Valideyn və müəllimlər həmin görüşü sevinc və qürurla xatırlayırlar


Azərbaycan xalqının başı üzərində Günəş kimi parladı O. Elə bir Günəş ki, tarixin bütün  dönəmlərində nuru, ziyası, hərarəti nəsildən-nəslə tükənməyən qüdrətlə  ötürüləcək, ömrümüzün məna və məzmun çalarlarını daim zənginləşdirəcək. ...Ümummilli Lider Heydər Əliyev tez-tez təhsil ocaqlarında olur, müəllim  və şagird kollektivləri ilə görüşür, onların arzu və istəklərini dinləyirdi. Onun tez-tez təhsil ocaqlarında  görünməsi həm şagirdlərdə bayram əhvali-ruhiyyəsi yaradırdı, həm də pedaqoji kollektivlərin məsuliyyətini daha da artırırdı. Neçə onilliklər  geridə qalsa belə  hələ ötən əsrin sonlarında  Heydər Əliyevin əlamətdar günlərdə baş çəkdiyi təhsil ocaqlarında dahi insanın tarixin yaddaşına qızıl hərflərlə yazılan müdrik kəlamlarını həmin unudulmaz görüşlərin iştirakçıları dönə-dönə xatırlayırlar. Həmin dövrlərdə Heydər Əliyevin qarşısında şagird kimi çıxış edənlərin əksəriyyəti bu gün artıq valideyn, bəziləri isə elə həmin təhsil ocağında  müəllim kimi çalışır. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev  Bakının Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 nömrəli  tam orta məktəbdə “Bilik Günü”nə həsr olunan tədbirdə  iştirak edib, gələcəyin layiqli vətəndaşlarını hazırlayan pedaqoji kollektivin üzvlərini və şagirdləri  təbrik edərək onlara  məsuliyyətli və şərəfli vəzifələrini yerinə yetirməkdə  mətinlik və əzmkarlıq arzulayıb. Həmin tədbirdə zamanında söylədiyi tarixi bir fikri  də iştirakçılar  təkrarən Ulu Öndərin dilindən eşidəndə  bir daha qürur hissi yaşayıblar: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!” Hər bir müəllimin, hər bir şagirdin  yaddaşında əbədi möhürlənən xatirə kitabçasına çevrilib  həmin görüş və o görüşdə  söylənilən dahiyanə fikirlər.

 

“Gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməyi tövsiyə etdi”

 

...1997-ci ildə  paytaxtın  18  nömrəli  tam orta məktəbin  direktoru vəzifəsində işləmiş, hazırda təqaüddə olan Vaqif Hüseynlinin Ulu Öndər Heydər Əliyev şəxsiyyəti haqqında söylədiyi fikirlərdən onun  yaddaşında bu dahi insanın  əziz xatirəsinə  hədsiz   hörmət və ehtiram hissinin tükənməz olduğu aydın görünürdü. Vaqif müəllim söylədi ki, həmin il   Heydər Əliyev pedaqoji  kollektivi, müəllimləri, şagirdləri və valideynləri bayram münasibətilə təbrik  edərək böyük nitq söylədi. Heydər Əliyev öz dərin məzmunlu nitqində gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməyi, Azərbaycan dövlət rəmzlərini şagirdlərimizə öyrətməyi, bayrağımıza, Vətənimizə, xalqımıza məhəbbət hissləri aşılamağı  tövsiyə etdi. Artıq  tarixə çevrilən  həmin günün xatirəsi yaddaşlardan  silinən deyil.

   

“Dahi insan təhsil ocağımızdan xoş təəssüratla ayrıldı” 

 

Bəsti Ağayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini: - Hər dəfə o tarixi şəxsiyyət haqqında düşünəndə xəyal  məni 1997-ci  ilin 1 sentyabr tarixinə  aparır. Həmin gün mən  Heydər Əliyevlə  üz-üzə dayanıb, tövsiyə və tapşırıqlarını dinləyirdim. Bu, mənə görə doğrudan da tarixi bir gün idi, çünki dünyaşöhrətli siyasətçi    məktəbimizə qonaq gəlmişdi. Elmə, təhsilə mədəniyyətə,  ölkəmizin gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinə xüsusi diqqət göstərən Ulu Öndərimiz şagird və müəllimlərimizi “Bilik Günü” münasibətilə səmimi qəlbdən  təbrik etdi və  çox  geniş  bir nitq  söylədi. 

Ulu Öndərimiz öz  çıxışında təhsillə bağlı problemlərə də toxundu. Bildirdi ki,  hər bir  xalqın  səviyyəsini müəyyən edən  meyar onun  bilik  səviyyəsidir. Bilik  səviyyəsini  qaldırmaq üçünsə  təhsilə daim diqqət göstərilməlidir.

Çıxışından  sonra  Heydər Əliyev   sinifləri  gəzdi və dərs prosesini  seyr etdi. Sevinirəm ki, o dahi insan təhsil ocağımızdan xoş təəssüratla ayrıldı. O vaxtdan Ulu Öndərin bizə verdiyi tövsiyə və tapşırıqlar fəaliyyətimizin əsas istiqaməti olub. 

...O vaxtdan artıq  neçə illər ötüb... Ümummilli Lider, müdrik  rəhbər, dahi şəxsiyyət Heydər  Əliyevin əziz və işıqlı  xatirəsi   qədirbilən  Azərbaycan  xalqının,  18 nömrəli  tam orta məktəbin  müəllim və şagird  kollektivinin  qəlbində əbədi  yaşayacaqdır.

 

Heydər Əliyevin dühası, onun   siyasi irsi xalqımızı xoşbəxt  gələcəyə aparan bir  yoldur.  Bu yolu  uğurla davam etdirən  Prezident İlham  Əliyevin  apardığı  məqsədyönlü siyasət   bir daha göstərir ki,  bu gün Ulu  Öndər Heydər  Əliyevin ideyaları yaşayır və Azərbaycanın parlaq gələcəyinə əbədi işıq salır.

 

“Çıxışımı sona yetirəndən sonra Heydər Əliyev məni sorğu-sual etdi”

 

Tahirə Məmmədbəyova  direktor müavini: -  1997-ci il  sentyabrın 1-i məktəbimizim tarixində  əlamətdar gün kimi  xatırlanır. Eşidəndə ki, Prezident  Heydər Əliyev məktəbimizə gələcək çox  sevindim, həm də həyəcanlandım. Məktəbimizdə  böyük canlama var idi. Həmin  gün  məktəbin  şagirdi  olan oğlum Lütfi  Məmmədbəyov  da  tədbirdə  Ulu Öndərə həsr olunan  bir şeiri  söyləyəcəkdi,  mən isə  çıxış edəcəkdim. Bu, mənim üçün həm məsuliyyətli, həm də olduqca  qürurverici  idi. Yeni  tədris ilinin  başlanması,   Heydər Əliyevin “Bilik  Günü”ndə məktəbimizdə qonaq olması əsl toy-bayram əhvali-ruhiyyəsi  yaşatmışdı  bizə. Mən çıxışımı sona yetirəndən sonra o, məni sorğu-sual etdi, - sən bu məktəbdə hansı vəzifədə çalışırsan? - söylədi.

 

Çalışdığım məktəbin məzunu, hazırda isə  biologiya fənni üzrə metodbirləşmənin sədri olduğumu dedim. Hansı ali məktəbi bitirdiyimi soruşanda isə  Bakı Dövlət  Universitetinin biologiya fakültəsini bitirdiyimi söylədim. Dedi ki, bu, azdır, təhsilini  davam etdir. Dahi rəhbərlə həmsöhbət  olmağım  sanki mənə güc, qüvvət verdi. Ümummilli Lider Heydər Əliyevin  tövsiyələrinə əməl edəcəyimə söz verdim və növbəti il  hazırlaşaraq    aspiranturaya qəbul oldum, elmi  iş götürdüm,  müdafiə etdim, hazırda pedaqoqika üzrə fəlsəfə doktoruyam. Tam məsuliyyətimlə deyirəm ki, bu uğurumun təkanverici faktoru onun  həmin görüşdə qarşıma qoyduğu vəzifə oldu. Heydər Əliyevin hər bir  sözü, hər bir  kəlməsi, hər  görüşü  pedaqoji kollektivlər üçün həyat   dərsi  idi. Paytaxtımızın  orta  ümumtəhsil məktəblərində hər il yeni dərs ili ərəfəsində onun  şagird və  müəllimlərlə görüşləri kövrək və  təsirli məqamlarla yadda qalırdı.  Ümummilli Lider Heydər  Əliyev Azərbaycana  rəhbərlik etdiyi illərdə  xalqımızın mədəniyyətinin,  elm  və təhsilin inkişafı məsələlərinə hədsiz diqqət göstərib. Onun adı müstəqil Azərbaycanın qurucusu və yaradıcısı kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb.  O, dövrünün ən böyük filosofu, tarix yaradan qüdrətli sərkərdəsi olub.

 

“Heydər Əliyevin qarşısında hesabat vermək,  onunla  həmsöhbət olmaq qürurverici idi”

 

İsmayıl  Muxtarov təqaüdçü  müəllim: - Artıq mənim 72 yaşım var, ancaq o illər yaddaşımda hələ də təzə-tərdir. Yaxşı yadımdadır, məktəbimizdə “Bilik Günü”ndə Heydər Əliyev  dərslərimizdə iştirak etdi. Mən hərbi hazırlıq  fənnini tədris  edirdim. O, mənim dərsimdə də iştirak etdi və şagirdlərin dəftərlərini vərəqlədikdən sonra mənə yaxınlaşıb soruşdu: - Hansı mənbədən yazdırırsan bu mövzuları?

 

Mən  əyani vəsaitlərdən bəhrələndiyimi və  müxtəlif  ədəbiyyatlardan götürdüyüm qeydləri  şagirdlərimə yazdırdığımı söylədim. Problemlərimizlə maraqlandı.  Həyəcanlı olsam da özümü itirmədim və Ulu Öndərə  paytaxtın  bütün ümumtəhsil  məktəblərində  olduğu kimi bizdə də  təlim silahlarının olmadığını  söylədim. O yanında olan məsul işçilərə tapşırıq verdi ki, təlim  silahlar məktəbə verilsin.

 

Heydər Əliyevin  bütün sahələrlə bərabər  təhsil sistemində  də  gördüyü   mühüm  işləri sadalamaqla  qurtaran  deyil.  Böyük  şəxsiyyət, müdrik  insan  olan  Heydər Əliyevin qarşısında hesabat vermək,  onunla  həmsöhbət  olmaq doğrudan da mənim üçün  qürurverici idi.

 

Şanslı insanam ki, Ulu Öndər Heydər Əliyevlə görüşüb, ona öz əl işimi hədiyyə etmişəm

 

Əhəd Məmmədov,  valideyn: - O vaxt  mən  şagird idim, 7-ci sinifdə oxuyurdum.  Uşaq  yaşlarımdan Tofiq İsmayılov adına Uşaq-Gənclər  Yaradıcılıq Sarayında heykəltəraşlıq dərnəyində məşğul olurdum. 1997-ci il “Bilik Günü” münasibətilə Heydər Əliyev bizim məktəbə gəlmişdi. Həmin tədbirdə mənim fərdi sərgim də nümayiş olundu. Ulu  Öndər mənim sərgimə baxdı, çox da  xoşuna gəldi. “Rəqqas” adlı işim xüsusilə diqqətini cəlb etdi. Mən  həmin işimi ona hədiyyə etdim. O da üzərində imzası olan qələmini  mənə hədiyyə etdi. Bugünədək həmin görüş yadımdan çıxmır və dahi rəhbərin nurlu çöhrəsi həmişə gözlərim önündədir. Çox xoşbəxtəm ki, bü cür  tarixi  şəxsiyyətlə hələ şagird ikən həmsöhbət ola bilmişəm və onun ibrətamiz kəlamları mənim gələcək həyat və fəaliyyətimə işıq saçıb. Heydər Əliyevin tövsiyəsinə əməl edərək  mən orta məktəbi bitirəndən sonra  2001-ci ildə  Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə daxil oldum və oranı bitirdikdən sonra  fəaliyyətimi həmin ali məktəbdə davam etdirərək  müəllim kimi çalışıram. Şanslı insanam ki, Ulu Öndər Heydər Əliyevlə görüşüb, ona öz  əl işimi hədiyyə etmişəm, o da mənə  bu gün həyatımda bərq vuran işıqlı yol arzulayıb. Hazırda iki övlad atasıyam.  İkisi də  18 nömrəli tam orta məktəbin şagirdidir. Sevinirəm ki, bir vaxtlar şagird kimi getdiyim məktəbə bu gün artıq  valideyn kimi gedirəm.

 

Sifai SƏFƏROVA