Mən fəxr edirəm ki, pedaqoji sahədə keçdiyim uğurlu yol məhz Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bir dövrü əhatə edir. Mən ali məktəbə daxil olanda Heydər Əliyev yenicə Azərbaycan SSR KP MK-nın birinci katibi seçilmişdi. Respublikada ab-hava dəyişmiş, korrupsiyaya qarşı kəskin mübarizə gedirdi. Onun Azərbaycan xalqının təhsilinə diqqət və qayğısı sayəsində yaxşı təhsil aldım, pedaqoji sahədə uğurlu yol keçdim. Daim yeniliklə rastlaşdım, uğurlar qazandım. Pedaqoji sahədəki işimdə dərin iz buraxan bir neçə faktı xatırlamaq yerinə düşər. Heydər Əliyevin tapşırığı ilə Azərbaycan SSR KP MK-nın ideoloji şöbəsi Təhsil Nazirliyi ilə birlikdə istedadlı uşaqların, məktəblilərin, tələbələrin aşkar olunması və inkişaf etdirilməsi sistemini işləyib hazırlamış və respublika ictimaiyyətinin müzakirəsinə vermişdi. Həmin müddətdə rayonun məktəblilərindən olan istedadlı uşaqlarla mən sistemli iş aparırdım. Bu, Təhsil Nazirliyinin və MK-nin ideoloji şöbəsinin diqqətini cəlb etmişdi. Pedaqoji ustalığım, iş bacarığım və təcrubəm Təhsil Nazirliyində müzakirə olundu. Psixoloqlar istedadla bağlı fəaliyyətimi araşdırdı. Dəfələrlə respublikada keçirilən tədbirlərə dəvət olundum, müzakirələrdə çıxış etdim. MK ilə Təhsil Nazirliyinin “İstedadları aşkar edək” devizi altında birgə keçirdiyi respublika elmi-praktik konfransında çıxış etdim. Hətta təcrübəyə arxalanaraq “İstedadlı şagirdlərin aşkar olunması və onlarla işin təşkili formaları” adlı kitab yazdım.

 

Təhsil Nazirliyi və Maliyyə Nazirliyi qeyri-adi hal kimi mənə təhsil şöbəsində psixoloq ştatı təsis etdi (O zaman psixoloq ştatı yox idi). Respublika pedaqoji ictimaiyyəti məni Respublika İstedad Assosiasiyasının üzvü seçdi. İstedadlı şagirdlərdən biri isə Respublika Komsomol Komitəsinin plenum üzvü seçildi. Bu, pedaqoji sahədə işimə böyük təkan verdi. Bir daha Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün və təhsilə diqqətinin şahidi oldum.

 

1991-ci ildə respublikada ilk dəfə “İlin ən yaxşı müəllimi” müsabiqəsi keçirildi. Bir neçə mərhələdən və çətin sınaqlardan sonra, ucqar bir rayonun adi kənd müəllimi - mən, müsabiqənin qalibi oldum və ölkədə birinci yerə çıxdım. Moskva şəhərində keçirilən “SSRİ-də ilin ən yaxşı müəllimi” müsabiqəsində Azərbaycan müəllimlərini təmsil etdim. Qalib yer tutdum. Ölkə və Respublika Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldım. “SSRİ maarif əlaçısı” adına layiq görüldüm, əməkhaqqıma əlavələr edildi.

 

1997-ci ildə olimpiadada qazandığım parlaq qələbəyə görə Təhsil Nazirliyi məni Prezident Aparatının xətti ilə bir qrup təhsil işçisi birlikdə Türkiyə Respublikasına işgüzar səfərə göndərdi. Türkiyədə Azərbaycan nümayəndə heyətinə göstərilən böyük hörmət və ehtiramın şahidi oldum. Bu, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və onun türk dünyasında qazandığı uğur idi.

 

1998-ci ildə Təhsil Nazirliyi Heydər Əliyevin 75 illiyi yubileyinə həsr olunmuş “İlin ən yaxşı müəllimi” müsabiqəsini təşkil etdi. Elə oldu ki, mən yenidən bu müsabiqənin qalibi oldum və Respublikamızda birinci yerə çıxdım. Heydər Əliyev təhsil naziri ilə birlikdə mənimlə görüşdü. Təbrik etdi, mükafatlandırdı, haqqımda kitab yazılmasını təhsil nazirinə tapşırdı. Prezidentlik fəaliyyətini əks etdirən böyük həcmli bir kitabı görüş zamanı mənə hədiyyə etdi. Bu anlar məni işimdə daha da uğurlar qazanmağa ruhlandırdı, mənim üçün qürur və ilham mənbəyi oldu.

 

1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayı oldu. Heydər Əliyev qurultayda iştirak edib böyük nitq söylədi. Qurultayda məşhur pedaqoq Sona Tağıyeva çıxış edərək dedi: “Hörmətli, Heydər Əliyev cənabları! 1969-1982-ci illərdə Siz Azərbaycan KP MK-nın birinci katibi olmusunuz, 1993-cü ildən isə Müstəqil Azərbaycan Respublikasının Prezidentisiniz. Rəhbər olduğunuz gündən mədəniyyətə, maarifə yaxından dəstək olmusunuz. Biz çox rəhbərlər görmüşük, amma, Sizin kimi təhsilə ürəkdən can yandıran görməmişik. Siz biz müəllimlərə hər zaman önəm vermisiniz, Siz hər bir müəllimi dinləyirsiniz. Mən də sıradan bir müəlliməm. Bütün qurultay iştirakçıları adından, bütün təhsil ictimaiyyəti adından mən Sizə çatdırıram ki, Vətənimizdə “Azərbaycan xalq müəllimi” adı ilk dəfə Sizə verilibdir, Hörmətli Prezidentim!”. Sonra “Azərbaycan xalq müəllimi” adının verilməsi haqqında diplomu Heydər Əliyevə təqdim etdi.

 

Heydər Əliyev diplomu alarkən bu sözləri dedi: “Bu fəxri ad müəllimlər üçün təsis olunub. Müəllim, şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin ən etibar etdiyi şəxsdir. Cəmiyyət ən qiymətli sərvətini, uşaqlarını, öz ümidini, gələcəyini ona etibar edir”.

 

Qurultayda Təhsil Şurasının tərkibi açıqlanarkən Heydər Əliyev yenidən öz iradını bildirdi: “Bu qədər böyük də məncə düzgün deyildir. Tərkibdən dövlət qurumlarının nümayəndələrini çıxarıb, yerinə ayrı-ayrı bölgələrdən müəllimlər daxil edilməlidir. Dövlət qurumlarının nümayəndələri onsuz da təhsil problemlərinin həllinə yardım etməyə borcludurlar”. Həmin vaxt mən də Təhsil Şurasına seçildim.

 

Qurultayda fasilə olarkən foyedə Heydər Əliyevin respublikanın bir qrup novatar müəllimi ilə görüşü oldu. Mən də müəllimlər arasında idim. İkinci dəfə ölkə rəhbəri ilə görüşürdüm. Onun dəyərli məsləhətləri, müəllim şəxsiyyətinə verdiyi yüksək qiymət, təhsilə qayğısı məndə daha güclü işləmək, xalqıma daha layiqli xidmət etmək həvəsi yaratdı.

 

Ölkədə kimyanın tədrisinə kömək edən kitablar yazıb geniş tirajda çap etdirib yaydım. Respublika və Beynəlxalq Olimpiadalara şagird hazırladım. Kimya peşəsi istiqamətində 2000 nəfərdən artıq məzunun ali təhsil almasında, onlarla kimya elmləri, texnika elmləri doktoru, yüzlərlə magistrant və onlarla hərbiçilərin hazırlanmasında, 4 nəfər məzunun qızıl medal almasında əməyim olub. Heydər Əliyev dühası məni yeni uğurlar qazanmağa, yeni qələbələr əldə etməyə səslədi.

 

2000-ci il 18 mart tarixində Ulu Öndər mənə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzaladı. Bu, mənim qarşıma daha məsuliyyətli vəzifələr qoydu.Məsuliyyətimi daha da artırdı. Xalq qarşısında, dövlət qarşısında öz mənəvi borcumu dərk etdim. Müstəqil Azərbaycan dövləti üçün layiqli kadrlar hazırladım. İstedadlı şagirdlərlə işimi daha da səmərəli qurdum. Yüksək intellektə malik şagirdlər ortaya çıxartdım. Yüksək bal toplayıb ali məktəbə, magistraturaya, doktoranturaya qəbul olan məzunlar hazırladım.

 

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən “100 ən yaxşı müəllim, 50 ən yaxşı məktəb” müsabiqəsinə qoşuldum və qalib oldum. Respublika üzrə birinci yeri tutdum. Həmin ildə şagirdlərimdən biri isə Prezident sərəncamı ilə keçirilən İstedad olimpiadasında birinci yeri tutaraq “İlin ən yaxşı kimyaçısı” adını aldı. Bu xidmətlərimin nəticəsidir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev cənabları məni “Prezident Mükafatı” ilə dəyərləndirdi.

 

Bu anlar həyatımda dərin iz buraxdı. Qazandığım uğurlar Heydər Əliyev həyat məktəbindən qaynaqlandığı üçün öz bəhrəsini göstərir.

 

Heydər Əliyev xalqına bağlı bir rəhbər idi. O, millətini, xalqını sevirdi.

 

Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasını qurdu. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, “Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası kimi şanlı əsərini xalqına əmanət qoydu”.

 

Bu gün Heydər Əliyev ideyaları yaşayır və öz bəhrəsini verir.

 

Heybət QƏDİROV,

Əməkdar müəllim, Prezident mükafatı laureatı, Yardımlı rayon Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbin kimya müəllimi