İnsanlara verilən ömür qısadır, özü də çox qısadır. Allahın bəxş etdiyi beşiklə məzar arasındakı bu qısa ömrü ləyaqət və şərəflə yaşayan insan fiziki ölümü ilə əbədi həyat qazana bilər. Ümumiyyətlə, insanlar bu dünyanı tərk edərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, onları xatırlayan, yada salan, xeyirxah əməllərini dilə gətirən adamların fikirlərində, xəyallarında, təsəvvürlərində yaşayırlar. Uzaq Şərq ölkələrinin bəzilərində bir insan öləndə yaxın adamları toplaşıb mərhumun xeyir əməllərini yada salaraq onu tərənnüm edirlər. Yetmiş illik ömrünün hər anı, hər günü, hər ayı və ili tərənnüm ediləsi insanlardan biri də oğul dərdinə dözməyərək bu həyatla vidalaşan Ənvər Niftulla oğlu İmanovdur.
Ömrünün altıncı onilliyində akademik Yaqub Mahmudov Ənvər İmanov haqqında yazırdı: “Nə yaxşı ki, sən varsan, tək-tək sənin kimiləri var, dostum Ənvər! Fani dünyamız sürətlə dəyişir, dünya dəyişdikcə milli-mənəvi dəyərlərimiz də aşılanıb əldən gedir... Mən səni ümid yeri, xeyir əməllər sahibi olan tək-tək nadir insanlardan biri sanıram! Sən bu sürətlə dəyişən dünyada dəyişməyərək qalan, el-obasına, xalqına örnək olaraq yaşayan Vətən oğlusan! Xoşbəxt insansan ki, səni Tanrı çoxlarından fərqli olaraq ümid yeri kimi xəlq edib... Nə yaxşı ki, bu dünyada Ənvər İmanov var”. On il sonra ürək ağrısı və təəssüf hissi ilə bu fikirləri yazmaq məcburiyyətində qalmışam: “İnsanlıq və dostluq etalonu olan Ənvər İmanov artıq bu dünyada yoxdur, əbədi dünyadadır, ciyərparəsi Bəxtiyarla baş-başadır. Ondan bizlərə qalan əlçatmaz, ünyetməz xatirələrdir...”
Sarvan kəndindən başlanan ömür yolu...
Ənvər İmanov 2 oktyabr 1952-ci ildə Salyan rayonunun Sarvan kəndində Niftulla kişi ilə Dünyaxanım ananın ailəsində dünyaya gəlib. Nəcib nəsil şəcərəsinə malik olan balaca Ənvər hələ kiçik yaşlarından genetik imkanları ilə seçilib. O, ilk həyat dərsini valideynləri ilə bərabər dayıları böyük maarifçi Abuzər Ağayevdən, pedaqoq alim Əjdər Ağayevdən, Ağası Ağayevdən alıb, qüdrətli və əvəzedilməz ailə məktəbini uğurla bitirib. Məktəbdə oxuyarkən fərasəti və diribaşlığı ilə müəllimlərin sevimlisinə çevrilib. IV sinifdə oxuyanda ilk yazısı “Azərbaycan pioneri” qəzetində dərc edilib, adı məktəbin və kəndin hüdudlarından çox-çox uzaqlarda eşidilməyə başlayıb. Hekayələri və rəsm əsərləri ilə Azərbaycan uşaq mətbuatında çıxışlar edib, müxtəlif müsabiqələrin qalibi kimi həmyaşıdlarından seçilib, məktəbin fəxrinə çevrilib. İllər bir birini əvəzlədikcə ona uğur gətirib.1960-1970-ci illərdə Qırmızıkənd kənd orta məktəbində, 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsində oxuyub. Pedaqoji fəaliyyətinə 1974-cü ildə Neftçala rayonunun Xolqarabucaq kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1976-cı ildə həmin məktəbdə direktor müavini vəzifəsinə irəli çəkilib və 4 il həmin məktəbdə tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində çalışıb.
Aspirantura illəri
Keçən əsrin 70-80-ci illərində gənclərdə elmə güclü maraq və meyil vardı. Ali təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirənlərin əksəriyyəti aspiratura təhsili almağa üstünlük verirdi. Bu, bir tərəfdən gənclərdəki daxili motivlə, digər tərəfdən isə elmi dərəcəsi və elmi adı olanlara dövlətin yaratdığı çox yüksək imkanlarla bağlı idi. Həmin dövrdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (ETPEİ) pedaqoji elmlərin ayrı-ayrı sahələri üzrə güclü məktəb yaranmışdı. Burada pedaqogika və fənlərin tədrisi metodikaları üzrə görkəmli alimlər çalışırdı. Ənvər İmanov da Xolqarabucaq kənd orta məktəbində direktor olmaq imkanlarından imtina edərək arzularının qanadında Bakıya gəldi. Respublikada pedaqoji elmlərin akademiyası rolunu oynayan ETPEİ-nin aspiranturasına üz tutdu. Uğurla qəbul imtahanı verərək pedaqogika nəzəriyyəsi və tarixi (yaşlıların təhsili) ixtisası üzrə əyani aspiranturaya daxil oldu. Professor Nurəddin Kazımovun elmi rəhbərliyi ilə “Axşam (qiyabi) ümumtəhsil məktəbi şagirdlərinin istehsalat təcrübəsindən tədris prosesində istifadə təlim və peşəyönümü işinin keyfiyyətini yüksəldən vasitə kimi” mövzusu üzərində işləməyə başladı. Təhkim edildiyi şöbəyə tanınmış metodist alim Ağadadaş Babayev rəhbərlik edirdi. Şöbənin aspirantları Yaşar Əliyev, Əlişah Gərayev, Natiq Axundov, Mübariz Əmirovla birlikdə o dövrün görkəmli alimlərindən elmi-tədqiqat aparmağın sirlərini öyrəndi, qısa bir müddətdə bacarıqlı tədqiqatçı kimi yetişdi. Müxtəlif konfranslardakı elmi çıxışları ilə tədqiqatçı alimlərin diqqətini cəlb etdi. Onların zəmanəti ilə ilk elmi məqalələri işıq üzü gördü, yaradıcılıq imkanları ilə həmkarlarından seçildi. Üç il müddətində namizədlik dissertasiyasını yazıb başa çatdıran Ənvər müəllim 11 noyabr 1983-cü ildə direktor Zahid Qaralovun əmri ilə institutun “Təlim-tərbiyənin sosioloji problemləri” bölməsinə kiçik elmi işçi təyin olundu. Səbr və təmkinlə istehsalat təcrübəsinin təşkili xüsusiyyətlərini öyrəndi, axşam (qiyabi) ümumtəhsil məktəblərində onlardan peşəyönümü işinin keyfiyyətini yüksəldən vasitə kimi istifadə olunmasının nəzəri və praktik əhəmiyyətini üzə çıxartdı. Tədqiq etdiyi problemlə bağlı nəşr etdirdiyi qəzet və jurnal məqalələri ona peşəkar tədqiqatçı statusu qazandırdı.
Pedaqoji yaradıcılığı, tədqiqatçılıq səliqə-sahmanı və qabiliyyəti ilə seçilən Ənvər müəllim həm də şəxsiyyət bütövlüyü, işgüzarlığı, səmimiyyəti, ciddiliyi və incə yumor hissi ilə həmkarlarının sevimlisinə çevrildi. 1985-ci ildə Ənvər müəllim çoxdan başa çatdırdığı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə etməyə hazırlaşdığı bir vaxtda maarif nazirinin müavini Zahid Qaralov tərəfindən Maarif Nazirliyində işə dəvət olundu. O, burada işgüzarlığı, məsuliyyəti, çalışqanlığı, təşəbbüskarlığı, uğurlu fəaliyyəti ilə seçildi, əsl məmur-mütəxəssis kimi formalaşdı, qısa bir vaxtda vəzifə pillələrində sürətlə irəlilədi.
Maarif Nazirliyindən Təhsil Nazirliyinə
Ənvər İmanovun şərəfli və mənalı ömrünün 30 ili Təhsil Nazirliyi ilə bağlı olmuşdur. O, 1985-1988-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyinin Respublika Metodkabinetində metodist, tərbiyə laboratoriyasının müdiri, 1989-1992-ci illərdə Xalq Təhsili Nazirliyinin RTMM-də ümumtəhsil fənlərinin tədrisi kabinetinin müdiri, 1992-2015-ci illərdə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsində aparıcı inspektor, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır. Bu illərdə elmi yaradıcılığını da davam etdirmiş, Azərbaycanda pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə Müdafiə Şurası olmadığından Gürcüstana getməli olmuş, 1986-cı ildə Tbilisidə Y.S.Qoqebaşvili adına Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda “Axşam (qiyabi) ümumtəhsil məktəbi şagirdlərinin istehsalat təcrübəsindən tədris prosesində istifadə təlim və peşəyönümü işinin keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.
Nəzəriyyədən təcrübəyə
Yüksək elmi-nəzəri hazırlığı ilə seçilən Ənvər İmanov Təhsil Nazirliyində çalışarkən pedaqoji mətbuatda elmi-pedaqoji və publisistik yazılarla çıxış etməklə yanaşı, həm də peşəkar redaktor kimi formalaşdı. Onun elmi redaktorluğu ilə “Şagirdlərin peşəyönümü işində sinif rəhbəri ilə valideynlərin əlbir işi” (1986), “Uşaq bağçasında tərbiyə və təlim proqramının tətbiqinə dair tövsiyələr” (1986), “Şagirdlərdə sülhə məhəbbət və müharibəyə nifrət hisslərinin tərbiyə olunması metodikası” (1986), “Ədəbiyyatdan sinifdənxaric işlər” (1988), “Ailə həyatının etika və psixologiyası” kursunun tədrisi metodikasının ümumi məsələləri” (1988), “Uşaq bağçasında tərbiyə və təlim proqramı”na dair müntəxəbat” (1989), “Azərbaycan SSR ümumtəhsil məktəblərində imtahanlar, şagirdlərin sinifdən-sinfə keçirilməsi və buraxılışı haqqında təlimat (1989-1990-cı dərs ili)” (1990) və tanınmış təhsil təşkilatçısı Abuzər Ağayevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Əbədiyaşarlıq” (2004) kitabları nəşr olundu. 1989-1992-ci illərdə onun redaktorluğu ilə “Təhsil Nazirliyinin əmr və təlimatlar” aylıq məcmuəsi işıq üzü gördü.
Həmin illərdə onun “Ümumtəhsil məktəblərində şagirdlərin əmək hazırlığının təşkili məsələsinə dair” (1985), “Qiyabi orta məktəblərdə müstəqil işlərin təşkili” (1987), “Ümumtəhsil məktəblərində tərbiyəyə kompleks yanaşma üzrə işin təşkilinə dair metodik tövsiyə” (1988), “Orta ixtisas təhsili müəssisələrinin şöbələrinin işinin təşkili haqqında” (2003) metodik tövsiyələri nəşr olundu.
“Təlim prosesi və məhsuldar” (1990) monoqrafiyası Ənvər müəllimin yaradıcılığında mühüm yer tutur. Kitabda işləyən gənclərin təliminin məhsuldar əməklə əlaqələndirilməsinin xüsusiyyətləri, istehsalat təcrübəsindən təlim prosesində istifadə, işləyən gənclərin peşəyönümünün optimallaşdırılması yolları, məktəblilərin əmək hazırlığının ümumi məsələləri araşdırılıb.
2002-ci ildə geniş ön söz yazdığı və tərtib etdiyi “Doktor Sahib İmanov yaxşı insanlar arasında” kitabı işıq üzü görüb. Kitabda1973-1991-ci illərdə Salyan Rayonlararası Stomatoloji Poliklinikasının baş həkimi vəzifəsində çalışmış mərhum Sahib Niftulla oğlu İmanovun həyat və fəaliyyətindən bəhs edilir. Son illərdə də xeyli publisistik yazısı işıq üzü görmüşdü: “Açıq dərs” və “Ustad dərsi” müasir təhsil strategiyası kimi” (2017), “Ağız ədəbiyyatının mahir tədqiqatçısı” (2022), “Müdrik həkimin yaşayan obrazı” (2022), “Fədakarlığın ziyalı nümunəsi (Tariyel Abbaslının 70 illiyinə bir neçə söz” (2022), “Dostluğun Tariyel ünvanı” (2022) və s.
Təhsil islahatlarına töhfə
Azərbaycan müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi, təhsil sahəsində də islahatlara başlandı. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra bu proses daha da sürətləndi və sistemli xarakter aldı. Təhsil islahatlarının uğurla aparılması zəruri normativ-hüquqi bazanın yaradılması ilə bağlı idi. Təhsillə bağlı SSRİ-dən miras qalmış qanun, qərar və göstərişlərlə yeni təhsil quruculuğunda uğur qazanmaq mümkün deyildi. Birmənalı olaraq deyə bilərəm ki, 1995-2015-ci illərdə Təhsil Nazirliyində (Maarif Nazirliyində və Xalq Təhsili Nazirliyində) ali və orta ixtisas təhsilinin təşkili, idarəedilməsi, təhsilin məzmunu və tələbə nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı hazırlanan bütün normativ-hüquqi sənədlərin ərsəyə gəlməsində Ənvər İmanovun şəxsi töhfəsi olub. Həmin sənədlərin mükəmməl alınmasında İlham Mustafayev, Kamil Məcidov, Natiq İbrahimovla yanaşı Ənvər İmanovun da peşəkar redaktorluq səriştəsi hiss olunur.
Ənvər müəllimin yeni nəsil ədəbiyyat dərsliklərinin hazırlanmasında səmərəli fəaliyyəti olub. Təhsil Nazirliyində Ədəbiyyat dərsliklərinin hazırlanması ilə bağlı yaradılan komissiyaya sədr akademik Rafael Hüseynov, katib isə Ənvər İmanov təyin edilib. Onların şəxsi münasibəti, səmimi ünsiyyəti məhsuldar yaradıcılıq əməkdaşlığına çevrilib. 2000-ci ildə Ənvər İmanovun Rafael Hüseynov və Vaqif Qurbanovla birgə sonralar bir neçə dəfə nəşr edilən 6-cı sinif üçün “Ədəbiyyat” dərsliyi (red.: B.Abdulla) məktəblilərin ixtiyarına verilib.
Beynəlxalq konfranslarda və layihələrdə iştirak
Ənvər müəllim təhsilin idarəedilməsi, təhsildə şəffaflıq, cavabdehlik və antikorrupsiya ilə bağlı beynəlxalq konfransların və layihələrin iştirakçısı olub. O, 2005-2015-ci illərdə “Təhsildə şəffaflıq, cavabdehlik və antikorrupsiya tədbirləri” Beynəlxalq layihəsi üzrə Təhsil Nazirliyində yaradılmış korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü olub. Beynəlxalq Antikorrupsiya Konqresinin 2007-ci ildə Parisdə keçirilən yay məktəbinin dinləyicisi, 2008-ci ildə Afinada, 2012-ci ildə Braziliyada təşkil edilən konqreslərin iştirakçısı olmuşdur. 2013-cü ildə “Qafqazda biomüxtəlifliyin idarəolunması” proqramı üzrə Almaniyanın Münhen Texniki Universitetinin təlim-tədris bazalarında tədris təcrübəsi keçmişdir.
Doğma Universitetdə
Dövlət qulluğunun kiçik müşaviri olan Ənvər İmanov təqaüdə çıxması ilə əlaqədar olaraq Təhsil Nazirliyindən ayrılaraq vaxtı ilə tələbəsi olduğu Pedaqoji Universitetə qayıdır, tədris-metodik xidmət sahəsində zəngin təcrübəyə malik olması nəzərə alınaraq ADPU-nun Tədris-metodika şöbəsinin müdir müavini vəzifəsinə təyin olunur. 19 sentyabr 2016-cı ildə struktur dəyişikliyinə uyğun olaraq ADPU-da yaradılan Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinə, 29 dekabr 2017-ci ildə isə Tədris departamentinə müdir müavini təyin edilir. Həmin ilin sentyabrından Ümumi pedaqogika kafedrasında 0,5 ştat əvəzçiliklə baş müəllim işləməyə başlayır, Kimya-biologiya və Fizika fakültələrində pedaqogika fənnindən mühazirələr oxumağa başlayır. 28 mart 2017-ci ildə Ümumi pedaqogika kafedrasına dosent vəzifəsinə təyin olunan Ənvər İmanova 23 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK tərəfindən dosent elmi dərəcəsi verilir. 27 sentyabr 2021-ci ildə Universitetdə yeni yaradılan Təhsil menecmenti kafedrasına 0,5 ştat əvəzçiliklə dosent vəzifəsinə təyin olunan Ənvər müəllim ixtisasın tədris planının və fənn proqramlarının hazırlanmasında səmərəli fəaliyyəti ilə yadda qalıb. O, həm də ADPU-da ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə yaradılan Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvü idi. Tələbkar və prinsipial olmaqla yanaşı həm də ədalətli və xeyirxah idi. Rəhbərlik etdiyim həmin seminarda 3 il onunla birlikdə işlədik. O qədər də böyük olmayan kollektivimizdə hamı onu təhsil qanunvericiliyini, təhsil islahatlarının səciyyəvi xüsusiyyətlərini, müasir pedaqoji nəzəriyyələri, sənədləşmə işlərini, pedaqogikanın metodoloji problemlərini dərindən bilən alim kimi yaxşı tanıyır və ehtiram bəsləyirdi. Təhsillə bağlı normativ-hüquqi sənədlərdən söhbət düşəndə gülümsəyərək xəfif səslə deyirdi: ”Elə deyil, e, onu əlimlə belə yazmışam...”.
Ovçuluğa meyil saldı...
Ənvər müəllimin hobbisi ovçuluq idi. Bakıda yaşasa da ov mövsümündə Xəzərin Neftçala sahəsində ovçuluğa gedərdi. Ovçuluğa o qədər meyil salmışdı ki, Neftçalada Xəzərin sahilində bağ evi almışdı. İkimərtəbəli bağ evi dənizin lap yaxınlığında yerləşirdi. Tale elə gətirdi ki, professorlar Ramiz Əliyev və Müseyib İlyasovla 2019-cu ilin sazaqlı-şaxtalı dekabr ayında bağda onun qonağı olduq. Təbiət vurğunu olan Ənvər müəllimin səliqə-sahmanı, ovçuluq bacarığı, yemək bişirmək, qonaq qarşılamaq və yola salmaq mədəniyyəti bizi heyran etdi. Ənvər müəllimdə həm də tədbirləri yüksək səviyyədə təşkil etmək qabiliyyəti vardı. 26 oktyabr 2019-cu ildə S.İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta məktəbdə professor Əjdər Ağayevə həsr olunmuş yüksək səviyyəli tədbir onun “əl işi” idi. İştirakçısı olduğum tədbirdə respublikanın tanınmış pedaqoq alimləri, Təhsil Şurasının üzvləri, Ənvərin dostları və məktəbin müəllim-şagird kollektivi iştirak edirdi. Böyük alim Əjdər Ağayevin xatirəsinə həsr edilmiş tədbir qədirşünaslıq nümunəsi, millətin tarixində və taleyində, maariflənməsində mühüm rol oynayan işıqlı insanlara ehtiramın ifadəsi kimi yaddaşımda qalıb.
Oğul dərdiydi dərdi...
Ənvər müəllimlə Firuzə xanımın ailəsində 3 övlad böyüyüb pərvazlanmışdı: oğlu Bəxtiyar, qızları Dünyaxanım və Nərgiz. İmanovlar ailəsi 5 nəvənin sevinc payını yaşayırdı. Ənvər müəllimin həyəti də, həyatı da al-əlvan və güllü-çiçəkli idi. 2021-ci ildə həyat bağçası birdən-birə soldu. Zalım fələk ailənin ümidgahı, iki bacının tək qardaşı Bəxtiyarı bəxtiyar olmağa qoymadı. Qəfildən oğlu Bəxtiyar dünyasını dəyişdi. Bəxtiyar 4 avqust 1978-ci ildə anadan olmuşdu.1995-ci ildə 179 nömrəli məktəbi bitirmişdi. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetinin bakalavr, 1999-2001-ci illərdə Gəncə Dövlət Universitetinin magistratura pillələrində təhsil almışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin metodik xidmətlər sahəsində, Bakı Sənaye Pedaqoji Texnikumunda, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində, Azərbaycan İqtisad Universitetinin nəzdindəki Sosial İqtisad Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Müxtəlif idman növləri ilə məşğul olurdu. 43 yaşında qəflətən ürəyi dayandı. Nicat və Ənvər adlı iki yadigarı qaldı.
Son söz və ya akademik Rafael Hüseyn yazır
Əziz Ənvərin faciəli və xoşbəxt ölümü xəbərini Vətəndən uzaqlarda ürək ağrısı ilə aldım. Bu itki faciəlidir. Ona görə ki, Ənvər işıqlı adam idi, saf şəxsiyyət idi, gərəkli mütəxəssis idi və belə dəyərlilərin, zəngin mənəviyyatlıların sayının getdikcə azaldığı, tükəndiyi çağda, əlbəttə ki, bu cür itki çox yandırıcıdır. Amma onsuz da ölüm hamı üçün var. Ənvər də hər kəs kimi bir gün gedəsi idi. Ancaq onun son saatı balasının hüzurunda baş verdi. Bu gedişiylə də ata məhəbbətinin böyüklüyünü, tükənməzliyini və həm də nə əzablı yük olduğunu sübut etdi. 1992-ci ildə mən Təhsil Nazirliyində orta məktəblər üçün yeni ədəbiyyat dərslikləri və proqramların tərtibi üzrə komissiyanın rəhbəri təyin edilmişdim. Çox ciddi işlər görür, köklü dəyişiklikləri gerçəkləşdirirdik. Tərəfdarlarımız çox olsa da, əleyhdarlarımız da az deyildi. Təhsilimizin sağlam gələcəyi uğrunda əsl barışmaz mübarizə gedirdi və bir sıra ifrat mühafizəkarların inadcıl müqavimətlərini qıra-qıra irəliləyirdik. Ənvər o günlərdə ən etibarlı mövqedaşlarımdan idi. Həm sədaqəti, həm də bilikləri ilə. Təbii ki, bütün bunlar baş verəndə keçən əsr idi. İndi Ənvər sanki bir an içində əsrlərcə uzaqlara uçub getdi. Bizi ağrıdır, üzür bu gediş. Ancaq kim bilir, bəlkə indi Ənvər orda - heç vəchlə əlimiz, səsimiz çatmayan ucalarda balasını tək qalmaqdan qurtardığına görə özünü bu vəfasız və narahat dünyada olduğundan qat-qat məmnun hiss edir?!
Əbədiyyətin əbədi qonağı
Rus yazıçısı F.Dostoyevski yazırdı ki, xalq ancaq sevdiyi insanları yaddaşında saxlayır. Sərvəti öz şəxsiyyəti olan Ənvər İmanov da yüksək əxlaqi və fəziləti, xeyirxahlığı, sadəliyi, sədaqəti, təvazökarlığı, səbr və təmkini, işgüzarlığı ilə doğmalarının və onu tanıyanların yaddaşına köçdü. Firuzə xanım sirdaşını, Dünyaxanım və Nərgiz arxa-dayaqlarını, nəvələr babalarını, Nazim Kazımov və dostları cavan və müdrik ağsaqqalını itirdi. Vidadi Orucovun sınanmış və sadiq dostu Ənvər İmanovun 70 illik ömrü xatirəyə döndü: həmişə xatırlanan və daim anılan xatirəyə. Ənvər İmanov Saray kənd qəbiristanlığının deyil, əbədiyyətin əbədi qonağına çevrildi. Allah rəhmət eləsin!
Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi