Birinci xanım Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyətində təhsilə diqqət və qayğı prioritet istiqamətlərdəndir


1980-ci illərin sonlarında M.F.Axundov adına kitabxanaya bir yazı ilə bağlı materiallar toplamaq üçün getmişdim. 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Birinci Türkoloji Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ilə bağlı ittifaq mətbuatında xeyli müddət davam edən polemikalarla tanış olmaq istəyirdim. Xatırladım ki, SSRİ məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı əhəmiyyətli qərarların qəbul edildiyi qurultay geniş əks-səda yaratmışdı.

 

Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə - alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli mütəfəkkirlər iştirak edib. Şərqşünas-tarixçi alim, akademik Vasili Bartold, akademik Sergey Oldenburq, professor F.F.Mensel, Əli bəy Hüseynzadə, Banq, akademik Nikolay Marr, Tomsen kimi dünya miqyaslı alimlərin qurultayın Rəyasət Heyətinin fəxri üzvləri sırasında olmaları onun mötəbərliyini təsdiq edirdi. Buna baxmayaraq, qurultayın qəbul etdiyi qərarlar elmi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır və bununla bağlı elmi mübahisələr illərlə davam edib. Fikir müxtəlifliyinə isə ideologiyanın əsas tribunası, təkcə  SSRİ-nin deyil, bütün sosialist düşərgəsinə aid olan ölkələrin, dünyanın aparıcı fikir mərkəzlərinin diqqətlə izlədiyi “Pravda” qəzeti son qoyurdu.

 

Beləliklə, iki il davam edən diskussiyaların məzmunu ilə tanış olmaq üçün baxdığım qəzetin 1928-ci il 6 oktyabr tarixli nömrəsində başqa bir yazı da gözümə dəydi. Sovet uşaqlarının sosialist tərbiyəsi ilə bağlı bir yazının ilk cümlələri məni özünə çəkdi və nəinki onu başdan-ayağa oxudum, hətta müxtəlif qeydlər də götürdüm. Yazı, ilk baxışda, ideologiya üçün gündəlik məsələlərdən,  uşaqların tərbiyəsində dini təsirlərdən maksimum uzaq durmağa çağırırdı: “Məktəb ailə vasitəsilə uşaqların bütün tərbiyəsini dinə zidd elementlərlə doyurmalı, uşağa kilsənin təsirindən azad olmağa kömək etməlidir...”.

 

Daha sonra qəzetin baş məqaləsində bütün zamanların görkəmli pedaqoqlarının ailə tərbiyəsində qadın-ananın müstəsna rol oynadığı xatırladılır və onun bu prosesdə oynaya biləcəyi rol barədə danışılırdı. Onların dünyagörüşlərində sağlam baxışların olmamasını övladların tərbiyəsində mütləq düzəldiləsi çətin olan fəsadlar buraxacağı barədə xəbərdarlıq edilirdi: “Bütün bunlar uşaqların  tərbiyəsinə mənfi təsir göstərir, onların valideynləri ilə münasibətləri korlanır, düşmənçilik və skeptisizm yaranması ilə nəticələnir”.

 

Həmin vaxt yazıdan götürdüyüm sitatlar indi də qeyd dəftərimdə durur. O sitatlardan biri isə ana-qadının uşaqların tərbiyə işində dominantlığını qeyd edərək, bu tərbiyə işinə qoşulmaqla baba və nənənin, atanın tamamladığı komponentlərlə “ailə təhsili” institunun yarandığını və prosesin onlar tərəfindən dəstəklənməsinin vacib olduğu yada salınır: “Bu, ailənin möhkəmlənməsinə kömək etmək və valideynlərin uşaqları böyütmək və öyrətmək hüququndan əlavə, ənənəvi ailə və mənəvi-əxlaqi dəyərlərə əsaslanan uşaqların ailə tərbiyəsinin kompleks aparılmasını təmin edir”. 

 

Daha sonra bu prosesin mədəniyyətin qorunması, möhkəmləndirilməsi, inkişafı və vətəndaş tərbiyəsi sadalanırdı. Orada uşaqlarda vahid dünyagörüşün formalaşdırılması, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailə və cəmiyyətdə mənəvi-əxlaqi, sosial-mədəni dəyərlərə hörmət, milli mədəni-tarixi irsə hörmət, onu qorumaq, inkişaf etdirmək istəyi vurğulanırdı.

 

O yazının və bu xarakterli müxtəlif elmi materialların hazırlanaraq kütləvi informasiya vasitələrində yayılmasından yüz illərlə müddət keçir. Dəyişən illər, cəmiyyətdə bərqərar olan istehsalat münasibətləri fonunda dəyişməyən bircə məhfum- ailənin və bu kontekstdə cəmiyyətin bəşəriyyətin formalaşdırdığı, hələ də qoruyub saxlamağa çalışdığı mənəvi normaların cəmiyyətimizdə fundamental əsaslar üzərində dayandığını görmək xoşdur.

 

Mənəviyyatın cəmiyyətdə, onun mövcudluğu üçün fəaliyyət göstərən üsul və məqsədlərdə, cəmiyyətin tələbatının ödənilməsi xarakterində, sosial həyat dünyagörüşünün vahid təzahüründə öz ifadəsini tapdığını hiss etmək, görmək isə ən böyük stimulverici amillərdəndir. Onlar sosial institutlar vasitəsilə, cəmiyyət həyatının mənəvi sferasında yayılaraq təsdiqlənir və bu, qarşısıalınmaz proses kimi görünür. Həmin sosial institutlar içində ailənin xüsusi çəkisinin hələ də cəmiyyətimizdə qorunub saxlanılmasında isə qadın-ananın rolu hər məqamda qabarıqdır. Bu isə əsrlərdən bəri xalqımızın milli-mənəvi keyfiyyət göstəricisinə çevrilən mentalitetidir. Şifahi və yazılı ədəbiyyatımızın baş mövzularından birinə çevrilən o faktorun günümüzə qədər aktuallığını saxlamasının sirləri heç ağlımıza da gəlmir və qeyd edək ki, bu, sevindirici amildir. Ona görə ki, hansı birimizisə narahat etməyən insan orqanizminin varlığından ancaq narahatlıq hiss edərkən “xəbər tutmuruqmu”? Cəmiyyət də belədir və hansısa problem öz ağırlığı, ağrıları ilə astanamızdan içəri qədəm basmayana qədər çoxlarımız onun daşıyıcısı olduğu fəsadlar barədə fikirləşmirik. Bu, dəfələrlə sınanmış hallardan biridir. O da gerçək həqiqətdir ki, tarixən bu reallıqların barometri rolunda bir qadın silueti görmək mümkündür. Bunu görüb də qiymətləndirən insanlar isə az olmayıb və fikrimizcə, dünya çapında böyük təfəkkür sahiblərindən biri, Vissarion Qriqoryeviç Belinski o silueti görərək, tam mənada ifadə edən azsaylı insanlardan biri olub: “Qadının ən mühüm missiyalarından biri ruhun enerjisini, nəcib ehtirasların alovunu həyəcanlandırmaq, vəzifə hissini, yüksək amalları və böyük arzuları qorumaqdır. Bu, böyük və müqəddəs məqsəd onun başlıca həyat kredosudur”.

 

O kredo hər bir xalqın milli mentalitetinin əsas güzgüsü hesab olunan şifahi ədəbiyyatında, folklor nümunələrində aydın əks olunur. Təsadüfi deyil ki, xalqımıza məxsus ağız ədəbiyyatında bununla bağlı bol və rəngarəng epizodlara nağıl və dastanlarımızda rast gəlinir. Həmin nümunələrdən birində, sonuncu yüzilliyin əvvəllərində Avropa təfəkküründə özünə yuva qurmağı bacaran, yaşadığımız zamanda xüsusilə aktuallaşan “gender bərabərliyi” ifadəsini ehtiva edən, əsrlərdir Azərbaycan qadınının dəyərini əks etdirən “Aslanın erkəyi, dişisi olmaz” atalar sözümüzü xatırlatmaq kifayət edər. Bunun xəyali, virtual olmadığını təsdiq edən nümunələri isə bu xalq öz həyatında yaşayıb. Ona görədir ki, adi qadın və ana olmaqdan əlavə, dövlət xadimi, incə siyasətçi, yeri gələndə, sərkərdəlik missiyasını üzərinə götürən, maarifçiliyin cəmiyyətimizin bütün təbəqələrində yayılmasını başlıca hədəf seçən, təhtəlşüurumuzda bu keyfiyyətləri ilə kök salan Sara xatun, I Şah Təhmasibin qızı Pərixan xanım, qubalı Fətəli xanın arvadı Tuti Bikə, gəncəli Cavad xanın arvadı Bəyim xanım, xan qızı Natəvan, ömür-gün yoldaşı Qaçaq Nəbinin silah dostuna çevrilən Həcər xanım, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qızı, Cümhuriyyət dövründə Azərbaycan Parlamentinin sədri Əlimərdanbəy Topçubaşovun həyat yoldaşı Pəri xanım və daha yüzlərlə qadınlarımızın adlarını çəkmək mümkündür.

 

Xalqımızın tarixinin ən parlaq səhifələrini yazan, 1918-ci ildə təkcə ölkəmizdə deyil, bütün türk və İslam dünyasında ilk demokratik Respublikanın tarixini yazan Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Azərbaycan qadınlarının ilk dəfə seçmək və seçilmək hüququ qazanmağı birmənalı olaraq təsadüfi sayıla bilməz. Özünün qanunvericilik bazasını yaradan Cümhuriyyətin qadına münasibəti dünyanın bir sıra nəhəng dövlət və siyasət xadimləri tərəfindən etiraf olunmuş, böyük minnətdarlıq hissi ilə xatırlanmışdır.Gələcəkdə Azərbaycan qadınına verilən bu hüquq sonrakı illərdə təkmilləşdirilərək onun ölkənin ictimai-siyasi həyatında tam bərabərhüquqlu rol oynamasını təmin etdi.

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1990-cı illərin əvvəllərində ölkə qadınlarının hüquqları Ümummilli Lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən prioritet istiqamətlərdən birinə çevrildi. Azərbaycan Respublikası Prezidentinin 1995-ci ilin iyun ayında verdiyi Fərmanla Azərbaycan BMT-nin “Qadınlara qarşı hər cür ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşuldu. Bu, Azərbaycan dövlətinin qadınla bağlı tarixən formalaşmış təsəvvürün dəyişilməz olduğunun ən ali saviyyədə ifadəsi idi.

 

Bunun ardınca, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında”  Prezident Heydər Əliyevin Fərmanı və növbəti Sərəncamı verilməsi onun təsdiqi idi ki, dövlətin bu istiqamətdəki addımları ardıcıldır. Həmin dövlət sənədlərində Azərbaycan qadınının cəmiyyətimizdəki aparıcı yeri və rolu müəyyən edilməklə bərabər, onların gələcəkdə dövlətçilik işlərində daha geniş və fəal iştirakı üçün zəmin yaradılmışdır.

 

Müasir Azərbaycan qadınının potensialı, onun cəmiyyətə transformasiya etdiyi, impuls verdiyi dəyərlərin miqyası ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın şəxsində birmənalı ifadə olunan gerçəklikdir. Mehriban Əliyeva ölkəmizin beynəlxalq aləmdə layiqincə tanıdılması və təmsil olunmasında, ölkə daxilində mədəniyyətin, təhsilin, elmin inkişafında, milli və bəşəri dəyərlərin dayanıqlılığında xüsusi çəkiyə malikdir və bu, ancaq ölkəmizdə deyil, sivil dünyada qəbul edilir. Bu, mənəvi-əxlaqi ənənələrin qorunub saxlanılması və qavranılması, onun müasir dünyagörüşündə paradiqmaların dəyişməsi kontekstində şəxsiyyətin dəyər oriyentasiyalarına təsiri məsələsində xüsusilə aktualdır. Cəmiyyətin mənəvi-əxlaqi və sosial-mədəni məkanında baş verən hadisələr onu deməyə imkan verir ki, hazırda insan həyatının ayrılmaz hissəsi olan mənəvi-əxlaqi ənənəvi mirasa, nəticə olaraq, millətin inkişafnda nəzərəçarpacaq dərəcədə yer alan ənənələrin nə qədər böyük əhəmiyyəti var. Ölkəmizin Birinci vitse-prezidentinin sosial həyatımızda danılmaz rolu həm də ondan ibarətdir ki, belə məqamların qabardılmasında, o keyfiyyətlərin  həmişə aktual olduğunu nəzərə çarpdırılmasında fəaliyyəti ilə nümunəyə çevrilir. Bu keyfiyyət uzaq 1995-ci ildə, xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu təsis olunanda göründü. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması, o mədəniyyətin özündə ehtiva etdiyi dəyərlərin geniş auditoriyaya çatdırılması, xalqımızın mental xüsusiyyətlərinin parametrləri ilə oxucusunun tanış olması məqsədi daşıyan, Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalının təsis edilməsi bu məramlardan xəbər verirdi. Nəzərə alsaq ki, xanım Mehriban Əliyevanın zərif çiyinlərinə götürdüyü missiya Azərbaycan xalqı və dövlətinin ən çətin məqamlarına təsadüf edirdi. Bədxahlarımız dünya ictimaiyyətinin gözündə böyük tarixi, maddi-mənəvi sərvətlərin yaradıcısı olan bir milləti qaniçən, vəhşi, nadan obrazında təqdimatına çalışırdı. Belə məqamlarda Mehriban Əliyeva milli mentalitetimizə, böyüdüyü, ailə quraraq gəlin köçdüyü ocağın ruhuna və dünyaya çatdırmaq üçün hədəf seçdiyi dəyərlərə söykənərək Azərbaycan həqiqətlərini yaymağa başladı. UNESCO-nun baş qərargahında Mehriban xanım Əliyevanın himayəsi, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan - tolerantlıq məkanı” adlı foto-sərginin açılışı baş tutdu. Sərgi onunla başlıca məqsədinə çatmış sayıla bilərdi ki, burada təqdim olunan fotoşəkillər bir-neçə müddət dünyanın aparıcı media qurumlarının yaydığı xəbərlər arasında oldu. Avropa və dünya xalqları yayılan xəbərlər əsasında bir daha şahidi oldular ki, azərbaycanlılar illərlədir erməni təbliğat maşınının təqdim etdiyi kimi yox, modern, tolerant xalqdır.

 

Ecazkar, sirli muğama diqqət və qayğı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ayrıca səhifələrdən biridir. Bu, xanım Mehriban Əliyevanın şəxsi himayəsi, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan muğam mərkəzlərinin timsalında aydın görünür. Diqqətçəkən məqamlardan biri odur ki, ölkəmizin paytaxtındakı Beynəlxalq Muğam Mərkəzi ilə yanaşı, muğamın inkişafında özəl rolu olan Qarabağda - Ağcabədi, Füzuli, Ağdamda inşa olunan Muğam mərkəzləri yaradıldı. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşrləri də xanım Mehriban Əliyevanın adı ilə yadda qalacaq.

 

Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək əsas yerlərdən birini tutur. Buna görədir ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır.

 

“Təhsilə dəstək” layihəsi isə təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə- Pakistan, Hollandiya, Gürcüstan, Misir, Rusiya, Rumıniyada və digər dövlətlərin ərazilərində uğurla icra olunub.

 

Xanım Mehriban Əliyeva müasir Azərbaycan qadınının canlı obrazıdır. Onun ana və qadın ürəyinin hər vaxt Vətəni və xalqı ilə döyündüyünü  hər məqamda- 44 günlük Vətən müharibəsində, ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığını itirən zabit və əsgərlərə göstərdiyi dəstək, diqqət və qayğıda görmək mümkündür.

 

Azərbaycan ailəsinin problemlərinin diqqət mərkəzində saxlanılmasında, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə verdiyi dəstəkdə, ailələrin rifahına yönələn layihələrin reallaşmasında, cəmiyyətimiz üçün aktual olan digər məsələlərin öz həllini tapmasında Mehriban xanımın şəfqət dolu ürək döyüntülərini eşitmək mümkündür.

 

Bu, missiyadır və o missiyanın arenası Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideallarının yeni nəsillərə aşılanması, həmçinin xalqımızın gedəcəyi yolun istiqamətinin bütün dünyaya çatdırılması məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik etməsi ilə genişləndi. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışından keçən 19 il müddətində ölkənin Birinci xanımı yorulmadan bu istiqamətdə fəaliyyət göstərir. Xanım Mehriban Əliyevanın fəaliyyəti ölkəmizdə və dünyada yüksək qiymətləndirilib, lakin etiraf edək ki, Heydər Əliyev irsinin təbliği və öyrənilməsi istiqamətində gərgin əməyinə görə verilən mükafat təltiflərin ən qiymətlisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” Ordeni ilə təltif edildi. 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi isə onun potensialının açılması üçün verilən meydan idi.

 

Bu meydanda maddi-mənəvi dəyərlərin formalaşması və mənimsənilməsi insan cəmiyyətinin inkişafını müəyyən edən başlıca prosesdir. Belə proseslərdə ən mühüm olanı davamlılıq, varislik xüsusiyyətləridir və belə xüsusiyyətlər ənənədə çoxəsrlik təcrübəni qoruyub saxlamağa, öz əsas funksiyasını yerinə yetirməyə impuls verir. Ənənə fenomeni üzvi şəkildə keçmişə söykənir, insanın gələcək fəaliyyət və hərəkətlərinin həqiqətini müəyyən edir.

 

Hesab edirik ki, gedən proseslərdə başlıca hərəkətverici qüvvə qadındır və Azərbaycan qadını bu məsul vəzifənin öhdəsindən dəfələrlə gəlməsi ilə o missiyanı şərəflə daşıdığını təsdiqləyib.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor