Müharibələr hər  zaman  ədalətsizliyin  nəticəsi  olaraq meydana çıxır. Azərbaycanın  Zəfəri ilə  sona  çatan 44  günlük Vətən müharibəsi  bu fikri gözəl  təsdiq  etdi.

     

Torpaqlarımız 30 il işğal altında qalsa da, yurdlarımızdan didərgin  düşsək də,  Qarabağ  münaqişəsini  qansız-qadasız yoluna  qoymaq  niyyəti ilə  çox  dözdük, çox gözlədik. Ötən müddətdə  baş  verən  hadisələr  göstərdi  ki,  savaşmaqdan   başqa  yolumuz  yoxdur. Döyüş  əsarətə düşmən, azadlıq  sevdali  millətin  alın yazısıdır, həyat tərzidir.

 

Tarixin hər dönəmində olduğu kimi, bu dəfə də igid oğullarımız haqqın  müdafiəsinə qalxdılar. Əsir yurdlarımızı bir-bir düşmən pəncəsindən xilas  etdilər.”Arxalı  köpək  qurd basar” ifadəsini  yerlə  yeksan  edib, dişləri, dırnaqları   ilə  Qarabağı- təbiət  filarmoniyası, namus-şərəf  qalamız, həsrəti  ürəyimizdə  dərin  yara  açmış  sevgili  Vətən  parçası, dünya boyda dəyər daşıyan müqəddəs  torpağımızı azad etdilər. Sıldırımlı qayaları, keçilməz yerləri, aşılmaz aşırımları  aşdılar, qazi  oldular, şəhid  oldular, Qarabağ  dərdimizə dərman  oldular. Sübut  etdilər  ki,  yurdu  qorumaq  üçün  silahdan  daha  çox  uğruna  can  verəcək  qədər  böyük  Vətən  sevgisi lazımdır. Göstərdilər ki, Pənah  xan, Vaqif, Natəvan, Üzeyir,  Bülbül, Xan gəzən  yerlərdə  yağı  izi  ola  bilməz; daşı-torpağı belə  düşmənə  baş  əyməyən  yurdu  diz  çökdürmək  mümkünsüzdür. Göstərdilər  ki:

      

Zülmün  topu var, gülləsi  var,  qalası varsa,

Haqqın  da  bükülməz  qolu,  dönməz  üzü  vardır.

  

Düşmənin  cavabı  layiqincə  verildi.  Biz möhtəşəm Qələbə qazandıq. Çox sayda şəhid verdik. Şəhidlik  zirvəsinə  ucalan  balalarımız  Vətən  torpağını öz  qanları  ilə  qoruyaraq  torpaq,  yurd  anlayışlarına  böyük  məna, böyük  dəyər  qatdılar. Əvvəllər  yalnız  ata-analarının  övladları  idilərsə,  şəhid  olub  Azərbaycanın,  Vətənin  oğlu,  hamımızın övladı, qardaşı, doğması oldular.

     

Başımızın  tacı olan şəhid  analarına  baxanda,  oğlunu  öldürən  düşmən  sərkərdəsinin  başını  kəsib,  tökdüyü  qanlardan gözü  doysun  deyə, qan  tuluğuna  salan Tomris  yada  düşür. Övladını  döyüşə  yola  salanda ”Kürəyindən  yaralansan,  südüm  sənə  halal  olmaz”- deyən  Cəvahir  xatun, düşmənə  meydan  oxuyan  Həcər,  Sara xatun,  Tutibikə yada düşür. Onlar  övladlarını bu  Vətənə  qurban  verən  nə  ilk, nə də  son  analardır.

 

…Şəhid  xəbərlərinin  ilk  zərbəsi o  analara,  sonra  bizim  ürəyimizə  dəydi.  Birlikdə  ağladıq, birlikdə  göynədik, birlikdə özümüzü  toparlayıb  ayağa  qalxa  bildik.  Hamımız onlara borcluyuq. Onlar hər zaman  sevgiyə, sayğıya  layiqdirlər…

      

…Ağrılı-acılı  illər yaşadıq, amma Qarabağdan  bir  an  belə  vaz  keçmədik.  Hər bayramda Şuşanı, Xankəndini, Laçını, Qubadlını, Cəbrayılı, Zəngilanı xatırladıq, bu yerlərdə  toplaşmaq,  əlamətdar  günləri  qeyd  etmək xəyalları qurduq, arzular   dilə  gətirdik.

      

30  ildə kədərin, ağrının-acının simvolu olan qərənfildən  vüsalın simvolu Xarıbülbülə uzanan  çətin,  ağır  bir  yol  qət  etdik. Şəhid  məzarlarına  düzülən  qərənfillər və  Zəfərlə qovuşduğumuz, qürurla sinəmizdə gəzdirdiyimiz xarıbülbüllər…Taleyimizdə ikisi də varmış!

    

…44 günlük müharibə dilindən,  dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqları birləşdirdi. Çünki söhbət Vətənin taleyindən gedirdi.  Hamı dəmir yumruğa dönüb düşmənin başına endi. Azərbaycan qalib oldu və Qələbəsi ilə bütün dünyaya bir daha bu mesajı verdi: Qarabağ Azərbaycandır!  Heç bir hiylə, heç bir məkirli oyun,  fitnəkar, çirkin plan Qarabağı bizdən bir daha qopara bilməyəcək!      

 

Xavər MƏMMƏDOVA, 

Kürdəmir rayonu, Köhnəbazar tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi