YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə 5 oktyabr 1966-cı ildə keçirilmiş konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı, həyatımızın bütün sahələrindəki roluna bir daha diqqət yaradır.
Bu tarix hazırda dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Dünyanın harasında doğulub yaşamasından, hansı xalqa, hansı dilə, dinə, mədəniyyətə sahib olmasından asılı olmayaraq, insan daim müəllimlərini yüksək qiymətləndirir, formalaşmasında, inkişafında valideynlərdən sonra onu ikinci əsas varlıq hesab edir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətdə nüfuzunun daha da artırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.
Müəllim əməyi heç bir peşə sahəsi ilə müqayisə edilə bilməz. Müəllim əsl vətənpərvər, xalqının fədakar və yorulmaz fədaisidir. Müəllim cəmiyyətin ən nüfuzlu şəxsidir.
Müəllim əməyinin qiymətləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Hər il müəllimlərin peşə bayramı ərəfəsində ən qabaqçıl təhsil işçiləri ölkə Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adına layiq görülür, “Tərəqqi” medalı ilə təltif edilirlər.
Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, sosial rifahı yaxşılaşır. Müəllimlər arasında yaxşı mənada rəqabətlilik, daha peşəkar, daha məhsuldar olmaq uğrunda əzmkarlıq artıb. Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Artıq müəllim öz əməyinin nəticəsini layiqincə görür və bu, onu daha da həvəsləndirir, işini daha da sevərək yerinə yetirməyə sövq edir.
Bu gün Elm və Təhsil Nazirliyi müəllimlərin seçilməsi, işlə təmin edilməsi, daha qabaqcıl, daha istedadlı və savadlı müəllimlərin önə çəkilməsi, qiymətləndirilməsi sahəsində böyük işlər görür və dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətində bir sıra əhəmiyyətli addımlar atır.
Azərbaycanda məktəb müəllimləri arasında rəqabət mühitinin yaradılması, yaradıcı və qabaqcıl müəllimlərin önə çıxması, müəllimlərin təhsillə bağlı ideyalarının həyata keçirilməsi, təcrübələrin bölüşdürülməsi üçün müxtəlif imkanlar yaradılmışdır. “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri”ni buna misal göstərmək olar. Bu layihələr respublikanın bütün şəhər və region məktəblərində çalışan təhsil işçiləri üçün yeniliklər əldə etmək və öz peşələrində daha irəliyə getmək imkanı yaradır.
Müəllim kadrlarının hazırlanması, onların təkmilləşdirilməsi, peşəkarlığının artırılması həmişə diqqət mərkəzindədir. Müəllim kadrları hazırlamaq sahəsində beynəlxalq təcrübədən, bir çox xarici ölkənin bu sahədəki naliyyətlərindən də istifadə edilir. Bu peşəyə böyük maraq göstərən gənclərimiz artıq ucqar kəndlərdə çalışmağa, təhsilimizin inkişafına öz töhfələrini verməyə can atırlar.
Uşaqlarımızın təhsil və tərbiyəsi ilə məşğul olan bu insanların əməyi bir də ona görə çox əhəmiyyətlidir ki, onlar müstəqil Azərbaycanımızın gələcəyinin qurucularını hazırlayırlar. Həyatını, fəaliyyətini bu işə bağlayan insanlar, doğrudan da fədakardır, öz cəbhələrinin qəhrəmanlarıdırlar.
Müəllimlər bu gün cəmiyyətimizin ən nüfuzlu şəxslərindən hesab olunurlar. Onlar xalqın sevimlisi, böyük hörmət və ehtiram sahibləridir. Müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək. Ən çətin, ən şərəfli peşə sahibləri vətəndaş yetişdirmək işində öz xidmətlərini əsirgəməyəcəklər.
Bayramınız mübarək, əziz müəllimlərimiz!
Dilrubə SƏRDARQIZI