Heydər Əliyev ideyaları daim yaşayacaq, müstəqil Azərbaycanın inkişafı və tərəqqisinə öz töhfəsini verəcəkdir


(Əvvəli https://muallim.edu.az/news.php?id=23561)

 

1969-cu ilin aprel ayında Sovet İttifaqı Kommunist Partiyası və SSRİ Nazirlər Sovetinin “Texniki-peşə təhsili müəssisələrində ixtisaslı fəhlə kadrların hazırlığının daha da yaxşılaşdırılması tədbirləri haqqında” qərarında ölkədə təhsil müddəti 3-4 il olan orta texniki-peşə təhsili müəssisələrinin yaradılması məsələsi qarşıya qoyulur. Həmin məktəblərdə 8 illik əsas təhsil bazasını bitirən gənclərdən proqramlaşdırılmış avtomat idarə olunan  xətlərin və qurğuların sazlayıcısı və təmirçiləri, maşinistlər, radio-elektrik mexanikləri, kimya istehsalatı üzrə aparatçılar, kənd təsərrüfatı üzrə mexanizatorlar, poliqrafçılar, qida və yüngül sənaye məhsulları üzrə ustaların hazırlanmasına başlanılır.

 

1921-1990-cı illərdə Azərbaycanda peşə təhsili müəssisələrində təhsil alan şagirdlərin sayı

İllər

Peşə təhsili müəssisələrinin sayı

Təhsil alan şagirdlərin sayı (min nəfər)

1921

1

0,08

1940

32

10,0

1950

37

9,0

1960

35

7,4

1965

44

14,6

1970

76

40,9

1975

125

63,3

1979

148

81,6

1986

185

115,0

1990

177

88,0

 

Qeyd: Mətndəki bütün məlumatlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin (Texniki-Peşə Təhsili Komitəsinin) arxivindən götürülmüşdür.

 

1970 və 1979-cu illərdə Azərbaycanın peşə təhsili müəssisələrində rəhbər və mühəndis-pedaqoji kadrlar haqqında məlumat

Vəzifələr

1970-ci il

1979-cu il

Direktor

84

158

Tədris-istehsalat işləri üzrə direktor müavini

84

151

Təlim-tərbiyə işləri üzrə direktor müavini

77

130

Orta texniki-peşə məktə­bində ümumi təhsil fənləri üzrə tədris hissə müdiri

21

90

Baş usta

77

157

İstehsalat təlimi ustaları

2001

3068

Tərbiyəçilər

170

213

Fiziki tərbiyə rəhbərləri və müəllimləri

82

203

Müəllimlər

872

2449

O cümlədən, ictimai fənn müəllimləri

139

371

 

Cədvəldən göründüyü kimi, 1970-ci ilə nisbətən son 10 ildə Azərbaycanda peşə təhsili çox sürətlə inkişaf etmişdir. Bunun əsas səbəbi bu dövrdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi, peşə təhsilinə də xüsusi qayğı və diqqətinin olmasıdır. Bu illərdə Heydər Əliyevin təşəbbüsü və göstərişi əsasında texniki-peşə təhsilinin inkişafı və təkmilləşdirilməsi  strategiyası hazırlanıb həyata keçirilmişdir. 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı profilli peşə məktəbləri şəbəkəsinin  genişləndirilməsi və orada işin yaxşılaşdırılması barədə geniş qərar qəbul edilir. Bu illərdə kənd təsərrüfatı profilli peşə təhsili müəssisələrinin sayı 18-dən 45-ə çatdırılır. Xüsusilə respublikada irihəcmli müəssisələrin tikilməsinə başlanmazdan əvvəl həmin müəssisələrdə işləyəcək kadrların hazırlanması üçün peşə təhsili müəssisələri kompleksləri tikilib istifadəyə verilirdi. Bunlara misal olaraq Bakıda “Ulduz”, “Azon”, “Kondisioner”, Gəncədə “Billur” zavodlarını və s. göstərmək olar. Bakı Məişət Kondisionerləri  Zavodunun tikilməsi ilə bir zamanda daha sürətli templə bu zavod üçün ixtisaslı fəhlə kadrları hazırlayan 79 nömrəli orta texniki-peşə məktəbi (indiki 13 nömrəli Bakı Peşə Liseyi) kompleksi tikilib istifadəyə verilir. Bu kompleks respublikada ən yaxşı peşə məktəblərindən sayılırdı. Burada o dövr üçün  ən yeni sayılan təlim avadanlıqları ilə təchiz edilmiş 24  fənn kabineti, tornaçı, frezerçi, elektrik quraşdırma, elektrik-qaz qaynaqçısı, çilingər və çilingər-quraşdırma sexləri yaradılmışdır. Tədris emalatxanalarında eyni zamanda 10 tədris qrupu (300 nəfər şagird) istehsalat təlimi keçə bilirdi. Geniş idman və akt zalları, 240 yerlik yeməkxana, yay idman meydançası, kitabxana şagirdlərin ixtiyarına verilmişdir. Sonralar həmin tədris müəssisəsinin bina kompleksi başqa müəssisəyə verilmişdir.

 

Respublika kənd təsərrüfatının inkişafında kənd texniki-peşə məktəblərinin hazırladıqları mexanizator kadrları o dövrdə xüsusi rol oynamışdır. Bunu araşdırılmış arxiv sənədləri də  təsdiq edir.

 

1970 və 1975-ci illərdə Azərbaycan kənd peşə məktəblərinin göstəriciləri

 

Göstəricilər

İllər

1970

1975

Kənd texniki-peşə məktəbləri

18

45

O cümlədən,  kənd orta texniki-peşə məktəbləri

2

14

Kənd texniki-peşə məktəblərində təhsil alan şagirdlərin sayı (nəfər)

6031

16500

O cümlədən, kənd orta texniki-peşə məktəblərində təhsil alan şagird­lərin sayı (nəfər)

647

7031

Kənd texniki-peşə məktəblərini bitirənlərin sayı (nəfər)

5736

13370

O cümlədən, kənd orta texniki-peşə məktəblərini bitirənlərin sayı (nəfər)

-

619

 

Rəsmi arxiv məlumatlarına əsasən 1971-1975-ci illərdə Azərbaycanın kənd texniki-peşə məktəblərinə 53 min nəfər qəbul edilmiş, 41,5 min nəfər ixtisaslı mütəxəssis buraxılmışdır. 1975-ci ilin sonunda kənd texniki-peşə məktəblərində 369 işlək traktor, 133 kombayn, 448 ədəd  müxtəlif kənd təsərrüfatı maşınları, 60 ədəd meliorativ texnika olmuşdur.

1970 və 1979-cu illərdə peşə təhsili müəssisələrinin büdcədənkənar gəliri aşağıdakı  kimi olmuşdur:

 

Azərbaycanda peşə təhsili müəssisələrinin istehsalat göstəriciləri (min rub.)

 

Göstəricilər

1970

1979

İstehsalat təlimi zamanı şagirdlər tərəfindən hazırlanmış məhsullar

959,7

1300,0

Şagirdlər tərəfindən baza müəssisələrində istehsalat təcrübəsi zamanı qazanılan gəlir

1896,1

3830,0

Kənd təsərrüfatı profilli peşə məktəblərinin təlim təsərrüfatından əldə edilmiş gəlir

133,0

459,5

Peşə təhsili müəssisələrinin tədris  emalatxanalarında dəzgahlar ( metal kəsən, ağac emal edən, xalça toxunan – xana) hazırlanmışdır (ədəd)

301

510

 

Göründüyü kimi, bu illərdə istehsalat təlimi və təcrübəsi zamanı şagirdlərin ictimai faydalı əməklə məşğulluq göstəriciləri də xeyli yaxşılaşmışdır.

 

Heydər Əliyevin diqqəti və qayğısı  nəticəsində Azərbaycanda peşə təhsili müəssisələrinin tədris-maddi bazasının genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində çox ciddi işlər görülürdü.  Azərbaycan Respublikası Nazirlər Sovetinin  qərarı ilə müəyyən edilmiş baza müəssisələri bu sahədə peşə təhsili müəssisələrinə əməli yardım göstərirdilər. Bunun  bariz nümunəsini aşağıdakı cədvəldə daha aydın görmək olar:

 

Azərbaycan Respublikasında peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişaf göstəriciləri

 

Göstəricilər

1970

1979

Tədris  emalatxanaları

285

583

Tədris kabinetləri və laborato­ri­yaları

694

1845

Kənd peşə məktəblərinin təlim təsərrüfatları

10

29

Kənd peşə məktəblərində kənd təsərrüfatı texnikası, o  cümlədən:

997

2311

Traktorlar

351

688

Müxtəlif kənd təsərrüfatı maşınları

646

1623

 

Bu illərdə peşə təhsili müəssisələri ilə baza müəssisələri arasında qarşılıqlı əlaqələr Azərbaycan SSR  Nazirlər Sovetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilirdi.

 

Texniki-peşə təhsili müəssisələrini bitirən şəxslərə müəyyən olunmuş qaydada ixtisas dərəcəsi (kateqoriya, sinif) göstərilməklə dövlət tərəfindən təsdiq edilmiş nümunədə peşə təhsili haqqında attestat, xüsusi fərqlənənlərə əlaçı  attestatı verilirdi. Orta texniki-peşə məktəblərini bitirənlərə qazandıqları ixtisas dərəcəsi göstərilməklə tam orta təhsil almalarını təsdiq edən diplom, xüsusi fərqlənənlərə əlaçı diplomu verilirdi. Məzunlara verilmiş ixtisas dərəcəsi (sinif, kateqoriya) bütün SSRİ ərazisində fəaliyyət göstərən idarə və müəssisələr üçün məcburi idi. 1969-1980-ci illərdə Azərbaycanda texniki-peşə təhsilinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan hökumətinin   bir  sıra qərarları olmuşdur. Bunlara misal olaraq 1969-cu ilin aprel ayında “Texniki-peşə təhsili sistemində ixtisaslı fəhlə kadrları hazırlanmasının yaxşılaşdırılması tədbirləri haqqında”, 1971-ci ilin oktyabr ayında “Azərbaycan SSR-də gənclərin texniki-peşə təhsilinin gələcəkdə inkişafı haqqında”, 1972-ci ilin sentyabr ayında “Texniki-peşə təhsili sisteminin  gələcəkdə təkmilləşdirilməsi haqqında”, 1975-ci ilin may ayında “Kənd orta texniki-peşə məktəbləri şəbəkəsinin genişləndirilməsi haqqında”, 1977-ci ilin oktyabr ayında “Azərbaycan SSR-də texniki-peşə təhsili sistemi şagirdlərinin təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi haqqında”  və s. qərarları göstərmək olar. 1982/1983-cü tədris ilində Azərbaycanda 184 texniki-peşə məktəbində 230 peşə üzrə 110 min şagird təhsil alırdı. Həmin tədris ilində 54,9 min nəfər texniki-peşə təhsili müəssisələrini bitirib istehsalata göndərilmişdir.

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda  Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrdə (1969-1982) idarəçiliyin möhkəmləndirilməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Moskvada işlədiyi illərdə də Heydər Əliyev Azərbaycana öz köməkliyini əsirgəmir, digər  sahələrdə olduğu kimi, peşə təhsili sahəsinə də diqqət və qayğı göstərirdi.

 

Çox təəssüflər olsun ki, özülü Ümummilli Lider tərəfindən qoyulan peşə təhsili sahəsindəki bu inkişaf və uğurlar 1990-cı ildən zəifləməyə, azalmağa  başladı. Belə ki, 1986-cı ildə respublikanın 185 texniki-peşə məktəbində 115 min şagird təhsil alırdısa, 1990-cı ildə peşə məktəblərinin sayı 176-ya, orada təhsil alan şagirdlərin sayı 86,2 minədək azalmışdır. Bu uğursuzluqlar Heydər Əliyevin mənfur düşmənlərin əli ilə hakimiyyətdən uzaqlaşdırılması, keçmiş Sovet Sosialist Respublikaları İttifaqının zəifləməsi və Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlanan  Qarabağ müharibəsi ilə bağlı idi.

 

18 oktyabr  1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikası müstəqillik qazandı. Köhnə sistemin dağılması və yeni sistemin  yaranması bütün sosialist sistemindən qopmuş respublikalar kimi bizim ölkəmizdə də digər sahələrlə yanaşı təhsil sahəsi, o cümlədən onun mühüm tərkib hissələrindən biri olan   peşə  təhsili sahəsi  də ciddi problemlərlə üzləşdi.

 

1988-ci ildən başlayaraq rus ordusunun hərbi köməkliyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Laçın, Kəlbəcər, Füzuli, Şuşa, Ağdam, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında fəaliyyət göstərmiş və aşağıdakı cədvəldə əks olunan 12 peşə məktəbinin əmlakı erməni qəsbkarları tərəfindən talan edilmişdir:

 

İşğal altında olmuş peşə  təhsili müəssisələri

Peşə məktəblərinin adı

İşçilərin ümumi sayı

O cümlədən, mühəndis -pedaqoji işçilər

Şagird kontin-genti

1

127 nömrəli Laçın Peşə Məktəbi

67

42

251

2

189 nömrəli Kəlbəcər Peşə Məktəbi

85

69

718

3

162 nömrəli Füzuli Peşə Məktəbi

59

32

248

4

116 nömrəli Füzuli Peşə Məktəbi

136

97

749

5

72 nömrəli Şuşa  Peşə Məktəbi

29

20

225

6

24 nömrəli Ağdam Peşə Məktəbi

10

 

 

7

50 nömrəli Ağdam Peşə Məktəbi

126

90

467

8

70 nömrəli Ağdam Peşə Məktəbi

30

20

180

9

136 nömrəli Ağdam  Peşə Məktəbi

133

52

164

10

126 nömrəli Qubadlı Peşə Məktəbi

98

38

228

11

144 nömrəli Zəngilan Peşə Məktəbi

75

32

215

12

131 nömrəli Cəbrayıl Peşə Məktəbi

86

49

300

 

Cəmi:

934

541

3745

 

 

İşğal altında olan ərazilərin peşə məktəblərinin 94 ədəd traktoru, 5 ədəd taxılyığan kombaynı, 4 ədəd buldezeri, 2 ədəd ekskavatoru, 100-dən çox müxtəlif  kənd təsərrüfatı maşınları, 126 ədəd metalkəsən və ağac emalı dəzgahları, çoxlu sayda digər avadanlıqları işğal olunmuş ərazilərdə qalmışdır.

 

Ümumiyyətlə, işğal olunmuş ərazilərdə dəyəri 243 milyon 460 min rubl (1993-cü ilin pul vahidi) olan texniki-peşə məktəblərinin bina və əsas vəsaitləri talan edilmişdir.

 

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazansa da, respublikada yaranmış iqtisadi və siyasi qeyri-sabitlik peşə  təhsilindən də yan keçmədi. Bu hərc-mərclik nəticəsində  bir sıra peşə məktəbləri bağlandı, bir çoxunun maddi-texniki bazası dağıdıldı, təcrübəli mühəndis-pedaqoji işçilər təhsil müəssisələrindən uzaqlaşdırıldı. Fabrik-zavodların, kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti dayandırıldığından onlar üçün ixtisaslı kadrlar hazırlayan peşə məktəblərinə də  ciddi ziyan dəydi. 1991-1992-ci illərdə respublikada yaranmış iqtisadi və siyasi qarma-qarışıqlıq bir sıra peşə təhsili müəssisələrinin bağlanmasına, maddi-texniki bazasının dağıdılmasına səbəb oldu.

 

1993-cü ilin iyun ayında  Azərbaycan Respublikası rəhbərliyinə yenidən qayıdan Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində ölkədə sabitlik təmin edildi, bütün sahələrdə olduğu kimi, peşə təhsilinin inkişafı üçün də münbit şərait yarandı.

 

“Peşə təhsilinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli, 116 nömrəli qərarı ilə bazar iqtisadiyyatına keçidlə bağlı peşə təhsilinin əsas inkişaf istiqamətləri müəyyən edildi. Bu qərarla peşə  təhsili müəssisələrinə peşə məktəbi və peşə liseyi statusu verilmiş, maddi-texniki bazası zəif olan, kadr hazırlığı sahəsində mövcud tələbləri ödəməyən, eyni regionda eyni peşələr üzrə kadr hazırlayan 41 peşə  təhsili müəssisəsi  ləğv edilmiş və ya  uyğunları ilə birləşdirilmişdir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat  Proqramı”nda təhsilin digər pillələri kimi  peşə təhsili pilləsinin də inkişaf istiqamətləri öz əksini tapmışdır. Peşə məktəbi və peşə liseylərində iqtisadi sahələr üzrə kadr hazırlanması üçün peşələrin siyahısı təsdiq olundu. Bu siyahıya 230 peşə və ixtisas daxil edilmişdir. Bunlardan da 30-u (“Sürücü-kommersant”, “Mühasib-fərdi kompüter operatoru”, “Fermer”, “Aviasiya cihazlarının təmiri üzrə çilingər-mexanik” və s.) yeni idi.

 

“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 612 nömrəli Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti aidiyyəti nazirliklərlə birlikdə məktəbdən sonrakı peşə təhsilini əmək bazarının dəyişən tələbinə uyğunlaşdırmaq məqsədilə 2 ay müddətində peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatorunu hazırlayıb təsdiq etsin. Bu göstərişin icrası çox mühüm obyektiv səbəbdən irəli gəlirdi. Peşələrin siyahısının təsdiq olunmasından keçən dövr ərzində respublikanın iqtisadiyyatında çox ciddi irəliləmə ilə müşahidə olunan dəyişiklik baş vermişdir. Bir sıra peşə və ixtisaslar üzrə kadrlara olan ehtiyac artmış, ixtisas və ixtisaslaşmanın dünyanın qabaqcıl ölkələrinin standartlarına uyğunlaşdırılması zərurəti yaranmışdı. Bu Fərmanın icrası ilə bağlı Təhsil Nazirliyinin və Təhsil Problemləri İnstitutunun texniki-peşə təhsili şöbələrinin, işəgötürənlərin, peşə  təhsili müəssisələrinin və digər müvafiq maraqlı tərəflərin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikasında texniki-peşə təhsili dövlət standartları və onun tərkib hissəsi olan ixtisas və ixtisaslaşma klassifikatoru layihələri hazırlanıb, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş müzakirələrdən sonra təsdiq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edildi. Bu sənədlər Nazirlər Kabinetinin göstərişi ilə bir sıra sahə nazirliklərinə və baş idarələrə baxılmaq üçün göndərilmişdir. Onların irad və təklifləri nəzərə alınaraq klassifikarorun  layihəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyində yenidən baxılmış və Nazirlər Kabinetinin 17 iyun 2002-ci il tarixli, 96 nömrəli qərarı ilə  “Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatoru”  təsdiq edilmişdir.

 

“Tarif-ixtisas sorğu kitabçası”na  (VİTSK) uyğun işəgötürənlərin təklifi ilə əmək bazarının tələblərinə cavab verən 40 yeni peşə və ixtisas klassifikatora daxil edilmiş, 42 peşə və ixtisasın adında dəyişiklik aparılmışdır. Son 7 ildə kadr hazırlığı üçün sifariş verilmədiyindən əmək bazarının tələbatına uyğun olmayan peşə və ixtisaslar klassifikatora daxil edilməmişdir. Klassifikatorun təsdiq edilməsi haqqında qərar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 iyun 2002-ci il tarixli, 678 nömrəli əmri ilə rəhbərlik və icra üçün elan edilmiş, Təhsil Nazirliyinin aidiyyəti idarə və təşkilatlarına, peşə məktəbi və peşə liseylərinin rəhbərlərinə tapşırılmışdır ki, şagird qəbulu klassifikatora uyğun planlaşdırılsın.

 

Elə bu dövrdə Nazirlər Kabinetinin qərarı ilə “Ümumi orta təhsilin dövlət standartları” da təsdiq edilmişdir. Göstərilən bu iki sənədin əsasında Təhsil Problemləri İnstitutunun Texniki-peşə təhsili şöbəsində mövcud tədris plan və proqramların təhlili aparıldı. Təhlillər zamanı mövcud tədris plan və proqramlarındakı uyğunsuzluqlar mütəxəssislər tərəfindən aradan qaldırılaraq yeni nümunəvi tədris planlarının layihələri Azərbaycan Respublikasının Təhsil İnstitutunun (keçmiş Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun) Texniki-peşə təhsili şöbəsində hazırlandı, maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə edilib Təhsil Nazirliyinin əmri ilə təsdiq edildi. Əvvəlki tədris planlarından fərqli olaraq yeni tədris planlarına respublika və məktəb komponentləri daxil edilmiş, ixtisasın xüsusiyyəti və yerli şəraitdən asılı  olaraq bəzi məsələlərdə təhsil müəssisələrinə sərbəstlik verilmişdir. Məktəb komponentinə daxil olan ixtisas kursu, istehsalat təcrübəsi, peşə sahəsi üçün ayrılmış ehtiyat vaxt, seçmə fənlər, fərdi və qrup məşğələləri üçün fakültətiv fənlər peşə təhsili müəssisələri tərəfindən müəyyənləşdirilməyə başlandı.

 

Hazırda Heydər Əliyevin başladığı məqsədyönlü işlər onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  uğurla davam etdirilir.

 

Ata vəsiyyətini böyük məsuliyyət və qürurla başa çatdıran ölkə Prezidenti Ulu Öndərin həyata keçirilməsinə ömrü çatmayan bəzi işlərini reallaşdırdığı kimi, respublikanın peşə təhsilində də onun ideyalarını həyata keçirməkdədir. Artıq Qarabağımız işğaldan azad olunmuş, Şuşamızda və digər rayonlarda bayrağımız dalğalanır. Mənfur düşmənlər tərəfindən həmin yerlərdə dağıdılmış, avadanlıqları talan edilmiş peşə təhsili müəssisələrinin yerində daha müasir peşə təhsili ocaqları yaradılmaqdadır.

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda peşə təhsilinin  inkişafı ilə bağlı şərəfli fəaliyyətinə qısa ekskurs bir daha sübut edir ki, dahi şəxsiyyətin zəngin irsi qiymətli bir xəzinə kimi daim öyrənilməlidir. Zamanından asılı olmayaraq Heydər Əliyev ideyaları daim yaşayacaq, müstəqil Azərbaycanın inkişafı və tərəqqisinə öz töhfəsini verəcəkdir.

 

Qarabağ Azərbaycandır!

 

Şahbaz  BALAKİŞİYEV,

“Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru

Rəsul ƏSGƏROV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, Əməkdar müəllim