Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış sərgi açılıb. Məktəblilərdə təbiətə vurğunluq hissləri aşılayan belə bir sərgi ilk dəfə idi ki, muzeydə təşkil olunurdu. Maarifləndirici xarakter daşıyan bu tədbir Mədəniyyət Nazirliyinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev deyib ki, insanın zövqü, təbiətə vurğunluğu, gözəlliyə aşiqliyi təqdim olunan görüntülərdə tam əks olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəhbəri Umayra Tağıyeva sərgi təşkilatçılarına təşəkkürünü bildirib:...Dövlət tərəfindən qəbul olunan strateji sənədlər bir daha onu göstərir ki, Azərbaycan yaşıl inkişaf istiqamətini seçib. Ölkəmizdə, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çox aktiv şəkildə yaşıllaşdırma işləri həyata keçirilir, minlərlə ağaclar əkilir”.
Tədbirdə iştirak edən qonaqlar- Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, eləcə də UNİSEF-in Azrbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens sərgidən məmnun qaldıqlarını ifadə edərək bildiriblər ki, bu sərgi öz xarakteri, məzmunu və təyinatı ilə sözün tam mənasında nadir sərgilərdən biridir.
Daha sonra sərgiyə baxış keçirilib.
Sərgi oktyabrın 16-dək davam edəcək.
Sifai SƏFƏROVA