Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik.
Heydər ƏLİYEV,
Ümummilli Lider
180 illik uzun tarixə malik olan Azərbaycan peşə təhsilinin keçdiyi yola işıq salaraq onun bu günə qədər çox mürəkkəb, kəşməkəşli, eyni zamanda şərəfli bir yol keçməsini, ölkə iqtisadiyyatının peşə təhsilli kadrlara olan ehtiyacının ödənilməsində mühüm rol oynamasını və nəhayət Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bu sistemin özünün ən yüksək inkişaf mərhələsinə çatmasını oxucularımızın diqqətinə çatdırmaqla bu yazını ölkə Prezidentinin Sərəncamı ilə əbədiləşdirilmiş “Heydər Əliyev İli”nə bir töhfəmiz kimi hazırlamışıq.
Peşə təhsilinin tarixindən
Azərbaycan peşə təhsilinin inkişaf tarixi bu xalqın özü kimi dərin köklərə bağlıdır. Əsrlərlə Azərbaycanda xalçaçılıq, memarlıq, dulusçuluq, toxuculuq, misgərlik, ipəkçilik, zərgərlik və s. kimi peşələr insanların məşğuliyyət sahələri olmuşdur. Sənət və sənətkarlığa dair tarixi mənbələrə əsasən ilk sənət məktəbi kimi hələ sənət öyrənmələri üçün əvvəllər usta yanında təlim keçən uşaqlarin (şəyird-şagirdlərin) fərdi şəkildə, yaşına hədd qoyulmadan peşə öyrənmələri olmuşdur.
Peşə təhsilinə dair müxtəlif mənbələrə əsasən Azərbaycanda peşə təhsilinin inkişafını aşağıdakı mərhələlərə bölmək olar:
- * Təsərrüfatın iri inhisarçılıq formasına keçirilməsi, sənayenin bütün sahələrində istehsalatın miqyasının artırılması və peşə təhsilinin formalaşması dövrü (1843-1920-ci illər);
- * Postsovet hakimiyyəti zamanı planlı təsərrüfat quruculuğu dövrünün I mərhələsi (1920-1969-cu illər);
- * Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr (1969 -1982-ci illər);
- * Azərbaycanda peşə təhsili (1982-1993-cü illər);
- * Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövr (1993-2003-cü illər);
- * Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən sonrakı (müasir) dövr.
XIX əsrin birinci yarısında Azərbaycanda sənaye, xüsusilə toxuculuq, ipəkçilik, neft sənayesi inkişaf etməyə başladığı bir dövrdə ixtisaslı fəhlələrə ehtiyac artır. Beləliklə, bu ehtiyacın ödənilməsi istiqamətində ayrı-ayrı yerlərdə ilk peşə-sənət məktəblərinin yaranması dövrü başlayır. Şəkidə ipəkçilik üzrə ilk təcrübə məktəbinin 1843-cü ildə fəaliyyətə başlaması ilə ilk addımlar atılır. Tarixi məlumatlara əsasən, bu məktəb özünün 20 illik fəaliyyəti dövründə 236 şagird hazırlayıb və onlardan 117 nəfəri usta dərəcəsi almışdır. 1879-cu ildə Naxçıvanda xarrat və çilingərlik ixtisasları üzrə kadr hazırlayan üçillik şəhər peşə məktəbi yaradılıb və burada 24 şagird təhsil almağa başlayıb. 1904-cü ildə Naxçıvan peşə məktəbində daha 43 bağban hazırlığına başlanılıb. Həmin ildə Naxçıvan ikisinifli 3 illik rus-tatar qadın peşə məktəbi təşkil edilmişdir ki, burada da 44 nəfər qız əl işi sənətinə yiyələnməyə başlamışdır. 1884-cü ildə Gəncədə (Yelizavetpol) metal emalı üzrə sənət məktəbi açılmışdır. Burada həm də kənd təsərrüfatı şöbəsi fəaliyyət göstərirdi. Bu sənət məktəbində 27 nəfər çilingərlik işi, 4 nəfər dəmirçilik və 23 nəfər kənd təsərrüfatı ixtisasları üzrə təhsil alırdı. 1887-ci ildə Bakı şəhər sənət məktəbi yaradılmışdır. Bu sənət məktəbi şəhərin vəsaiti hesabına fəaliyyət göstərirdi. İlkin olaraq bu sənət məktəbinə 104 şagird qəbul edilmişdir. Sənət məktəbinin Bakı şəhər dumasının qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən sənət məktəbinə ibtidai təhsil səviyyəsində imtahanları müvəffəqiyyətlə vermiş, fiziki cəhətdən sağlam və 10 manat təhsil haqqı ödəmiş şəxslər qəbul olunurdular. 1895-ci ildə bu sənət məktəbinin bazasında təhsil müddəti 4 il olan Bakı orta inşaat-mexaniki peşə məktəbi yaradılır. Həmin peşə məktəbinin nəzdində metal və ağac emalı, daşyonma emalatxanası olan sənət məktəbi də fəaliyyət göstərir.
Peşə - sənət məktəblərində əsas məqsəd ixtisaslı fəhlə kadrları hazılığı idi. Ona görə də tədrisə ayrılmış vaxtın yarısı məktəbin tədris emalatxanasında, müəssisə və təşkilatlarda praktik məşğələlərə, qalan yarısı isə ixtisas, çertyojun oxunması, istehsalatın texnologiyasını anlamaq üçün lazım olan ümumtəhsil hazırlığına sərf edilirdi. Sənət məktəblərində təlim rus dilində aparılırdı. Burada təhsilalanların əksəriyyəti qeyri-azərbaycanlılar idi. Azərbaycanlıların sayı 6 faizə qədər təşkil edirdi. Bununla yanaşı, xeyriyyə vəsaiti hesabına “müsəlman kursları” adlanan kurslarda az sayda azərbaycanlılardan ixtisaslı fəhlələr hazırlanırdı.
1966-1982-ci illərdə Azərbaycan SSR Dövlət Texniki-Peşə Təhsili Komitəsinin sədri işləmiş T.Ə.Allahverdiyevin yazdığına görə XIX əsrin sonuncu rübündə sənayenin ixtisaslı fəhlə kadrlarına ehtiyacını nəzərə alaraq çar hökuməti 1888-ci ildə “Sənaye peşə məktəblərinin Əsasnaməsi haqqında” qanun qəbul edir. Bu qanuna görə 3 tip sənaye-peşə məktəbi nəzərdə tutulurdu:
- * Mühəndislərin yaxın köməkçiləri olan texniklər hazırlayan orta texniki məktəb;
- * Öyrəndikləri öz bilik və bacarıqlarını fəhlələrə öyrədən ustalar hazırlayan ən aşağı texniki məktəb;
- * Sənətkarlığın praktik üsullarla öyrədilməsini və görüləcək işi dərk etməklə yerinə yetirməyi məqsəd kimi qarşıya qoyan kadr hazırlayan sənət məktəbi.
Bu qanundan irəli gələrək 1893-cü ildə sənət məktəbləri, 1895-ci ildən isə aşağı sənət məktəbləri yaranmağa başlayır. 1893-cü ildə Zaqatala sənət məktəbi yaradılmışdır. 5 avqust 1920-ci ildə texniki-peşə təhsilində idarəetməni təkmilləşdirmək məqsədilə Azərbaycan İnqilab Komitəsinin dekreti ilə Azərbaycan Baş Texniki-Peşə Təhsili Komitəsi yaradıldı. Bu komitənin yaradılmasında əsas məqsəd xalq təsərrüfatının bütün sahələri üçün ixtisaslı fəhlə kadrları hazırlamaq idi. Azərbaycanda tabeçiliyindən asılı olmayaraq bütün peşə təhsili müəssisələri və kursları bu komitənin tabeliyinə verildi.
Getdikcə ölkədə sənayenin inkişafı fəhlə kadrlarına ehtiyacın artmasını zəruri etmişdir. Bu tələblərin ödənilməsi ilə əlaqədar olaraq istər Bakı şəhərində, istərsə də əyalətlərdə peşə-sənət məktəblərinin sayı artmağa başladı. 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” çağırışına peşə təhsili müəssisələri də qoşularaq ilk töhfələrini verdilər. 1942-ci ilin ikinci yarısında peşə təhsili müəssisələrinin məzunları ordu sıralarında da əldə silah faşizmə qarşı döyüşlərdə cəsarətlə vuruşurdular. 13 nömrəli Bakı Fabrik-zavod təlimi məktəbinin məzunu Quliyev Mehdi Nadir oğlu 1943-cü ilin noyabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Getdikcə Azərbaycanda fabrik-zavod şagirdliyi məktəblərinə daha çox ehtiyac yaranırdı. Həmin illərin sənədlərinin təhlili göstərir ki, müəssisə və təşkilatlardan ordu sıralarına gedənləri əvəz edərək orada çalışanların çoxu peşə təhsili müəssisələrinin məzunları idi. Məsələn, L.Şmidt adına Bakı Maşınqayırma Zavodunda işləyənlərin 40 faizini, “Azneft”in neftçıxarma müəssisələrində işləyənlərin isə 35 faizini peşə təhsili müəssisələrinin məzunları təşkil edirdi.
50-ci illərdə peşə təhsilinə diqqət azlığından bu sistem zəifləməyə başlayır. 1950-1960-cı illərdə peşə təhsili müəssisələrində təhsilalanların sayı ildə 8 min nəfər idisə, məzunların sayı ildən-ilə azalaraq ildə 6,1 min nəfər təşkil edirdi. Ölkə iqtisadiyyatında durğunluq yaranmışdı. Respublikanın texniki-peşə məktəblərini bu vəziyyətdən çıxarmaq və onun idarəolunmasını yaxşılaşdırmaq məqsədilə 1959-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ Nazirlər Sovetinin qərarı ilə əmək ehtiyatları sistemi dövlət texniki-peşə təhsili sisteminə çevrilir. Nazirlər Sovetinin tərkibində Baş Əmək Ehtiyatları İdarəsinin əvəzində Dövlət Texniki-Peşə Təhsili Komitəsi yaradılır. Texniki-peşə təhsilinin inkişaf etdirilməsi, onun maliyyələşdirilməsi və idarəolunması məsələləri Dövlət Texniki-Peşə Təhsili Komitəsinə tapşırılır.
60-cı illərin sonlarında respublika iqtisadiyyatı dərin böhran mərhələsinə qədəm qoymuşdu. Bir çox sahələrdə milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqi nailiyyətlərinin istehsalat tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi sahələrində, kənd təsərrüfatında texniki-iqtisadi göstəricilər aşağı düşürdü. Taxılın, pambığın, tərəvəzin, üzümün, çay və başqa bitkilərin məhsuldarlığı aşağı səviyyədə idi. İqtisadiyyatın inkişafı üçün prinsip etibarilə yeni konseptual proqramın işlənilməsi, xalq təsərrüfatında köklü struktur dəyişikliklərin həyata keçirilməsi, təsərrüfatçılıq işində yeni metodların tətbiq edilməsi və s. kimi zəruri vəzifələr qarşıda dururdu.
Peşə təhsilinin Heydər Əliyev dövrü
Bu gün bir çox tarixçi və siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən - Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi tarixdən başlanır. İqtisadi çətinliklərlə müşayiət olunan həmin dövr həm də yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın öz sahib olduqlarından yararlana bilməməsi, ittifaq tərkibində olan digər respublikalardan ən geridə qalması ilə fərqlənirdi. Ulu Öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
Azərbaycanda peşə təhsilinin həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətli inkişafı, ictimaiyyət arasında nüfuzunun artması da məhz Ulu Öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlamışdır. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə iri fabrik və zavodlar tikilərkən, öncə onlar üçün peşə təhsilli kadrlar hazırlayan peşə məktəbləri tikilib istifadəyə verilirdi.
1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. 1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal etmiş, İkinci Dünya Müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Buna görə də Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bəzilərinin isə yenidən tikilməsinə nail olmuşdur. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Xankəndində, Gəncədə, Mingəçevirdə, Lənkəranda bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycandakı fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı atdığı böyük addımlar idi. Ulu Öndər gözəl bilirdi ki, bir ölkənin inkişafı savadlı və bilikli kadrlar olmadan mümkün deyil. 1969-cu ilə qədər Azərbaycanda rəhbər vəzifələrin böyük əksəriyyətində qeyri-azərbaycanlılar təmsil olunurdu. Hətta respublika üçün mühüm əhəmiyyət daşıyan strateji strukturlarda belə, səlahiyyət sahiblərinin çoxu başqa millətlərin nümayəndələri idi. Dahi şəxsiyyətin Azərbaycanda savadlılığın artırılması yolunda gördüyü böyük işlərin nəticəsi idi ki, əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günü uzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
Bu illərdə xalq təsərrüfatının müxtəlif sahələrində fəhlə kadrlarına yaranan ehtiyacı da peşə təhsili lazımınca ödəyə bilmirdi. Bu dövrdə peşə məktəblərində hazırlanan ixtisaslı fəhlələrin sayı respublikanın xalq təsərrüfatında işləyənlərin sayca artım miqdarında cəmi 20% təşkil edirdi. Peşə təhsili müəssisələrində qabaqcıl texnika və texnologiyalarla işəyə bilən mühəndis-pedaqoji işçilər çatışmırdı, tədris-maddi baza köhnə idi, əmək bazarının tələblərindən çox geri qalırdı. Məhz həmin dövrdə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə baza müəssisələrinin qabaqcıl mühəndis-texniki mütəxəssisləri peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi, istehsalat təlimi ustaları və rəhbər işçi kimi irəli çəkildilər. Müəssisə və təşkilatlarda istifadə olunan yeni texnoloji avadanlıqlar, maşın və mexanizmlərdən peşə təhsili müəssisələrinə ödənişsiz verilməyə başlandı. 1970-ci ildə texniki-peşə məktəblərinin sayı 76-ya çatdırılmışdır ki, bu da 1965-ci illə müqayisədə 35 məktəb artıq idi. Təkcə 1971/1972-ci tədris ilində peşə təhsili müəssisələrində 22 yeni tədris emalatxanası yaradılmış, orada 108 metal kəsən və ağac emal edən dəzgah, 150 elektrik qaz-qaynağı, poliqrafiya və tikiş avadanlığı, 180 xarrat və 460 sıxacla birlikdə çilingər dəzgahı quraşdırılmışdır.
Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərlə yanaşı, Ağdam, Ağcabədi, Ağsu, Bərdə, Göyçay, Dəvəçi (indiki Şabran), Qazax, Qax, Lənkəran, Masallı, Mingəçevir, Xaçmaz, Şamxor (indiki Şəmkir), Şəki kimi şəhər və rayon mərkəzlərində yeni peşə təhsili müəssisələri yaradıldı. 1970-ci ilin axırında Azərbaycanda fəaliyyət göstərən peşə təhsili müəssisələrində 150 ixtisas üzrə 40,9 min şagird təhsil alırdı. Həmin il texniki-peşə təhsili müəssisələrini 26 min nəfər bitirmişdir ki, bu da 1965-ci ilin buraxılışına nisbətən 3 dəfə çox idi.
Heydər Əliyevin tapşırığı əsasında yerli baza müəssisələrinin köməyi ilə yeni yaradılmış peşə təhsili müəssisələrinin maddi-texniki bazası və mühəndis-pedaqoji kadr potensialı möhkəmləndirilmişdir. Təlim prosesinin təşkili üçün 594 tədris kabineti, 100 laboratoriya, 285 tədris emalatxanası fəaliyyət göstərirdi. Bu dövrdə kənd təsərrüfatı profilli peşə təhsili müəssisələrində 335 traktor, 93 taxıl biçən kombayn, 28 pambıqyığan maşın, 49 ədəd yerqazan maşın, 430 müxtəlif kənd təsərrüfatı maşınları işləyirdi. 10 kənd təsərrüfatı profilli peşə məktəbinin təlim təsərrüfatında taxıl və pambıq əkilirdi.
(ardı var)
Şahbaz BALAKİŞİYEV,
“Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru
Rəsul ƏSGƏROV,
Azərbaycan Respulikasının Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, Əməkdar müəllim