Müasir dövrdə pedaqogika yeni pedaqoji təfəkkür müstəvisində inkişaf edir


Təhsilin nəzəri-metodoloji əsaslarını tədqiq edən pedaqogika bir elm kimi tədqiqat obyekti olan insanın (oxu: şagirdin) təlim-tərbiyəsinin cəmiyyətin inkişaf səviyyəsinə uyğun həyata keçirilməsi üçün daim axtarışlar aparır. Dövrümüz təhsil islahatları ilə əlamətdardır. Yeni pedaqoji təfəkkürün yaranması bir tərəfdən təhsilin inkişafı, digər tərəfdən yeni müəllim kadrlarının hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edən pedaqogikanın öz məzmununu daha da təkmilləşdirməsini tələb edir. Pedaqoq alimlər problemi prizmanın bu bucağı axarında mənalandırır və pedaqogika fənni üzrə yeni-yeni dərslik və dərs vəsaitləri hazırlayaraq, cəmiyyətin inkişafında nəhayətsiz rol oynayan təhsilin nəzəri-metodoloji əsaslarını ən son pedaqoji tədqiqatların nəticələri ilə daha da zənginləşdirirlər. Bu baxımdan, bu günlərdə oxuculara təqdim edilən, professor Məcid İsmixanovun və professor Həsən Bayramovun birgə hazırladıqları “Pedaqogika” dərs vəsaiti yeni məzmunu ilə fərqlənir.

 

Pedaqogika yeni pedaqoji təfəkkür müstəvisində

 

Müasir dövrdə pedaqogika yeni pedaqoji təfəkkür müstəvisində inkişaf edir. Müəlliflər dərs vəsaitində pedaqoji reallıqlara bu istiqamətdən yanaşaraq insanın şəxsiyyət kimi formalaşmasının qanunauyğunluqlarının və səmərəli yollarının aşkara çıxarılmasını pedaqogikanın mövzusu kimi dəyərləndirirlər. Pedaqoji problemlərin həllində pedaqogikanın mövzusunun necə qoyulması mühüm metodoloji əhəmiyyət kəsb edir. Vaxtilə pedaqogika öz məzmununu insanı yeni biliklərlə silahlandırmaq üzərində qururdu. Belə bir dövrdə təlim prosesində insanın (oxu: şagirdin) taleyi subyekt-obyekt münasibətləri çərçivəsində həll olunurdu. Müasir təhsil konsepsiyalarında şəxsiyyətin inkişafı prioritetdir. Bu baxımdan, dərs vəsaitinin müəlliflərinin pedaqogikanın mövzusunu şəxsiyyətin formalaşması kontekstində dəyərləndirməsi bir tərəfdən yeni pedaqoji təfəkkürün tələbləri, digər tərəfdən şəxsiyyətin inkişaf yollarının müasir təhsil konsepsiyaları müstəvisində axtarılması baxımından xüsusi önəm daşıyır və dərs vəsaitində pedaqoji reallıqlar bu müstəvidə təhlil olunur. Məsələn, müəlliflərin pedaqogikanın kateqoriyalarının müəyyən edilməsində bu məramı açıq-aydın görünür. Onlar “pedaqoji proses”, “tərbiyə”, “özünütərbiyə”, “yenidəntərbiyə”, “təhsil” və “təlim” ilə yanaşı pedaqogikanın kateqoriyalar blokuna “şəxsiyyətin inkişafı” anlayışını daxil etmişlər. Müəlliflərin bu təqdimatında pedaqogikanın anlayışlar bloku əzəmətli görünür.

 

Pedaqogikanın nəzəri-metodoloji məsələlərinə həsr olunmuş I hissədə müəlliflər pedaqogikanın sahələri, pedaqogikanın digər elmlərlə qarşılıqlı əlaqəsi haqqında zəruri məlumatlar verməklə yanaşı, pedaqoji tədqiqatlar və onun metodlarını da müasir tədqiqat metodologiyasının tələbləri baxımından izah etmişlər. Pedaqoji tədqiqatlar və onun metodları bölməsində tədqiqatın metodologiyası məsələsinin mahiyyətini “tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu” kimi dəyərləndirən müəlliflər didaktik yanaşma, fəaliyyət, sistemlilik və şəxsiyyət prinsiplərini irəli sürmüşlər. Məsələni belə qoymaqla, müəlliflər, tədqiqat metodlarını şəxsiyyəti sistemli şəkildə, təlim-tərbiyə prosesində, fəaliyyətdə öyrənmənin zəruriliyini açıqlayırlar. Bu yanaşma müasir təhsil konsepsiyaları baxımından mühüm metodoloji əhəmiyyət kəsb edir. Şəxsiyyətin inkişaf etdirilməsi üçün onun öyrənilməsi mühümdür. Tədqiqat metodlarını bu istiqamətdən dəyərləndirən müəlliflər, daha sonra tədqiqat metodikasının mərhələlərini açıqlayır və tədqiqat metodlarının “empirik”, “nəzəri”, “empirik-nəzəri” və “riyazi, statistik, sosioloji” olmaqla dörd qrupunu ayırd etmişlər. Müəlliflərin təqdimatında təklif edilən tədqiqat metodları şəxsiyyətin öyrənilməsi baxımından adekvatdır.

 

Bəzən elə düşünürlər ki, tədqiqat metodları ancaq tədqiqatçılar üçün zəruridir. Belə düşünənlər unudurlar ki, hər bir müəllim tədqiqatçı olmalı, öz şagirdini öyrənmək və inkişaf etdirmək üçün bu metodlardan istifadə etməlidir. Şagirdin şəxsiyyət kimi inkişafı baxımında bu, olduqca mühümdür. 

 

Müəlliflər I bölmədə pedaqogika elminin və pedaqoji fikrin inkişaf tarixinə qısa ekskurs etmiş, qədim dövrdən başlayaraq müasir dövrə qədər həm dünyada, həm də Azərbaycanda pedaqoji fikrin inkişafının zəruri postulatlarını lakonik və məzmunlu şəkildə açıqlamış, fəlsəfi-pedaqoji cərəyanlar haqqında zəruri məlumatlar vermişlər. Fikrimizcə, yeni hazırlanan müəllim kadrlarının təhsilin zəngin tarixi ilə tanış olması zəruri əhəmiyyət kəsb edir. Təhsilin tarixi təhsilin müasir nəzəriyyəsi və təcrübəsinin özəyini təşkil edir.  

 

Şəxsiyyətin inkişafı pedaqoji vəzifə kimi

 

Şəxsiyyətin inkişafı və tərbiyəsi məsələləri bütün dövrlərdə pedaqogikanın tədqiq etdiyi problemlərin episentrində olmuşdur. Amma inkişaf anlayışının məzmununun necə dərk edilməsindən asılı olaraq, məsələyə yanaşma tərzi həmişə öz müxtəlifliyi ilə fərqlənmişdir. Lakin “təlim prosesində şagird hətta yalnız bilik əldə edəndə belə inkişaf edir” müddəası bu gün artıq pedaqoji aksioma kimi qəbul edilir. Bu inkişaf şagirdin fərdi-psixoloji keyfiyyətlərindən asılı olur. Amma şagirdin fərdi-psixoloji keyfiyyətlərini inkişaf etdirməklə onun daha çox bilik əldə etməsinə nail olmaq mümkündür. Psixoloji tədqiqatlara əsaslanan müasir təhsil konsepsiyalarında məsələyə bu istiqamətdən yanaşılır. Müəlliflər dərs vəsaitində bu yanaşmaya uyğun olaraq, bioloji, sosioloji, biososioloji inkişaf konsepsiyalarını rəhbər tutaraq, şəxsiyət və şəxsiyyətin inkişafı  anlayışını izah edirlər. Bu zaman insanın zehni, psixi, mənəvi, əmək, fiziki və s. inkişafını önə çəkir, inkişafa dair baxışları və nəzəriyyələri təhlil edir, şəxsiyyətin inkişafında irsiyyətin, mühitin, tərbiyənin əhəmiyyətini açıqlayır və şəxsiyyətin inkişafı prosesində insanın şəxsi fəallığının mühüm rol oynadığını vurğulayırlar.

 

Şəxsiyyətin inkişafı ömür boyu davam edir. Müxtəlif yaş dövrlərində bu inkişaf özünəməxsusluqları ilə fərqlənir. Məsələyə bu kontekstdən yanaşan müəlliflər şəxsiyyətin inkişafının yaş dövrlərinin xüsusiyyətlərini bu bölmədə açıqlayırlar. Dərs vəsaiti ali təhsilin bakalavriat səviyyəsində müəllimlik ixtisası üzrə hazırlanan tələbələr üçün nəzərdə tutulduğuna görə onlar məktəb, yeniyetmə və erkən gənclik yaşının xüsusiyyətlərinin izahına üstünlük vermişlər.

 

Pedaqoji proses, onun səciyyəvi cəhətləri, texnologiyası və yenilənməsi bölməsində də müəlliflər şəxsiyyətin inkişafı məsələsinə önəm vermişlər. Bu, onların pedaqoji prosesi “tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin məcmusu” kimi dəyərləndirməsi fikrində aydın görünür və onlar pedaqoji proses haqqında məsələləri pedaqoji prosesin səciyyəvi cəhətləri, pedaqoji prosesin mərhələləri və texnologiyaları, pedaqoji sistemin yeniləşməsi (innovasiya) və optimallaşdırılması kontekstindən qiymətləndirirlər.         

 

Müəllim pedaqoji prosesin aparıcı qüvvəsidir.  Pedaqoji prosesin uğurları da, uğursuzluqları da onun fəaliyyətinin nəticəsi kimi dəyərləndirilir. Pedaqoji təcrübədə həmişə qabaqcıl müəllimlərlə yanaşı adi müəllimlər də olub. Bu, təbiidir. Adi müəllimlər təcrübə topladıqca, yeniliklərə açıq olub, onları öz təcrübəsində aprobasiya edə-edə qabaqcıl müəllimə çevrilə bilirlər. Lakin onlara bunun yolunu göstərmək lazımdır.

 

Müasir təhsil konsepsiyaları bu gün müəllimlərin “çiyinlərinə” daha ağır “yük” qoyub. Əgər əvvəllər bilik vermək müəllimin əsas vəzifəsi idisə, müasir dövrdə o şəxsiyyəti inkişaf etdirməlidir. Bu, çətin, mürəkkəb, xalq üçün, onun inkişafı üçün taleyüklü vəzifədir. Müəllimlər bunu bilməlidirlər, indi onların təlim-tərbiyə funksiyaları yeni məzmun kəsb edir. Dərs vəsaitinin müəllifləri məsələyə bu kontekstdən yanaşaraq, müəllimin tərbiyəedici, stimullaşdırıcı, idarəetmə funksiyaları ilə yanaşı inkişafetdirici funksiyasına xüsusi diqqət yetirirlər. Müəllimin inkişafetdirici funksiyasının ayırd edilməsi onun qabiliyyətlərinə yenidən baxılmasını tələb edir. Bu baxımdan, müəlliflər haqlı olaraq  müəllimin akademik, didaktik, konstruktiv, təşkilatçılıq qabiliyyətləri ilə yanaşı, şagirdin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən perseptiv, suqqestiv (təlqinedici),  ünsiyyət (kommunikativ) qabiliyyətlərini ayırd edirlər. Sonrakı hissələrdə bu yanaşma inkişaf etdirilir, pedaqoji ünsiyyət məsələləri diqqət mərkəzinə gətirilir, müəllimin pedaqoji üslubları açıqlanır, demokratik üslub əməkdaşlığa əsaslanan üslub kimi mənalandırılır. Müəllimin şəxsi keyfiyyətləri, pedaqoji ustalığı, etik davranış qaydaları şəxsiyyətin inkişafı kontekstindən təhlil edilir.

 

Didaktikanın inkişafetdirici funksiyası

 

Hələ qədim dövrlərdə, ilk məktəblər yarananda, ilk müəllimlər biliyi şagirdə ötürməyin yollarını axtarıb tapanda didaktika özünün praktik təcəssümünü tapmağa başlayıb. Amma bu, həqiqətdir ki, qədim dövrlərdən etibarən, məktəbin pedaqoji təcrübəsi mütəfəkkirlərin, maarifpərvər insanların, təcrübəli müəllimlərin didaktik fikirləri ilə zənginləşib, cilalanıb, təkmilləşib. Bu fikirlər bir tərəfdən didaktikanın bir elm kimi formalaşması, digər tərəfdən didaktik təfəkkürün təşəkkül tapması üçün nəzəri-metodoloji baza rolu oynayıb. Müəllimlər öz təcrübələrində bu fikirlərdən yararlanıblar.

 

Təhsilin tarixinə diqqət etdikdə, məlum olur ki, əsrlərin süzgəcindən keçən bu fikirlər məzmunu etibarı ilə həm öyrədici, həm tərbiyəedici, həm də inkişafedici xarakter daşımışdır. Təhsilə yanaşmadan asılı olaraq, bu funksiyalar bu və ya digər formada qabaqcıl müəllimlərin təcrübəsində öz təcəssümünü tapmışdı. Didaktika isə bir elm kimi Y.A.Komenskinin sistemli təhsil nəzəriyyəsinin müstəvisində yaranmışdı. Savadsızlığın ləğvinə istiqamətlənən, hamıya hər şeyi öyrətmək fəlsəfəsinə əsaslanan bu “Didaktika” öyrədici və tərbiyəedici funksiyalara daha böyük önəm vermişdi. Dövrün tələbləri çərçivəsində özünü obrazlı desək, rahat hiss edən “Komenski didaktikası” XX əsrin ortalarında yenilənməyə ehtiyac duydu. Bu ehtiyac “Didaktika”nın inkişafetdirici funksiya qanadlarında pərvazlanmasına rəvac verdi. Müəlliflər “Didaktika”nın mahiyyətini bu istiqamətdə dəyərləndirməyə nail olmuşlar. Onlar fəal və interaktiv təlim metodlarının izahına geniş yer verərək, haqlı olaraq, onları əqli inkişafın əsas vasitəsi kimi dəyərləndirmişlər. Maraqlıdır ki, onlar bu əzəmətli vəzifənin yerinə yetirilməsi baxımından təlim texnologiyalarının əhəmiyyətinə xüsusi önəm vermiş və bu məqsəddən çıxış edərək, dərs vəsaitində ənənəvi, proqramlaşdırılmış, problemli, fəal, oyun, distant, kompüter və tədqiqat xarakterli, modul təlim texnologiyaları haqqında oxucuya zəruri məlumat vermişlər.

 

Təlimin təşkili formalarının da müəlliflər tərəfindən inkişafetdirici xarakterinin açıqlanması maraq doğurur. Əvvəlcə təlimin təşkili formalarının tarixinə ekskurs edilir, fərdi, sinif-dərs, qarşılıqlı, standart, Dalton-plan, laborator-briqada, Tramp planı, dərəcələrə bölünməyən siniflər, yüklənmə və b. təlim formaları haqqında ətraflı məlumatlar verən müəlliflər dərsin tiplərini və mərhələlərini ayırd edir, sonra onları fəal (interaktiv) təlim texnologiyaları baxımından ayrı-ayrılıqda təhlil edirlər. Bu yanaşma onların dərsin inkişafetdirici xarakterini açması üçün geniş imkan vermişdir. Maraqlıdır ki, izah edilən məsələlərin praktik xarakter daşımasının əhəmiyyətini yüksək qiymətləndirən müəlliflər ayrı-ayrı dərs tiplərinin mərhələlərini inkişafetdirici təlim prizmasından isah etmişlər. Dərs vəsaitində təlim nəticələrinin qiymətləndirilməsi də müasir təlim konsepsiyalarının tələbləri çərçivəsində təhlil olunur.

 

Tərbiyəedici funksiyanın inkişafetdirici xarakteri

 

Fəal təlim keçən əsrin 60-cı illərində B.Blumun təlim məqsədləri taksonomiyası ilə aktuallaşdı və təlimin inkişafetdirici funksiyası prioritet oldu. Lakin B.Blumun taksonomiyası məktəbin tərbiyə institutu kimi önəmli funksiyası olan tərbiyəedici funksiyanın arxa plana keçməsini şərtləndirdi. Koqnitiv xarakter daşıyan bu taksonomiyada yalnız əqli inkişaf önə çəkilir. Halbuki, şəxsiyyətin inkişafını təkcə intellektual inkişafla məhdudlaşdırmaq olmaz. XX əsrin sonlarında böyük Azərbaycan alimi Əbdül Əlizadənin üç tərkibli təlim məqsədləri taksonomiyası (təhsil - inkişaf - mədəniyyət) pedaqoji ictimaiyyətə təqdim edildi. Bu taksonomiya şəxsiyyətin hərtərəfli inkişafına istiqamətlənir. Təhsil, inkişaf və mədəniyyət bu taksonomiyada bir-biri ilə qarşılıqlı əlaqədə olan paradiqmalar kimi pedaqoji prosesin, obrazlı desək, onurğa sütunu kimi mənalandırılır. Müəlliflər dərs vəsaitində tərbiyə məsələlərini bu kontekstdən dəyərləndirir, tərbiyə şagirddə təkcə mənəvi keyfiyyətlərin formalaşması kimi deyil, şəxsiyyətin formalaşması və inkişafı kontekstindən təqdim edilir. Dərs vəsaitində tərbiyə prosesinin xüsusiyyətləri və mərhələləri, tərbiyənin məqsəd və məzmunu, qanunauyğunluqları, prinsipləri, metodları da bu istiqamətdə açıqlanır.

 

Təbii ki, məktəbdə tərbiyə işləri sinif rəhbəri tərəfindən sinifdənxaric və məktəbdənkənar tərbiyə işlərinin təşkili vasitəsi ilə yaradılmış tərbiyəedici mühitdə həyata keçirilir. Məsələyə bu istiqamətdən yanaşan müəlliflər sinif rəhbərinin vəzifələrini, işinin məzmunu və onun planlaşdırmasını, sinifdənxaric və məktəbdənkənar işlərin forma və metodlarını açıqlayırlar. Tərbiyə işinin həyata keçirilməsi üçün, ilk növbədə, sinifdə tərbiyəedici mühitin formalaşması zəruridir. Bu müddəa bu gün artıq pedaqoji aksiomaya çevrilib. Sinifdə tərbiyəedici mühitin yaranması sinif kollektivinin formalaşmasından asılıdır. Müəlliflər bu məqsədlə sinif kollektivinin formalaşması məsələlərinə dərs vəsaitində geniş yer vermiş, kollektivin funksiyalarını, inkişaf mərhələlərini, kollektivdə özünüidarənin təşkili məsələlərini müasir dövrün tələbləri çərçivəsində izah etmişlər və ən əsası kollektivi şagird şəxsiyyətinin inkişafına təsir edən qüvvə kimi qiymətləndirmişlər. Bu yolla fərdin şəxsiyyətə çevrilməsində kollektivin qüdrətini göstərə bilmişlər.  

 

Tərbiyə işlərini yalnız məktəbdə həyata keçirməklə yüksək səmərə əldə etmək inandırıcı görünmür. Müəlliflər bu məntiqə əsaslanaraq, məktəb, ailə və ictimaiyyətin birgə işinin həyata keçirilməsini şəxsiyyətin inkişafı kontekstində pedaqoji səmərəliliyin əldə olunması yolu kimi mənalandıraraq, onların birgə işinin formalarını, sinifdənxaric və məktəbdənkənar tərbiyə işlərinin məzmununu açıqlaya bilmişlər.

 

Təbii ki, müasir dövrdə məktəbin idarə edilməsi şagirdin inkişafı baxımından yeni məzmun daşımalıdır. Dərs vəsaitində müəlliflər məktəbin idarə edilməsi və ona rəhbərliyin ümumi əsaslarını bu müstəvidə dəyərləndirərək, məktəbə rəhbərliyin prinsiplərini məktəbin idarə edilməsinin funksiyalarını, idarəetmədə məqsəd qoyuluşu və planlaşdırma, məktəbdaxili nəzarət, məktəb rəhbərliyi və kollegial idarəetmə, metodiki xidmətin təşkili, müəllimlərin ixtisasartırması və attestasiyası məsələlərinə toxunmuş, onları şəxsiyyətin inkişafı kontekstində açıqlaya bilmişlər. 

 

Dərs vəsaitinin məziyyətləri çoxdur. Müəlliflər - professor Məcid İsmixanov və professor Həsən Bayramov pedaqoji məsələləri şəxsiyyətin inkişafı istiqamətində həll etməyə çalışmış və öz məqsədlərinə nail olmuşlar. Bu, onların pedaqoji məsələləri müasir təlim konsepsiyaları axarında izah etmələrinə imkan yaratmışdı. İnanırıq ki, dərs vəsaiti təyinatına uyğun olaraq ali məktəblərdə zamanın çağırışlarına cavab verə bilən yüksəkixtisaslı müəllim kadrlarının hazırlanması işində mühüm əhəmiyyət kəsb edəcəkdir. 

 

Hikmət ƏLİZADƏ,

pedaqoji elmlər doktoru, BDU-nun professoru