“İrəvanda milli maarifçilik mühiti” kitabı haqqında düşüncələr
Qarşımda bir kitab var. Çox nəfis şəkildə çap edilib. Kitab “İrəvanda maarifçilik mühiti” adlanır. Kitabın üz qabığında altı şəkil diqqəti çəkir. Azərbaycanın məşhur pedaqoqu, “ürəyi atəşli müəllim”, Qori Müəllimlər Seminariyasının ilk məzunlarından biri, İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi, ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində böyük əhəmiyyətə malik işlər görən Firidun bəy Köçərlinin şəkli oxucunu özünə cəlb edir. Digər şəkillər, şagird, müəllimlər kollektivinə aid olub nadir sənəd nümunələridir.
Kitabın müəllifləri Azərbaycanın tanınmış alimlərindən Cəfər Cəfərov ilə Cəlal Allahverdiyevdir. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur.
Kitabı vərəqləyirəm, vərəqlədikcə Vətən həsrəti qəlbimi göynədir, ürəyimdən nələr keçir. Xalqın belə bir deyimi yadıma düşür: “İnsan nə qədər ki, dağın üstündədir, dağın ucalığı bilinmir. Nə vaxt ki, dağdan endin, uzaqlaşdın, dönüb dağa boylananda onun ucalığı, əzəməti görünür”. Vətən də belədir. Nə vaxt ki, gənclik illərimizdə o yerlərdə idik, asudə yaşayırdıq, doğma kəndimiz, uca-uca dağlarımız, otaraq və biçənək yerlərimiz, soyuq bulaqlarımız, tər-təmiz havamız və s. bizlərə məxsus idi, özümüzünkü idi, heç bir narahatlığımız da yox idi. İndi bu yerlərə, doğma yurd-yuvamıza həsrətlə baxırıq. O yerlər haqqında yazılan, irili-xırdalı kitablardan İrəvanın, Zəngibasarın, Basarkeçərin, Göyçənin, Güllübulağın, Dərəçiçəyin, Gözəldərənin dədə-baba yurdlarını, xatirələrimizi yada salırıq. İmkanı olanlar bu sahədə qələmlərini sınayırlar. Bu da bir həyatdır. Bu da bir Vətən borcudur.
Kitabı vərəqlədikcə, onun müəllifləri olan qələm dostlarımın minbir zəhmətlə, həvəslə topladıqları sənədlər - fotoşəkillər, Qərbi Azərbaycanın kənd və şəhərlərinin milli-maarifçilik mühiti oxucunu valeh edir.
Kitabın əvvəlində yer almış Buludxan müəllimin “Təhsil tariximizə yeni töhfə” adlı ön sözü çox şeydən xəbər verir.
Müəllif çox haqlı olaraq yazır ki, “təhsilimizin həm tarixi, həm də müasirlik baxımından milli spesifiklik xüsusiyyətlərini öyrənmədən dünya təhsil sisteminə inteqrasiya prosesində milli kimliyimizi təqdim edə bilmərik”.
Kitabda Qərbi Azərbaycan mənşəli ziyalıların bütöv bir nəsli haqda məlumat toplanmışdır.
Bu kitab ümumiyyətlə çox zəngin əməyin nəticəsində ərsəyə gəlmişdir, - desəm yəqin ki, səhv etmərəm.
İrəvan Cənubi Qafqazın qədim şəhərlərindən biri olub, özünün tarixi, coğrafi, elmi-pedaqoji, ictimai və ədəbi mühiti ilə, həmçinin şifahi xalq yaradıcılığı, folklor nümunələri, sənətkarlıq, ticarət, ab-havası, qonaqpərvərliyi, qədim abidələri ilə zəngin əsl, sırf müsəlman şəhəri kimi əsrlərdən bəri ata-babalarımızın, ulularımızın, qədim Oğuz övladlarının məskəni olub.
İrəvan müstəqil xanlığa çevrilənə qədər Səfəvi dövlətinin Çuxursəd bəylərbəyliyinin mərkəzi vilayəti olmuş, mürəkkəb və zəngin tarixi yol keçmişdir.
XVII əsrdə sayı on üçə çatan bəylərbəylikdən biri də mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyi idi. İrəvan Səfəvilər dövlətinin ən varlı və çox gəlirli olan əyaləti idi.
İrəvan xanlığının əhalisi etnik baxımdan yekcins olmayıb, burada azəri türkləri, maldarlıqla məşğul olan kürdlər və qaraçılar yaşayırdı. Xanlığın əhalisinin böyük əksəriyyətini, bəzi mənbələrə görə 3/4 hissəsini azəri türkləri təşkil edirdi.
İrəvan xanlığı XVIII və XIX əsrlərdə ümumi Azərbaycanın elmi-pedaqoji, ictimai və siyasi həyatında mühüm əhəmiyyət kəsb etmişdir.
Lakin zaman-zaman sakinləri kimi bu şəhərin də başı bəlalar çəkmiş, XIX əsrin 30-cu illərində rus imperiyası tərəfindən işğala məruz qalmış, çar I Nikolayın fərmanı ilə xanlıq “Erməni vilayəti” adlı inzibati-əraziyə çevrilmiş, XX əsrin əvvəllərində paytaxt kimi ermənilərə hədiyyə edilmiş, Sovetlər birliyi dövründə isə Azərbaycanın ətraf torpaqları hesabına yaradılan Ermənistan deyilən respublikanın paytaxtına çevrilmişdir. Bütün bunlar onunla nəticələndi ki, sovet tarix elmində hökm sürən “konsepsiyaya ” uyğun olaraq onun tarixi, elmi-pedaqoji, ədəbi, ictimai-iqtisadi mühiti, maarifi və mədəniyyəti saxtalaşdırıldı və hərtərəfli təhriflərə məruz qaldı. Ermənilər o yerlərin türk-Azərbaycan xalqına məxsus olduğundan onun tarixi keçmişini nəinki obyektiv tədqiqata cəlb etmədilər, əksinə saxtalaşdırdılar. Bütün toponimləri, yer-yurd adlarını dəyişdirərək erməniləşdirdilər.
M.A.Santrosyanın 1964-cü ildə nəşr etdirdiyi “XIX əsrin birinci yarısında Şərqi erməni məktəbi” adlı əsərində Şuşada, Gəncədə, Şamaxıda olan qəza məktəblərini erməni məktəbi hesab etməsi və yaxud QTD-nin müşaviri N.Dementyevin 1839-cu ildə Tiflisdə ərəb əlifbası ilə nəşr etdirdiyi “Təmsillər və hekayələr” adlı dərs vəsaitini erməni kitabı hesab edərək onu 1967-ci ildə İrəvanda nəşr edilmiş “Erməni kitabı”nın (1801-1850) birinci cildinə daxil etmələri onların qeyri-səmimiliyinə və saxtakarlıqlarına əyani sübut deyilmi?!
Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra İrəvan şəhərinin və xanlığının obyektiv tarixinin tədqiqi sahəsində diqqətçəkən addımlar atıldı, irihəcmli, samballı, tarixi faktlara əsaslanan əsərlər, monoqrafiyalar meydana gəldi. Belə əsərlərdən biri də haqqında söhbət etdiyim “İrəvan maarifçilik mühiti”dir. Əhalinin və dövlət məktəblərində təhsil alan şagirdlərin milli tərkibinə aid cədvəllər verilsə kitab daha oxunaqlı olar. Bir də materialları problemlər üzrə şərh etmək faydalı olardı. İrəvan-Təbriz elmi-pedaqoji əlaqələri, ən vacibi “İrəvanın sırf müsəlman şəhəri” olmasına aid sənədlər kitabın gələcək nəşrinə daxil edilməlidir.
Mən bu sahənin az-çox tanınmış tədqiqatçısı olduğumdan gələcəkdə də bəzi məqamlara diqqət yetirilməsini qeyd etmək istərdim. Bunlar aşağıdakılardır:
İrəvan maarifçilik mühiti ilə bağlı bəzi məlum bilgilərə də nəzər salınsın. Bunlardan birincisi Mirzə Ələkbər Elxanovdur (1828-1883). O, Uluxanlıda anadan olmuş, İrəvandakı baş məscid nəzdindəki məktəbdə təhsil almış, rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasında imtahan verərək Azərbaycan dili müəllimi adını almış, həmin ildən ömrünün sonunadək 30 ilə yaxın İrəvandakı dövlət məktəblərində Azərbaycan dilindən dərs deməklə yanaşı, bu dildə ilk dəfə olaraq “Vətən dili” adlı dərslik də yazmışdır.
Qafqaz tədris dairəsinin (QTD) popeçiteli 1883-cü ilə aid hesabatında yazırdı: “İrəvan gimnaziyasının tatar (Azərbaycan - H.Ə.) dili müəllimi M.Ə.Elxanovun K.D.Uşinskinin “Vətən dili” dərsliyi nümunəsində hazırladığı “tatar dili” dərsliyi nəşrə hazırlanır”.
M.Ə.Elxanovun bu dərsliyi QTD tərəfindən Peterburqa - Rusiya Xalq Maarif Nazirliyinə göndərilmişdir. Kitaba S. - Peterburq Universitetinin Şərq fakültəsinin dosenti V.Smirnov rəy vermiş və kitabın çap edilməsini faydalı hesab etmişdir. (S. - Peterburq MDTA, F. 734, s. 3. iş № 46, v. 803-809). Göstərilən rəyin surəti, bu sətirlərin müəllifinin şəxsi arxivində saxlanılır. Müəllif bu rəyin tam mətnini 2012-ci ildə nəşr etdirdiyi “Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” kitabına daxil etmişdir (səh. 248-254). Lakin, təəssüf ki, M.Ə.Elxanovun 1885-ci il martın 31-də vəfat etməsi ilə bu kitab nəşr edilmədi. Amma sonralar belə dərsliklərin hazırlanmasına təkan verdi.
Firidun bəy Köçərli ilə bağlı deyəcəyim bir fikir onun 1886-cı ildə İrəvanda işləyərkən tərtib etdiyi “Azərbaycan dili proqramı” ilə əlaqədardır. Kitab müəlliflərinin və redaktorun ixtisasca dilçi olduqları üçün bu proqrama diqqət yetirmələri faydalı olardı.Bu proqramın tam mətnini keçən əsrin 70-ci illərində Ermənistan MDTA-dən əldə etmişik. Həmin proqram bu sətirlərin müəllifinin 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında nəşr etdirdiyi “Maarif fədailəri, Qoşa qanad” adlı əsərinə daxil edilmişdir (səh. 96-102).
Tələbkar oxucularımıza onu da bildirmək istərdim ki, İrəvanın maarifçilik mühiti təkcə İrəvanla - Qərbi Azərbaycan mühiti ilə məhdudlaşmayıb. İrəvan maarifçilik mühiti həm də qonşu ölkələrin, ilk növbədə, Təbriz ziyalılarının da diqqətini çəkmişdir. Belə ki, XIX əsrin ikinci yarısında əslən Təbrizdən olan ziyalıların bir dəstəsi İrəvana üz tutmuş, buradakı yeni üsullu məktəblərin, bu məktəblərin təşkilatçıları olan məktəbdarların iş təcrübəsini öyrənmiş, bəziləri özləri də İrəvanda yeni üsullu məktəblər açmış, sonralar vətənlərinə qayıdaraq bu məktəblərin timsalında Təbrizdə də yeni üsulla məktəblər yaratmış, hətta M.Ə.Elxanovun və A.O.Çernyayevskinin “Vətən dili” dərslikləri nümunəsində özləri də dərslik yazıb nəşr etdirmişlər. Bunlardan biri də Mirzə Həsən Rüşdiyyədir (1850-1944).
O, 1883-cü ildə İrəvanda yeni üsullu məktəb açmış, pedaqoji təcrübə topladıqdan sonra Təbrizə qayıtmış və 1888-ci ildə yeni üsullu məktəbin əsasını qoymuşdur.
M.H.Rüşdiyyə həm də “Vətən dili” adlı dərslik yazmışdır. Cənubi Azərbaycan maarifçilərindən olan Məhəmmədəli Tərbiyətin yazdığına görə, Rüşdiyyə “Vətən dili” kitabında M.F.Axundovun əlifba haqqındakı fikirlərindən istifadə etmişdir (bax. M.Tərbiyət. Azərbaycan alimləri. Tehran 1314 (Şəmsi) səh. 5. /farsca). S.C. Pişəvəri və Cavad Heyət bu kitab haqqında maraqlı məlumat vermişlər (bax: “Azərbaycan ruznaməsi”, 12 mehr 1324, № 23; Cavad Heyət. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış;” Hüseyn Əhmədov, Ana dili məktəblərinin Cənubi Azərbaycana yayılması, “Varlıq” dərgisi. Tehran, 1979, № 2).
Bir haşiyə. Mən vaxtı ilə XIX əsrdə nəşr olunan Azərbaycan dili dərsliklərimizi əldə etdim, onları transliterasiya və faksimiliya yolu ilə çap etdirdim. Lakin Təbrizdən Rüşdiyyənin “Vətən dili” dərsliyini, Tehrandan isə Zaqafqaziya Şeyxul İslam Əbdusəllam Axundzadənin 1878-1879-cu illərdə Tiflisdə nəşr etdirdiyi “Kitabi-müəllim-ül-ətfal” adlı dərsliyini əldə etmək mənə qismət olmadı (bu kitab haqda bax: Məhəmmədəli Tərbiyət. “Danişməndani - Azərbaycan” Bakı. 1987. Səh. 31-32).
Bu kitabları əldə etmək gələcək tədqiqatçıların üzərinə düşür.
Ana dili dərsliklərimiz milli sərvətimizdir. Bu sərvət harada olarsa-olsun onu tapıb əldə etmək bizim borcumuzdur.
Bu kitabların əldə edilməsi xüsusilə iki cəhətdən faydalıdır. Birincisi budur ki, bu dərsliklərimizin əldə edilməsi XIX əsrdə çap edilmiş Azərbaycan dili - ana dili dərsliklərimizin nəşri tarixini bir qədər də zənginləşdirər.
İkinci vacib cəhət odur ki, bu kitablardan birinin Şeyxül-İslama aid etdiyimiz dərsliyin əldə edilməsi son 30-40 il ərzində Azərbaycan mətbuatında baş alıb gedən mübahisələrə, diskussiyalara son qoyar.
XIX əsrdə İrəvanda məktəb açanlardan biri də Mirzə Həsən Rüşdiyyənin qardaşı Axund Mirzə Əli olmuşdur. “Axund Mirzə Əli cənabları dəxi o vaxtlar İrəvanda məktəb açmışdı. Bu cənab artıq qeyrətmənd və çalışqan cavan bir müəllim idi” (Firidun bəy Köçərlinin yazdıqlarından).
Haqqında bəhs etdiyimiz kitabda Cabbar Əsgərzadənin (Bağçabanın) şəkilləri də yer almışdır (səh. 26 və 304). Lakin onun haqqında yalnız bir cümlə var (səh. 26). Bu şəxs ilə bağlı əlimizdə olan məlumatı da hörmətli oxuculara təqdim edirəm.
Mənbələrdə deyildiyinə görə. C.Baxçabaninin əslən irəvanlı olan atası Əsgər kişi tanınmış memar olub. C. Baxçabani şəmsi qəməri təqvimlə 1264-cü ildə, miladi təqvimlə 1885-ci ildə anadan olmuşdur. O, ilk təhsilini qədim İrəvan məscidində alıb. Ailə vəziyyəti çətin olduğundan təhsilini yarımçıq qoymağa məcbur olmuş və atasının yanında onun peşəsini öyrənməyə başlamışdır. Gənclik dövründə İrəvanda gizli yollarla evlərdə müsəlman qızlarına dərs demişdir. Bir müddətdən sonra o, “Kavkaz” qəzeti və “Molla Nəsrəddin” jurnalında çalışan satirik şairlərdən biri olmuşdur.
1913-cü ildə İrəvan şəhərində nəşr olunan və geniş yayılan “Lək-lək” yumoristik jurnalında redaktor vəzifəsində çalışmışdır.
Baxçabani Birinci Dünya müharibəsinin son ilində Türkiyəyə gedib, İğdır şəhər idarəsinin təhvildari olmuşdur. Bır az sonra həmin şəhərin qubernatoru vəzifəsinə keçmiş və osmanlılar məğlub olduqdan sonra İrəvana qayıtmışdır. O vaxtlar İrəvanda azərbaycanlılara qarşı keçirilən soyqırımı ilə əlaqədar olaraq 1919-cu ildə Cənubi Azərbaycana getməyə məcbur olmuşdur.
Cabbar Baxçabani İrəvandakı maarifçilik fəaliyyəti ilə bərabər Cənubi Azərbaycan maarifçilik tarixində də özünəməxsus yer tutmuşdur.
O, əvvəllər İranın Mərənd şəhərindəki “Əhmədiyyə” mədrəsəsində müəllimlik etdiyi vaxt, həm də İranda ilk dəfə olaraq uşaq bağçası açmışdır. O, bu barədə öz tərcümeyi-halında ətraflı məlumat verir. Təxminən 1925-ci ildə Cənubi Azərbaycanın Maarif başqanı onu öz yanına çağırıb açmaq istədiyi uşaq bağçasının idarə olunmasını ona tapşırır. O sonralar yeni vəzifəsi ilə əlaqədar “Baxçaban” sözünü özünün soyadı qəbul etmişdir. C.Baxçabani maarifçilik tarixində ilk dəfə olaraq lal-karlar üçün xüsusi məktəb açmışdır (onun tərcümeyi-halı haqda bax: S.S.Nija “Məşhuri Azərbaycan” (Azərbaycanın məşhurları), 2-ci nəşr. Təbriz, 1998, səh. 275-293, fars dilində).
Kitabda İrəvan gimnaziyası ilə İrəvan Müəllimlər Seminariyasından və orada təhsil almış azərbaycanlılardan bəhs edilir. Onların bir çoxu haqqında verilən epizodik məlumatlar maraqla oxunur.
Qeyd edim ki, İrəvan Müəllimlər Seminariyası çar hökumətinin 1880-ci il 20 oktyabr tarixli 61.455 saylı qərarı ilə Cənubi Qafqazda açılan sayca üçüncü seminariya idi (həmin qərarın surəti əlimizdədir).
İrəvan Müəllimlər Seminariyasını bitirənlərdən biri də əslən Qutqaşendən (Qəbələ) olan Vahid bəy Musabəyovdur (1864-1943). Onun tələbəlik illərində çəkdiyi xəritələr əlimizdədir. Bunlar Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın, İtaliyanın, Norveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. V. Musabəyov 55 il Qutqaşen kənd məktəbində fəaliyyət göstərmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə respublika qarşısında böyük xidmətlərinə görə “Əmək qəhrəmanı” adına layiq görülmüşdür (bax. Hüseyn Əhmədov, 55 il xalq maarifi cəbhəsində. “Azərbaycan müəllimi”. 11 mart. 2011-ci il).
İrəvan Müəllimlər Seminariyasını bitirənlərdən biri də bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 2,3 və 4-cü hökumət kabinələrində maarif və dini etiqad nazirinin müavini, 5-ci hökumət kabinəsində isə nazir və parlamentin üzvü olmuş Həmid ağa Xəlil ağa oğlu Şahtaxtinskidir (1880-1944). Onun Bakı Dövlət Universitetinin və Pedaqoji İnstitutun təşkilində xüsusi xidməti olmuş, 1929-cu ildən professor adını almış, Azərbaycan Dövlət Tibb İnstitutunda və digər təhsil müəssisələrində çalışmış, dərsliklər yazmış, repressiyaya məruz qalmış, həbs olunaraq sürgün edilmişdir.
Bu sətirləri yazarkən şəxsi arxivimdə mühafizə edilən bir venetka da diqqətimi çəkdi. Bu, İrəvan Müəllimlər Seminariyasının 1901-1902-ci tədris illərində oranı bitirən məzunların venetkasıdır.
Bu venetkada haqqında bəhs etdiyimiz kitabın 29-cu səhifəsində yer almış seminariyanın məzunlarından biri, əslən Vedidən olan, 1903-1917-ci illərdə Uluxanlı kənd məktəbinin müdiri Səmdin bəy Mahmudbəyov da var.
Nəticə olaraq qeyd edək ki, bu kitab İrəvan maarifçilik mühitinə, bütövlükdə Qərbi Azərbaycan maarifinə bir töhfə kimi qiymətlidir. Burada bir arzumu da bildirmək istərdim. Hər il, xüsusilə də ADPU-nun üzümüzə gələn 100 illik yubileyi ilində filologiya fakültəsini bitirən məzunların hər birinə diplom ilə bərabər bu kitabın da bir nüsxəsi hədiyyə edilsə gənclərdə vətən sevgisini, (vətən həsrətini) vətənpərvərlik hisslərini xeyli gücləndirərdi.
Böyük tarixi keçmişə, zəngin milli maarifçilik mühitinə malik olan İrəvan və onun bölgələrindən ərsəyə gələn yüzlərlə soydaşımızın fəaliyyətini özündə əks etdirən bu kitab haqda fikrimi yekunlaşdırarkən bəzi məqamlar da dilə gəldi. Bunlardan birincisi budur ki, İrəvan maarifçilik mühitini təkcə orada orta və qismən ali təhsil almış, təhsil müəssisələrinə rəhbərlik etmiş ziyalılarla məhdudlaşdırmaq kifayət deyil.
Tarixi faktlar sübut edir ki, kitabda adları çəkilən alimlərin demək olar ki, hamısı (Əkbər İrəvanlıdan başqa) Azərbaycan maarifçilik mühitinin yetirmələridirlər.
İkinci fikrim isə budur ki, İrəvan maarifçilik mühitindən bəhs edəndə bu mövzuda yazılan əsər və məqalələrə də diqqət yetirmək lazımdır.
İrəvan tarixçilik mühiti bu gün tarixə çevrildi, tarixləşdi. Keçən əsrin sonlarına qədər orada mühüm vəzifədə çalışan soydaşlarımızın sonuncu nümayəndələri də ömürlərinin son illərini Azərbaycana bağlamalı oldular. Bununla da İrəvan maarifçilik mühiti erməni xislətinə tab gətirmədi. Müvəqqəti olsa da çökdü. Bu gün İrəvan maarifçilik mühiti yalnız və yalnız xatirələrdə yaşayır.
Oxuculara ərməğan eylədiyim bu nağılı əslən irəvanlı olan, keçən əsrin ortalarında İrəvan Pedaqoji Texnikumunu bitirib bizim kənddən bir tələbə yoldaşına könül verib, Toxluca kəndinə gəlin köçən, ömrünü kənd məktəbində müəllimliyə həsr edən, bu gün Bakıda yaşayan 94 yaşlı Ceyran İrəvanlının Göyçə dərdini ovudan bir bayatısı ilə tamamlamaq istəyirəm.
Eləmi göyçəməndə,
Gül bitər göy çəməndə.
Mən Göyçədə yaşamasam da,
Yaşayır Göyçə məndə.
Hüseyn ƏHMƏDOV,
Rusiya Təhsil Akademiyasının akademiki