IV sənaye inqilabı: sarsıntılar qaçılmaz olacaq
Yeni dövrün mühüm, bəlkə də bəşər üçün açdığı ən ağrılı nüanslarından biri insanların gələcək fəaliyyətini tam surətdə öz əlində cəmləşdirməyi hədəfləyən robotların iri addımlarla sərhədlər aşaraq yer kürəsinə “intervensiya” etməsidir. Gələcək bizə nələri vəd edir? Alışdığımız peşələri nə gözləyir?
Dünya İqtisadi Forumunun (WEF) bu yaxınlarda açıqladığı son hesabat (“The Future of Jobs 2018”) bütün ölkələrdə diqqəti bu mühüm, qaçılmaz və həm də barışmalı olduğumuz suallara yönəldib. Hesabatda qeyd olunur ki, 2025-ci ilədək müasir robotlar insan əməyinin tətbiq olunduğu işlərin böyük hissəsini (51 faiz) yerinə yetirəcək. Ancaq ümidverici məqam ondan ibarətdir ki, robot texnologiyası və süni intellekt 58 milyon yeni iş yeri yaratmağa imkan verəcək. Analitiklərin hesablamalarına əsasən, yeni texnologiyalar sayəsində məhsuldarlıq yaxın 4 il ərzində orta hesabla 30 faiz artacaq, lakin bir mühüm faktı nəzərə almaq lazımdır ki, bütün işçilərə öz ixtisas dərəcələrini yeniləşdirmək, hətta yenidən oxumaq lazım gələcək. “Tamamlama strategiyası” adlandırılan siyasət nəticəsində istehsalın avtomatlaşdırılmasını həyata keçirməyə hazırlaşan bir sıra kompaniya və şirkətlər sadəcə insanları robotlarla əvəz etməyəcəklər, məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəldib, əməliyyatların bir hissəsini mexanizmlərə və alqoritmlərə keçirəcəklər. Böyük şirkətlərdə çalışan işçilərin 54 faizi peşəsini dəyişmək, bacarıq və səriştələrinin səviyyəsini artırmaq məcburiyyətində olacaq.
WEF tədqiqatının əsasında 20 ölkədə (onların iqtisadiyyatlarının ümumi həcmi dünya iqtisadiyyatının 70 faizini təşkil edir) işəgötürənlər arasında keçirilmış sorğular dayanır. Rəyi soruşulmuş şirkətlərin ümumi sayı 313, əməkdaşların sayı isə 15 milyondur. Bu isə WEF-in “The Future of Jobs 2018” hesabatını son illərdə əmək bazarının ən mötəbər tədqiqatlarından biri kimi təqdim etməyə imkan verir.
Həkimlər, müəllimlər, tibb bacıları
WEF-in “Əmək bazarının gələcəyi-2018” hesabatında qeyd olunur ki, texnologiyaların və istehsal proseslərinin inkişafı nəticəsində 2020-ci ildə 75 milyon insan işsiz qala bilər. Belə ki, iş yerlərinin dörddə biri 70% avtomatlaşdırılacaq.
Ekspertlər əmək məhsuldarlığının artması üçün qabaqcıl texnologiyalarla yanaşı, savadlı kadrların cəlb edilməsini məsləhət görürlər. Qeyd olunur ki, yeni texnologiyalar əmək bazarında disbalans yaratmayacaq və işsizliyin kəskin artımı olmayacaq. Əksinə, WEF proqnozlaşdırır ki, yeni texnologiyalar təxminən 133 milyon yeni iş yeri yaradacaq. Yəni müsbət dinamikanın mümkünlüyü istisna olunmur. İnsanlar və maşınlar “əl-ələ” işləyəcək. Əgər hazırda maşınlar işçilər qarşısında duran vəzifələrin 29% -ni icra edirsə, 2022-ci ildə bu rəqəm 42%-ə, 2025-ci ildə isə 52%-ə çatacaq. Böyük şirkətlərin işçilərinin 54%-i dördüncü sənaye inqilabı adlandırılan dövrün tələblərinə uyğun olmaq üçün ya peşə yönümünü dəyişməli, ya da öz bacarıqlarının səviyyəsini yüksəltməli olacaq. Bununla belə,
bugünkü peşələrin yarısından çoxu 2022-ci ilə qədər qalacaq. Robotlaşma üzündən bəzi peşələrin (satıcı, ofis işçiləri, yük maşınlarının sürücüləri) daha çox yox olmaq riski var. Ən az sıxışdırılma ehtimalı olanlar isə insanlarla iş sahəsinə aid olan həkimlər, müəllimlər, tibb bacıları ilə bağlıdır.
Yox olacaq, keçmişdə qalacaq peşələr isə bunlardır: “Məlumatların daxil edilməsi operatoru”, “mühasib”, “administratorlar və katiblər”, “quraşdırma müəssisələrinin işçiləri”, “auditorlar”, “poçt xidmətlərinin əməkdaşları”, “sifarişçilərlə iş üzrə xidmət operatorları”, “anbar hesabatı operatorları”.
Yeni peşələr isə bunlar olacaq: “Verilənlərin analitiki və alimlər”, “süni intellekt və robotların təlimi üzrə mütəxəssislər”, “proqram təminatı istehsalçıları”, “satış və marketinq üzrə mütəxəssislər”, “böyük həcmli verilənlərlə iş üzrə mütəxəssislər”, “rəqəmsal texnologiyalara keçid üzrə mütəxəssislər”, “yeni texnologiyalar üzrə mütəxəssislər”.
Hesabat müəllifləri gələcəyin iqtisadi landşaftını müəyyən edəcək yeni texnologiyaları göstəriblər: bunlar yüksək sürətli mobil internet, böyük verilənlərdən hər yerdə istifadə, süni intellekt və bulud texnologiyalarıdır.
Dördüncü sənaye inqilabı başladı
Ümumdünya İqtisadi Forumunun bütün ölkələrdə geniş təhlillərə yol açmış son hesabatı bir sıra nüfuzlu ekspertlər tərəfindən 4-cü sənaye inqilabı dövrünün başlanması anonsu kimi qiymətləndirilib. Süni intellektin çox sürətli inkişaf mərhələsində olduğu hər kəsə bəllidir. Amma əslində, biz dördüncü sənaye inqilabı dövrünə daxil oluruq. Yaxın illərdə bir sıra şirkətlər artıq bəzi işlərin icra edilməsi üçün müvəqqəti işçilər, ixtisaslaşmış podratçıları qəbul etməli olacaqlar. Digərləri isə bir çox işlərin avtomatlaşdırılması məcburiyyətində qalacaqlar. Məruzəyə əsaslansaq, əməkdaşlara yeni bacarıqlar lazım olacaq, çünki maşınlar və insanlar arasında iş inkişaf etməkdə davam edir.
2022-ci ildə işçilərdən bu bacarıqlar xüsusilə tələb ediləcək:
* Analitik düşüncə və innovasiyalar;
* Sürətli təlim və strategiyaların öyrənilməsi;
* Kreativlik, orijinallıq və təşəbbüskarlıq;
* Texnoloji dizayn və proqramlaşdırma;
* Tənqidi düşüncə və analiz;
* Problemlərin kompleks həlli;
* Lider keyfiyyətləri və sosial təsir;
* Emosional intellekt;
* Düşünmək və problemləri həll etmək bacarığı;
* Sistemli analiz və qiymətləndirmə.
Rəhbərlər öz əməkdaşlarına sərmayə qoymalıdır
Süni intellektin, robot texnikasının və “ağıllı avtomatlaşdırma” texnologiyalarının digər formalarının inkişafı sayəsində məhsuldarlıq yüksələcək və ən yaxşı məhsullar və xidmətlər yaradılacaq. Ehtimal ki, bəzi iş yerləri yerini dəyişəcək və ya “kökündən öz xarakterinə uyğun olaraq dəyişdiriləcək”. Bununla birlikdə yeni iş yerləri yaradılacaq və uzunmüddətli təmiz effekt bütövlükdə iqtisadiyyat üçün müsbət olmalıdır.
“Avtomatlaşdırma şirkətlərə yüksək məhsuldarlıq artımını verəcək, amma rəqabətə davamlı qalmaq üçün rəhbərlər öz əməkdaşlarına sərmayə qoymalıdır”, - deyə Ümumdünya İqtisadi Forumunun cəmiyyət və yeni iqtisadiyyat Mərkəzinin rəhbəri Saadiya Zahidi bildirib. “Bizim tədqiqatlarımız göstərir ki, nə biznes, nə hökumət dördüncü sənaye inqilabının bu əsas məsələsinin miqyasını tamamilə dərk etməyib”.
Onun sözlərinə görə, dördüncü sənaye inqilabı əsasən insanların həyatını, işçi prosesini və onların ünsiyyət sferasını dəyişdirəcək. S.Zahidi hesabatın əsas müddəalarını şərh edən məqaləsində qeyd edir ki, maşın və alqoritmlər insanlara nisbətən daha cari vəzifələri yerinə yetirəcək.
Hesabat yeni iş yerlərinin yaradılacağı 20 ölkə və 12 sahəni əhatə edir. Onun sözlərinə görə, operativ reallıqlar nəzərə alınmaqla tərtib olunmuş hesabat istehsal sahəsində qərarların qəbulunda söz sahibi olanlara, dünyanın ən iri qlobal şirkətlərinə texnologiyaların və insan kapitalının necə inkişaf etdirilməsi barədə çağırış edir. O qeyd edib ki, uzunmüddətli proqnozlar və ssenarilərdən fərqli olaraq, yaxın perspektivə yönəlmiş əsas diqqət bizi düşünməyə vadar edir ki, arzuladığımız gələcəyi yaratmaq üçün biz bu gün hansı işləri görməliyik.
Hansı işləri?
Saadiya Zahidi bu barədə danışarkən robotlar dövrünün “inqilabi sarsıntı”larından yan keçmək üçün ölkələrə bir neçə tövsiyəsini verir. Yaxın beş ildə gözlənən keçidləri idarə etmək üçün nə etməliyik? Budur, pozitiv gələcəyin yaradılmasının beş şərti:
1. İstehlal sahələri kadr dəyişikliklərinin idarə edilməsində birgə yanaşmaya ehtiyac duyur. Texnologiyaların tətbiqi müxtəlif sahələrdə çox fərqli görünür. Məsələn, bəzi şirkətlər yaxın 5 ildə daşınan elektron qurğuların tətbiq imkanlarını gözdən keçirirsə, artıq səhiyyə sahəsində olan şirkətlərin 70%-dən çoxunun bu cür planları var. İnfrastruktur sahəsində işləyən şirkətlərin dörddə biri bunu etməyi planlaşdırır. İşçilər üçün bunun nəticələri çox müxtəlifdir. Belə olan halda şirkətlər və onların işçiləri gələcəyə necə hazırlaşa bilər? Hər sahə öz “yol xəritəsi”nə, sahə səviyyəsində məlumatlardan (verilənlər) istifadəyə ehtiyac duyur. Bu verilənlərin rolu isə, gözlənildiyi kimi, arta bilər və ya şirkətlər istedadların ehtiyaclarının təmin olunması yolunda fərdi metodların hazırlanmasından imtina etməlidir. Bütün işçilərin yarıdan çoxunun əhəmiyyətli dərəcədə yenidən hazırlanmasına və ixtisasının artırılmasına ehtiyac duyulması ilə əlaqədar işəgötürənlərin əksəriyyəti öz səylərini yerini dəyişmək və ya maliyyə problemi təhlükəsi ilə üzləşənlərə deyil, bir neçə əhəmiyyətli rola cəmləşdirməyi planlaşdırır. Bir şirkət üçün istedadların irimiqyaslı inkişafı, yenidən hazırlanması və ixtisasının artırılması əlçatan ola bilməz, lakin konsorsium tərkibində, rəqabət deyil, əməkdaşlıq çərçivəsində bir neçə sahənin iştirakı ilə bu işin xərcləri kifayət qədər aşağı ola bilər. İstedadlar uğrunda rəqabət aparmaq deyil, əməkdaşlıq etməyə dəyər. Necə ki, İtaliyada bu sahədə birgə yanaşma tətbiq olunur.
2. Biznes öz şirkətlərinin genişləndirilməsi strategiyasını müəyyən etməlidir. Texnologiyaların hazırlanması və proqramlaşdırma sahəsində bacarıqlarla yanaşı,
“insani” bacarıqlara - kreativlik, orijinallıq və təşəbbüs, kritik düşüncə, inam və danışıqlar kimi detallara diqqət, sabitlik, çeviklik, problemlərin kompleks həlli, emosional intellekt, liderlik, sosial təsir və xidmətə oriyentasiya kimi bacarıqlara da tələbat artacaq. Bu, təəccüblü deyil, bir çox şirkətlər üçün işçi qüvvəsinin əvəzlənməsinə çəkilən xərclərin ixtisarı texnologiyalarının ilkin dalğasından sonra onların gələcək inkişafı yeni və diferensasiya olunmuş məhsullardan, insan bacarıqlarından istifadə edən xidmət sahələrinin yaradılmasından asılıdır.
İdarə rəhbərləri ilə birlikdə, insan resursları üzrə məsul əməkdaşlar öz təşkilatları üçün insan resurslarının artımının strategiyasının yaradılmasında inkişafın ön sırasında yeni lider olmalıdırlar.
3. Hökumətlər əmək bazarında müasir siyasətlərini gücləndirməlidir. Tələb olunan işlərin yerinə yetirilməsi üçün zəruri olan vərdişlərin qlobal payı dəyişməz qalacaq, gözlənildiyi kimi, təxminən 58% təşkil edəcək. Bu isə 2018-2022-ci illəri əhatə edən dövrdə işçi qüvvəsinin lazımi bacarıqlarının 42% orta irəliləyişi deməkdir. Çox vacibdir ki, hökumətin əmək bazarında yeni strategiyası işədüzəltmə mərkəzlərinin işinin yaxşılaşdırılması, sosial müdafiə sistemlərinin yaradılması, fərdi peşəkar hazırlıq sisteminin gözdən keçirilməsi, dövlət və özəl sektorlar üçün ekosistemin yaradılması, peşə hazırlığının təkmilləşdirilməsi olmalıdır.
4. Siyasətçilər və investorlar dördüncü sənaye inqilabı (4IR) gedişində iş yerlərinin yaradılmasına yeni yanaşma nümayiş etdirməlidir. Texnoloji dəyişikliklər nəticəsində planlaşdırılan artıma əlavə olaraq gözlənilir ki, inkişaf edən və inkişaf etmiş ölkələrdə təhsil, “yaşıl” energetika, qulluq, asudə vaxt və səhiyyə sektorları genişlənəcək. 2022-ci ildə mühüm sahələr arasında texnologiyalardan istifadə edənlərin rolu əhəmiyyətli dərəcədə artacaq. Onlara analitiklər və alimlər, proqram təminatı və əlavələrin istehsalçıları, elektron ticarət və sosial şəbəkələr üzrə mütəxəssislər, süni intellekt və maşın təlimi üzrə mütəxəssislər, böyük verilənlər üzrə mütəxəssislər, informasiya təhlükəsizliyi analitikləri və robot texnikası üzrə mühəndislər aiddir. Amma böyük potensialı olan və aydın “insan” xüsusiyyətlərindən istifadə edən sahələr də var ki, belələrinə müştəri xidməti, satış və marketinq, təhsil və inkişaf, insanlar və mədəniyyət, innovasiyaların idarə edilməsi və təşkilati inkişafı göstərmək olar. Bunlar imkanların unikal pəncərəsidir. Hökumətlərə investisiyalar və sahibkarlıq üçün çərçivənin düzgün stimullarını yaratmaq lazım gələcək. Bu isə dördüncü sənaye inqilabı gedişində sənaye siyasətində yeni yanaşmaya - müntəzəm surətdə iş yerlərinin yaradılmasının düzgün istiqamətinə yönəldir.
5. Bütün maraqlı tərəflər bacarıqların müəyyən edilməsi və qiymətləndirilməsində ümumi dilə ehtiyac duyur.
Ötən əsr ərzində diplomlar, elmi dərəcələr və onları verən müəssisələr insanların, xüsusən də “ağ yaxalıqlılar”ın malik olduqları və tətbiq oluna bilən bacarıqlarının təminatçıları qismində çıxış ediblər. Nisbi sabitliyin hökm sürdüyü əmək bazarında bu sistem hərçənd ideal deyildi, amma əhəmiyyətli dərəcədə işləyirdi. Ancaq bu gün təhsil sistemlərində iş yerlərində zəruri olan praktiki bacarıqlar yoxdur. Hətta bu belə olmasa da, işçi qüvvəsi öz gələcək karyerasını davam etdirmək üçün sürətlə dəyişməyə məcburdur. Bunun yerinə bizə bacarıq, səriştə, qabiliyyət və ya insani xüsusiyyətlərin və cəhətlərin nə olduğunu anlamaq və qiymətləndirmək üçün istedadların ətrafında ümumi taksonomiyanı hazırlamaq lazımdır.
Belə bir taksonomiya elmi dərəcələrə, diplomlara, sertifikatlaşdırmalara, mikrokreditlərə, kadr cəlbetmə (rekrutinq) və personalın seçiminə çevik yanaşma üçün əsas ola bilər. Bu cür informasiya simmetriyasının yaradılması daha effektiv, şəffaf və dinamik əmək bazarına və təhsilə gətirib çıxara, cəmiyyətdə sosial mobilliyin daha meritokratik (layiqlərin hökmranlığı) yolunu aşkarlaya bilər.
Beləliklə də S.Zahidi qeyd edir ki, yuxarıda göstərilən təkliflərin hər birinin reallaşdırılması sadə məsələ deyil. Onlardan hər biri bir neçə maraqlı tərəflər arasında mürəkkəb koordinasiyanı tələb edir. Onların əksəriyyəti ictimaiyyətə açıq olmaq üçün şəxsi məlumatların yeni formalarına ehtiyac duyur, bəziləri isə uğursuzluğa məhkumdur. Amma uğurlu olduğu halda onlar milyonlarla insanın həyat trayektoriyasını yaxşılığa doğru dəyişdirə və iqtisadiyyatların yeni artımına gətirib çıxara bilər.
Hazırda Ümumdünya İqtisadi Forumu bu sahələrdən hər biri üzərində işləyir, yeni düşüncələrini inkişaf etdirməklə ən uzaqgörən eksperimentlər həyata keçirməyə hazırlaşanlara yeni platformalarını təklif edir. Təcrübi metodlarla əldə olunan qərarların hazırlanmasına yönəlik bu çevik yanaşmalar dördüncü sənaye inqilabından istifadə etməklə inklüziv və dinamik iqtisadiyyatlar qurmağımız üçün vacibdir.
Sonda onu da qeyd edək ki, WEF-in ekspertləri hökumətləri israrla iş yerləri bağlanacaq insanlar üçün sosial müdafiə sistemini hazırlamağa çağırırlar.
Oruc MUSTAFAYEV