Əməkdaşlığın əsasında prosesin iştirakçıları arasında pozitiv münasibətlərin saxlanması durur


“Bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

                                                                                                                                                                                       Heydər ƏLİYEV,

                                                                                                                                                                                        ümummilli lider

 

Məlum olduğu kimi, müasir dövrümüzdə müəllimin ənənəvi fəaliyyətində dəyişikliklər baş verib.  İndi onun mövqeyi bələdçi (fasilitator), aparıcı (istiqamət verən) bir mövqedir.

 

Əslində bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Müəllim sistemli, ardıcıl və məqsədyönlü şəkildə əməkdaşlıq edir: problemli vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyulmasında şagirdlərə istiqamət verir, bunların həllində metodik kömək göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir.

 

Şagird isə müəllimin istiqamətinə əsasən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur olunmur, sadəcə təhrik edilir. Onun mövqeyi kəşf edən, tədqiqatçı xarakteri daşıyır. Ona görə də müəllimin istiqaməti üzrə kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır, konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələrini qiymətləndirməklə bir daha ona əmin olur.

 

İstər müəllimin, istərsə də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti kimi əməkdaşlıq xarakteri daşıyır. Bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir.

 

Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın görkəmli psixoloqu, mərhum professor Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün:

 

* insan münasibətləri mənəvi ölçülərə söykənməlidir;

* adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırlar;

* dialoq birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”.

 

Həqiqətən də insanlığın anlaşılan və qarşılıqlı başa düşülən mənəvi prinsipləri, həmçinin bütövlükdə insanın həyati normalar çərçivəsində fəaliyyətinin  tənzimlənməsində həlledici rol oynayır.

 

Düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

 

Müəllim-şagird münasibətlərinin düzgün qurulması, ilk növbədə, müəllimlərdə bir sıra qabiliyyətlərin olmasını zəruri tələb kimi qarşıya qoyur. Bu məsələ ilə bağlı müasir pedaqogikada da xeyli araşdırmalar aparılmış və nəticələrə gəlinmişdir. Xüsusən, müəllimin müasir dövr üçün xarakterik olan qabiliyyətləri son tədqiqatlarda ayrıca qeyd edilir. Belə ki, pedaqoji qabiliyyətlər müəllimin keyfiyyətləridir və onlar yeddi qrupa ayrılır:

 

* təşkilatçılıq qabiliyyəti;

* təlim (öyrətmə) qabiliyyətləri;

* perseptiv qabiliyyətlər;

* kommunikativ (ünsiyyət) qabiliyyətlər;

* suqqestiv (təlqinedici) qabiliyyətlər;

* tədqiqatçılıq qabiliyyəti;

* elmi-idraki qabiliyyətlər.

 

Bu qabiliyyətlər zaman keçdikcə dəyişə,  tələblərin sayı arta və ya azala bilər. Başlıca şərtlərdən biri isə bacarıqların zərurilik baxımından təsnif olunmamasıdır.

 

Müəllim-şagird  qarşılıqlı münasibətləri bir-birinə elə yönəlməlidir ki, onların qarşılıqlı anlaşmasını şərtləndirsin. Bu isə öz növbəsində davranışın qarşılıqlı korreksiyasına gətirir. Təlim şəxsiyyətlərarası münasibətlər vasitəsilə başlayır və bitir. Müəllim-şagird qarşılıqlı münasibətləri təlim və tərbiyə məsələlərinin həllində əsas rol oynayır.

 

Təlim prosesində elə qarşılıqlı münasibətlərin yaradılması nəzərdə tutulur ki, burada hər iki tərəf qarşıya qoyulmuş məqsədə çata bilsin. Əməkdaşlığın əsasında bu prosesin iştirakçıları arasında pozitiv münasibətlərin saxlanması durur.

 

Təlim o vaxt effektli alınır ki, müəllim şagirdin fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş şagirdin şəxsi keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir.

 

Müəllim və şagird arasında münasibətlərin necə qurulacağı ünsiyyət və qarşılıqlı təsir vasitələrinin xarakterinə birbaşa təsir edir.

 

Şagirdlər tərəfindən təcrübənin mənimsənilməsi şəxsi münasibətlər xaricində mümkün deyil. Məhz münasibətlər çərçivəsində şagird müəllimin qiymətləndirilməsini başa düşür. Həm də şagird özü də müəllimini qiymətləndirir. Müəllimə münasibət şagirdin uğurunu şərtləndirir. Pedaqoqa qarşı pozitiv münasibət təlimə marağı, şagirdlərin biliklərə yiyələnmə istəyini artırır. Bu zaman müəllim nəyin korreksiyaya ehtiyacı olduğunu, mənimsənildiyini və özünün nəyə əsaslanacağını müəyyənləşdirə bilir. Bu mənimsəmə prosesləri öz-özünə baş vermir. Formalaşan şagird şəxsiyyəti müəllimin dəstəyi nəticəsində digər insanların nəzər nöqtəsini, davranış və əməllərini nəzərə almağın vacibliyini öyrənir.

 

Şagirdin bütün şəxsi keyfiyyətlərinin nəzərə alınması əsasdır. Bu, təlimin tempini və keyfiyyətini dəyişməyə imkan verən şərtdir.

 

Müəllimlə şagirdin əməkdaşlığı təkcə tədris metod və vasitələrinin tətbiqindən ibarət deyil. Burada mənəvi əlaqə olmalıdır. Müəllim ötürdüyünün şagird tərəfindən qəbul edilməsinə, özününküləşdirməsinə şərait yaratmalıdır. Bu mənəvi əlaqə emosional, qiymətləndirici və iradi xarakter daşıyır.

 

Yüksək qabiliyyətlərə malik müəllim təbii olaraq planlaşdırdığı pedaqoji prosesi yeni prinsiplərin tələbinə uyğun olaraq demokratik şəraitdə qurmağa çalışır. Belə şərait isə öz növbəsində şagird fəallığına imkan verir. Şagird müəllimin istiqamətverici tövsiyələri, göstərişləri əsasında potensial imkanlarını səfərbər edərək səmərəli fəaliyyət göstərir.

 

Müəllim-şagird münasibətlərinin yüksək olması keyfiyyətli nəticələrin əldə olunması ilə müəyyənləşir. Bu isə bilavasitə real prosesdə meydana çıxır.

 

Real proses həyata keçirilən pedaqoji prosesdir. Müəllim-şagird  münasibətlərinin öyrətmə-öyrənmə mexanizmi məhz bu prosesdə meydana çıxır. Həm müəllimlər, həm də şagirdlər özlərinin fəaliyyət potensialını bu şəraitdə təzahür etdirirlər. Real proses müəllim-şagird tərəfdaşlığının bir müstəvidə olmasını, təlimin səmərəliliyi istiqamətinə yönəlməsini, hər iki tərəfin qarşılıqlı münasibətini tələb edir.

 

Yeni pedaqoji prosesdə öyrədən və öyrənən münasibətləri nə qədər əməkdaşlıq baxımından qiymətləndirilsə də, burada şagirdlərin fəallaşdırılması daha qabarıq nəzərə çarpır. Onlar müasir pedaqoji ədəbiyyatlarda qeyd edildiyi kimi, pedaqoji prosesdə subyekt kimi fəaliyyət göstərirlər. Təlim prosesində tədqiqatçılığa cəlb olunur, mövzu ətrafında araşdırmalar aparır, öyrəndiklərini tətbiq edir, müqayisə və təhlillər yolu ilə fakt və hadisələri məntiqi təfəkkür süzgəcindən keçirərək qiymətləndirirlər.

 

Şagirdin təlim prosesindəki fəaliyyəti hər hansı deklorativ bilikləri imitasiya etmək, təkrarlamaq, yaxud onların tətbiqinə dair nümunələr hazırlayıb nümayiş etdirməklə bitmir. Şagirdlərin mühakimə yürütməsi, fikirləşməsi, müstəqil nəticə çıxarması - müasir dərsin atributlarıdır.

 

Bütün bunlar isə şagirdlərin təlim prosesində məntiqi tapşırıqlar üzərində işləmələrini, yaradıcı fəaliyyət göstərmələrini tələb edir. Müasir psixopedaqoji araşdırmalar da məhz bu ideyanın müasir təhsil nəzəriyyəsi üçün aparıcı rol oynadığını aydın şəkildə göstərir.

 

Müəllim və şagirdlərin fəaliyyətindəki özəlliklər onların arasındakı münasibətlərin yeni məzmunda qurulmasını diktə edir. Təbii ki, buna son dövr pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, “əməkdaşlıq münasibəti”, “əməkdaşlıq pedaqogikası” demək olar. Mahiyyət etibarı ilə bu münasibətlərin əsasında qarşılıqlı anlaşma və demokratik xarakterli ünsiyyət, bir sözlə, dialoji mədəniyyət dayanır. Hər şeydən əvvəl vacib olan problemin həll edilməsidir. Müəllim və şagirdlər bütün fəaliyyətlərini bu məqsədə yönəldirlər. Məqsəd öyrədən və öyrənən qüvvələri birləşdirir.

 

Müəllim-şagird münasibətlərindəki qarşılıqlı fəaliyyət mahiyyət etibarı ilə müasir xarakterli yeni bir təlim şəraitinin meydana çıxması ilə müşayiət olunur. Bu şəraitdə öyrənən xarakterini dəyişir. Yeni təhsil quruculuğunda bu cür yanaşma fəal öyrənmə adlanır. O, şagirdlərə gələcək peşələrində, fəaliyyətlərində, şəxsi və ictimai həyatlarında məqsədlərinə çatmaqda, kamil insan kimi formalaşmaqda kömək edən zəruri öyrənmədir. Fəal öyrənmə eyni zamanda koqnitiv (idraki) xarakterli olub, problemin həlli şəraitini, yenilikləri, axtarışları, kəşf xarakterli öyrənməni əhatə edən, çoxsaylı məqsədləri yerinə yetirməyə imkan verən faydalı bir prosesdir.

 

Bu prosesin faydalılığı şagirdlərin idrak fəallığının yüksəlməsində, problemlərin həlli yolunun tapılması üçün axtarışların aparılmasında, kəşflərin edilməsində özünü göstərir. Hər bir nailiyyət özünün müsbət nəticələri ilə xüsusi əhvali-ruhiyyə yaradır və şagirdlərin yüksək sevincinə səbəb olur. Onlar da təlim marağının artmasına təsir göstərir.

 

Müəllim-şagird arasında qarşılıqlı fəaliyyətin yaranması təbii öyrənmə prosesinin formalaşması ilə nəticələnir. Bu, ənənəvi təlim prosesinə məxsus amirlik ab-havasının əməkdaşlıqla əvəz olunmasına gətirib çıxarır. Bu zaman müəllim və şagird arasında işgüzar bir əlaqə formalaşır. Belə şəraitdə hər kəs təbii olaraq qarşısına qoyduğu məqsəd üçün çalışır.

 

Müəllim-şagird arasında qarşılıqlı fəaliyyətin yaranması həm də ənənəvi olaraq məktəblə valideyn arasında əlaqələrin yeni məzmunda qurulmasına rəvac verir. Valideynlər məktəbdə təlim prosesi və övladlarının gündəlik təlim fəaliyyəti ilə daha yaxından maraqlanmağa, onların təhsil prosesinə nüfuz etməyə imkan tapırlar. Müəllimlərin valideynlərlə əlaqələrinin yeni xətləri yaranır. Valideynlər uşaqlarının təlim fəaliyyətinin iştirakçısına çevrilir, onların problemləri ilə daha yaxından tanış ola bilirlər.

 

Müəllim-şagird münasibətləri təlim prosesinin barometridir. Onun vasitəsilə müəllim və şagird fəaliyyəti barədə, eləcə də öyrənmə işinin xarakteri haqqında tam məlumat almaq mümkündür. Şagirdlərinin təlim marağına səbəb olan müəllimlər kommunikativ imkanlarından istifadə edirlər. Belə ki, şagird kollektivini təlim prosesinə hazırlamaq, onu ümumi fəaliyyətin məntiqinə tabe etmək üçün ən yaxşı vasitə kommunikativ (ünsiyyət) bacarıqlardır.

 

Müəllim-şagird münasibətləri zamanı müəllimin fəaliyyətində aparıcı keyfiyyətlərdən biri də tədqiqatçılıqdır. Müəllim reallaşdıracağı standartlara əsaslanaraq məqsədlərini müəyyənləşdirir. Onları həyata keçirmək üçün fəaliyyətini layihələndirir. Konkret plan qurur.

 

Gündəlik fəaliyyətə gəldikdə isə müəllim hər dərs üçün orijinal bir sistem hazırlayır. Onun reallaşdırılması imkanlarını müəyyənləşdirir. Bu mənada tədqiqatçılıq müəllimin zəruri bacarıqlarından biri kimi dəyərləndirilir və onun formalaşdırılması istiqamətində iş aparılması məqsədəuyğun hesab edilir.

 

İstər kommunikativ, istərsə də tədqiqatçılıq bacarıqlarının yaranması üçün müəllimin elmi-idraki bacarıqlara yiyələnməsi qaçılmaz bir zərurətdir. Müəllimin akademik və pedaqoji-psixoloji hazırlığı onun kommunikativ və tədqiqatçılıq bacarıqlarının yaranmasının təminatçısıdır. Ona görə də müəllim şəxsiyyətində formalaşmış olan bu bacarıqların, eləcə də bunlarla yanaşı, digərlərinin formalaşması onların şagirdlərlə fəal təlim şəraitini daha səmərəli təşkil və idarə etməyə imkan verir.

 

Vaqif MAHMUDOV,

Bakı şəhəri 177 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi