Şəki Regional Elmi Mərkəzi 50 illik fəaliyyəti dövründə regionun təbii sərvətlərinin hərtərəfli tədqiqi ilə məşğul olub


Tarix boyu Şərqin milli mədəniyyət və elm mərkəzlərindən biri kimi şöhrət qazanmış Şəki şəhərinin ictimai-siyasi, elmi-mədəni inkişafı tarixin özü qədər qədimdir. Şəki minilliklər boyu xalqımızın bir çox alimləri, mütəfəkkirləri, memarlarının beşiyi olub, bu elmi mühitdə ziyalılarımız öz yaratdıqları əsərləri ilə dünya elmində xüsusi yer tutub, ölkəmizə böyük şöhrət qazandırıblar. 

 

Şəkidə elmi kadrların yetişdirilməsində əvəzsiz xidmətləri ilə seçilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin fəaliyyətə başlamasının 50 ili tamam olur. Fəaliyyətə başladığı ilk gündən mərkəzdə regionun sosial-iqtisadi inkişafı və milli-mənəvi dəyərlərinin tədqiqi, bir çox mühüm regional problemlərin həlli ilə bağlı mühüm elmi-tədqiqat işləri aparılıb. Ötən illər ərzində mərkəzin elmi və ictimai fəaliyyəti daha da genişlənib, elmi-tədqiqatların istiqamətləri müxtəlif sahələri əhatə edib.

 

Şəki Regional Elmi Mərkəzinin fəaliyyətinə nəzər saldıqda, bu elm ocağının Azərbaycanın Şimal-qərb bölgəsinin elmi, mədəni, tarixi, sosial-iqtisadi və perspektiv inkişafının təzahürü kimi yarandığının, mərhələli şəkildə inkişaf  etdiyinin və şərəfli bir yol keçdiyinin şahidi oluruq.

 

Belə ki, Şəki-Zaqatala bölgəsində mövcud elmi, mədəni, tarixi, ekoloji-coğrafi, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin mövcud olan problemlər, onların aradan qaldırılmasının labüdlüyü, elmi nəticələrin əldə edilərək istehsalata tətbiq olunması, eləcə də bölgənin tarixi və mədəni irsinin araşdırılması, ölkənin iqtisadi həyatında xüsusi rolu və əhəmiyyəti nəzərə alınaraq 1972-ci ildə Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Şəki şəhərində Şəki Zona Elmi Bazasının yaradılmasına dair  qərar qəbul edilib.

 

Həmin dövrdə Şəki Zona Elmi Bazasına Geologiya İnstitutunun baş elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Zəkəriyyə Əlizadə rəhbər təyin edilib, həmin ildə Şəki Meşə Təsərrüfatı İdarəsi üçün yeni tikilmiş ikimərtəbəli, genişhəyətli inzibati bina Elmi Bazanın fəaliyyəti üçün istifadəyə verilib. Bölgənin mədəni və yabanı meyvə və giləmeyvə bitkilərindən ibarət genefond bağının yaradılması Elmi Bazanın inkişaf istiqamətlərini daha da genişləndirib.

 

Şəki Zona Elmi Bazanın əsasının qoyulduğu ilk günlərdən fiziki amillərin ipəkçilikdə rolu məsələlərini araşdırmaq, regionun təbii sərvətlərini hərtərəfli öyrənmək, bitki və torpaq örtüyündən daha səmərəli istifadə etmək, Böyük Qafqaz dağlarının cənub yamaclarında faydalı qazıntı yataqlarının aşkarlanması və tədqiqi, ərazinin selli çayları və selə qarşı mübarizə tədbirlərinin hazırlanması məqsədilə planlar tərtib edilib və icrasına başlanılıb.

 

Şəki-Zaqatala bölgəsinin zəngin mineral xammal, torpaq və bitki örtüyünü öyrənmək məqsədilə 1972-ci ildə Azərbaycan SSR EA-nın Şəki Zona Elmi Bazasının “Geologiya” qrupu yaradılıb, 1976-cı ildən geokimya laboratoriyası kimi fəaliyyət göstərib. Bu laboratoriya 2015-ci ildən etibarən Landşaftşünaslıq şöbəsi adlandırılıb.

 

Mərkəzin strukturu olan Yabanı və mədəni bitkilərin genefondu laboratoriyası Şəki Zona Elmi Bazası təsis edilərkən qrup kimi Genetika və Seleksiya İnstitutunun tərkibində fəaliyyətə başlayıb. 1995-ci ildən həmin laboratoriya genefond laboratoriyası kimi, 2015-ci ildən isə Bitkilərin genefondu və biomüxtəlifliyi şöbəsi kimi fəaliyyətini davam etdirir.

 

1972-ci ildə ilk yaranan qruplardan biri “Fizika” qrupu olub. Bu qrup 1984-cü ildə biofizika laboratoriyasına, 2015-ci ildən Ekoloji biofizika şöbəsinə çevrilib.

 

Elmi Bazanın “İpəkçilik” qrupu yerli şəraitə uyğun yüksək məhsuldar, xəstəliyə davamlı və istehsalatın bütün tələblərinə cavab verə bilən tut ipəkqurdunun xətt, cins və hibridlərinin yaradılması məqsədilə 1974-cü ildə ipəkçilik laboratoriyası ilə əvəz edilib. 2015-ci ildən bu laboratoriya Tut ipəkqurdunun seleksiyası şöbəsi kimi fəaliyyətini davam etdirir.

 

Şöbənin alimləri Azərbaycanda ilk dəfə ipəkçilik sahəsində böyük uğura imza ataraq “Saturnia pyri” vəhşi ipəkqurdunun ipəkçilikdə istifadəsi perspektivlərini müəyyən ediblər. İxtiranın elmi yeniliyi ondan ibarətdir ki, “Saturniidae” ailəsinə aid olan “Saturnia pyri” vəhşi ipəkqurdunun məhz ipəkçilik üçün yetişdirilməsi ilə ondan yüksək davamlılıq qabiliyyətinə malik spesifik ipək alınıb. İlkin nəticələr göstərib ki, ənənəvi tut ipəkqurdunun (Bombyx mori) ipəyi ilə müqayisədə, heteretrof canlı olan “Saturniya pyri”nin ipəyinin lifləri daha davamlı, iki dəfə daha möhkəmdir, o cümlədən digər toxuculuq lifləri ilə yaxşı uzlaşır. Bu ipəkqurdundan əldə edilən ipəyin təbii biomaterial kimi müxtəlif  biotibbi tətbiqlərdə mümkünlüyü proqnozlaşdırılır.

 

Elmi Bazada fəaliyyət göstərən Bitkilərin biokimyası şöbəsi 1973-cü ildən 1990-cı ilədək “Fitologiya” qrupu kimi, 1990-cı ildən 2015-ci ilə qədər biokimya laboratoriyası, 2015-ci ildən isə Bitkilərin biokimyası şöbəsi kimi Azərbaycanın Şimal-qərb regionunun bitki örtüyünün biokimyəvi xüsusiyyətlərinin araşdırılması ilə məşğuldur.

 

Şimal-qərb bölgəsinin maddi sərvətləri ilə yanaşı, qiymətli mənəvi sərvəti - söz, ləhcə, şivə, qədim adət-ənənə, sənətkarlıq və mətbəx möcüzələri ilə zəngin tarixi folkloru vardır. Bu istiqamətdə tədqiqatların aparılması məqsədilə Elmi Bazada 1989-cu ildə folklorşünaslıq və el sənətləri laboratoriyası yaradılıb. Hazırda həmin laboratoriya eyni adlı şöbə kimi fəaliyyət göstərir.

 

Mənbəyini Böyük Qafqazın cənub yamacı zirvələrindən götürən, daşqın və sellərlə müşahidə edilən təhlükəli çaylar Şəki-Zaqatala bölgəsinin sosial-iqtisadi həyatına ciddi ziyan vurur, təsərrüfatın inkişafına mənfi təsir göstərir. Baş verən prosesləri elmi əsaslarla öyrənmək, sellərin təsərrüfat həyatına mənfi təsirini azaltmaq məqsədilə kompleks tədbirlərin görülməsi mexanizmini hazırlamaq məqsədilə AMEA  Rəyasət Heyətinin 5 aprel 1991-ci il tarixli qərarı ilə Şəki Regional Elmi Mərkəzində sellərin öyrənilməsi laboratoriyası təşkil edilib. 2015-ci ildən bu günədək Ekoloji coğrafiya şöbəsi kimi fəaliyyət göstərən bu struktur vahidi, həmçinin regionun ekoloji vəziyyətinin, ekoloji turizm imkanlarının öyrənilməsi ilə də məşğuldur.

 

Şimal-qərb bölgəsinin tarixi, etnoqrafiyası, arxeologiyasının dərindən öyrənilməsi məqsədi ilə folklorşünaslıq və el sənətləri laboratoriyasının tərkibində fəaliyyət göstərən “Tarix-etnoqrafiya” qrupu 2015-ci ildə Tarixi irs və etnoqrafiya şöbəsi kimi təsdiqlənib. Bu şöbənin elmi-tədqiqat istiqamətlərinə bölgənin tarixi memarlıq abidələri, tarixi şəxsiyyətləri, region tarixi ilə bağlı arxiv materialları, alban abidələri və mill-mənəvi irsimizin araşdırılması kimi əhəmiyyətli məsələlər daxildir.

 

Şəki Regional Elmi Mərkəzi və Geologiya İnstitutu 1998-ci ildən Böyük Qafqazın geodinamik şəraitini müəyyənləşdirmək məqsədi ilə birgə elmi tədqiqatlara başlayıb. Mərkəzdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun dəstəyi ilə onlayn rejimdə işləyən GPS stansiyası qurulub. Bu stansiya məsafədən idarə edilir və əldə olunan məlumatlar UNAVCO (ABŞ) məlumat mərkəzinə ötürülür.

 

Şəki Zona Elmi Baza Elmlər Akademiyasının Rəyasət Heyətinin 16.04.1995-ci il tarixli qərarı ilə Şəki Regional Elmi Mərkəzinə çevrilib. 2014-cü ildən Elmi Mərkəzə fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rəhbərlik edir. Y.Şükürlünün mərkəzə rəhbərlik etdiyi dövrdən elmin perspektivli istiqamətləri üzrə gənc tədqiqatçılara böyük imkanlar yaradılır, gənc mütəxəssislər Şəki Regional Elmi Mərkəzə cəlb edilir.

 

Şəki Regional Elmi Mərkəzi beynəlxalq əlaqələrinin inkişafına da böyük önəm verir, respublika ilə yanaşı, beynəlxalq səviyyəli elmi tədbirlərdə də Azərbaycan elminin müxtəlif istiqamətləri üzrə təmsil olunur, elmin inkişafına və kütləviləşməsinə öz töhfəsini verir.

 

Mərkəzin, həmçinin bir sıra beynəlxalq və yerli elmi-tədqiqat müəssisələri ilə də əməkdaşlıq əlaqələri mövcuddur. Bunlara Bolqarıstan Aqrar Universiteti, Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası İpəkçilik və Əkinçilik Təcrübə Stansiyası, Tacikistan Respublikası Kənd Təsərrüfatı Akademiyası İpəkçilik Stansiyası, Özbəkistan Təbii Liflər Elmi Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və AMEA Zoologiya İnstitutunu nümunə göstərmək olar.

 

Elmi Mərkəzin əməkdaşları mütəmadi olaraq öz elmi nəticələri ilə respublika və beynəlxalq əhəmiyyətli elmi-kütləvi konfranslarda təmsil olunur, onların elmi jurnallarda 1000-ə yaxın tezis və elmi məqalələri çap edilib. İndiyədək mərkəz əməkdaşlarının məhsuldar əmək fəaliyyəti nəticəsində 50-dən çox kitab, 10 monoqrafiya işıq üzü görüb, 20 patent, 8 müəlliflik şəhadətnaməsi əldə edilib.

 

Şəki Regional Elmi Mərkəzi bu gün bölgənin zəngin tarixi-arxeoloji və etnoqrafik irsinin, maddi-mədəni və mənəvi mühitinin araşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir. Mərkəzin əməkdaşları qurumun 50 illik fəaliyyəti dövründə çoxşaxəli elmi-tədqiqatla məşğul olaraq mühüm nəticələr əldə ediblər. Cəmi bir fəlsəfə doktoru və 20 əməkdaşla fəaliyyətə başlayan Şəki Regional Elmi Mərkəzdə hazırda 97 əməkdaş, o cümlədən 1 elmlər doktoru, 10 fəlsəfə doktoru, 14 dissertant və doktorant fəaliyyət göstərməkdədir.

 

Daim dövlətə və dövlətçiliyə fədakarlıq və əzmlə xidmət edən Şəki Regional Elmi Mərkəzinin elmi və ictimai fəaliyyəti təqdirəlayiqdir. Mərkəz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad edilmiş doğma torpaqlarımızın yenidən qurulmasında, 30 il ərzində istismar olunmuş təbii sərvətlər, pozulmuş ekoloji tarazlığın bərpasında da yaxından iştirak etmək niyyətindədir.

 

50 illik uğurlu və şərəfli bir yol keçən Şəki Regional Elmi Mərkəzinə Azərbaycan elminin inkişafı naminə yeni-yeni nailiyyətlər arzu edirik!

 

Nərgiz QƏHRƏMANOVA,

AMEA Rəyasət Heyəti aparatının Media və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri