Gənc nəslin real həyata hazırlanması təkcə müəyyən biliklərə yiyələnmək imkanlarının genişləndirilməsi ilə məhdudlaşa bilməz


Ötən ilin dekabrında yaranmasının 100 illiyini qeyd edən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Qafqazın ilk ali pedaqoji məktəbi kimi həm də köklü ənənələri olan ali təhsil müəssisəsidir. Universitet keyfiyyətcə yeniləşir və qloballaşan dünya təhsilinə inteqrasiya prosesini sürətləndirir.  Bunda müxtəlif növ məlumatların qısa müddət ərzində istənilən yerə, istənilən həcmdə, istənilən məsafəyə çatdırılmasının mümkünlüyü, qlobal təhsil və mədəniyyətin inkişafı üzrə ümumdünya internet şəbəkəsinin imkanlarından bəhrələnməyimizin xüsusi rolu danılmazdır. Bu fürsət bizi yeni şəraitdə tədris materialının müstəqil mənimsənilməsinə əsaslanan yeni təhsil fəlsəfəsinə cəlb edir. Bununla belə, nəzərə almamaq olmaz ki, informasiya texnologiyalarının dinamik inkişafı gənc nəslin ekran mədəniyyəti aləmində təcrid olunmasına şərait yaradır və bu, heç də həmişə mənəviyyat və etika tələblərinə cavab vermir. Ənənəvi olaraq mənəvi dəyərlər daşıyan yüksək poeziya, bədii ədəbiyyat kompüterlə ünsiyyət quraraq dünyanı öyrənənləri çox vaxt maraqlandırmır və fakültəmizin müəllim-professor heyəti bu amili nəzərə alaraq tədrisdənkənar işləri qurur.

 

Dövrümüzün ən mühüm sosial vəzifələrindən biri kimi gənc nəslin real həyata hazırlanması təkcə müəyyən biliklərə yiyələnmək imkanlarının genişləndirilməsi ilə məhdudlaşa bilməz.

Əsl şəxsiyyət bu gün intellektli olmalıdır - bu o deməkdir ki, insan bilik və peşə vərdişlərinə yiyələnməkdən əlavə, əxlaqi-etik normaları rəhbər tutmalıdır.

 

Ona görədir ki, bu gün universitetimizin flaqman fakültələrindən biri olan filologiya fakültəsi fəaliyyətini bu yönümdə qazandığı ənənələrin inkişaf etdirilməsinə yönəldir. Bunun nəticəsidir ki, yaranan xoşməramlılıq, qarşılıqlı yardım, qarşılıqlı anlaşma, yaradıcılıq, yüksək nizam-intizam mühiti qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bütün potensialını ortaya qoyur. Bu vəzifələrinsə başlıca istiqaməti tələbələrə yüksək akademik göstəricilərə nail olmaqda kömək və onları tədqiqata, mədəni-kütləvi işlərə cəlb etməkdən ibarətdir.

 

Sosial işi stimullaşdırmaq, yaradıcı fəal şəxsiyyətin formalaşdırılması məqsədilə fakültədə vaxtaşırı və sistemli şəkildə ən yaxşı tələbə qrupu, ən yaxşı tələbə elmi işi və digər tematik mövzular üzrə müsabiqələr keçirilir.

 

Universitetimiz, o cümlədən, fakültəmiz üçün ən aktual məsələlərdən biri ondan ibarətdir ki, gələcəyin müəllim və elmi tədqiqatçılarının həm də tam şəxsiyyət, vətəninə, xalqına layiqli vətəndaş kimi yetişdirək. Bu, həmin vəzifələrdən biri, birincisi kimi pedaqoji işçilərin ən mühüm işidir və yeri gəlmişkən, həmin vəzifələrin mahiyyətini dünyanın böyük siyasət və dövlət adamlarından biri, xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu cür ifadə edirdi: “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”. Bununla bərabər, Ulu Öndər öz şəxsində “təbiəti formalaşdıranın özünü formalaşdıran” şərəfli peşənin nümayəndələrinə münasibətini bu cür ifadə edirdi: “Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”.

 

Yuxarıda istifadə etdiyimiz iqtibaslarla bərabər, onu da xatırlatmağı lazım bilirik ki, təhsil sistemində gənclərin tərbiyəsinə həsr olunan elmi ədəbiyyat və nəşrlərdə, bu mövzularda yazılan məqalələrdə tez-tez “Azərbaycan cəmiyyətinin mənəvi transformasiyası”, təhsil işinin “cəmiyyətin demokratikləşməsinin müxtəlif mərhələlərində tələbata cavab verməsi” haqqında yüksək pafoslu söz və fikirlərə rast gəlmək olur.

 

Fakültədaxili, hətta onun sərhədlərindən kənarda təşkil edilən və yaxud təşkilatçılarından olduğumuz tədbirlər hazırlayarkən başlıca yanaşmamız ondan ibarət olur ki, tədbirin mövzusu özündə ancaq mövzudaxili məzmun deyil, həm də sosial mahiyyət ifadə etməlidir. Yazımızda il ərzində fakültədə hazırlanıb həyata keçirilən tədbirlərdə buna necə nail olunduğundan söhbət gedəcək.

 

Başa çatmaqda olan ilin hesabatı kimi deyə bilərik ki, 2022-ci ilin fevralında hazırlanan "Beynəlxalq Ana dili günü" ilə bağlı tədbir məhz yuxarıda göstərilən parametrlər əsasında hazırlanaraq keçirilib. Tədbirə dilin ancaq xalqın maddi və mənəvi irsinin ən vacib qoruyucu faktoru kimi deyil, sosial mahiyyəti ilə də bağlı ayrı-ayrı mövzularda məruzələr təqdim edilib. Bunlardan biri  “Dünyanın ölü dilləri” mövzusunda məruzə idi, baxmayaraq ki, gələcəyin dilçiləri kimi, tələbələrimiz bununla bağlı kifayət qədər məlumatlı olsalar da, məruzə böyük maraqla qarşılandı. Bu marağın mayasında, əlbəttə, məruzəçinin canlı dilin ölümünü şərtləndirən sosial, siyasi faktorlarla bərabər, hər bir xalqın, xüsusilə, fərdlərin yanaşmasının nə qədər əhəmiyyətli olmasını şərtləndirən faktlara söykənməsi idi. Bu faktlara istinadən məruzədə 70 il əvvəl Banqladeşin Benqal şəhərində baş vermiş ibrətamiz hadisənin yada salınması, insanların hətta öz ana dilləri naminə həyatından keçmələrinin mənəvi-psixoloji qatları açılır, Birləşmiş Millətlər Təşkilatının həmin günü, 1952-ci il fevralın 21-ni “Ana Dili Günü” elan edilməsinin fəlsəfəsi ifadə olunurdu.

 

Başqa bir məruzəçinin Azərbaycan dilinin inkişaf mərhələləri ilə bağlı etdiyi məruzədə dilimizin dövlət dili statusunacan keçdiyi əzablı olduğu qədər vahiməli əsrləri, onun son 50 ildən artıq müddəti xatırladırdı. Xalqımızın o vaxtlar, hələ nominal dövlətçiliyinə yiyələndiyi 70-ci illərdə, Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk zamanlarda Ümummilli Lider Heydər Əliyevin dilimizin nəinki qorunub inkişaf etdirilməsi, hətta totalitar rejimin yaratdığı tabular şəraitində onun dövlət dili statusunu alması üçün göstərdiyi iradə çoxlarının yaddaşına yazılıb. Buna görədir ki, Ümummilli Lider hər məqamda dilimizin inkişafında və onun qorunmasında əlahiddə rol oynayan Azərbaycan dilçilik məktəbinin, o məktəbin görkəmli nümayəndələri olan dilçiliyin başlıca hamisi olaraq qəbul edilib. Müstəqil ölkənin Prezidenti olarkən Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi həmin istiqamətdə atılan addımların davamı oldu. Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində aparılan işlər bu siyasətin dərinləşməsinə xidmət edirdi. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının göstəricisi oldu. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dil siyasəti sahəsində də böyük dövlət xadiminin xəttini uğurla davam etdirir. Ölkə rəhbərinin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu istiqamətdə görülən digər işlərin davamı idi.

 

Bütün bunlar cəmiyyətimiz, bizim hər birimiz üçün nəticə çıxarmalı məsələlərə yanaşmalarımızda nümunələrdən biridir. Qədim Roma imperiyasının ancaq gücünün ifadəsi olmayan “Bütün yollar Romaya aparır”- sözlərini iqtibas gətirməklə dəyərli oxucularımıza bir daha xatırlatmağı lazım bilirik ki, tədbirlərin hazırlanmasında, tematik mövzuların seçilməsində əsas məqsədimizin gənclərin avanqard hissəsi olan tələbələrimizin tam şəxsiyyət kimi yetişdirilməsinə xidmət hissi dayanır.

 

Gəncliyimizdə mənəvi dirçəliş, əmək kultu formalaşmadan, cəmiyyətin tamhüquqlu üzvünə - bütöv şəxsiyyətə çevrilmədən ölkənin sosial-iqtisadi inkişafında real uğurlara nail olmaq, sadəcə, mümkün deyil. Bütün zamanlarda coğrafiyalar və məkanlar üçün aktual olan bu faktor günümüzdə əsas məsələlərdən biri kimi dayanır. Buna görədir ki, fakültəmizdə təşkil olunması nəzərdə tutulan tədbirlərin tematikasının müəyyənləşdirilməsi zamanı kollegial qərarlar qəbul edilməsinin əhəmiyyətini qeyd etməklə, o da hökmən nəzərə alınır ki, həmin tədbir nə qədər aktualdır və gənclərdə hansı keyfiyyətlərin inkişafına yardımçı olar. Ona görədir ki, tematikanın müəyyənləşdirilməsi zamanı ölkə Prezidentinin imzaladığı sərəncamlar bu kontekstdə başlıca rol oynayır. Bir müddət əvvəl Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekan vəzifəsini icra edən, beynəlxalq əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor, müasir Azərbaycan ədəbiyyatının istedadlı qadın nümayəndələrindən biri Mahirə Hüseynovanın ideya müəllifliyi və redaktorluğu, fakültənin elmi işlər üzrə dekan müavini Könül Həsənovanın və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Nazilə Abdullazadənin müəllifliyi ilə çap olunan “Şuşa - Zəfərin təntənəsi” (Azərbaycan, ingilis və rus dillərində) kitabla bağlı tədbirin keçirilməsində məqsəd tələbələrimizin diqqətini 2 il əvvəl qazandığımız böyük uğura yönəltmək idi. Rəyçiləri Turan Elmlər Akademiyasının akademiki, professor Vüqar Əhməd, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, pedaqoji elmlər doktoru, professor Müseyib İlyasov və filologiya elmləri doktoru, professor İlhamə Hacıyeva olan kitabın xalqımızın tarixinə yazılan Gün münasibəti ilə bağlı kiçicik töhvə kimi təqdim olundu.

 

Təqdimatdakı bütün çıxışlarda Şuşa qələbəsinin siyasi, sosial tərəfi ilə bərabər, onun ayrı-ayrı individuumlar, daha sonra bütün cəmiyyətimiz, həmçinin dünya azərbaycanlarının həyatında oynadığı mənəvi rol barədə danışıldı. Çıxış edən hər kəs 30 ilə yaxın müddət ərzində Ermənistan Respublikasının işğalı altında qalan müqəddəs torpaqlarımızın, xüsusilə, mənəviyyatımızın beşiyi olan gözəl Şuşanın azad edilməsinin millətimizin əyilən qəddinin düzəlməsi olduğunu nəzərə çatdırırdı. Biz Şuşa Zəfərinin qazanılmasında xalqımızın iradəsini, oğul və qızlarımızın qəhrəmanlığını, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi səriştəsini vurğulamaqla yanaşı, Müzəffər Günə çatdığımız yolda Ümummilli Lider Heydər Əliyevin strategiyasının uğurunu hər məqamda ona görə qeyd etməliyik ki, gələcək nəsillər şəxsiyyətin bir xalqın həyatında hansı rolu oynadığını görsün.

 

Ötən ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin xətti ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan konfransın mövzusu və ideya xətti müəyyənlədirilərkən bu, aparıcı xətt olub. Həmin xəttin fəlsəfəsi ondan ibarətdir ki, qəlbən xalqına bağlı olan böyük şəxsiyyətlər tarixən belə olub, onlar yaşadığı zamandan 50-100 il qabağı fikirləşir və atdıqları addımların hələlik fikir, ideya olan məqsədə çatmaq üçün atıldığını sonradan görmək mümkündür. Ümummilli Lider 2003-cü ildə prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürərkən xalqa məşhur müraciətini bu cür əsaslandırırdı: “Mən əminəm ki, İlham Əliyev hələlik yarımçıq olan, lakin başlanan işləri sona çatdıracaq. Mən ona əminəm”.

 

Şuşa Zəfəri ilə bağlı xalqa növbəti telemüraciəti zamanı təsadüfi deyildi ki, Ali Baş Komandan məkan olaraq Fəxri Xiyabanı, Ümummilli Lider Heydər Əliyevin əbədi uyuduğu yeri seçmişdi.

 

Keçmişimiz gələcəyimizi müəyyənləşdirmək üçün ən dolğun ədəbiyyatdır. Bu nümunələr dünən də yaranıb, indi də yaradılır, gələcəkdə də yaradılacaq.  Fakültəmizdə təşkil edilən tədbirlərin böyük əksəriyyətinin ruhu bundadır. Öz istedadı, əməyi və vətəndaş mövqeyi ilə seçilən böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid, görkəmli dilçi-türkoloq, professor Həsən Mirzəyev və digər xalq, ədəbiyyat, elm yolunda xidmətləri olan şəxslər barədə təşkil edilən tədbirlər bu həqiqətin yaratdığı istəkdir. O həqiqətləri gəncliyin, xüsusilə, sabahkı gəncliyimizi formalaşdıracaq, onlarda yüksək insani keyfiyyətlər tərbiyə edəcək sabahın müəllimlərində başlıca xarakterik xüsusiyyət olaraq görmək həyati məsələlərdən biridir.

 

Xalq yazıçısı Anarla bağlı “Anar - gəncliyin arzusu”, şair, nasir, dramaturq, Əməkdar incəsənət və ictimai xadim Hidayət Orucovun yaradıcılığına həsr olunan “Gəncliyim gözümdə canlandı mənim”, şair-pedaqoq, professor Zahid Xəlilin 80 illik yubileyinə həsr olunan “Bizim bağçamıza bir çəmən düşüb, Sürüşüb baharın çiynindən düşüb” və digər tədbirlər dediyimizi təsdiq edir. Habelə istedadlı alim və şair, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovaya həsr edilən “Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar” adlı ədəbi-bədii, universitetin dosentləri Fəxrəddin Yusifovun, Qüdrət Umudovla bağlı yubiley tədbirləri ona görədir ki, yüksək səviyyədə qarşılanır.

 

Bunlardan əlavə, fakültəmizdə dünyanın müxtəlif ölkələrində elmi, bədii yaradıcılığı, öz həyat yolu ilə ancaq ölkələrində deyil, onun sərhədlərindən kənarda da tanınan şəxslərlə keçirilən görüşlər, təşkil olunan tədbirləri əhəmiyyətli sayırıq.

 

Fikrimizcə, tarixi təcrübənin öyrətdiyi kimi, gələcəyimizin etibarlı şəkildə təminatı üçün hələlik yeganə formula belədir: “Mən-şəxsiyyət və biz-şəxsiyyət”. Onu təkrar-təkrar xatırlatmağı lazım bilirik ki, həmin etibarlı təminatın yaradılmasında başlıca rollardan birini müəllimlər oynamalıdır.

 

Əminik ki, hər bir cəmiyyətin inkişafını yüksək əxlaqlı, mənəvi cəhətdən zəngin şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. İqtisadiyyatın, texnikanın, elmin, mədəniyyətin inkişafı insanın yüksək mənəviyyat və əxlaqında əriməlidir. Onu da yaddaşımıza əbədi həkk etməliyik ki, yüksək mədəniyyətdən, mənəviyyatdan qopmuş elm fundamental ideyalar irəli sürmək iqtidarında deyil, ruhsuz, əxlaqsız kvazi-sənət insanı pozucu çirkinliklərdən asılı vəziyyətə salır. Bunu isə cəmiyyətimizin hər bir üzvünə təkrar xatırladırıq: Təhsil əməksevərlik, dürüstlük, ədəb-ərkan, xeyirxahlıq, ədalətlilik, vətənpərvərlik, tolerantlıq, mərhəmət, təbiətə hörmət kimi şəxsiyyət xüsusiyyətlərini tərbiyə etməyə yönəldilməlidir.

 

Könül HƏSƏNOVA,

Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun Filologiya fakültəsinin dekan müavini