Şuşada keçirilmiş ənənəvi “Poeziya bayramı”ndan xatirələr


ŞUŞA təkcə təbii gözəlliklər diyarı yox, həm də poeziya və musiqi beşiyidir. Bu şəhər dünyaya dahi şəxsiyyətlər, sənət korifeyləri bəxş etmiş müqəddəs Azərbaycan diyarıdır. Allah bu torpaqdan heç bir gözəl payını əsirgəməmişdir.

 

1982-ci il yanvarın 14-nü mənə elə gəlir ki, şuşalılar unutmayıblar. Həmin gün xalqımızın şair oğlu Molla Pənah Vaqifin xatirəsinə ucaldılmış məqbərənin açılışı günü idi.

 

Həmin gün Şuşa “qar çiçəyi”nə - lopa-lopa yağan qara bələnmişdi. Bu, Şuşaya xüsusi bir gözəllik verirdi. Həmin anlarda şuşalılar öz əziz qonaqlarını, xüsusən, xalqımızın böyük oğlu Heydər Əliyevin Şuşaya gəlişini səbirsizliklə gözləyirdilər. Onlar küçələrdə, yol kənarlarında, eyvanlarda dayanaraq Heydər Əliyevə sonsuz ehtiramlarını bildirirdilər...

 

Bu, səbəbsiz deyildi. Heydər Əliyev öz doğma evinə - Qarabağa, onun zirvə şəhəri Şuşaya - “Şuşa abidələr şəhəridir, diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qayğı ilə qorumaq, qədim tikililəri bərpa etmək lazımdır”, - dediyi Şuşaya gəlmişdi.

 

Cıdır düzündə Vaqifin adına ucaldılmış möhtəşəm məqbərənin qarşısındakı lenti Heydər Əliyev kəsdi. Alqış səsləri altında dahi Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası əsrarəngiz Qarabağ dünyasına yayıldı.

 

Ölməz şairimiz Səməd Vurğunun “Qalxacaq, şairim, bir gün heykəlin bizim Qarabağın Cıdır düzündə, Vaqif canlanacaq elin gözündə”, - misraları yazılmış lövhə məqbərənin gözəl görünən yerindən asılmışdı.

 

Ulu Öndər Heydər Əliyev öz dərin məzmunlu nitqinin sonunda “Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir”, - deyərək iştirakçılara tövsiyə etdi ki, bu ənənəni hər il davam etdirmək lazımdır.

 

Respublikanın tanınmış şair və yazıçıları, o cümlədən, şuşalı yazarlar öz ürək sözlərini ifadə etdilər, şeirlərini oxudular...

 

Həmin günün yaddaqalan bir neçə maraqlı anlarını xatırlamaq necə də xoşdur...

 

Heydər Əliyev poeziya iştirakçıları ilə görüşüb, şəhərlə tanış olmaq üçün xidməti maşınına doğru irəliləyəndə yaşı doxsanı haqlamış çayçı İsmayıl əmi onun əllərindən bərk-bərk yapışaraq evinə dəvət etdi. Bu təklifi çox səmimi qəbul edən Heydər Əliyev: “Sağlıq olsun, sonra gələndə qonağın olaram”, - dedi.

 

Qonaqların növbəti tanışlığı Mamayı məscidində fəaliyyət göstərən “Vaqif çeşməsi” ədəbi birliyinin üzvləri ilə oldu. Bura Heydər Əliyevlə birlikdə Mirzə İbrahimov, Süleyman Rüstəm, Anar, Elçin, Qabil və onlarla başqa şair və yazıçı da gəlmişdi. “Poeziya evi” və məclis üzvləri ilə tanışlıqdan sonra Heydər Əliyevin diqqəti mənə yönəldi, mehriban baxışlarla üzümə baxıb dedi: “Bir şeir söyləyə bilərsənmi?”. Mən çox həyəcanlı idim. Özümdə qüvvə toplayıb, “Vətən” adlı şeirimi söylədim:

 

Bir qara daşın da əzizdir mənə,

Qarış torpağını yada qıymaram.

Sən ürək yerinə sığdın sinəmə,

Yüz il vəsf eləsəm, yenə doymaram.

 

Vətən, gözəlliyin vərəqə sığmaz,

Min dastan yazılsa, bəlkə də, azdır.

Qoynun gülüstandır, baxanlar doymaz,

Qayalar qalxandır, qılıncdır, sazdır...

 

Ay Tomris nənəmin südü, laylası,

Ay Qorqud dədəmin qeyrət məskəni.

Ay nəğmə çələngi, şeir laylası,

Günəş qucağında tapmışam səni.

 

Səni yağılardan qoruyub Babək,

Çayların damardan axan qanımdır.

Ünvanın - köksümdə döyünən ürək,

Adın - Azərbaycan, şərəf-şanımdır.

 

Heydər Əliyev ədəbi birlik üzvlərinin həm şeirlərini, həm də arzularını səbirlə dinlədi.

 

Qonaqlar getmək istəyəndə çayçı Süleyman milli geyimdə üst-üstə yığdığı çayla dolu 10-15 stəkanı çox cəldliklə əvvəlcə Heydər Əliyevə, sonra isə onunla birlikdə gəlmiş qonaqlara təklif etdi və: “Yoldaş Əliyev, sənə qurban olum, çay içməmiş hara gedirsiniz? Kəkotu çayıdır... heç olmasa, bir stəkan için”. O, gülə-gülə Süleymana baxıb dedi: “Ay qalalı, kəkotu yox, kəklikotudur”. Bu yaddaqalan şirin zarafat elə bu gün də şuşalıların məclislərində xatırlanılır.

 

Şuşada keçirilmiş bu gözəl tədbirdə Mirzə İbrahimov, Süleyman Rüstəm, Anar, Çingiz Abdullayev, Elçin, Qabil, Fikrət Qoca, Aqil Abbas, Abbas Abdulla, Zəlimxan Yaqub, Zöhrab Tahir, Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Famil Mehdi, Nəbi Xəzri, Cabir Novruz, Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Arif Əmrahoğlu, Ədalət Əsgəroğlu, Rəşad Məcid, İlyas Tapdıq, Məmməd Aslan, Səyavuş Məmmədzadə, Xəlil Rza, Nazim Axundov, Lətif Kərimov, Niyazi, Süleyman Ələsgərov, Tofiq Bayram, Səbahəddin Eloğlu və digərləri iştirak edib, Qarabağın, Şuşanın şəninə xoş sözlər demişlər.

 

Şuşada keçirilən poeziya bayramlarında öz sözü, öz poetik fikirləri ilə tanınan və mənim də üzvü olduğum “Vaqif çeşməsi” ədəbi birliyində birləşən Əli Mahmud, Ələmdar Quluzadə, İsa Şuşalı, Vasif Quliyev, İsa Əvəzoğlu, Hamlet Cavadov, Vaqif Əhmədov, Məhsəti Əhmədova, Qasım Qırxqızlı, Zöhrə Cəfərova, Akif Məftun, Allahyar Xocalı, Nizami Səmimi, Qaynaqçı Məmməd, Kərim Kərimli, Dəmirçi Abbas və digərləri xatirimdən çıxmır.

 

Şuşa poeziya və musiqi beşiyidir. Bu, həqiqətən də belədir. 1982-ci ildən üzübəri ənənəvi hal almış “Poeziya bayramı” Şuşanın işğalına qədər davam etmişdir.

 

1992-ci il mayın 8-də Şuşanın işğalından sonra Şuşada poeziya və mahnı bayramları keçirilmirdi. Molla Pənah Vaqifin adına ucaldılmış məqbərə və Şuşanın digər tarixi abidələri murdar ermənilər tərəfindən məhv edilmişdir. Şuşanın mədəniyyət və istirahət parklarından, nə də Cıdır düzündən tar-kaman səsi eşidilmirdi. Vaqifin məzarı da yerlə-yeksan olunmuşdu. Lakin Şuşa öz məğrurluğunu, Qarabağ xanlığının mərkəzi olduğunu qoruyub saxlamışdır.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində tarixi QƏLƏBƏ qazandı, ərazi bütövlüyümüz bərpa, Qarabağımız, Şuşamız işğaldan azad olundu.

 

Prezident İlham Əliyev 2021-ci il avqustun 29-da Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışını etdi.

 

Mənim xoşbəxtliyim ondadır ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirdə iştirak etdim.

 

Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu.

 

Bəli, Şuşa –  müqəddəs şəhər... Poeziya və musiqinin beşiyi...

 

Əziz Şuşa, sən azadsan!

Qarabağ Azərbaycandır!

 

Əyyub ŞIRLANLI,

şair-publisist, Əməkdar müəllim