Təhsil müəssisələrində təhlükəsiz mühitin təşkili üçün müsbət iqlimə nail olmaq mühüm şərtdir


İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yaranan iqtisadi uçurum səbəbilə iqtisadi inkişafa daha çox əhəmiyyət verilməyə başlanıldı. Bunun nəticəsi olaraq yeni inkişaf modelləri təklif olundu. Əksər inkişaf modellərinin eyni olmasına baxmayaraq, ölkələrin iqtisadi artımında balanssızlıq yaranırdı. Bunun səbəbi kimi isə insan kapitalı göstərilirdi. Qısa bir müddətdən sonra insan kapitalının ölkənin inkişafında ən vacib faktor olduğunu qəbul edən ölkələrdə bu resursa olan tələb artmağa başladı. Bu tələbin sürətlə artması ilə paralel müəssisələrdə fəaliyyət göstərən insan kapitalının təhlükəsizliyi ilə bağlı bəzi problemlər də üzə çıxmağa başladı. Çünkü insanlar fiziki ehtiyaclarından sonra təhlükəsizliklərinin təmin olunmasına tələb duyur. Bu problemlərin səbəb olduğu fəsadların maddi yükü ağır olduğundan, dövlətlər insan gücünün fəaliyyət göstərdiyi mühitlərin təhlükəsizliyi haqqında da düşünməyə məcbur oldular.

 

Danılmaz həqiqətdir ki, məhsuldar insan kapitalı üçün keyfiyyətli fərdlər gərəkdir. İnsanın gücünü şərtləndirən bilik və bacarığın mənbəyində isə təhsil dayanır. Adam Smit yaxşı və keyfiyyətli təhsil almış insanın ən bahalı maşının gördüyü işi edə biləcəyini söyləmişdir. Keyfiyyətli təhsil üçün tədris mühitinin bütün tərəfləri birlikdə mövcud olmalıdır. Həmin tərəflərdən biri də mühitin təhlükəsizliyidir. Çünki fərdlərin təhsili təhlükəsiz bir mühitdə almaları vacib məqamdır. Təhlükəsiz mühitdə olmayan təhsilalanlar yaxşı təhsil ala, bacarıqlarını təkmilləşdirmək üçün gərəkli olan mövzulara fokuslana bilməzlər. Maslovun motivasiya nəzəriyyəsinə görə, olduğu mühitdə özünü inamlı hiss etməyən bir şagirdin öyrənməyə təşviq edilməsi çox çətin, hətta mümkün olmayan bir işdir.

 

Məktəblərdə uğur və mükəmməlliyi təşkil edən faktorların önündə təhsil qədər təhlükəsizlik anlayışı da vacib bir yerə sahibdir. Bunun səbəbi təhlükəsiz bir məktəb olmadan sağlam təhsil və tədris mühitinin təmin edilə bilməməsi həqiqətinin dayanmasıdır. Roger G.Barker 1968-ci ildəki araşdırmasının nəticələrindən sonra uşağın davranışlarının fərdi bacarıqları və zəkasından çox, içində yer aldığı mühitdən asılı olduğunu müdafiə etmişdir.

 

Təhlükəsiz məktəblər şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam azad hiss etdikləri yerlərdir. Təhsil müəssisələrində kollektiv və təhsilalanlar zaman-zaman fiziki, mexaniki, bioloji və kimyəvi təhlükələrlə qarşılaşa bilərlər. Bir məktəbi təhlükəli və ya təhlükəsiz olaraq adlandırmaq çətindir. Həmin məktəbin nə qədər təhlükəsiz olduğunu ölçmək olar. Məktəbin təhlükəsizliyini qiymətləndirmək təfərrüatlı bir tədqiqat tələb edir. Çünki təhlükəsiz məktəb çoxşaxəli bir anlayışdır.

 

Məktəblərdə təhlükəsizliyi ölçmək məqsədilə inkişaf etmiş ölkələrdə Beynəlxalq  Məktəb Təhlükəsizliyi Mərkəzi (The National School Safety Center (NSSC)) və Beynəlxalq Məktəb İqlimi Mərkəzi (The National School Climate Center (NSCC)) agentlikləri qurulub. Təhsil müəssisələri ehtiyac hiss etdiyi təqdirdə bu qurumlara müraciət edib, məktəbin hansı səviyyədə təhlükəsiz olduğu haqda araşdırma etdirə bilir.

 

Təhlükəsiz məktəb anlayışı şiddət və zorakılıq, narkotik maddələrdən istifadə və asılılıq, cinsi istismar, zorlama, qapalı məkan hava kirliliyi (Indoor Air Pollution), radioaktiv şüalanma və təbii fəlakətlər, zəlzələ, sel və yanğın kimi bir çox məsələləri ehtiva edir. UNICEF məktəblərdə şiddəti qlobal bir problem kimi qiymətləndirir. Aparılan araşdırmalarda məktəbin təhlükəsizliyinə ən çox təsir edən amillərin zorakılıq, oğurluq, spirtli içki və narkotik maddə istifadəsi, quldurluq, məktəbə odlu və ya soyuq silah gətirilməsi halları olduğu müşahidə edilib.

 

Məktəbin təhlükəsizliyinə onun böyüklüyünün də təsiri var. Araşdırmalarda məktəbin böyüklüyü ilə şiddət hadisələrinin sıxlığının bir-biri ilə mütənasib olduğu müşahidə edilib. Məktəbin təhlükəsizliyini təhdid edən bu amillər bir növ məktəbin yerləşdiyi mühitin təzahürüdür.

 

Məktəb mühitini etibarlı edən faktorların sırasında məktəb kollektivi, təhsilalanlar və valideynlərin özlərini azad və təhlükəsiz hiss etdikləri bir məktəb iqlimi yer almaqdadır. Aparılan beynəlxalq tədqiqatlarda təhlükəsiz məktəbin birdən çox standartı olduğu vurğulanır. Bunların ən effektivi məktəb iqlimidir. Məktəblərdəki şiddətin qarşısını almaq üçün ən yaxşı üsullardan biri maraqlı tərəflər arasındakı həqiqi, açıq və dəstəkləyici münasibətdir. Bu qarşılıqlı müsbət münasibətə məktəb iqlimi yön verməkdədir.

 

Təhlükəsiz məktəb sadəcə x-ray (yoxlama) cihazları, metal detektorlar, kameralar və tikanlı məftillər ilə qorunan, ətrafında polislərin gəzdiyi, qorxulu və təşvişə salan məktəb deyil. Bir məktəbi təhlükəsiz edən əsas faktor məktəbin texniki bazasından və qoruyucu silahlarından çox, binadakı fərdlərdir. Çünki təhlükəsiz məktəb sadəcə baş verə biləcək hadisələrə qarşı öncədən tədbir alan deyil, eyni zamanda davamlı təhdidlərə qarşı məktəbi hazırlayan və məruz qaldıqları təhlükələr ilə mübarizədə şagirdlərin reflekslərini  təkmilləşdirən məktəbdir.

 

Məktəblərdəki şiddətin əsaslı şəkildə önünə keçməyin yolu müsbət məktəb iqliminə sahib olmaqdan keçir. Yeniliyə açıq və etibarlı məktəblərin ən böyük özəlliyi müsbət məktəb iqliminə sahib olmasıdır. Məktəb iqlimi şagirdlərin davranışlarına istiqamət verməklə bərabər, məktəb işçilərinin o məktəbə olan bağlılıqlarının artmasına və ya azalmasına da təsir göstərir. Müsbət məktəb iqlimi şagirdlərdə müşahidə edilən fiziki və duyğusal davranış pozuntularının azalmasında ən təsiredici komponentdir. Məktəblərin yerləşdiyi mühit, böyüklüyü və şagird sayının onun iqliminə təsiri ilə bağlı tədqiqatçılardan olan Kathleen Cotton 1996-cı ildə (School size, school climate, and student performance) bir araşdırmasında şagird sayı az olan kiçik məktəblərdə məktəb iqliminin müsbət yönümlü olduğunu və bunun da onların akademik nailiyyətlərinin yüksəlməsinə təsir etdiyini vurğulayıb. Məktəbin müsbət məktəb iqliminə sahib olması üçün öz damı altındakı fərdlərini nümayiş etdirdikləri davranışların məktəbin mühitinə və psixoloji atmosferinə birbaşa təsiri olduğu haqda məlumatlandırmalıdır.

 

Məktəb rəhbərləri müsbət məktəb iqlimini təmin etmək istəyirlərsə, məktəb, təhsilalan və valideynlər arasındakı əlaqə və münasibəti daim yaxın tutmalıdırlar. Eyni zamanda, direktorlar yeniliyə açıq olmali, işbirliyini təmin etməli və iş başında öyrənməyi təşviq etməlidirlər. Valideynlər məktəbə sadəcə övladları ilə yaşanan problemlə əlaqədar onların fikir və təkliflərini almaq üçün də dəvət edilməlidirlər. Yüksək təhsil nailiyyətlərinə sahib Finlandiya məktəblərində qərarlar verilərkən valideynlərin fikri mütləq nəzərə alınır. Məktəb daxilindəki əməl edilməli olan qaydalar açıq və şagirdlər üçün anlaşıqlı bir şəkildə müəyyənləşdirilməlidir. Qısaca, məktəb iqliminə təsir edəcək amillərlə bağlı dəyişikliklər tərəflərin gözləntiləri və müvafiqliyi istiqamətində hazırlanmalıdır.

 

Bir çox ölkələrin təhsil müəssisələrində təhlükəsiz muhitin təşkili üçün müsbət iqlimə nail olmaq istiqamətində layihələr həyata keçiriblər. Bu layihələrdən biri Amerikada PDE (Program Development and Evaluation) tərəfindən həyata keçirilən məktəblərdə cinayət və kriminal hadisələrin azaldılmasına hədəflənmiş bir layihədir. Layihənin tətbiq edildiyi məktəblərdə 2 il sonra şiddət və cinayət hallarında ciddi azalma izlənilib. Oxşar bir layihə isə qonşu Gürcüstanda 2010-cu ildən tətbiq olunan Mandaturi layihəsidir. Türkiyədə də təhlükəsiz məktəb (Güvenli okul) devizi altında layihə həyata keçirilib. Hətta Türkiyədə məktəb mühitinin təhlükəsizliyinin təşkili üçün çalışacaq kadrların yetişdirilməsi nəzərdə tutularaq, bəzi universitetlərdə  ixtisaslar açılıb. 

 

Ölkəmizdə də devizi “Təhlükəsiz məktəb - arxayın valideyn” olan “Məktəblinin dostu” layihəsi tətbiq olunur. “Məktəblinin dostu” layihəsi 2016-cı ildən fəaliyyət göstərir və Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

 

Samuel MAHMUDLI,

“Məktəblinin dostu” layihəsinin əlaqələndiricisi