İdarəetmədə demokratiklik, obyektivlik, humanistlik və ədalətlilik prinsipi
Daim dəyişən dünyanın inkişaf perspektivi zamanın tələbinə uyğun olaraq yenilənir. Təhsil dünyada gedən dəyişikliklərin əsas inkişaf modelidir. İnkişaf edən ölkələrin əsas perspektiv kimi yanaşdığı düzgün təhsil istiqaməti də uğurun ən başlıca səbəblərindəndir.
Uğurlu təhsilin təməlində isə düzgün idarəetmə dayanır. Min nəfərdən artıq şagirdin təhsil aldığı bir məktəbin idarəediciliyini üzərinə almağın verdiyi məsuliyyət nə qədər çətin olsa da, bir o qədər şərəflidir. Ona görə ki, məktəb cəmiyyətin ailədən sonra ikinci nisbətən böyük modelidir. Bir ildən artıq müddətdir ki, bu məsuliyyətin verdiyi zövqlə günə başlayıram. Rəhbəri olduğum məktəbdə özümə də hər gün xatırlatdığım birinci şərt obyektiv ola bilmək, demokratik şəraiti qorumaq, ədalətli qərar qəbul etmək və humanist olmaqdır. Zaman da göstərir ki, bu prinsiplər əsasında fəaliyyət göstərən məktəblərdə şagirdlər daha böyük uğurlara nail ola bilir.
Uğur işin səmərəliliyini artırır
Məlumdur ki, məktəb kontingentinin əsasını şagirdlər təşkil edir. Məktəblilərin fikirlərini dinləmək, onlarla maraqlı bilik yarışları keçirmək, müsabiqələr təşkil etmək, şagird və müəllimlərin təklif etdikləri layihələri dəyərləndirmək işin doğru istiqamətdə inkişafı üçün zəmin yaradır. Bu istiqamətdə bir sıra uğurların olması isə işin səmərəliliyini artırır və şagirdlər arasında motivasiya yaradır.
Həmçinin, şagirdlərin hərtərəfli inkişafı və düzgün istiqamətdə formalaşması üçün həyata keçirilən layihələr təhsil müəssisələrinin həyatını daha da canlandırır. Bu baxımdan son illərdə məktəblərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keyfiyyətli tədris, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə tədris ili ərzində çoxsaylı layihələr reallaşdırılıb.
Paytaxtın seçilən təhsil ocaqlarından biri olan 230 nömrəli tam orta məktəb də bir sıra layihələrdə iştirak edərək böyük nailiyyətlər qazanıb.
Belə ki, ötən ilin dekabr ayında rəhbəri olduğum təhsil müəssisəsi Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi çərçivəsində keçirilən “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsində ən fəal məktəb adını qazanıb.
Aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsi keçirilib. Rəhbərlik etdiyim 230 nömrəli tam orta məktəbin şagirdləri də Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Monoflor” arı balı hazırlamaqla ölkə məktəbləri arasında II yerə layiq görülüb.
Bundan əlavə, BŞTİ tərəfindən 2017-2018-ci tədris ilində “Ən yaxşı məktəb saytı” müsabiqəsində də məktəbimiz fərqlənib. Müsabiqədə təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, məktəblərin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi istiqamətində görülən işlərdə fəallığına görə məktəbimiz qaliblər sırasında olub. Məktəbin bu nailiyyətini ümumilikdə, pedaqoji heyətin qələbəsi saymaq olar.
Təhsildə qazanılan uğurların miqyası əsasən, şagirdlərin bilik göstəricilərinə əsaslanır. Ötən tədris ilində buraxılış siniflərinin imtahan nəticələrinə əsasən, məktəbimiz Bakı məktəblərinin reytinq siyahısında 33 pillə irəliləyib. Keçən ilin qəbul imtahanlarının nəticələrinə görə, 3 şagird 600-baldan yuxarı, 8 şagird isə 500-600 arası bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olub.
BŞTİ tərəfindən təşkil olunan bilik yarışlarında, “Ədəbiyyat biliciləri” müsabiqəsində məktəbin şagirdləri bir çox uğurlara imza atıb. Bu ənənənin hər il davam etdirilməsi, nəticələrin daha da uğurlu olması qarşıya qoyulan əsas məqsədlərimizdəndir.
Tariximiz göz önündə
Tarix hər zaman cəmiyyətin öz keçmişindən öyrənməsi üçün zəngin mənbədir. Təsadüfi deyil ki, bu gün məhz tarixi köklərimizə söykənərək sabaha addımlayırıq. Bu mənada məktəbdə tarix muzeyinin yaradılması qarşıya qoyulan əsas məsələlərdən biri idi. Ötən tədris ilindən etibarən məktəbdə “Azərbaycan tarixi” muzeyi şagirdlərin ixtiyarına verilib. Muzey ibtidai icma quruluşundan müasir dövrümüzə qədər olan bir zamanı əhatə edən tarixi əşyalarla zənginləşdirilib.
Muzeydə tarixən mövcud olmuş qədim Azərbaycan dövlətlərinin bayraqları, müxtəlif dövrlərin məişət əşyaları, pul nümunələri toplanıb. Bu tip muzeylərin yaradılması şagirdlər tərəfindən böyük maraqla qarşılanır və bu, onlara çoxəsrlik tariximizin kökləri ilə yaxından tanış olmaq imkanı verir. Bundan əlavə, məktəb sənədlərinin qorunub saxlanılmasının vacibliyini düşünərək rəhbərlik etdiyim təhsil müəssisəsində arxiv otağı da təşkil olunub.
Düzgün münasibət - keyfiyyətli təhsilin mənbəyi
Məktəb kontingentini həndəsi fiqurlardan üçbucaqla xarakterizə etmək olar. Bu üçbucağın bir tərəfində şagird, bir tərəfində müəllim, digər tərəfində isə valideyn dayanır. Xüsusilə valideynlərlə münasibətlərin düzgün qurulması, onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olur ki, bu da birbaşa təhsilin keyfiyyətinə öz təsirini göstərir. Buna görə də məktəb kollektivi olaraq daim valideynlərin fikirlərini dinləyir və dəyərləndiririk.
Təhsilin keyfiyyətini artırmaq üçün yüksək nailiyyətləri olan məktəblərlə qarşılıqlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi, açıq və nümunəvi dərslərin təşkili, breyn-rinq yarışlarının keçirilməsi qarşıya qoyulan əsas prioritetlər hesab olunur.
Nümunə olaraq, iyunun 6-da məktəb komandaları arasında keçirilən breyn-rinq intellektual oyununu misal çəkmək olar. Belə ki, BŞTİ-nin tabeliyindəki 230 nömrəli tam orta məktəbdə təşkil olunmuş intellektual oyunun əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər arasında məktəbin Pedaqoji Şurasının qərarına əsasən, müəllimlərin dərsə vahid geyim formasında gəlmələri də öz faydasını verməkdədir.
Keyfiyyətin artırılmasında müsbət nəticə əldə etmək üçün lazım olan bütün vasitələrdən düzgün istifadə əsasdır. Biz də məktəb kollektivi olaraq hər zaman buna çalışırıq.
Məktəbdə tərbiyə böyük amildir
Yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı, onlarda yüksək mənəvi keyfiyyətlərin, elmi-dünyagörüşünün formalaşması müasir təlim-tərbiyə prosesinin qarşısında duran mühüm vəzifələrdəndir. Hər bir təhsil ocağı bu vəzifələri layiqincə yerinə yetirməlidir. Bu baxımdan təhsil müəssisəsi cəmiyyəti formalaşdırır desək yanılmarıq. Çünki hər bir məktəb qarşısına hərtərəfli biliyə, mütərəqqi dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata, mədəni dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq və cəmiyyətimiz üçün layiqli vətəndaş yetişdirmək kimi ali bir məqsəd qoyur. Bu məqsədin yerinə yetirilməsi isə şərəfli olduğu qədər də məsuliyyətlidir. Bunun üçün təhsil prosesinin təşkilində K.D.Uşinskinin dediyi kimi, hərtərəfli tərbiyə etmək üçün hərtərəfli öyrənmək prinsipinə riayət edilməlidir. Bəs bu prosesin təşkili necə həyata keçirilir?
Bu suala cavab vermək üçün şəxsiyyət anlayışına diqqət yetirmək lazımdır. Şəxsiyyətin formalaşmasında əsas amillərdən birini tərbiyə amili təşkil edir. Hansı ki, bu amilin əsasında məktəb dayanır və o, tərbiyəedici funksiya ilə şəxsiyyətin həyatında mühüm rol oynayır. Məktəbin tərbiyəedici funksiyası artdıqca təlim məqsədlərində təhsil meyarı ilə birlikdə tərbiyə meyarı da əmələ gəlir.
Bu prosesin təşkilində tərbiyə olunan və tərbiyəedənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsəd və vəzifələri nəzərə alınmalıdır. Tərbiyə prosesini düzgün idarə etmək üçün isə şəxsiyyətin tələbatları, maraq və meyilləri, dünyagörüşü, əqidə ideyaları, qabiliyyətləri nəzərə alınmalıdır. Bu da tərbiyə işini təşkil edən təhsil müəssisəsinin və məktəb kollektivinin qarşısında böyük məsuliyyət qoyur.
Məktəbdə aparılan araşdırmalar göstərir ki, şagird şəxsiyyətinin formalaşmasında təkcə onun fəaliyyətinin düzgün qurulması deyil, həm də onda əxlaqi davranış normalarının tərbiyə edilməsi mühüm rol oynayır.
Motivlərdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilər. Bu isə şagirdi əhatə edən sosial mühit, onun həyat şəraiti, ailənin dünyagörüşü və baxışlarından asılıdır. Çünki sosial mühit və yaşam tərzi şəxsiyyətin həm əxlaqi keyfiyyətlərinə, həm də davranışına təsir edir ki, bu da tərbiyə prosesində birbaşa əks olunur.
Xarakterin formalaşmasında müəyyən genetik faktorların mühüm rolunu da inkar etmək olmaz. Bu gün istər bizim, istərsə də digər təhsil müəssisələrinin tərbiyə prosesinin təşkilində bu faktorlara xüsusi diqqət yetirilməlidir.
Çətin tərbiyə olunan şagirdlərlə iş
Məktəblərdə çox zaman ortaya çıxan “çətin uşaqlar” probleminə nəzər salsaq görərik ki, bu uşaqlarda formalaşan mənfi davranış normativlərinin kökündə onları əhatə edən sosial mühit, ailə göstəriciləri və yaşam tərzi durur. Əxlaqi təsəvvürlərin və anlayışların düzgün tərbiyə olunmaması əsasında formalaşan kobudluq, davranış qaydalarında sosial normaların gözlənilməməsi şəxsiyyətin inkişafına mənfi təsir göstərir. Dolayı yolla desək bu, məktəbin şəxsiyyət yetişdirməsinə də mənfi təsir edir.
Qeyd edim ki, tərbiyə prosesi sistematik şəkildə aparılmalı, şagirdlərdə əxlaqi keyfiyyətlərin inkişafına nail olunmalıdır. Bu uşaqlarda təlim marağının artırılması, onları təlim və tərbiyədən uzaqlaşdıran motivlərin aradan qaldırılması hər bir pedaqoji işçinin borcudur. Bu baxımdan məktəbdə müəllimlərin pedaqoji ustalığının araşdırılması, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi zəruridir.
Müəllim pedaqoq olmaqla yanaşı, həm də müəyyən mənada bir psixoloqdur. Belə ki, müəllimlər dərs dediyi şagirdlərin psixologiyasına ən azı valideynlər qədər bələd olmalıdır. Hər gün öz şagirdləri ilə ünsiyyətdə olan müəllim artıq hər bir şagirdinin ayrı-ayrılıqda hansı psixologiyaya, hansı düşüncəyə malik olduğunu, müxtəlif hadisələrə necə yanaşdığını, reaksiya verdiyini və həmin hadisəni necə analiz etdiyini bilməlidir. Bəzən müəllimin qarşısına elə şagird də çıxa bilər ki, onlar həmin uşaqlara çətin tərbiyə olunan şagirdlər kimi yanaşsınlar. Bu da onların birbaşa psixologiyasına mənfi təsir edə, nəticədə isə şagird-müəllim münasibətləri pozula bilər. Buna görə də müəllim bu cür məsələlərə diqqət etməli, hər bir şagirdin fərdi xüsusiyyətinə bələd olmalı və şagirdlərlə davranışda onların psixoloji vəziyyətlərinə uyğun olaraq hərəkət etməyi bacarmalıdır.
Təlim-tərbiyə kimi məsuliyyətli bir prosesin öhdəsindən gəlmək asan bir iş deyil. Bunu şagird, müəllim və valideynin səmərəli şəkildə qurulmuş üçbucağı fonunda daha yaxşı formalaşdırmaq olar.
Təhmasib MƏMİYEV,
230 nömrəli tam orta məktəbin direktoru