Onun haqqında söz düşəndə  belə deyirlər: “Naidə Məmmədova  dövlətə və dövlətçiliyə bağlı müəllim, gözəl təşkilatçı və  tədqiqatçıdır”. Ömür  yolunu müəllimliklə kəsişdirən pedaqoq istər şagirdləri, istərsə də müəllim həmkarları, onu tanıyan hər bir kəs tərəfindən sevilir və adıçəkilən zaman hörmətlə danışılır.

 

Müəllim olmaq arzusu...

 

Masallı rayonunda  ziyalı ailəsində 1962-ci ildə  anadan olan  Naidə Şakir qızı Məmmədova ilk təhsilini  Şərəfə kənd  tam orta məktəbində alıb. Orta təhsilini müvəffəqiyyətlə bitirərək  illərlə xəyalını qurduğu   müəllim olmaq arzusunu  reallaşdırmaq üçün 1980-ci ildə  Azərbaycan Dillər  Universitetinin  fransız-ingilis dili  fakültəsinə  qəbul olunur.

 

Orta məktəb illərində  olduğu kimi, ali təhsil aldığı dövrdə də təhsili və  ictimai fəaliyyəti ilə fərqlənərək fakültə Həmkarlar Təşkilatının sədri, universitet üzrə mədəni kütləvi işlər komissiyasının sədri, eyni zamanda Tələbə Elmi Cəmiyyətinin  fəal üzvü  olur. Elmi və ictimai fəaliyyətinə görə  universitet  rəhbərliyi tərəfindən medal və diplomlara layiq görülür.

 

Pedaqoji  fəaliyyəti

 

1985-ci ildə  Naidə Məmmədova universiteti müvəffəqiyyətlə bitirdikdən sonra ali təhsil müəssisəsində  qalıb işləmək təklifi alsa da, elə həmin il təyinatını  öz doğma rayonuna alaraq  bir vaxtlar məzunu olduğu  Şərəfə kənd tam  orta məktəbində fransız-ingilis dili müəllimi kimi fəaliyyətə başlayır.

 

İşə başladığı ilk illərdə doğma məktəbində müasir linqafon kabineti yaratmaq üçün  Masallı Rayon Təhsil Şöbəsinə müraciət edərək ona dəstək olmalarını xahiş edir. Çünki bilirdi ki, məhz  şagirdlərin xarici dil bacarıqlarının yüksək səviyyədə olması üçün ən müasir avadanlıqlarla təchiz olunmuş linqafon kabineti mütləqdir. Və o tez bir zamanda  bu istəyinə nail olur.

 

Yüksək bilik və bacarığa malik olan pedaqoqun dərs dediyi şagirdləri də artıq göstərdikləri nəticələrlə  rayon təhsilinə başucalığı gətirməyə başlayır. Məhz Naidə müəllimin şagirdləri 3 il ardıcıl  olaraq respublikada beynəlxalq  təşkilatlar tərəfindən keçirilən  xarici dil inşa   müsabiqəsində I yerə layiq görüldüyü üçün Fransanın ölkəmizdəki  səfirliyi onun pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək  işlədiyi  Şərəfə  kənd tam orta məktəbi  pilot ümumi təhsil müəssisəsi seçilir və  o, xarici mütəxəssislərin təşkil etdiyi təkmilləşdirmə kurslarına cəlb olunur.

 

Dərslərini fəal-interaktiv təlim metodlarından  istifadə edərək quran təcrübəli pedaqoq müəllimlik fəaliyyəti boyu bir sıra uğurlu işlərə imza atır.

 

Yaradıcı müəllim

 

Naidə müəllim işlədiyi doğma məktəbində, eləcə də Lənkəran Dövlət Universitetində və Heydər Əliyev Mərkəzində bir sıra tədbirlər həyata keçirib. Lənkəran Dövlət Dram Teatrında tələbələr ilə birgə G.Mopassanın “La parure” novellasını, eləcə də xarici dildə  bir sıra tamaşalar hazırlayıb ictimaiyyətə təqdim edib.

 

Təcrübəli pedaqoq  1998-ci ildə Masallı Rayon  Təhsil Şöbəsinə müraciət edərək  Şərəfə kənd tam orta  məktəbində fransız və rus dili qruplarından əlavə, ilk dəfə olaraq ingilis dili qrupunun da açılmasına müvəffəq olub. 1999-2010-cu illərdə Lənkəran Dövlət Universitetinin xarici dillər kafedrasında Fransanın Marc Block-2 Universiteti ilə müştərək fransız dili və sivilizasiyasından, latın dilindən dərs deyib. Naidə Məmmədova pedaqoji fəaliyyətini, xarici dil bacarıqlarını inkişaf etdirmək, daha da təkmilləşdirmək məqsədilə 2003-cü ildə Təhsil Nazirliyi və Fransanın ölkəmizdəki  səfirliyinin dəstəyi ilə Paris, Bezanson şəhərlərinin müxtəlif  universitetlərində təkmilləşdirmə kurslarında olub.

 

2010-cu ildə N.Məmmədovanın iş təcrübəsi  haqqında RTŞ-də bülleten buraxılıb, dəfələrlə onun səmərəli fəaliyyəti yerli təhsil orqanlarının müvafiq sənədlərində yüksək qiymətləndirilib.

 

Naidə Məmmədova yaradıcı və öz üzərində işləyən, daim axtarışda olan bir təhsil işçisidir.  Onun  2001-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi “Qəlbimi uşaqlara verirəm” - respublika müsabiqəsinin “ Dövlətçiliyə  sədaqət və vətənpərvərlik hissinin aşılanması” nominasiyası üzrə təqdim etdiyi “Bir daha ordu məsələlərinə dair - Biz torpaqlarımıza qayıdacağıq” adlı məruzəsi mükafata layiq görülüb. “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olan N.Məmmədovanın iş təcrübəsi rayon üzrə öyrənilərək yayılıb.

 

Naidə müəllim öz bilik və bacarığını gənc müəllimlərdən əsirgəməyən pedaqoqlardandır, peşəkar təlimçi kimi respublikamızın  əksər bölgələrində müəllimlərin təkmilləşdirilməsi məsələləri ilə məşğul olub.

 

O, 2021-ci ildə  ADU, APFAZ və Fransanın ölkəmizdəki  səfirliyinin keçirdiyi “Ən yaxşı xarici dil müəllimi” nominasiyasının, 2 şagirdi isə “Ən yaxşı şagird” nominasiyasının qalibi seçilib. Yaradıcı müəllim 2022-ci ildə Elm və Təhsil Nazirliyinin  həyata   keçirdiyi  Təhsildə  inkişaf və  innovasiyalar  üzrə VI qrant  müsabiqəsinin qalibi olub.

 

Həm ictimaiyyətçi, həm də tədqiqatçı

 

Təcrübəli pedaqoq  1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayının nümayəndəsi olub. 2018-ci ildə Türkiyənin Antalya şəhərində Uluslararası Türk dünyasının keçirdiyi Sosial  və Egitim Bilimləri Beynəlxalq Konqresində iştirak edən Naidə  Məmmədova “Dədə Qorqud” mükafatına layiq görülüb.

 

Müəllimlik fəaliyyəti ilə yanaşı, tədqiqatçılıqla da məşğul olan peşəkar təhsil işçisi Masallı Rayon  Təhsil Şöbəsinin Qəza dövründən əvvəlki tarixini araşdırıb, eyni zamanda boya-başa çatdığı Şərəfə kəndinin  yaranmasının V əsri, eləcə də kənd tam orta  məktəbinin yaranmasının 80 illik yubileyi münasibətilə qardaşı Samir Məmmədovla birgə kəndin tarixi, maarifi, səhiyyəsi ilə bağlı  kitab yazıb. Bundan başqa, həmkarı Həmdulla Məmmədov ilə birgə hazırladığı xarici dildə məktəblilər üçün stolüstü lüğət kitabı çap olunub.

 

Naidə Məmmədova elmi yaradıcılıqla da məşğuldur. Araşdırmaçı müəllim mütəmadi olaraq beynəlxalq və respublika elmi konfranslarında, iclaslarda çıxışlar edir, təşkilat komitəsinin tərkibində olur. Onun “Ədəbi mətnlərin analizi müasir paradiqmlər kontekstində”, “İlk şərqşünas alim Aida xanım İmanquliyeva və qərbə inteqrasiya”, “Ümmülbanu və yaradıcılığındakı ziddiyyətli məqamlar”, “Yeni təlim strategiyaları”, “Xarici dilin mahnılarla  tədrisi mexanizmi”, “Multikulturalizm-alternativi olmayan mədəni siyasət kimi” və s. mövzularında apardığı elmi araşdırmaları, “Biz torpaqlarımıza qayıdacağıq” başlığı altında yazdığı tədqiqat xarakterli, tarixi faktlara söykənən  məqalələri  diplom və təşəkkürnamələrə layiq görülüb.

 

Azərbaycan həqiqətlərinin dünya  ictimaiyyətinə çatdırılmasında fəallıq göstərib 

 

N.Məmmədova vətənpərvər bir ziyalıdır. 44 günlük Vətən müharibəsində fransız və ingilis dillərində Avropa Parlamentinin deputatlarına  Azərbaycan həqiqətlərini çatdırmaq üçün icra strukturları ilə birgə çoxlu sayda məktublar  ünvanlamış, videoçarxlar  hazırlayaraq öz övladlarını Azərbaycan torpaqlarından çıxartmaları, cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərimizin dağıdılması və nəticədə  günahsız körpələrin, yaşlı insanların öldürülməsinə son qoyulması  üçün erməni analarına və xalqına müraciətlər etmişdir. O, Böyük Vətən müharibəsi, I və II Qarabağ müharibələrində iştirak edən, şəhid və qazi olan oğullarımızın, cəsur kəşfiyyatçılarımızın göstərdikləri igidlik və şücaətləri haqqında  məqalələrlə çıxış etmişdir.

 

Müəllim kimi həyatındakı sevinc payı...

 

Hər bir uğurlu müəllimin fəaliyyətinin sevinc payı təbii ki, ilk növbədə, onun yetirmələrinin xoş sorağını eşitmək, uğurlu karyeraları  ilə cəmiyyətdə  özlərini  təsdiqləmələridir. Elə Naidə müəllimin də ömür payında belə sayılıb-seçilən gənclərin öz yeri var. Bəlkə də müəllim sevgisinin hərarətindən, doğmalığındandır  ki,  vaxtilə şagirdi olmuş bir sıra yetirmələri artıq uzun illərdir ki, onunla Şərəfə  kənd tam orta məktəbində  həmkar - özü də məhz fransız-ingilis dili müəllimi kimi bir yerdə, çiyin-çiyinə çalışırlar.

 

Əməyinə verilən qiymət

 

İnsanın əməyinə verilən qiymət onu daha da ruhlandırır, neçə-neçə uğurun əldə olunmasına bir vəsilə olur. Naidə müəllimin istər pedaqoji, yaradıcı, istərsə də yüksək təşkilatçılıq bacarığı  da diqqətdən kənarda qalmayıb. Təcrübəli müəllim 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 

 

Öz dövlətini, xalqını sevən təhsil işçisi Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Naidə Məmmədova müəllimliyi ilə fəxr edir. Peşəkar, uzunillik təcrübəyə malik pedaqoq  ölkə təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Ölkə başçısı tərəfindən ali mükafata layiq görülən təhsil işçisi bu gün bu adı şərəflə daşımaqdan qürur duyur. 

 

Samirə KƏRİMOVA