“Müəllim şagirdlərinə sevgi ilə yanaşmalıdır”

Leyla Rzayeva Göygöl rayon Köşkü kənd tam  orta məktəbində coğrafiya  müəllimi işləyir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Göygöl rayonu üzrə koordinatorudur. Müəllim kimi ictimaiyyət arasında böyük hörmət sahibidir.

 

- Leyla xanım, müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir?

- Maraqlı sualdır. İlk yol göstərənim  valideynlərim olub. Valideynlərim həmişə mənə deyirdi ki, qızım, müəllimlik peşəsi ən şərəfli, ən müqəddəs peşədir.  Bu peşəni seçsən heç vaxt peşman olmazsan.

 

- Bir müəllim olaraq özünüzü necə tanıda bilibsiniz?

- Müəllim bu adı şərəflə, ləyaqətlə daşımalı, fədakarlığını maddiyyata görə hesablamamalıdır. Çünki bizim yetişdirdiyimiz şəxsiyyət gələcəkdə nəinki bizə, millətinə, dövlətinə başucalığı gətirməlidir.

 

- İdeal müəllim necə olmalıdır?

- Müəllim sinfə girən zaman qarşısındakını şagird yox, şəxsiyyət görməlidir. Şagirdlərinə sevgi ilə yanaşmağı bacarmalıdır. Sevgi ilə şagirdin əvvəl qəlbinə, sonra beyninə girməyi bacarmalıdır.

 

- Pedaqoji fəaliyyətinizlə  bərabər, indiyə kimi  hansı təlimlərdə iştirak  etmisiniz?

- Bugünə kimi “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Gənc müəllimlərin  II şəbəkələşmə forumu”,  “STEAM möcüzəsi dördüncü sənaye inqilabına doğru” ,  “Analitik öyrənmə və sürətli oxuma”,  “Xaricdə təhsil”, “Koordinator  məktəbi”, “Məktəb mentorları”, “Təhsildə yeni çağırışlar III  beynəlxalq  forumu”, “Layihə planlaşdırılması və layihə təklifinin hazırlanması” və digər təlim və seminarlarda fəal iştirak etmişəm. Hər birindən də sertifikatlar almışam.

 

- Müəllim olaraq ən xoşbəxt olduğunuz an hansıdır?

- Mənim üçün xoşbəxtlik şagirdlərimin sevinməsi və nailiyyət əldə etməsidir. Şagirdlərim xoşbəxt olanda, sevinəndə mən də xoşbəxt oluram.

 

- Bu gün təzə işə başlayan  gənc müəllimlərə  nə tövsiyə edərdiniz?

- XXI əsrdə zamanın tələbinə uyğun olaraq şagirdləri təəccübləndirmək çətindir. Texnologiyanın həyatımızda tüğyan etdiyi  bir vaxtda müəllim şagirdi gələcəyə düzgün hazırlamalı və keçilən dərsləri müasir üsullarla təşkil etməlidir.

 

Raminə MƏMMƏDOVA,

Gəncə-Daşkəsən RTİ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



21.01.2023 | 12:10