Leyla Rzayeva: “Mənim üçün xoşbəxtlik şagirdlərimin nailiyyət əldə etməsidir”
Leyla Rzayeva Göygöl rayon Köşkü kənd tam orta məktəbində coğrafiya müəllimi işləyir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Göygöl rayonu üzrə koordinatorudur. Müəllim kimi ictimaiyyət arasında böyük hörmət sahibidir.
- Leyla xanım, müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir?
- Maraqlı sualdır. İlk yol göstərənim valideynlərim olub. Valideynlərim həmişə mənə deyirdi ki, qızım, müəllimlik peşəsi ən şərəfli, ən müqəddəs peşədir. Bu peşəni seçsən heç vaxt peşman olmazsan.
- Bir müəllim olaraq özünüzü necə tanıda bilibsiniz?
- Müəllim bu adı şərəflə, ləyaqətlə daşımalı, fədakarlığını maddiyyata görə hesablamamalıdır. Çünki bizim yetişdirdiyimiz şəxsiyyət gələcəkdə nəinki bizə, millətinə, dövlətinə başucalığı gətirməlidir.
- İdeal müəllim necə olmalıdır?
- Müəllim sinfə girən zaman qarşısındakını şagird yox, şəxsiyyət görməlidir. Şagirdlərinə sevgi ilə yanaşmağı bacarmalıdır. Sevgi ilə şagirdin əvvəl qəlbinə, sonra beyninə girməyi bacarmalıdır.
- Pedaqoji fəaliyyətinizlə bərabər, indiyə kimi hansı təlimlərdə iştirak etmisiniz?
- Bugünə kimi “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Gənc müəllimlərin II şəbəkələşmə forumu”, “STEAM möcüzəsi dördüncü sənaye inqilabına doğru” , “Analitik öyrənmə və sürətli oxuma”, “Xaricdə təhsil”, “Koordinator məktəbi”, “Məktəb mentorları”, “Təhsildə yeni çağırışlar III beynəlxalq forumu”, “Layihə planlaşdırılması və layihə təklifinin hazırlanması” və digər təlim və seminarlarda fəal iştirak etmişəm. Hər birindən də sertifikatlar almışam.
- Müəllim olaraq ən xoşbəxt olduğunuz an hansıdır?
- Mənim üçün xoşbəxtlik şagirdlərimin sevinməsi və nailiyyət əldə etməsidir. Şagirdlərim xoşbəxt olanda, sevinəndə mən də xoşbəxt oluram.
- Bu gün təzə işə başlayan gənc müəllimlərə nə tövsiyə edərdiniz?
- XXI əsrdə zamanın tələbinə uyğun olaraq şagirdləri təəccübləndirmək çətindir. Texnologiyanın həyatımızda tüğyan etdiyi bir vaxtda müəllim şagirdi gələcəyə düzgün hazırlamalı və keçilən dərsləri müasir üsullarla təşkil etməlidir.
Raminə MƏMMƏDOVA,
Gəncə-Daşkəsən RTİ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi