“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”

 

Heydər ƏLİYEV,  

ümummilli lider

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun vətənpərvər qəhrəman oğulları tərəfindən 8 noyabr 2020-ci il tarixində Qarabağın mirvarisi olan gözəl Şuşamız işğaldan azad edildi, “Dəmir yumruq” sayəsində əsl sahibinə qovuşdu. Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti çox böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli “Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğinin bariz nümunəsidir.

 

2021-ci il mayın 12-13-də “Xarıbülbül” festivalı bərpa olunmuş, avqustun 30-31-də isə 39 illik tarixi olan Vaqif  Poeziya Günləri  Heydər Əliyev Fondu tərəfindən yenidən keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi bu il 270 yaşı tamam olan füsunkar təbiətli Şuşanın Azərbaycan xalqı üçün nə qədər dəyərli olduğunun rəmzidir. Elm sahəmizə dəyərli alimlər, diplomatiyamıza uzaqgörən siyasətçilər, mədəniyyətimizə görkəmli sənətkarlar, hərb sahəmizə böyük qəhrəmanlar bəxş etmiş Şuşamızın maarifçilik tarixindən də danışmaq böyük əhəmiyyət kəsb edir.

 

Azərbaycanın dövlətçilik tarixi kimi təhsil tarixi də çox çətinliklərdən keçmişdir. XIX əsrə qədər Azərbaycanda təhsil pərakəndə formada idi. Bu dövrə qədər əsas təhsil müəssisələri məscidlərin nəzdindəki məktəblər (mollaxanalar), mədrəsələr, yaxud da savadlı insanların öz evlərində təşkil etdikləri məktəblərdən ibarət idi. Həmin illərə aid mənbələrdə Şuşa şəhərində 6 məktəb və bir mədrəsənin olduğu göstərilir. Bu məktəblərdə Azərbaycan, ərəb, bəzilərində isə fars dilində oxu və yazı öyrədilir, mədrəsədə isə ərəb dili, şəriət, hesab, astrologiya və tibb tədris edilirdi. XIX əsrin 30-cu illərinə qədər məktəb və mədrəsələr Azərbaycanda yeganə təhsil ocaqları olaraq qalırdı.

 

1929-cu ildə Qafqaz Təhsil Dairəsi yaradıldı və Zaqafqaziya məktəblərinin I Nizamnaməsi təsdiq edildi. Dövlət tərəfindən yeni tipli dünyəvi məktəblərin təşkil edilməsi ilə Azərbaycanda xalq maarifi və məktəb təhsili öz inkişafının yeni mərhələsinə qədəm qoydu.

 

Şuşa qəza məktəbi

 

Azərbaycanda və Cənubi Qafqaz ərazisində dünyəvi təhsil verən ilk qəza məktəbi olan Şuşa qəza məktəbi 1830-cu il dekabr ayının 30-da 19 şagirdlə fəaliyyətə başlamışdı. Məktəbə Nikolay Mixaylovski rəhbərlik edirdi. Şuşa qəza məktəbi şagirdlərin sayına görə bütün Zaqafqaziyada birinci yeri tuturdu. Artıq 1865-ci ildə bu məktəbdə 240 şagird oxuyurdu. Məktəbdə rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, hüsnxət, rəsm fənləri tədris edilirdi. Azərbaycan dili ruslar üçün də məcburi fənn kimi tədris edilirdi.  1868-ci ildə Şuşa qəza məktəbinin tədris planına latın və Avropa dilləri də daxil edildi, fransız dilinin tədrisinə başlanıldı. Məktəb dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Burada təhsil alanların əksəriyyəti bəy və tacir balaları idi. Mirzə Məhəmmədəli bəy Qayıbov, Mirzə Məhəmməd bəy Əbilbəyov və Mirzə Nəcəfqulu bəy Rüstəmbəyov Şuşa qəza məktəbində şəriət və Azərbaycan dilindən dərs demişlər. Şuşa qəza məktəbində şagirdlərin sinifdənxaric oxusunu təşkil etmək və bədii zövqünü formalaşdırmaq məqsədilə kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına görə, bu kitabxanada 301 adda kitab və tədris vəsaiti olmuşdur.  Məzunları Azərbaycan maarifinin, məktəb və mədəniyyətinin inkişafında mühüm və böyük rol oynamış Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirmiş, yerini Şuşa şəhər məktəbinə vermişdir.

 

Şuşa müsəlman məktəbi

 

1849-cu ildən Şuşada müsəlman mədrəsəsi nümunəsində şiə məktəbi fəaliyyət göstərirdi. Məktəb üçsinifli idi. Mədrəsə sistemi rus dilində məntiq, riyaziyyat, fizika, kosmoqrafiya və geologiya kimi ümumtəhsil fənlərinin təhsil proqramına daxil olunması ilə genişləndirilmişdi. Şuşadakı şiə məktəbində 1853-cü ildə təhsil alan 63 şagirddən yalnız 12 nəfəri yuxarı siniflərdə (6 nəfəri ikinci, 6 nəfəri isə üçüncü) oxuyurdu.

 

Şuşa şəhər məktəbi

 

Zaqafqaziyada ilk şəhər məktəbi olan Rusiyadakı məktəblər nümunəsində Şuşa şəhər məktəbi XIX əsrin 70-ci illərindən məktəb islahatı ilə əlaqədar 1874-cü ildə xeyli şagirdi, kitabxanası və tədris-maddi bazası olan Şuşa qəza məktəbinin bazasında fəaliyyətə başlamışdı. Yeni məktəbin pedaqoji heyətinin əksəriyyəti Tiflis Aleksandrovski Müəllimlər İnstitutunu bitirənlərdən ibarət idi. Mirzə Həsən bəy Əmirov, Mirzə Mehdiqulu bəy Ədilbəyov və Əmiraslan bəy Əmirov Şuşa şəhər məktəbində şəriətdən və Azərbaycan dilindən dərs deyirdilər.

 

Şuşa şəhər məktəbinə vəziyyətindən və milliyyətindən asılı olmayaraq yeddi yaşı tamam olmuş uşaqlar imtahansız qəbul olunurdu. Məktəbin tədris planına Azərbaycan və rus dilləri, şəriət, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, təbiyyat tarixindən məlumat və fizika, rəsm, rəsmxət, nəğmə və gimnastika fənləri daxil idi. Həmin fənlərlə yanaşı, əhalinin əlavə vəsaiti hesabına fransız dili də öyrədilirdi. 1880-ci ildən məktəbin nəzdində xüsusi musiqi sinifləri açılmışdı. Şuşa şəhər məktəbinin kabinetlərində fizika cihazları, zoologiya və mineralogiya kolleksiyaları, coğrafi xəritələr, müxtəlif musiqi alətləri dəsti, zəngin kitabxana və qiraət zalı var idi. Tədris vəsaiti və fənn kabinələrinin təchizi cəhətdən Şuşa şəhər məktəbi tədris dairəsində birinci yeri tuturdu. Məktəbin nəzdində pulsuz istifadə olunan kitabxanalar fəaliyyət göstərirdi.

 

Şagird çoxluğuna görə Şuşa şəhər məktəbi Rusiyada ilk yerlərdən birini tuturdu. İlk vaxtlar məktəbdə 375 uşaq oxuyurdu. Şuşa şəhər məktəbi 1878-79-cu dərs ilində dördsinifli məktəbə çevrildi. Məktəbdə təhsil pullu idi. Şuşa şəhər məktəbi fəaliyyətə başladığı vaxt hər şagirddən alınan təhsil haqqı beş manat idi. Sonrakı illərdə şagirdlərin sayı artdıqca təhsil haqqı da buna müvafiq olaraq qaldırılmışdı. Kasıb uşaqları pedaqoji şuranın qərarı ilə təhsil haqqından azad edilirdi.

 

Şuşa şəhər məktəbi 1927-1928-ci dərs ilində yeddiillik məktəbə çevrildi.

 

Şuşa Realnı Məktəbi

 

Azərbaycanda ilk orta təhsil verən müəssisələrdən biri də altısinifli Şuşa Realnı Məktəbi idi. Məktəb Şuşa əhalisinin tələbi və xahişi ilə 1881-ci il sentyabrın 20-də fəaliyyətə başlamışdı. Şuşa Realnı Məktəbi ilk dəfə hazırlıq və üç əsas sinifdən ibarət təşkil  edilmişdi. Məktəbdə azərbaycanlı uşaqlarla yanaşı, ermənilər və ruslar da təhsil alırdılar. Birinci tədris ilində məktəbə 159 şagird qəbul olunmuşdu. Onlardan 58-i azərbaycanlı idi. Məktəbdə ümumi təhsil və bəzi texniki biliklər verilirdi. Təhsil pullu idi. Tədris planı Ümumrusiya orta məktəblərinin planına tamamilə uyğun tərtib olunmuşdu. Lakin Rusiyadan fərqli olaraq burada alman və fransız dillərinə ayrılan saatların miqdarı daha çox idi. Məktəbdə əsas riyaziyyat və fizika kursları, təbiətşünaslıq, rəsm və rəsmxətt, şəriət və s. keçirilirdi. Məşğələlər rus dilində aparılırdı. Şagirdlər xüsusi forma geyinirdilər.  Dinindən və rütbəsindən asılı olmayaraq bütün varlı təbəqələrin uşaqları  məktəbə daxil ola bilərdilər. Kəndlilər və kasıbların uşaqlarından az sayda məktəbə qəbul olunurdu.

 

Şuşa Realnı Məktəbinin bir neçə fənn kabinəsi, böyük və zəngin kitabxanası vardı. Fizika kabinəsi isə öz mükəmməlliyi ilə seçilirdi. Məktəb Qafqaz orta təhsil müəssisələri arasında nümunəvi tədris müəssisələrindən hesab olunurdu. Şuşa Realnı Məktəbində o dövrün tanınmış maarifçilərindən Haşım bəy Vəzirov Azərbaycan dilini, Əhməd bəy Ağayev fransız dilini, həkim və şair Mirzə Sadıq Lətifov isə elmi-ilahi dərslərini tədris edirdi, eyni zamanda Mirzə Salah bəy Zöhrabbəyov və Yusif bəy Malikhaqnəzərov da dərs deyirdi. Burada təhsil almış şagirdlər də onlara dərs deyən müəllimləri kimi sonradan məşhur şəxslər kimi tanınıblar. Məktəbin yetirmələri olan Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif  Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər,  Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski fəaliyyətləri ilə dövrlərinin ən parlaq şəxsiyyətləri kimi yadda qalıblar. Qarabağlı gənclərin bir hissəsi Şuşa Realnı Məktəbdə təhsil almaları sayəsində Rusiyanın və Avropanın ali məktəblərinə daxil olmuş və oranı bitirdikdən sonra xalq maarifi və məktəb, elm və mədəniyyət, xalq təsərrüfatı və iqtisadiyyatın, sənayenin müxtəlif sahələrində xidmətlər göstərmişlər.

 

1906-cı ildə Şuşa Realnı Məktəbi üçün 400 nəfərlik akt zalı olan yeni üçmərtəbəli bina tikilir. Məktəbdə Azərbaycan musiqi alətlərindən ibarət şagird orkestri, nəfəsli orkestr, xor və dram dərnəyi fəaliyyət göstərirdi.

 

Xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan, Azərbaycan ədəbiyyatına bir sıra məşhur yazıçılar, ədiblər bəxş edən Şuşa Realnı Məktəbin binası  sonralar bir sıra təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün gözəl məkana çevrilmişdir. Belə ki,  Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən  1989-cu ilədək Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərmişdir. Binanın sonuncu sakinləri isə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub. 1989-cu ildən 1992-ci ilədək bu binada  fəaliyyət göstərən ali təhsil müəssisəsinin Şuşa filialında tələbələr əsasən pedaqoji fakültələrdə təhsil alırdılar.

 

1992-ci ilin may ayında Şuşa şəhəri işğal olunduqdan sonra erməni vandalları orada  bir çox tarixi, dini abidələrimizi məhv etmiş, o cümlədən realnı məktəbin binasını yandıraraq xarabazara çevirmişlər. 28 ildən sonra İlahi ədalət öz yerini tapdı. İşğal olunmuş torpaqlarımız azad edildi. Artıq düşməndən təmizlənmiş torpaqlarımızda quruculuq işləri başlayıb. Cənab Prezidentin göstərişi ilə tezliklə bütün dağıdılmış abidələrimiz və Realnı məktəbin binası da bərpa olunacaq.

 

(Ardı var)

 

Zöhrə ORUCOVA,

Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin böyük elmi işçisi