Təhsil sisteminin strukturunun yeniləşdirilməsi və məzmununun modernləşdirilməsi onun son məqsədinin hansı səviyyədə dərk olunmasından asılıdır. Təhsilin məzmununun modernləşdirilməsi onun humanistləşdirilməsi və bütöv bir varlıq kimi qəbul edilməsi ilə sıx bağlıdır. Təhsil sisteminin strukturunun müasirləşdirilməsi və məzmununun modernləşdirilməsində böyük elmi-nəzəri və praktik əhəmiyyət daşıyan səriştəli yanaşma böyük əhəmiyyət kəsb edir.

 

Təhsildə səriştəlilik - şərəf, ləyaqət, məsuliyyət, mükəmməl bilik, aldığı biliyi həzm etmək, ondan istifadə edərək xeyir vermək və bunu başqalarına çatdırmaq, bunlara mane olan əməllərə qarşı barışmaz mövqe tutmaq bacarıqlarını formalaşdırır. “Səriştəlilik” geniş bilik, bacarıq və vərdişlər sisteminin formalaşmasında şəxsi, institusional və ictimai inkişafın əsas amili kimi tədris-təlim prosesinin səmərəliliyinin yüksəldilməsində əsas istiqamətlərdən biri hesab olunur. Təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilən səriştəli yanaşma təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinin əsas vasitəsidir.

 

Səriştəli yanaşma inkişaf etmiş ölkələrin əksəriyyəti tərəfindən qəbul edilmiş təhsil standartlarının  ümumi konsepsiyasına  uyğun, təhsilin məzmununun layihələndirilməsi və onun keyfiyyətinə nəzarət sisteminə keçidlə bağlı olan məsələləri sistemli həll etməyə imkan verir. Səriştəli yanaşma modelinin dörd  komponenti var:

 

1. Məntiqi

2. Funksional

3. Semantik

4. Texnoloji.

 

Bu komponentlərin qarşılıqlı əlaqələri səriştəli yanaşma modelinin səmərəliliyini müəyyən edir.

 

Təhsildə səriştəli yanaşma modeli mövcud təhsil nəzəriyyəsi və təcrübəsində məlum texnologiyalardan istifadə olunaraq həlli mümkün olmayan, problem xarakterli məsələləri həll etməyə imkan verir. Səmtləşdirilmiş təhsil 1970-ci illərdə Amerikada formalaşmışdır. 1990-cı illərə qədər səriştəlilik dilin öyrədilməsində və idarəetmədə, rəhbərlikdə istifadə olunurdu. Səriştəliliyin növləri çoxdur. Bunlar aşağıdakı kimi qruplaşdırılmışdır:

 

- dəyərlərin daha aydın başa düşülməsi üçün müxtəlif tendensiyalar və dəqiq məqsədlərlə bağlı bacarıqlar;

- öz fəaliyyətini nəzarətdə saxlamağa dair qabiliyyət və tendensiyalar;

- fəaliyyət prosesinə emosiyaların cəlb edilməsi bacarığı; sərbəst öyrənməyə hazırlıqla bağlı bacarıqlar;

- əks-əlaqənin axtarışı və istifadəsinə dair  bacarıqlar;

- özünə əminlik, inamlılıqla bağlı bacarıqlar;

- özünənəzarət bacarığı; gələcək haqqında düşünməyə (fikirləşməyə), adaptasiya (uyğunlaşma) və abstraksiya (mücərrədləşdirməyə) dair bacarıq və vərdişlər;

- qoyulmuş məqsədə çatmaqla bağlı problemlərə diqqətli münasibət;

- təfəkkürün sərbəstliyi, orijinallığı;

- tənqidi (nəzəri) təfəkkürün inkişafı;

- mürəkkəb məsələlərin həllinə hazır olma bacarığı;

- hər hansı mübahisəli və narahatçılıq doğuran məsələlərin həllinə hazır olma; ətraf aləmin imkanlarının və ehtiyatlarının  aşkarlanması üçün tədqiqatlar aparma bacarığı;

- məqsədə çatmaq üçün yeni ideyalardan və innovasiyalardan istifadə bacarığı;

- cəmiyyətin innovasiyalara xeyirxah münasibətinə əminlik (inanma);

- inadkarlıq, sözünün üstündə durma bacarığı;

- ehtiyatlardan istifadə bacarığı;

- etibar, inam, etimadla bağlı keyfiyyətlər; arzuolunan və istənilən əxlaq qaydalarına münasibət bildirmə bacarığı;

- şəxsi məsuliyyət;

- məqsədə çatmaq üçün birgə işə qatılmaq bacarığı;

- qoyulmuş məqsədə çatmaq üçün başqa insanlarla birgə işləməyə həvəs oyatma bacarığı;

- başqa insanları dinləmək və onların fikirlərinə hörmətlə yanaşmaq bacarığı;

- əməkdaşların şəxsi potensialını subyektiv qiymətləndirməyə  can atma bacarığı;

- ixtilafların həlli və fikir ayrılıqlarının yumşaldılması ilə bağlı bacarıqlar;

- tabelilik şəraitində səmərəli, effektiv işləmək bacarığı;

- ətrafdakıların müxtəlif yaşayış tərzinə münasibətdə dözümlülüyün təbliği ilə bağlı bacarıqlar;

- təşkilati və ictimai planlaşdırma ilə bağlı bacarıqlar.

 

Təhsilin səmərəliliyinin artırılması və keyfiyyətinin yüksəldilməsi təhsil işçilərinin başlıca vəzifələrindəndir.  Müasir təhsil biliklər sisteminin səmərəli mənimsənilməsinin inkişafı üçün tələb olunan bilik və bacarıqların  onların özü tərəfindən sərbəst əldə olunması istiqamətinə yönəldilmişdir.

 

Təhsil sisteminin əsas məqsədi öyrənənlərdə səriştəliliyin kompetensiyalarının inkişaf etdirilməsinə yönəldilmişdir. Bu kompetensiyalara aşağıdakıları aid etmək olar:

 

* strateji- gələcəyə dair bacarıqların inkişaf etdirilməsi ilə bağlı;

* sosial kommunikativ - əməkdaşlıq bacarıqlarının, tənqidin və əks əlaqənin qəbul olunması ilə bağlı;

* normativ-mədəni - peşəkar münasibətlərin motivasiya və nəticəyə çatmağa hazır olmaqla bağlı;

* şəxsiyyətin özünüreallaşdırma bacarıqları ilə bağlı;

* sosial yönümlü bacarıqlarla bağlı;

* müəyyən fəaliyyət sferası ilə bağlı kompetensiyalar.

 

Səriştəli yanaşmada öyrənənlərin yaradıcılıq qabiliyyətinin inkişafı üçün onlar bu prosesə dair bilik, bacarıq və vərdişlərə;

 

* problemin dərk olunmasına;

* sualları qoyma bacarığına;

* hipotezanın irəli sürülməsi ilə bağlı bacarıqlara;

* anlayışlara elmi təriflərin verilməsinə;

* təcrübələrin aparılmasına;

* nəticəçıxarma və yekunlaşdırma bacarığına;

* öz fikrini, ideyasını izah, isbat və müdafiə etmək bacarığına yiyələnməlidirlər.

 

Deməli, səriştəli yanaşma özünün hərtərəfli məna tutumunda və dəyərlərində təhsildə modernləşdirmə prosesinin əsas məqamlarının dərin nəzəri və pedaqoji aspektlərini əks etdirir.

 

Bu gün artıq təhsilin keyfiyyəti şəxsiyyətin müəyyən dəyərlərə malik olma səviyyəsi ilə ölçülür. Kurikulumda bu dəyərlər öz əksini tapdı və şəxsiyyətin inkişafı üçün zəruri olan idraki, hissi  və fiziki fəaliyyətlər kompetensiyalarda ifadə edildi. Keyfiyyət təhsilin strateji vəzifələrindən biri hesab edilərək, kamil insanın, şəxsiyyətin rəqabətəqabilliyi zəruri cəhətlər kimi ön plana çəkildi. Təhsil sferasında keyfiyyət dedikdə, təhsilin nəticələrinə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş normativlərə müvafiq öyrənənlərin səviyyəsi, ümumi halda isə təhsil sisteminin vəziyyəti başa düşülür. Ona görə də şagirdlərin bilik keyfiyyəti tamlıq, dərinlik, sistemlilik, konkretlik, ümumiləşdiricilik, şüurluluq, möhkəmlik kimi göstəricilərin tədris-təlim  prosesində formalaşmasının nəticəsi kimi dəyərləndirilməyə başlanıldı. Bütün bunlar bizə belə bir əsas verir ki, hazırda milli-mənəvi və ümumbəşəri dəyərlərdən qaynaqlanan milli təhsil ənənələrimiz konseptual xarakter daşıyan Milli Kurikulum sənədində öz əksini tapmışdır və hər bir təhsil müəssisəsində tədris-təlim prosesinin obyektiv meyarı kimi təhsilin keyfiyyət göstəricisi əsas götürülməlidir.

 

Tədris-təlim prosesinin keyfiyyəti müəyyənləşdirilərkən onun üç əsas tərkib hissəsi - məzmun, texnologiya və əldə olunmuş nailiyyətlər təhlil olunmalı və ayrı-ayrı tərkib hissələri üzrə nəticələr çıxarılmalıdır. Keyfiyyətin qiymətləndirilməsində sistemli yanaşmadan istifadə olunması səmərəli nəticələr verir. Təhsil sistemində keyfiyyətin idarə olunmasında insan faktoru həlledici rol oynayır. Bu da çoxlu komponentlərdən asılıdır. Ona görə də keyfiyyətin idarə olunmasının müasir modellər əsasında təşkili, təhsilin səmərəliliyinin yüksəldilməsində əvəzsiz imkanlara malikdir. 

 

Nəticələrin monitorinqinin aşağıda göstərilmiş formalarını bir-birindən ayırmaq və onun geniş miqyasda tətbiqini həyata keçirmək lazımdır:

 

* Problemli - təhsil sistemində baş verən tədris proseslərinin ümumi problemlərinin, təhsil müəssisələrinin ehtiyaclarının və təhsil sisteminin inkişaf qanunuyğunluqları ilə bağlı problemlərin üzə çıxarılması;

* Müqayisəli - təhsil nailiyyətlərinə görə təhsilalanların və ya müəssisələrin əhəmiyyətliliyinə görə dərəcələnməsi;

* Kompleksli (mürəkkəb) - təhsil müəssisələrinin attestasiyası və akkreditasiyası üçün müxtəlif pedaqoji ölçmələrin nəticələrindən istifadədən başqa, tədris-təlim prosesinin anketləşdirilməsi, tədris sənədlərinin kontent təhlili və informasiyanın toplanmasının başqa formalarından istifadə edilməsi.

 

Araşdırmalar göstərir ki, pedaqoji yönümlü ali təhsil müəssisələrində səriştəli kadr hazırlığında keyfiyyətin idarəedilməsi, mütəmadi olaraq diaqnostik müşahidələrin ekspert qiymətləndirilməsinin təşkili, pedaqoji sistemin vəziyyətinin vaxtında müəyyən edilməsi və müvafiq korreksiya işlərinin aparılması təhsilimizin qarşısında duran əsas məqsədlərin həyata keçirilməsində mühüm rol oyanyır.

 

Zülfiyyə VƏLİYEVA,

ADPU ETM-nin Elmi işçisi, Əməkdar müəllim