Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı

(1989-1992-ci illər)


(Əvvəli  https://muallim.edu.az/news.php?id=22297 )

 

Pedaqoji İnstitutun Şuşa filialının təşkili

 

14 aylıq mübarizədən sonra Nazirlər Sovetinin sədri Həsən Həsənov Şuşa rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi və Xalq Təhsili Nazirliyinin  təkliflərini nəzərə alaraq  Şuşa fakültəsinin əsasında ADPİ-nin Şuşa   filialının təşkili haqqında 26 yanvar 1991-ci ildə 4 maddədən ibarət sərəncam imzaladı. Nazirlər Sovetinin sədrinin sərəncamına uyğun olaraq  22 fevral 1991-ci ildə Xalq Təhsili Nazirliyi 22 maddədən ibarət 116 saylı əmr, 25 mart 1991-ci ildə ADPU-nun rektoru, professor S.Aslanov 3/93 saylı əmr imzaladı. İnstitut üzrə verilən əmrə nəzarət tədris işləri üzrə prorektor professor Eldar Abbaszadəyə, qiyabi və axşam şöbələri üzrə prorektor Məlikməmməd Cəbrayılova həvalə edildi.

 

Xalq Təhsili naziri professor R.Feyzullayevin imzaladığı həmin əmrlə Şuşa filialının 14 maddəlik Əsasnaməsi təsdiq olundu. Şuşa fakültəsinin dekanı dosent Mail Alıcanov filialın direktoru vəzifəsinə təyin edildi. ADPİ-nin rektorunun əmri ilə  dosent Zəfər Hüseynov tədris və elmi işlər üzrə, Səyyar Əliyev isə inzibati-təsərrüfat işləri üzrə direktor müavinləri təyin edildilər.

 

1 aprel 1991-ci ildə ADPİ-nin rektoru, professor S.Aslanovn imzaladığı 1/183 saylı əmrlə filialın strukturu aşağıdakı kimi təsdiq edildi: 

 

Filialda 3 fakültə:1)Tarix-filologiya (dekan dosent Raqub Kərimov); 2)Pedaqoji (dekan dosent İslam Həşimov); 3)Fizika-riyaziyyat  (dekan dosent Nəsib Şəfiyev) yaradıldı.

 

Filialda aşağıdakı kafedralar fəaliyyət göstərirdi:

 

1. Ədəbiyyat və onun tədrisi metodikası kafedrası (müdir professor Kamil Quliyev);

2. Dilçilik və onun tədrisi metodikası kafedrası (müdir dosent İlhami Cəfərsoylu);

3. Ümumi tarix kafedrası (müdir dosent Kazım Mirzəyev);

4. SSRİ tarixi kafedrası  (müdir dosent Yusif Fərzəliyev);

5. Ümumi riyaziyyat kafedrası (müdir dosent Cəfər Zeynalov);

6. Fizika və ÜTF kafedrası (müdir professor Əbülfət Rüstəmov);

7. Sosial-siyasi elmlər kafedrası (müdir dosent Yusif Ağayev);

8. Pedaqogika və psixologiya kafedrası (müdir dosent Mirələm Vəliyev);

9. Bədən tərbiyəsi kafedrası  (müdir b/m. İsa Qasımov).

 

Həmin əmrlə 44 nəfər (30 müəllim, 14 tədris-köməkçi heyət) işə qəbul edildi ki, onlardan da 21 nəfərinin elmi dərəcəsi var idi. Filialın inkişafına, tələbə və müəllimlərin sayının artmasına, maddi-texniki bazanın möhkəmlənməsinə,  yeni laboratoriya və kabinetlərin yaradılmasına, onların avadanlıqlarla təchiz edilməsinə həm Xalq Təhsili Nazirliyi, həm də ADPU-nun rektorluğu qayğı ilə yanaşırdı.

 

Şuşa filialına ilk müstəqil tələbə qəbulunun keçirilməsi

 

1991-ci ildə ADPU-nun Şuşa filialına daxil olmaq üçün ərizə verənlərin sayı çox olduğundan 30 nəfər müvəffəq qiymət alsa da müsabiqədən keçə bilməmişdi. 12 avqust 1991-ci il tarixində Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi, SSRİ Ali Sovetinin üzvü V.Cəfərov Xalq Təhsili naziri, Sov.İKP Nəzarət-təftiş komissiyasının üzvü, professor R.Feyzullayevə məktubla müraciət edərək müsabiqədən keçməyən həmin tələbələrin  tələbə heyətinə daxil edilməsi üçün sərəncam verməyi xahiş etdi. Nazirlik bütün imtahanlardan müvəffəq qiymət alaraq müsabiqədən keçməyən 30 nəfərin (“Pedaqogika və psixologiya”- 6 nəfər, “İbtidai təlim pedaqogikası və metodikası”- 14 nəfər, “Tarix, əlavə sovet hüququ”-8, “Azərbaycan dili və ədəbiyyatı”-1, “ÜTF, əlavə fizika”-1)  tələbələr sırasına daxil edilməsinə  icazə verdi.

 

Filialın təşkilindəki çətinliklər

 

Filialın fəaliyyətini təşkil etmək məqsədilə  ADPU-nun əməkdaşları  tez-tez Şuşa filialına ezam olunurdu.  Həmin dövrdə Pedaqoji Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışan professor Məlikməmməd Cəbrayılov o günləri belə xatırlayır:“Qarabağ hadisələri başlananda erməni millətçiləri Xankəndi Pedaqoji İnstitutunu hədəfə almışdılar. Bu institutun Qarabağ bölgəsində təhsilin, maarifçiliyin inkişafında müstəsna xidmətləri olmuşdu. Azərbaycanlı müəllim və tələbələr Xankəndindən qovulanda onlar Şuşada yerləşdilər. Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi ADPU-nun filialı kimi yenidən təşkil olunanda rektor Səlvər Aslanov, mən və Qulu müəllim Şuşaya getməli olduq. Vəziyyət həddən artıq təhlükəli idi. Mən onda gördüm ki, Səlvər müəllim çox cəsarətli, vətənpərvər və qorxmaz adamdır. Biz Ağdama getdik, oradan da Xankəndindən keçməklə Şuşaya qalxdıq. Bizi az sonra müdafiə naziri olan general Dadaş Rzayev müşayiət edirdi. Səlvər Aslanov o dövrdə Azərbaycan Ali Sovetinin deputatı idi. Şuşada filial üçün yaxşı bir bina ayrılmışdı. Filiala rəhbərlik dosent Mail Alıcanova həvalə olunmuşdu. Filialın müəllimləri, tələbələri ilə maraqlı və yaddaqalan görüşlərimiz oldu. Tədrisin təşkili ilə bağlı xeyli təklif və tövsiyələrimiz oldu. Bütün çətinliklərə baxmayaraq filialın professor-müəllimləri əzmlə çalışırdılar. Kollektivdə nikbin əhvali-ruhiyyə hökm sürürdü. Tələbələrin hamısı Şuşaya qayıtmışdı. Axşama yaxın Ağdama qayıtmalı idik. Xəbər gəldi ki, ermənilər daha da azğınlaşıb, azərbaycanlıların maşınlarını gülləbaran edir, insanları girov götürürlər. Biz helikopterlə Ağdama, oradan da maşınla Bakıya gəldik. Səhəri gün Səlvər müəllim rektoryanı müşavirə çağırdı. Şuşa filialı ilə bağlı prorektorlara və struktur rəhbərlərinə konkret tapşırıqlar verdi”.

 

Çətin dövrlər olmasına baxmayaraq kollektiv tədrisin keyfiyyətinin aşağı düşməməsinə çalışırdı. Ermənilərin tez-tez yolu bağlaması, avtobusların düşmən hücumlarına məruz qalması  professor-müəllim və tələbə kollektivini  ruhdan salmırdı. Əsas çətinlik ondan ibarət idi ki, Bakıdan filial üçün ayrılan avadanlıqlar maşınla Ağdama aparılır, oradan Şuşaya helikopterlə daşınırdı. Müəllimlərin əksəriyyəti günlərlə Ağdam aeroportunda qalmalı olurdu.

 

Şuşa filialının ilk şəhidləri: Milli Qəhrəman Şakir Salahov

 

Erməni təxribatı, demək olar ki, hər gün genişlənirdi. Erməni qəsbkarlarının açdığı atəş nəticəsində filialın iki müəllimi Böyük Vətən Müharibəsi veteranı  Mürşüd Dünyamalıyev və gənc alman dili müəllimi Sara Əliyeva,  filialın iki tələbəsi Elsevər və İldırım şəhid oldular. Xeyli tələbə müxtəlif dərəcəli xəsarət almışdı. Kosalar və Cəmilli kəndlərinin müdafiəsində əsl fədakarlıq və qəhrəmanlıq göstərən Şuşa filialının fizika-riyaziyyat fakültəsinin  qiyabi şöbəsinin tələbəsi Şakir Salahova 8 oktyabr 1992-ci ildə (ölümündən sonra)  “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

 

Xocalı faciəsi erməniləri daha da azğınlaşdırmışdı. Növbəti hədəf  Qarabağın tacı olan  Şuşa  şəhəri idi. Şuşa şəhəri  Topxana tərəfdən “Alazan” tipli raketlərlə atəşə tutulurdu. Filialın yerləşdiyi  bina düşmənin əsas hədəflərindən biri idi.

 

ADPU-nun Şuşa filialında struktur və kadr dəyişikliyi

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1991-ci il 200 saylı əmri ilə Şamaxıda N.Tusi adına ADPU-nun filialı açıldı. Həmin ilin avqust ayında dosent Mail Alıcanov yeni yaranan filiala direktor vəzifəsinə köçürüldü. Bu səbəbdən də  Şuşa filialında kadr dəyişikliyi baş verdi. Belə ki, dosent Zəfər Hüseynov  filiala direktor,  dosent Ənvər Əhməd direktor müavini təyin edildi. İnzibati-təsərrüfat işləri baş müəllim Ənvər Quliyevə həvalə olundu.

 

Gerçəkləşməyən arzular...

 

ADPU-nun Şuşa filialının fəaliyyəti uzun sürmədi. O dövrdə erməni silahlıları azərbaycanlılar yaşayan kəndlərə  tez-tez hücum edirdilər. Bir neçə Azərbaycan kəndi ermənilər tərəfindən işğal olunmuşdu. Tələbələrin və müəllimlərin həyatı üçün ciddi təhlükə yaranmışdı. Bütün bunlara baxmayaraq  ADPU-nun Şuşa filialı öz fəaliyyətini davam etdirirdi. Filialın fəaliyyətini genişləndirmək,  əlavə olaraq, Şuşada Azərbaycan Neft-Kimya İnstitutunun və Azərbaycan Tibb Universitetinin filiallarını  açmaq nəzərdə tutulsa da bunları  reallaşdırmaq mümkün olmadı. Əksinə, Şuşa filialı şəhərdən çıxarılandan az sonra onun tarixi binası erməni vandalları tərəfindən yandırıldı.

 

Şuşa filalının Ağcabədi şəhərinə köçürülməsi

 

ADPU-nun  Şuşa filialının təhlükəsiz yerə köçürülməsi qərara alındı.1992-ci ilin mart ayının 25-də filialın kollektivi Ağcabədi şəhərinə 1 saylı məktəbin binasına köçürüldü, daha sonra 114 saylı Texniki Peşə Məktəbinin  binasında yerləşdirildi. Respublikada tələbə qəbulunun test üsulu ilə aparılması Şuşa filialının tələbə kontingentinin ildən-ilə azalmasına səbəb oldu.

 

1994-cü ilin iyun ayının 28-də Şuşa filialının rəhbərliyində kadr dəyişikliyi aparıldı. Dosent Ənvər Əhməd filialın direktoru təyin edildi. Filialda üç fakültədə 6 ixtisas üzrə pedaqoji kadr hazırlığı aparılırdı. Tarix-filologiya fakültəsinə dosent Raqub Kərimov,  Pedaqoji fakültəyə dosent İslam  Həşimov, Riyaziyyat fakültəsinə 1996-cı ildən  baş müəllim Ənvər Quliyev rəhbərlik edirdi. Filialda tədris işləri ilə yanaşı elmi-tədqiqat işlərinə də ciddi fikir verilirdi. Əvvəlki strukturdan fərqli olaraq burada Xarici dillər kafedrası təşkil edilmişdi. Kafedraya dosent Ə.Səfərova rəhbərlik edirdi. ADPU-nun rektoru, professor Bəhlul Ağayevin  təşəbbüsü ilə ildə iki dəfə ADPU-nun Elmi Əsərlərinə əlavə olaraq filialın əməkdaşlarının əsərlərindən ibarət məqalələr məcmuəsinin nəşri qərara alınmışdı. Filialda tədrisin və elmi işlərin yüksək səviyyədə aparılmasına  həm Pedaqoji Universitetin, həm də digər ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının əməkdaşları cəlb olunmuşdu.

 

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli 349 saylı  Fərmanı ilə filialın bazasında  Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı təşkil edildi. Ağcabədi  filialı 2015-ci ildən ADPU-nun Ağcabədi filialına çevrilmişdir.

 

Mədəniyyətimizin paytaxtı: Şuşa şəhəri

 

Şuşa şəhəri 28 il düşmən tapdağı altında qalsa da, sınmadı, əyilmədi, sahibini gözlədi. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük savaşın sonuncu günü bütün dünyaya bəyan etdi:“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!  Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.  Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür...”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanı Azərbaycan dövlətinin mədəniyyət paytaxtı elan etməklə onun dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəyini bildirmişdir. Bu gün Şuşa şəhəri beynəlxalq və respublika əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, yenidən qurulur, bərpa edilir.

 

Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi