Torpaqlarımızın erməni işğalından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin ictimai-siyasi həyatında olduğu kimi, elmi mühitində də yeni ab-hava yarandı. Aramsız erməni təhdidləri tariximizin olduğu kimi araşdırılması zərurətini yaratmaqla, “Qərbi Azərbaycan” terminini də sosial-milli sifariş olaraq ictimai-siyasi və elmi dövriyyəyə daxil etdi.

 

Beləliklə, ölkəmizdə bu tələblərə uyğun yeni-yeni istiqamətlər üzrə araşdırmalar aparıldı. Yerindən-yurdundan qovulmuş Qərbi azərbaycanlıların tarixi, maarifi, maddi mədəniyyəti... ilə bağlı çoxsaylı araşdırmalara başlandı və proses bu günlərdə Qərbi Azərbaycan İcmasının inzibati binasında İdarə Heyətinin üzvləri ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən perspektiv vəzifələrlə bağlı yeni, həlledici mərhələyə qədəm qoydu. Bütün bunlar ziyalılarımızı yaradıcılığa ruhlandıraraq qayıdış prosesinə səfərbər etdi.

 

Qərbi Azərbaycan problemi ilə bağlı ardıcıl araşdırmaları, ictimai fəaliyyəti ilə diqqəti cəlb edən belə ziyalılardan biri də filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevdir. Onun İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə bağlı çoxsaylı məqalələrini bir yana qoysaq, təkcə irihəcmli əsərlərinə diqqət yetirməklə görərik ki, o, İrəvanşünaslığın elmi istiqamət olaraq formalaşmasında xüsusi zəhməti olan peşəkar tədqiqatçılardandır. Bir neçə irihəcmli kitabına diqqət edək:

 

“İrəvanda milli maarifçilik mühiti”, “İrəvanda ictimai-siyasi mühit”, “İrəvan ədəbi mühiti”, “İrəvan Pedaqoji Məktəbi”, “Ömrün illəri”, “İrəvan Müəllimlər Seminariyası”. Cəlal Allahverdiyevin bu fundamental araşdırmaları həm də İrəvan maarifçilik mühiti ilə bağlı araşdırma aparan tədqiqatçılar, alimlər, pedaqoqlar, magistrlər üçün ən mötəbər qaynaq və mənbələrdir.

 

Onun 2015-ci ildə “İrəvan Pedaqoji Məktəbi”, “İrəvanda milli maarifçilik mühiti”, nəhayət, 2022-ci ildə qələmə aldığı “İrəvan Müəllimlər Seminariyası” əsərləri problemlə ardıcıl və sistemli şəkildə məşğul olmasından xəbər verir.

 

Cəlal Allahverdiyevin 2010-cu ildə qələmə aldığı “İrəvan ədəbi mühiti” əsərində İrəvanın simasında Sovet Ermənistanında azərbaycanlıların ikinci etnik toplum olaraq, ictimai-siyası və ədəbi-mədəni mühitə toxunulur. Eləcə də sovetləşmə ərəfəsi və sonrakı dövrlərdə azərbaycanlı müəllim və məzunların əsasını qoyduqları milli maarifçiliyin irəvanlı (Qərbi azərbaycanlı - H.B) ziyalılar tərəfindən sovetləşmədən sonrakı dönəmlərdə  davam etdirilməsindən bəhs olunur. Müəllif əsərində dövri mətbuatın simasında ədəbi həyatın ictimai mahiyyətinə toxunmaqla Qərbi Azərbaycan ictimai - humanitar fikrinin spesifik inkişaf meyillərini əzmlə araşdırır.

 

Cəlal Allahverdiyevin araşdırmalarında digər mühüm məqam bu dövrdə anadilli mətbuatın, dərslik və ədəbi-bədii əsərlərin nəşri vəziyyətini də diqqətdə saxlaması, sovet ədəbiyyatı adlı ədəbi külliyatın ideya və estetik meyilləri, məzmun və mövzu axtarışları, xüsusilə, ədəbi prosesin aktual problemləri, teatr və dramaturgiyanın nəzəri və praktik məsələlərini də tədqiqatının obyektinə çevirə bilməsi onun problemə ardıcıl və sistemli yanaşmasından xəbər verir. C.Allahverdiyev öz araşdırmalarında Qərbi Azərbaycanda kommunist qiyafəsinə bürünmüş daşnakların şovinist siyasətinə qarşı dirənən vətənpərvər ziyalılarımızın 1920-1939; 1941-1947; 1948-1988-ci illərdə hər bir dövrün spesifik tələblərinə uyğun olaraq ana vətənlərinin erməniləşməsinə qarşı  apardıqları mübarizəni ədəbi-elmi, publisistik və dramaturji əsərlərə çevirərək ictimailəşdirməyə çalışmışdır. Ümumiyyətlə, həm Çar, həm də Sovet Rusiyası dövründə Qərbi Azərbaycanda gedən ictimai-siyasi mübarizənin önündəki simaların həm də ədəbi-bədii və mədəni-maarif sahəsindəki mübarizələrini birləşdirdiklərini görürük. 1940-cı illərdən sonra Əkbər İrəvanlı, Mehdi Həsənov, Məhərrəm Bayramov, Qəşəm Aslanov, Həbib Həsənov, İbrahim Xəlilov, Mirəli Seyidov, Hidayət Orucov, İsrafil Məmmədov yüksək xidməti vəzifələri ilə bərabər ədəbi-maarifçi boşluğun yaranmaması üçün həm də ictimai-ədəbi simalar idilər. Tədqiqatçı alim Cəlal Allahverdiyev bu parlaq simaların ədəbi-bədii nailiyyətlərini də təhlil obyektinə çevirmişdir.

 

Məsələn, İrəvan Pedaqoji Texnikumunun müəllimlərindən, 1935-ci ildən həm də İrəvan Azərbaycan Türk Teatrının direktoru olan Nəsib Əfəndiyevin, hələ sovetləşmənin ilk illərində İrəvan azərbaycanlı partiya, sovet və ədəbi-ictimai mühitinin formalaşmasında tarixi xidmətləri olan yaxın qohumu Bala Əfəndiyevin Ermənistan K(b)P MK-nın Azsaylı xalqlar şöbəsinin müdiri kimi, eləcə də dövrün vətənpərvər ziyalıları - “Zəngi” qəzetinin baş redaktoru Mustafa Hüseynovun və Ermənistan Xalq Maarif Komissarlığı yanında Milli azlıqlar şöbəsinin müdiri Mehdi Kazımovun və başqa ziyalıların birlikdə apardıqları tarixi mübarizəni araşdırmaq, yeni müstəvidə davam etdirilən milli mübarizənin geniş mənzərəsini yaratmaq Cəlal Allahverdiyevin geniş tədqiqatçılıq diapazonundan xəbər verir.

 

Məhz onun sayəsində 1920-1968-ci illərdə bu diyarda var olmaq uğrunda mübarizə aparan ziyalılarımızın daha öncəki nəsli haqqında da, - Nəriman Fəxri, Tahir Abbas, Abbas Azəri, Telman Nəzərli, Əbülfət İbrahim, Cəlal Sərdar, Sona Bağırova, Fövqiyyə Kəngərli, Şəfiqə Məhərrəmova, Rza Vəlibəyov və başqalarının mübarizəsi xüsusi elmi üslubda oxuculara çatdırılır.

 

Bu baxımdan onun Sovet Ermənistanında Azərbaycan teatr və dramaturgiyasının tədqiqi ilə bağlı araşdırmalarında ermənilərin mədəniyyətimizə münasibətində köklü dəyişikliyin baş vermədiyi, sadəcə düşmənçiliyin gizli forma aldığı real faktlar əsasında diqqətlə çatdırılır. O, ardıcıl olaraq həm İrəvanda milli teatr tarixinə nəzər salmış, bəzi erməni müəlliflərin onu 1882-ci ildən 1895-ci ilə geri atmaları ilə bağlı cəhdlərinə qarşı görkəmli irəvanlı tarixçi-publisist İsrafil Məmmədovun araşdırmalarına haqq qazandırmışdır. Bir tərəfdən də teatrın bağlanmamaq, bina ilə təmin olunmaq uğrunda mücadiləsinə toxunaraq qeyd etmişdir ki, ədəbi-bədii mühitdə olduğu kimi, teatr və dramaturgiyada da azərbaycanlılar ikiqat əsarət altında, - total sovet və lokal erməni təzyiqi altında yazıb yaratmışlar.

 

Onun İrəvan Azərbaycan Teatrı tarixində 60-cı illərdən sonrakı mərhələ kimi bəhs etməsi də təsadüfi deyildir. 1968-ci ildən teatra rəhbərlik edən Hidayət Orucovun fəaliyyəti dövrü həm 1968-1988-ci illər arasında, yəni Qərbi azərbaycanlıların deportasiyasınadək, həm də müstəqillik dövrü teatrın fəaliyyətinin Bakıda davam etdirilməsi ilə bilavasitə bağlı olmuşdur.

 

Əvvəlki kitabın əsas mahiyyətlərindən biri də sovet dövrü İrəvan ictimai - maarifçi mühiti kontekstində ictimai - humanitar fikrin tədqiqi prizmasından Qərbi Azərbaycan təhsilinin yetirmələri olan ziyalılar pleyadasının təhsil quruculuğu, elmi və ictimai həyatı yüksək vətənpərvərlik coşqusu ilə təmsil etmələrinə həsr edilməsidir.

 

Sonuncu kitabda isə müəllif İrəvan təhsil mühitinə vahid kontekstdən yanaşaraq, sovet dövrü İrəvan ictimai-maarifçi mühitinə İrəvan Müəllimlər Seminariyasının mənəvi ardıcılları prizmasından yanaşmış və İrəvan təhsilini Qərbi Azərbaycan ictimai - maarifçi arealı kontekstindən tədqiqata cəlb etmişdir. İrəvan maarifçilik mühiti ilə bağlı onun “Vedibasar”, “Respublika”, “Yeni Azərbaycan” və s. mətbuat orqanlarında məqalələri dərc olunmuşdur.

 

“İrəvanda milli maarifçilik mühiti” adlı kitabında təhsil tariximizin demək olar ki, araşdırılmamış İrəvan mühiti ilk dəfə Cəlal Allahverdiyev tərəfindən geniş şəkildə tədqiqata cəlb edilmişdir. Təhsil tariximizdə, qədim tarixə, zəngin mədəniyyətə malik olan İrəvan şəhərində milli maarifçiliyin təqdirəlayiq ənənəsinin olması və bunun sayəsində təhsil ocaqlarında böyük fədakarlıq göstərmiş ziyalılarımızın fəaliyyəti də diqqətlə araşdırılmışdır. Kitabda İrəvan qəza məktəbi, İrəvan gimnaziyası, İrəvan Müəllimlər Seminariyası barədə də dolğun məlumatlar verilmişdir. Kitabda İrəvanda Azərbaycan maarifçilik mühiti və onun aparıcı simaları ilə bağlı ilk dəfə verilmiş şəkillər həm tarixi həqiqətləri, həm də təhsilimizdəki reallıqları təqdim etmək baxımından olduqca əvəzsizdir. Akademik Hüseyn Əhmədov bu barədə yazır: “Qarşımda bir kitab var. Çox nəfis şəkildə çap edilib. Kitab “İrəvanda milli maarifçilik mühiti” adlanır. Kitabın üz qabığında 6 şəkil diqqəti çəkir. Azərbaycanın məşhur pedaqoqu, ürəyi atəşli müəllim, Qori Müəllimlər Seminariyasının ilk məzunlarından biri, İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi, ölkəmizdə təhsil sisteminin milli əsasları üzərində yazılması prosesində böyük əhəmiyyətə malik işlər görən Firudin bəy Köçərlinin şəkli oxucunu özünə cəlb edir. Digər şəkillər şagird, müəllimlər kollektivinə aid olub nadir sənəd nümunələridir”.

 

Kitabı vərəqlədikcə onun müəllifləri olan qələm dostlarımın minbir zəhmətlə, həvəslə topladıqları sənədlər-fotoşəkillər, Qərbi Azərbaycanın kənd və şəhərlərinin milli-maarifçilik mühiti oxucunu valeh edir. Bu kitab İrəvan maarifçilik mühitinə, bütövlükdə Qərbi Azərbaycan maarifinə bir töhfə kimi qiymətləndirilməlidir.

 

Cəlal Allahverdiyevin bu araşdırmaları milli-siyasi-tarixi paradiqmanın təlqin etdiyi çağırışların yüksək səviyyəsini qorumaqla yanaşı, onların sonrakı nəsillərə ötürülməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu baxımdan onun “İrəvan Müəllimlər Seminariyası” adlı tədqiqat əsəri də olduqca təqdirəlayiqdir. Bu əsərdə pedaqoji fikir tariximizdə mühüm yer tutan İrəvan Müəllimlər Seminariyasının yaranmasından, Azərbaycan şöbəsinin keçdiyi çətin tarixi və şərəfli yoldan bəhs edilməklə yanaşı, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə də məlumatlar verilmişdir.

 

Bir sözlə, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitini daim tədqiqata gətirməklə İrəvanşünaslığa töhfə vermiş, həm də bu sahənin peşəkarlarından biri kimi tanınmışdır.

 

Həsən BAYRAMOV,

pedaqoji elmlər doktoru, professor