öyrənənin başlıca müvəffəqiyyəti sayıla bilməz. Ona görə də məntiqi olaraq “nəyi və necə qiymətləndirməli?” sualına müraciət edilməlidir. Bu halda da standartlar bizi yeni normaların tədqiqinə aparır. Yeni nəticəyönümlü standartlarda orta məktəb məzunlarının üç səviyyədə - şəxsi, fənlərarası və bir də fənn üzrə “planlaşdırılmış nəticələr” anlayışını təhlil etməyə  və müvafiq nəticələr çıxarıb, müəyyən təkliflər verməyə istiqamətləndirilir.

 

Şəxsi nəticələr öyrənənlərin hazırlıq səviyyəsini şəxsi özünüinkişafa və özünütəyinə, onlarda təlimə motivasiyanın  və məqsədəuyğun idraki fəaliyyətin  formalaşmasına, həyati planları ilə bağlı məqsədin  qoyulmasına və icrasına, fəaliyyətdə şəxsi və vətəndaş mövqeyinin dəyər və məna səviyyəsində qurulmasına, sosiumda çoxmədəniyyətliliyin eyniləşdirilməsində bacarıqları özündə birləşdirir.

 

Fənlərarası nəticələr öyrənənlərdə fənlərarası əlaqələrin mənimsənilməsini, onların universal tədris fəaliyyətini, bunlardan tədris, idrak və sosial praktikada istifadəni, tədris fəaliyyətinin sərbəst planlaşdırmasını və həyata keçirilməsini, müəllimləri və yaşıdları ilə tədris əməkdaşlığının təşkilini, fərdi təlim trayektoriyasının qurulmasını özündə birləşdirir.

 

Fənlər üzrə nəticələr öyrənənlərdə  tədrisi nəzərdə tutulmuş  hər hansı fənnin  mənimsənilmə səviyyəsini, bu fənlər üzrə yeni biliklərin qazanılması ilə bağlı fəaliyyət növlərini, qazanılmış biliklərin tədris, tədris-layihə və sosial-layihə situasiyalarında tətbiqini, elmi və tənqidi təfəkkürün formalaşdırılmasını, yeni texnologiyaların, açar anlayışların, metodların və üsulların elmi əsaslarına sahib olmaq bacarıqlarını özündə birləşdirir.

 

Öyrədənlərdə yeni qiymətləndirmə səriştəliliyi formalaşdırılmalıdır. Bundan başqa, müəllim hər bir ayrıca tələb olunan vaxtda öyrənənin nailiyyətlərini sadəcə qiymətləndirməklə kifayətlənməməli, onun nəticələrinin dinamikasını izləməli, başqa sözlə öyrənənlər tərəfindən təhsil proqramlarının mənimsənilməsinin keyfiyyəti, həm də özünün müəllimlik fəaliyyəti ilə bağlı monitorinq keçirməlidir. Ona görə də öyrədənlərdə monitorinq aparmaqla bağlı səriştəlilik formalaşdırılmalıdır.

 

Pedaqoji ali təhsil müəssisələrinin pedaqoji  fakültəsini bakalavr səviyyəsində bitirmiş gənc müəllimi o vaxt səriştəli müəllim kimi qəbul etmək olar, əgər o, fəaliyyəti prosesində aşağıdakı keyfiyyətləri özündə formalaşdırmağı bacarsın:

 

  • * metodika elminin əsas müddəalarına, əsas metodiki kateqoriyalar və anlayışlar sisteminə yiyələnmiş və fəaliyyətində onlardan istifadə etməyi bacarır;
  • * metodika elminin strukturunu, onun komponentləri arasındakı qarşılıqlı əlaqələri başa düşür;
  • * tədqiqat obyektini, onun xassələrini və əlaqəsini sistemli olaraq təqdim etməyi bacarır;
  • * fəaliyyət xarakterli müasir yanaşmalardan istifadə edir;
  • * geniş erudisiyaya (hər hansı bir sahədə dərin bilik, geniş məlumat) malikdir;
  • * müəyyən metodiki təklifə qədər nəzəri müddəaları konkretləşdirməyi bacarır;
  • * öyrənmənin metodikası müstəvisində pedaqogika və psixologiyanın müddəalarını izah və təvsir etməyi bacarır;
  • * təhsilalanların təhsildə qarşılaşdıqları obyektiv çətinlikləri aşkarlamağı və onları aradan qaldırmağı bacarır;
  • * dərslikləri və tədris materiallarını təhlil etmək bacarıqlarına yiyələnmişdir;
  • * tədris-təlim situasiyalarının strukturlaşdırılmasını bacarır;
  • * şagirdlərin fərdi və yaş xüsusiyyətlərinə uyğun tədris materialını seçməyi  bacarır;
  • * konkret fənnin təlim məqsədlərini və onun məzmununu müəyyənləşdirmək qabiliyyətinə malikdir;
  • * qoyulmuş məqsədə çatmaq üçün əlverişli metodların seçilməsini və təlimin təşkili ilə bağlı məsələlərin həlli üçün yeni yanaşmaları işləməyi bacarır;
  • * informasiya texnologiyaları ilə işləməyi bacarır və özünün metodiki fəaliyyətinin təkmilləşdirilməsi üçün ondan səmərəli istifadə edir;
  • * məlum texnologiyalar əsasında yeni təlim texnologiyalarının layihələşdirilməsini yerinə yetirir;
  • * tədris olunan fənnin əsas nəzəri və praktik məsələlərini təhlil edib, prosesdə tətbiq etməyi bilir;
  • * təlimin əsas sistemlərini araşdırır və onlardan konkret situasiyalarda  istifadə etməyi bacarır;
  • * müxtəlif təlim situasiyalarını müşahidə edərək, metodika ilə bağlı problemi formulə etməyi bacarır;
  • * metodiki təfəkkürün formalaşmasında əsas rol oynayan problemlərin real tədris situasiyalarında modelləşdirilməsi ilə bağlı məsələlərin həllində fəal iştirak edir və müvafiq təkliflər formalaşdırmağı bacarır.

 

Bütün bunları ümumiləşdirərək, müasir orta məktəb müəlliminin səriştəlilik modelini formalaşdırmaq olar.

 

Araşdırmalar göstərir ki, təklif olunan yeni peşəkar səriştəlilik modeli müəllimlərdə Dövlət Standartlarının tələblərinə uyğun peşəkarlıq səviyyəsinin yüksəlməsində və müasir müəllimin peşəkarlıqla bağlı portretinin, məzmununun dəyişməsində, gənc müəllimlərin səriştəli müəllim kimi formalaşmasında həlledici rol oynayacaqdır.

 

Zülfiyyə VƏLİYEVA,

ADPU ETM-nin elmi işçısı, Əməkdar müəllim