Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir
Bu gün dünyada insanların əksəriyyəti müxtəlif məqsədlər üçün informasiya və kommunikasiya eexnologiyalarından (İKT) geniş istifadə edir. Xüsusən gənc nəsil üçün kompüterdən istifadə gündəlik fəaliyyətə çevrilib. İKT-nin təhsil sahəsinə inteqrasiyası da bunu özündə əks etdirir. Təhsil sahəsində İKT-nin uğurlu tətbiqi yalnız kompüterlərin əldə edilməsindən deyil, eyni zamanda istifadəçilərin onlarla nə dərəcədə tanış olmalarından da asılıdır.
Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin tərəqqisi üçün geniş imkanlar yaradır. Azərbaycanda da informasiya cəmiyyətinin qurulması və kompüterləşmə sahəsində ciddi, uğurlu addımlar atılıb. İKT-nin təhsildə tətbiqi müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin formalaşmasına birbaşa təsir edən yüksək əhəmiyyətli məsələdir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bu məqsədlə son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə fəaliyyətlər təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Hazırda respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sistemində mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər)” qəbul edilmişdir. Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən bu sahə diqqətdə saxlanılır. İKT-nin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər formalaşdırmalı, yüksək mədəniyyətə malik olan şəxsiyyət yetişdirməlidir.
Məhz bütün bunları nəzərə alaraq yuxarıda söylənilən problemlərin səmərəli həlli üçün ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə tərzi lazımdır.
Məktəb əksər vətəndaşların genış əlaqə saxladığı əsas ictimai mühitdir. Müvafiq hazırlığı olsa da, olmasa da, müəllimlər şagirdləri cəmiyyətdə məhsuldar, əməkdaşlıq və sülh şəraitində yaşamağa hazırlamalı olurlar. Müəllim üçün qaranlıq qalan bir yer şagird üçün zülmətdir. Bunun üçün də müəllim öz üzərində daim işləməli, dərslərinin tədrisində böyük dönüş yaratmalıdır. Açıq cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Amma vətəndaşın formalaşması üçün təkcə bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər var ki, bunlar şagirdləri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirir.
Məktəbdə uşaqlara elə bir azadlıq verilməlidir ki, onlar sabah idarəetmə işində çalışanda azadlığın nə olduğunu bilsinlər. Şagirdlərdə özünə inam hissi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur.
Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ailə arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq edilən müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur.
Cəmiyyətin, təhsil sisteminin inkişafında pedaqoji təhsilin əhəmiyyəti və məsuliyyəti böyükdür. Problemlər də az deyil. Bu problemlər, əsasən, keçid dövrünün çətinlikləri, texnologiyaların sürətlə dəyişməsi və insan amilinə bağlıdır. Ümumtəhsil məktəblərimizi daha keyfiyyətli müəllim kadrları ilə təmin edə bilsək, nəticədə elm-təhsil səviyyəmiz daha da yüksələr. İnformasiya və innovasiyalar cəmiyyətində bu, çox mühüm amildir.
Türkan ƏKBƏROVA,
Kəlbəcər rayon 87 nömrəli məktəbin tədris işləri üzrə direktor müavini