Müasir dövrün əsas tələblərindən biri də xarici dilləri, xüsusən də beynəlxalq statuslu ingilis dilini bilməkdir. Onu da etiraf edək ki, dil öyrənməyin özəyində insanın istəyi durur. Yəni hazırda yetişməkdə olan gənc nəsil ingilis dilini mükəmməl bilmək, danışmaq istəyirsə, ilk növbədə özünün öyrənməyə marağı olmalıdır. Biz ingilis dili müəllimlərindən də şagirdlərimizə bu dili necə mənimsətməyimizdən, öyrətməyimizdən çox şey asılıdır. Onu da xüsusi vurğulamaq istərdim ki, bugünün şagirdinin təhsilə olan münasibəti də sözün yaxşı mənasında daha fərqli və müasir dövrün çağırışlarına uyğundur. Elə biz müəllimlərin də istər bilik və bacarıqları, istərsə də tədris etdiyi fənnə yanaşma metodları da daha yaradıcı və praktikdir. Müəllim yalnız nəzəri baxımdan məlumatlı olmamalı, eyni zamanda praktik bacarığı ilə yeni təlim texnologiyalarından səmərəli istifadə və öz dərsində onları uğurla tətbiq etməyi bacarmalıdır.
Müasir dərs müəllimdən fəal təlim mühiti yaratmağı, şagirdlərə bilikləri müstəqil şəkildə əldə etməyi, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, problemli situasiyalarda çıxıs yolu tapmaq kimi bacarıqlar formalaşdırmağı tələb edir. Onu da yaxşı bilirik ki, ənənəvi dərsdən fərqli olaraq müasir dərsin tələbləri şagirdlərin idrak fəaliyyətinin formalaşmasına yönəlib. Mən də dərs dediyim siniflərdə fəal təlim üsullarından istifadə edirəm. Sinifdə istifadə etdiyim elektron dərs vəsaitləri, müxtəlif resurslar əsl təlim mühiti yaradır. Şagirdlər eşitməklə bərabər dərsi əyani şəkildə görür və bunun nəticəsində mövzunu daha yaxşı mənimsəyirlər. Eləcə də dərs zamanı suallar elə qoyulmalıdır ki, şagirdləri düşünməyə, araşdırmağa sövq etsin. Araşdırmaq, tədqiqat aparmaq, müzakirə edib öyrəndiklərini tətbiq etmək vacibdir. Yalnız belə olan halda şagird öyrəndiklərini unutmur, yaddaşına həkk edir.
Uzunillik müəllimlik fəaliyyətimə dayanaraq deyə bilərəm ki, şagirdlərimizin ingilis dilində sərbəst danışıq ünsiyyəti qurmaları üçün ilk növbədə bu dilin tədrisi ilə məşğul olan pedaqoqlarımızın dərs prosesində məhz həmin dildə danışması, şagirdlərlə qurduqları dialoqların daha səlis, daha lakonik olması mütləqdir.
Onu da qeyd edim ki, müasir dövrün təhsil yanaşmalarında ingilis dili ilə bağlı sadəcə qrammatik və leksik biliklərə malik olmaqla kifayətlənilmir. Xarici dildə sərbəst və əminliklə ünsiyyət yaratmağı, situasiyalardan çıxmağı bacarmaq lazımdır. Bunun üçün isə dil vərdişlərinin inkişafına xidmət edən müasir tələblərə cavab verən kommunikativ metoddan istifadəyə xüsusi diqqət verilir.
Mən də dərslərimdə şifahi nitqin inkişafına yönələn kommunikativ metoddan istifadə etməklə şagirdlərim ilə ingilis dilində ünsiyyət qururam ki, bu da onların sərbəst şəkildə danışmalarında, fikirlərini izah etmələrində mühüm rol oynayır.
Xüsusilə, xalqımızın həyatında mühüm yer tutan əlamətdar hadisələrə, müxtəlif bayramlara, eləcə də ağrılı, kədərli günlərə həsr olunan dərslərimizdə müasir təlim metodlarından istifadə etməklə şagirdlərin fəal iştirakına nail oluram.
Bu sahədə topladığım təcrübəni qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr etdiyim bir dərs nümunəsində paylaşmaq istəyirəm.
IX sinifdə keçdiyim dərsin mövzusu “20 Yanvar- Ümumxalq Hüzn Günü” adlanırdı.
(Danışıq.2.1 standartı əsasında şifahi nitqin inkişafı)
Təlimin məqsədi:
- - bilikləri təkmilləşdirmək və bacarıqları, şifahi nitqi inkişaf etdirmək;
- - monoloq nitq bacarıqlarını inkişaf etdirmək;
- - şagirdlərin yaradıcılıq qabiliyyətlərini stimullaşdırmaq;
- - qrupda işləmək və seçmək bacarığını formalaşdırmaq;
- - zəruri material;
- - yeni lüğətin qavranılması əsasında nitqi inkişaf etdirmək;
- - tarixi hadisələrin yadda saxlanılması və məlumatların ingilis dilində səlis şəkildə çatdırılması;
- - 20 Yanvar və gələcək üçün məsuliyyət;
- - şagirdlərdə vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, Vətənə, torpağa, xalqına sevgi hisslərinin aşılanması
Motivasiya:
Bildiyimiz kimi, motivasiya fəal təlimdə dərsin mühüm mərhələsidir. Xüsusilə, bu gün dilin tədrisində mühüm rol oynayan amillərdən biri motivasiyadır ki, bu da şagirdlərin müstəqilliyini artırmaqla yanaşı, onlarda həmin fənnə maraq oyadır, dil bacarıqlarını inkişaf etdirir. Belə ki, şagirdlərin ingilis dilinə olan marağının, özünə inamının daha da artması, biliklərin genişlənməsi üçün daim yeni şeylər öyrənməyə can atması, kollektiv qarşısında çıxış etmək, fikir yürütmək, müzakirələrdə iştirak etmək, rəqabət hissini duymaq, qabiliyyət və bacarıqlarından istifadə edərək bildiklərini daha rahatlıqla və səlis şəkildə fikirlərini ifadə etmək kimi hissləri aşılamaq üçün motivasiyanın əhəmiyyəti çox böyükdür. Ona görə də motivasiyanın təqdim etdiyi imkanlardan xəbərdar olmaq və onları dil tədrisində tətbiq etmək vacibdir. Və şagirddə keçilən mövzuya maraq oyatmaq üçün motivasiya hər dəfə maraqlı, hərtərəfli qurulmalıdır. Belə ki, müxtəlif şəkillərlə motivasiynın qoyulması sinifdə canlanma yaratmaqla, şagirdləri fəallaşdırmaqla yanaşı, öyrəniləcək mövzuya qarşı marağı daha da artıraraq fikirləri bu istiqamətə yönəldir.
Əvvəlcə mən şagirdlərimə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə xalqımızın yaşadığı o dəhşətli faciədən danışdım. Bu zaman tədris etdiyim fənnimi tarix, coğrafiya fənlərinə inteqrasiya edərək əldə etdiyim tarixi faktları, statistik rəqəmləri və coğrafi məlumatları şagirdlərin diqqətinə çatdırdım. Qeyd etdim ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. 1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.
Daha sonra Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətinə etiraz edən Ümummilli Lider Heydər Əliyevin hadisəylə bağlı gördüyü işləri diqqətə çatdırdım. Bildirdim ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Təbii ki, bütün bu məlumatları mən şagirdlərə ingilis dilində çatdırdım. Dərsdə həm qruplarla, həm də fərdi iş aparıldı. Dərs zamanı videoslaydlar , o dövrün hadisələrindən bəhs edən fotoları nümayiş etdirdim. Şagirdlərə göstərdiyim həmin şəkillərə baxıb öz fikirlərini bildirmələri təklif olundu. Bu üsulla onlar 20 Yanvarla bağlı bəzi sualları cavablandırdılar. Şagirdlərin mövzuyla bağlı ingilis dilində hazırladıqları təqdimatlar, videoçarxlar yüksək səviyyədə idi.
Sonra dərsin mövzusu və tapşırıqlar açıqlandı. İki qrupa bölünən şagirdlərə 20 Yanvarla bağlı müsahibə hazırlamaq və ya dialoq qurmaq kimi tapşırıqlar verildi. Daha sonra I qrup 20 Yanvar hadisələrindən bəhs edən məqalələri müzakirə etdi. II qrup isə o dövrün şahidlərinin müsahibələrinin təhlilini apardı. Qruplarda şagirdlər mövzu ilə bağlı fikirlərini bildirir, yeni lüğət və ifadələrdən istifadə edərək bir-birlərinə suallar verirdilər. Şagirdlər qrup işinin aparılması təcrübələrini, Qanlı Yanvar hadisələri ilə bağlı hisslərini bölüşdülər, münasibətlərini bildirdilər.
Qrup halında tapşırığın yerinə yetirilməsi şagirdlərin bir-biri ilə əməkdaşlıq etmələrinə və bir-birləri qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaradır. Şagirdlərin birgə fəaliyyəti onlara problemləri bir yerdə həll etməyi öyrədir. Qrupda iş birliyi məlumat və informasiyaların sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır. Şagirdlərin özlərinə inamın artmasını, özlərinin müstəqil şəxsiyyət kimi dərkini, inkişafını təmin edir. Bu zaman zəif oxuyan şagirdlər belə fəallaşır, öz fikirlərini söyləyərək tədqiqatda iştirak etməyə çalışırlar.
Əldə olunan məlumatların müzakirəsi və mübadiləsi:
Qrupların işləri təqdim olundu. Və sinifdə şagirdlərin tədqiqatın gedişində əldə etdikləri yeni informasiyaların, məlumatların mübadiləsi aparıldı. Bu da onların bir-birinin təqdimatlarını, söylədikləri fikirlərini diqqətlə dinləməyə sövq edir.
Tədqiqatın aparılması zamanı əqli hücum üsuluna üstünlük verirəm. Əqli hücum tamamilə şagirdlərin fikir sərbəstliyini təmin edir. Bu zaman bütün qrup hər hansı problemin həllinə cəlb edilir, fikir və təkliflər qeyd olunur. Bu fikirlər isə nə tənqid olunur, nə də qiymətləndirilir. Yerinə yetirilən işin sonunda bütün deyilən fikir və mülahizələr təhlil edilərək düzəlişlər olunur.
Yaradıcı tətbiqetmə:
Tədris prosesi boyu mən yaradıcı tətbiqetmə mərhələsinə xüsusi önəm verirəm. Məhz bu mərhələdə şagirdlərin mövzunu necə mənimsədikləri aydın olur. Qrammatik qaydaların əks olunduğu tapşırıqları şagirdlərə təqdim edirəm. Nitqin inkişafı üçün şagirdlərə leksik materialdan düzgün istifadə etməyə kömək edən tapşırıqla yeni lüğət və ifadələr təqdim edirəm.
Biliklərin ümumiləşdirilməsi, qrupların özünüqiymətləndirməsi və nəticə:
Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirdilər və və son olaraq tədqiqat sualına yenidən qayıtmaqla nəticələrin təhlilini apardılar. Keçdiyim dərsdə qiymət qruplara verildi. Hər bir qrup digərini dinlədikdən sonra öz qiymətini verdi və qiymətləndirmə obyektiv şəkildə səsvermə yolu ilə həyata keçirildi.
Təlim prosesinin refleksiyası (nəticə) biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Və mənim keçdiyim dərsdə şagirdlər mövzunu dərindən mənimsəməklə yanaşı, bilik və bacarıqlarını yaradıcı şəkildə nümayiş etdirməyə nail oldular.
Bu dərs ingilis dilində yeni sözlərin, ifadələrin lüğətə yazılmasına, öyrənilməsinə, şagirdlərin onlardan düzgün istifadə etməyə kömək etməklə yanaşı, eyni zamanda sərbəst şəkildə dialoq qurmaq bacarıqlarını təkmilləşdirdi. Dərs həm də uşaqların 20 Yanvar hadisələrini bir daha təhlil etmək, tariximizin ağrılı səhifəsini vərəqləməklə qan yaddaşımızı təzələməyə imkan verdi.
Tamara ƏLİYEVA,
Akademik Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin 2014-2015-ci tədris ili üzrə qalibi