“Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycan xalqının dövlətçilik, elm, təhsil, mədəniyyət tarixinin səhifələrini vərəqlədikcə insanın qəlbi qürur hissi ilə dolur. Belə ki, xalqımız minilliklər boyu zəngin irs yaratmış və məhz bu irs  milli mentalitetimizin əsas qaynağı kimi nəsillərin tərbiyəsində mühüm rol oynamış, milli ruhlu şəxsiyyət yetişdirməyin başlıca vasitəsi rolunda çıxış etmişdir.

 

Ən ağır sınaqlarla üzləşdiyi dövrlərdə də xalqımız milli mübarizə əzmindən bir addım da geri çəkilməmiş, vətənpərvər övladlarının sayəsində daha da möhkəmlənmiş və gələcəyə böyük ümidlə baxmışdır. Qərbi Azərbaycanda maarifçilik mühitinin, İrəvan Müəllimlər Seminariyasının da tarixi bu baxımdan tariximizin şərəfli səhifələri sırasında özünəməxsus yer tutur. Bu dövrün tarixi problemləri ilə bağlı son illərdə çox ciddi elmi araşdırmalar aparılmış və dəyərli elmi əsərlər çap olunmuşdur.

 

Belə əsərlərdən biri də pedaqoji  elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” (Elm və təhsil, 2002, 240 s.) monoqrafik tədqiqatıdır.

 

Bu əsər ilk növbədə Azərbaycan tarixinə dəyərli töhfə kimi mühüm əhəmiyyət kəsb edir. Burada Vətən tarixinin, xüsusilə Qərbi Azərbaycanın XIX - XX yüzilliyə aid problemlərinin aydın izahı, elmi şərhi verilmiş, Rusiyanın müstəmləkəçilik siyasətinin nəticələri təhlil edilmiş, dövrün ümumiləşdirilmiş tarixi, siyasi, mədəni mənzərəsi təqdim olunmuşdur. Müəllif Çar Rusiyasının Cənubi Qafqazda yeritdiyi siyasətin mahiyyətini faktlarla əsaslandırır, burada yaşayan türk-müsəlman əhalisinin real vəziyyətini, xalqın dil, mədəniyyət, dövlətçilik uğrunda mübarizəsini konkret nümunələrlə diqqətə çatdırmışdır. Bu, bir həqiqətdir ki, tarixən İrəvan bölgəsi Azərbaycanın dövlətçilik, elm, təhsil, mədəniyyət tarixində xüsusi rol oynamış, milli düşüncəli böyük şəxsiyyətlər yetişdirmişdir.

 

Tarixi mənbələrdən aydın olur ki, XIX yüzillikdə Çar Rusiyası Cənubi Qafqazı, Qərbi Azərbaycanı işğal etsə də, burada xalq maarifçilik ənənələri yeni tarixi şəraitdə - müstəmləkə rejiminin mövcud olduğu bir dövrdə də böyük əzmlə davam etdirilmişdir. Professor F.Rüstəmov tarixi mənbələrə istinad edərək Qərbi Azərbaycanda xalqın mübarizə yolunu, İrəvan Müəllimlər Seminariyasının açılması zəruriliyini, bu təhsil müəssisəsində tədrisin məzmununu, idarə edilməsini, öyrənən-öyrədən münasibətlərini, məzunların sonrakı fəaliyyət istiqamətlərini tarixi-məntiqi ardıcıllıqla izah etmiş, eyni zamanda görülən işlərin, təhsil tədbirlərinin elmi  əhəmiyyətini diqqətə çatdırmışdır.

 

Əsərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı verdiyi 29 dekabr 2021-ci il tarixli Sərəncamın, Təhsil Nazirliyinin bu sərəncamdan irəli gələn vəzifələrlə bağlı hazırladığı Tədbirlər Planının da ön plana çəkilməsi təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Bu, ölkəmizdə elmə, təhsilə, mədəniyyətə, tariximizə, milli dəyərlərimizə dövlətin diqqət və qayğısıının bariz nümunəsi, milli tariximizə olan böyük sevginin göstəricisidir. Tarixə olan sevgi keçmişi qorumaq, yaşatmaq əzmi olmaqla, həm də yaşamaq, gələcək hədəflərə çatmaq uğrunda mübarizə əzmidir. Ona görə də tarixi öyrənmək, araşdırmaq, xalqa, gələcək nəsillərə çatdırmaq vacib və əhəmiyyətlidir. “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabı bu baxımdan da dəyərli əsər, tarixi mənbə sayıla bilər.

 

Tarixi mənbələrdən aydın olur ki, İrəvan Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi 40 ilə yaxın müddətdə (1881-1918) təkcə İrəvanda deyil, Naxçıvanda, Təbrizdə, Bakıda və ümumiyyətlə, bütövlükdə Azərbaycanda milli maarifçiliyin inkişafında mühüm rol oynamışdır. Professor Fərrux Rüstəmovun əsərində bu məsələyə də münasibət bildirilmiş, seminariyanın maarifçilik hərəkatına təsiri öyrənilmiş, ilk mənbələr təhlil edilərək müəllif mövqeyi əsaslandırılmışdır.

 

Qeyd edək ki, seminariyanın açılışı bir tarixi hadisə idi. Bölgədə Avropa tipli təhsil müəssisəsinin varlığı burada Şərq dilləri ilə yanaşı, rus və Qərb dillərini də bilən mütəxəssis hazırlığı üçün imkanlar yaradırdı. 8 noyabr 1881-ci ildə İrəvan Müəllimlər Seminariyasının açılışında dövlət nümayəndələrinin, o cümlədən qubernatorun, xalq məktəbləri direktorunun, eyni zamanda din xadimlərinin, maarifçilərin, tələbələrin, onların valideynlərinin iştirakı bu təhsil müəssisəsinə olan marağın, inamın, maarifçiliyin inkişafına olan böyük ümidlərin ifadəsi kimi də dəyərləndirilə bilər. 9 müəllim, 42 şagirdlə fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası, həqiqətən, maarifçiliyin inkişafında böyük rol oynadı.

 

Professor F.Rüstəmov İrəvan quberniyası üzrə 1888-ci ilə aid olan tarixi mənbələri təhlil edərkən, o zaman seminariyaya qəbulla bağlı bəzi məsələlərə aydınlıq gətirmişdir. Təhlillərdən aydın olur ki, seminariyaya qəbul olunan azərbaycanlıların hazırlıq səviyyəsi müxtəlif olmuşdur. Həmin ilə aid məlumatda göstərilir ki, ikisinifli və üçsinifli şəhər məktəbini bitirənlərin təlim səviyyəsi və davranışı yüksək olmuş və bu göstəricilər əsas götürülərək onlar gimnaziyanın birinci sinfinə qəbul edilmişlər. Belə tələbələr bir qayda olaraq xəzinə hesabına təhsil alırdılar. Onlar təlim nailiyyətlərinə görə başqalarından çox seçilirdilər. Seminariyanı bu baxımdan uğurla bitirənlər əsl xalq müəllimi kimi xidmətə başlayır və tezliklə öz əməli fəaliyyətləri ilə xalq içərisində böyük hörmət qazanırdılar. Bu, həm də növbəti illərdə seminariyada təhsilin məzmun və metodlarının təkmilləşdirilməsinə də ciddi təsir göstərirdi.

 

Professor Fərrux Rüstəmovun əsərində bu məsələlərin aydın şərhi verilmiş, seminariyada təhsilin struktur və məzmun problemləri vəhdətdə öyrənilmişdir. Müəllif seminariyanın tarixini tədqiq edərkən ilk mənbələrlə yanaşı, İrəvan maarifçilik mühiti, İrəvan Müəllimlər Seminariyası ilə bağlı elmi araşdırma aparmış digər tədqiqatçıların da elmi nəticələrinə hörmətlə yanaşmış, onların elm və təhsil tarixində rolunu, pedaqogika elminə xidmətlərini, vətənpərvərlik mövqelərini dəyərləndirmişdir. Bu baxımdan Hüseyn Əhmədov, Əsgər Zeynalov, Cəfər Cəfərov, Cəlal Allahverdiyev, Hümeyir Əhmədov, Həsən Bayramov, Nazim Mustafa, Əziz Ələkbərli və başqalarının əsərlərinə müraciət olunması, onların da qiymətləndirilməsi əhəmiyyətlidir.

 

F.Rüstəmov ilk mənbələr əsasında İrəvan quberniyası üzrə 1884-1896-cı illərdə seminariyada təhsil alan tələbələrin siniflər (kurslar) üzrə bölgüsü, məzunların və tələbələr sırasından xaric edilənlərin sayı, illik maliyyə xərci və digər məsələlər barədə məlumatları təhlil etmiş, müvafiq göstəriciləri əks etdirən cədvəl vermişdir. Cədvəldə ayrı-ayrı illər üzrə tələbələrin inkişaf dinamikasına aydınlıq gətirilmişdir. Elmi araşdırmalar göstərir ki, seminariyaya qəbul və burada təhsil almaq heç də asan deyildi. Kənd müəllimlərinə ciddi ehtiyac olmasına baxmayaraq, qəbul zamanı seçimdə heç kimə güzəşt edilmir, yalnız müvafiq şərtləri ödəyənlərin sənədləri qəbul olunurdu. Məsələn, mənbənin verdiyi məlumata görə 1890-cı ildə qəbul üçün 45 nəfər sənəd vermiş, onların sırasından yalnız 28-i (62,2%) seçilmişdi.  Əlbəttə, bu şərtlər sırasında rus dilini bilmək, rus adət-ənənələrini öyrənmək, yaşın 16-ya çatması və s. kimi tələblər də xüsusilə diqqət çəkirdi.

 

Tədqiqatlar göstərir ki, İrəvan Müəllimlər Seminariyasına qəbul hər ildə bir dəfə aparılmışdır. Birinci sinfə qəbul prosesi tədris ili başlamazdan əvvəl həyata keçirilirdi. Seminariya tələbələri dövlət, yaxud yerli özünüidarəetmə təşkilatı olan zemstvolar tərəfindən təqaüd alırdılar. Dövlət təqaüdçülərinə nəzarət daha güclü idi. Belə ki, dövlət tərəfindən təqaüd alan tələbə təhsil müddətində seminariyadan xaric edildiyi təqdirdə, yaxud təhsilini başa vurandan sonra təyinat yerinə getmədikdə, xalq müəllimi kimi işləməkdən imtina etdikdə o, aldığı təqaüdü geri- dövlət xəzinəsinə qaytarmağa borclu idi. Qeyd edək ki, qaydalara görə seminariyanı bitirən tələbə məzun olduqdan sonra təlim dairəsi popeçitelinin təyin etdiyi məktəbdə minimum altı il ibtidai məktəb müəllimi kimi işləməli idi.

 

Professor Fərrux Rüstəmovun əsərində bu məsələlərə aydın, elmi şərh verilmiş, seminariyada təhsil  alan azərbaycanlı tələbələrin inkişaf dinamikası da izlənilmiş, 1901-1917-ci illərdə bu təhsil müəssisəsində oxuyan azərbaycanlıların sayı və faiz göstəriciləri diqqətə çatdırılmışdır. Verilmiş cədvəldən aydın olur ki, illər üzrə göstəricilər bəzi hallarda aşağı düşsə də, ümumi orta göstəricilərin əsasən artdığı müşahidə olunur.

 

Məsələn, 1901-ci ildə 19, 1908-ci ildə 20, 1915-ci ildə 19, 1916-cı ildə 22, 1917-ci ildə 23 azərbaycanlı tələbənin bu seminariyada təhsil aldığı barədə məlumat verilmişdir. Doğrudur, bəzi mənbələrdə müvafiq illər üzrə fərqli rəqəmlərə də rast gəlinir. Bu da onunla bağlıdır ki, bəzi məlumatlar dərs ilinin əvvəlinə, yaxud sonuna, bəzisi isə ilin yarısına (yarımillik) aid faktları əks etdirir.

 

Professor F.Rüstəmov İrəvan Müəllimlər Seminariyasının nəzdində ibtidai məktəb kimi fəaliyyət göstərən Nümunə məktəbi haqqında da araşdırma aparmışdır. Müəllif qeyd edir ki, xalq müəllimi hazırlayan bütün seminariyaların nəzdində ibtidai məktəblər olmuşdur. İrəvan Müəllimlər Seminariyasının nəzdindəki ibtidai məktəbdə digər millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlı uşaqlar da təhsil alırdılar. Məsələn, 1888-ci ilə aid məlumata görə burada təhsil alan 66 şagirdin10-u  azərbaycanlı, qalanı isə digər millətlərin (rus, gürcü, erməni) nümayəndələri olmuşlar. 1905-ci ildə ibtidai məktəbdə 44 şagirddən 7-si rus, 35-i erməni, 1-i yunan olduğu halda heç bir azərbaycanlının adına rast gəlinmir. Bu da o zamankı siyasi vəziyyətlə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamla, soyqırımla bilavasitə bağlıdır. Belə ki, İrəvanda azərbaycanlılara qarşı törədilmiş soyqırım nəticəsində soydaşlarımızın böyük bir hissəsi didərgin düşmüş, Türkiyəyə, İrana və Azərbaycanın müxtəlif bölgələrinə qaçmağa məcbur olmuşdular.

 

Professor F.Rüstəmov sonrakı illərdə də ibtidai məktəbdə və orada oxuyan azərbaycanlılar barədə zəruri informasiyaları diqqətə çatdırır. Mənbə materiallarından aydın olur ki, ibtidai məktəblərə 8-9 yaşlı oğlan uşaqları qəbul olunmuş və qəbul zamanı valideynlərin ərizələri əsas götürülmüşdür. Birsinifli ibtidai məktəblərdə təhsil müddəti 3 il, ikisinifli ibtidai məktəblərdə isə 4 il olmuşdur. Bu məktəbdə rus dili və hesab birinci dərəcəli, digər fənlər isə (Azərbaycan dili, nəğmə, rəsm, təbiət və s.) ikinci dərəcəli fənlər hesab edilirdi.

 

Tarixi mənbələrdə seminariyanın kitabxanası, laboratoriyası, tədris planları və proqramları, tədris ədəbiyyatı, təlimin və pedaqoji təcrübənin təşkili, tələbələrin biliyinin yoxlanılması, sinifdənxaric tədbirlər və digər məsələlərlə bağlı məlumatlar vardır. Bu mənbələr də F.Rüstəmov tərəfindən öyrənilmiş, seminariyanın Qərbi Azərbaycan mühitindəki fəaliyyəti geniş tədqiq olunmuşdur.

 

İrəvan Müəllimlər Seminariyasında dərs demiş, yaxud bu təhsil müəssisəsində oxumuş və milli maarifçilik hərəkatının görkəmli nümayəndələri kimi tanınmış bəzi ziyalılar haqqında da araşdırma aparılması və nəticələrinin bu kitaba daxil edilməsi təqdirəlayiqdir. Bu baxımdan əsərdə Axund Məhəmmədbağır Qazızadə (şəriət və tatar (Azərbaycan) dili müəllimi), Mirzə Cabbar Məmmədov, Axund Əbülhəsən Qazızadə (şəriət müəllimi), Rəhim Xəlilov, Həmid bəy Şaxtaxtinski, Həbibbəy Səlimov, Rəşid bəy İsmayılov, Fərrux bəy Ağakişibəyov, Haşımbəy Vəzirov, İbrahim Səfiyev (İbrahim Səfi), Cəfər bəy Cəfərbəyov, Mehdi Kazımov, İbadulla bəy Muğanlinski və başqalarının həyat və fəaliyyəti, maarifçilik tarixində rolu barədə məlumatların verilməsi əhəmiyyətlidir. Bu şəxslər Qərbi Azərbaycanda milli maarifçilik hərəkatının lokomotivi kimi çox böyük təsir gücünə malik idi. Onların bir qismi bilavasitə seminariyada, digər məktəblərdə dərs deməklə milli təhsilimizin inkişafına xidmət göstərir, həm də başqa sahələrdə çalışmaqla, mətbuat orqanlarında çıxış etməklə, yazıçı və jurnalistlik fəaliyyəti ilə, teatr xadimi olmaqla milli mədəni-maarifin tərəqqisi üçün səylərini əsirgəmirdilər. Professor F.Rüstəmovun tədqiqatında belə şəxsiyyətlərin hər biri haqqında materialın verilməsi milli irsimizə hörmət və ehtiramın əlaməti, tarixi yaddaş xəritəmizin bərpası və səriştəli tədqiqatçıya xas olan dəyərli xüsusiyyət kimi qeyd edilə bilər.

 

Kitabda İrəvan Müəllimlər Seminariyasının ali təhsil almış məzunlarından da bəhs edilmiş, onların keçdikləri həyat yolu, cəmiyyətə verdikləri töhfələr barədə zəruri məlumatlar əksini tapmışdır.

 

Məlumdur ki, Rusiya müstəmləkəçiliyi dövründə -XIX əsrdən başlayaraq M.F.Axundzadə, H.B.Zərdabi, M.M.Şaxtaxtlı təlimin ana  dilində - Azərbaycan dilində təşkili üçün mübarizə aparırdılar. İrəvan Müəllimlər Seminariyasında dərs demiş, bu təhsil ocağının məzunu olmuş, eyni zamanda ali təhsil almış nümayəndələri də, o cümlədən xüsusilə Həmid Şaxtaxtinski və Mirzə Cabbar Məhəmmədzadə təlimin ana dilində aparılmasının qızğın tərəfdarları  kimi çıxış etmişlər. Professor F.Rüstəmov onların bu istiqamətdə fəaliyyətlərini də təhlil etmiş və dəyərləndirmişdir.

 

Kitabda məkrli erməni siyasətinin nəticəsində İrəvan Müəllimlər Seminariyasının fəaliyyətini dayandırması, onun xələfi olan Türk Pedaqoji Texnikumunun acı taleyi də arxiv sənədləri əsasında öyrənilmiş, texnikum  məzunlarının  qısa tərcümeyi- halı verilmişdir.

 

Kitabın digər məziyyətlərindən biri də problemə tarixilik və müasirlik kontekstindən yanaşılmasıdır. Belə ki, İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı respublikamızda keçirilən tədbirlər, konfrans və seminarlar haqqında olan məlumatların Xüsusi bölmədə təqdim olunması, dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı görülən işlərin təhlil edilməsi tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Qərbi Azərbaycan həqiqətlərinin təbliği, geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Bu gün cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hər bir azərbaycanlının milli ruhunun, milli düşüncəsinin özəyini təşkil etməlidir. Bu baxımdan Qərbi Azərbaycan həqiqətlərinə işıq salan, milli maarifçilik hərəkatımızdan, milli tarixi yaddaşımızın bərpası məsələlərindən  bəhs edən professor Fərrux Rüstəmovun “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabı təkcə elm adamları üçün deyil, bütövlükdə vətəndaşlıq missiyasını həyata keçirməyə çalışan, xidmət edən hər kəs üçün zəngin, dəyərli elmi mənbə rolunu oynayır.

 

İntiqam CƏBRAYILOV,

pedaqogika elmləri doktoru, professor, ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri