Fevralın 22-də Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar keçirilib.
Seminarda Prezident Administrasiyası, Nazirlər Kabineti, Hesablama Palatası, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının rəhbər və nümayəndələri, habelə Milli Məclisin Elm və təhsil, İqtisadi siyasət komitələrinin üzvləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri, ekspert və tədqiqatçılar iştirak ediblər.
Seminarın məqsədi OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid prosesi ilə bağlı görülmüş işlər, o cümlədən təhsil sektorunda bu sahədə icra olunan tədbirlərin nəticələri barədə məlumat vermək, habelə islahat prosesində qarşıya çıxan çağırış və növbəti addımları müzakirə etməkdir.
Maliyyə naziri Samir Şərifov çıxışında son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir çox sahələrdə olduğu kimi, dövlət maliyyəsinin idarəolunmasının təkmilləşdirilməsi sahəsində də genişmiqyaslı islahatlar aparıldığını qeyd edib, bu islahatların prioritet istiqamətlərindən birinin məhz OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid olduğunu diqqətə çatdırıb.
Seminarda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən və hədəflərdən danışıb. Nazir son illərdə ölkə Prezidentinin təhsil sahəsində təsdiq etdiyi dövlət proqramlarının, imzaladığı fərman və sərəncamların, xüsusilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin nəticəəsaslı idarəetməyə keçid üçün vacib əhəmiyyət daşıdığını vurğulayıb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və digər məruzəçilər OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizmi, ölkəmizdə həyata keçirilən büdcə islahatları barədə fikirlərini bölüşüblər.
Sonra Maliyyə Nazirliyi Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov “Təhsil sektorunda OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunan istiqamətlərdə indiyədək görülmüş işlər, islahat tarixçəsi və onun əsas elementlərinə qısa nəzər salınıb, büdcə islahatının gedişində qarşıda duran əsas çağırış və növbəti addımlarla bağlı məqamlara toxunulub.
Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Kənan Kərimzadə “Təhsil islahatları və OMXÇ-nin tətbiqində əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib. Nazirliyin nəticəəsaslı idarəetmə mexanizmlərinə keçid təcrübəsi, bu sahədəki nailiyyətlər və tətbiq edilmiş ölçmə indikatorları, strategiya və OMXÇ sənədlərinin uyğunlaşdırılması ehtiyacları, bilik və bacarıqların artırılması istiqamətində növbəti illərdə görüləcək işlərlə bağlı məsələlər təqdimatda öz əksini tapıb.
Dünya Bankının dövlət idarəetməsi üzrə böyük mütəxəssisi, “OMXÇ üzrə potensialın gücləndirilməsi” layihəsinin tapşırıq qrupunun rəhbəri Andj Ubelis “Azərbaycanda OMXÇ islahatları Dünya Bankının perspektivindən” mövzusunda təqdimatla çıxış edib.
Seminarda qeyd olunub ki, cari ildən pilot sektorlarda nəticəəsaslı büdcəyə keçid prosesinin tamamlanması və proqraməsaslı büdcənin təkmilləşdirilərək tam olaraq tətbiqi, eyni zamanda, islahat prosesinə digər sektorların da cəlb edilməsi nəzərdə tutulur.
Çıxışlar və təqdimatlardan sonra seminar sual-cavab və mövzu ətrafında müzakirələrlə davam etdirilib.