2022-ci il aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı imzalamaqla xalqımızın tarixinə və bu tarixin yazılmasında xidməti olan insanlara xalqın, onun iradəsinin ən ali ifadəsi olan dövlətin dəyişməz münasibətini növbəti dəfə ifadə edib. Sərəncamda Əhməd Cavad Azərbaycanın ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarından biri, qəlbi ilə bağlı olduğu xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkar, azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuş ideya adamı kimi təqdim olunur: “Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir”.

 

Əhməd Cavad o ədəbiyyat adamlarındandır ki, onun üçün dəyərlər mövcud mənəvi normaların məhək daşı kimi qəbul edilib, şüurlu həyatının başlıca bələdçisinə çevrilib. Həmin dəyərlər ayrı-ayrılıqda götürülmüş əxlaq kodeksləri deyil, hər bir millətin tamlığı və bütövlüyünü, yaşamaq haqqını müəyyənləşdirərək özündə ehtiva edən konsepsiyadır. Maraqlı olan budur ki, XIX əsrin başa çatmasına 8 il qalmış Şəmkirin Seyfəli kəndində, Əhməd Cavadın tədqiqatçılarının dili ilə desək, “babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olan”  axund Məhəmmədəlinin ailəsində anadan olsa da, böyük Mirzə Fətəlinin “kamal ata kürkü deyil ki, irsən övlada keçsin” deyimini yada salmaq lazım gəlir. Sonralar, lap erkən yaşlarından atasını itirən, 14 yaşında Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına qoyulan, əla qiymətlərlə oxuduğuna görə xeyriyyə cəmiyyətindən hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd  alan Əhməd Cavadı o dəyərlərə tərəf istiqmətləndirən daha çox hansı mühit olub?

 

Bu sualın cavabını ona dərs deyən, tək Əhməd Cavadın deyil, seminariya şagirdlərinin  mikromühitini formalaşdıran Hüseyn Cavid, Abdulla Sur, Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad və digər müəllimlərin tam olmayan siyahısına baxmaqla və 1913-cü ildə şairin Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək elə Gəncədə də müəllim kimi pedaqoji fəaliyyətə başlamasında, bəşəri və milli dəyərlərə yiyələndiyi zamanda axtarmaq mümkündür.

 

Bu, həmin vaxtlardır ki, o, təkcə şeirlərində deyil, dövri mətbuatda nəşr olunan məqalələrində də bəşəri ideallardan söhbət açır, insanları dostluğa, qardaşlığa və birliyə çağırır. Maraqlı cəhət odur ki, oxşar məzmunlu həmin yazılar daha çox seminariya və gimnaziya müəllim və tələbələrinin tribunası olan nəşrlərdə, məsələn, “Məktəb” jurnalında dərc olunurdu.

 

Buna görədir ki, onun ilk dolğun, onillik yaradıcılığının məcmusu olan şeirlər kitabı-  “Qoşma” Əhməd Cavadın şeir yaradıcılığının birinci mərhələsinin hesabatı sayıla bilər. Oradakı şeirlərin başlıca cəlbedici xüsusiyyəti XIX əsrin birinci yarısında Avropa və Amerika mədəniyyətində fərdin mənəvi və yaradıcı həyatının daxili dəyərinin təsdiqi ilə xarakterizə olunan vurğularla səciyyəvi olan, XX əsrin əvvəllərində Hüseyn Cavid və Abdulla Şaiqin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında təşəkkül tapmağa başlayan romantizm cərəyanının elementləri aydın görünürdü.

 

Bu, Rusiya imperiyasının ucqarları kimi qəbul edilən müsəlman Azərbaycanında insan təfəkkürünün yeniləşməyə doğru təkamül prosesində çoxdan görünən işartılar idi. Baxmayaraq ki, o işartılar XIX əsrin birinci yarısında təkcə müsəlman Azərbaycanında hüdudu görünməyən, öz yaradıcı potensialı ilə Qafqaz və İran, Türkiyə, Orta Asiyaya qədər gedib də “məskunlaşmağı” bacaran, mübaliğəsiz olaraq həmin ölkələrin intellektual təbəqəsinə evolyusion impuls verən Mirzə Fətəli Axundov ilə yaranmışdı. O,  şeir yaradıcılığı ilə bərabər, bu günün özündə belə, oxucusunu heyrətləndirən “Kəmalüdövlə məktubları” traktatı ilə ancaq Qafqazdakı oxucularına deyil, həmin əsərin gedib çatacağı bütün məkanlardakı insanlara o yolun ancaq maariflənmə ilə keçilə biləcəyini bəyan edirdi. Azərbaycanda yeni-yeni təşəkkül tapan romantiklər isə insanın mənəvi dünyasının qeyri-adi mürəkkəbliyini, dərinliyini və insan fərdiliyinin daxili sonsuzluğunu kəşf etdilər. Bu, insanın onlar üçün kiçik bir kainat, mikrokosmos olduğuna zərrəcə şübhə etməyən XVIII əsrin sonu, XIX əsrin əvvəllərindəki avropalı ideyadaşlarının güclü və canlı hisslərə, ruhun gizli hərəkətlərinə, onun “gecə” tərəfinə güclü maraq və intuitiv romantik dünyagörüşünün əsas xüsusiyyətlərinə can atmaq istəyinin ifadəsi idi.

 

Hüseyn Cavidin yaradıcılığında romantizmin tarixlə əlaqələndirilməsi nəinki aydın görünür, hətta bu xəttin təşviqi gücü leytmotivə çevrilirdi. Bütün bunlarla bərabər, Avropa romantizminin fəlsəfəsində xalq vahid kollektiv şəxsiyyət kimi qəbul edildiyi, hər bir insanın onun yalnız kiçik bir hissəsi olaraq göründüyü halda, Cavidin əsərlərində şəxsiyyət xüsusi kursivlə yazılırdı. Baxmayaraq ki, nə cür yazılmasından asılı olmayaraq, onun romantizmində dəyərlərin müdafiəsi ilə bərabər, obıvatel materializmin, dar praqmatizmin və mexaniki empirizmin işğalına qarşı üsyan vardı. Bu üsyan ancaq onun əsərləri deyil, Əli bəy Hüseynzadə, Məhəmməd Hadinin yaradıcılığı üçün də xarakterik idi və sonralar nəinki Əhməd Cavadın şeirlərində, onun bütün həyatında müşahidə olunacaq.

 

1912-ci ildə, Balkan yarımadası ətrafında Osmanlı Türkiyəsinə qarşı başlayan müharibədə onun iştirakının köklərini də gəncliyin axtarışında olduğu romantizmdə deyil, Əhməd Cavadı gələcək həyat yolunu müəyyənləşdirməkdə rolu olan, müəllimlərinin yaratdığı mühitdə görmək olardı. O, bu dəyərlərlə azərbaycanlılardan ibarət xüsusi  Qafqaz könüllü dəstəsi ilə cəbhəyə yollandı. Sonralar Əhməd Cavadın Balkan müharibəsində iştirakı ilə bağlı əslən Şuşadan olan, qırmızı terrordan qaçaraq əvvəl İrana, daha sonra Türkiyəyə gedən və ömrünü 1984-cü ildə Kayseri şəhərində başa vuran Hüseyn Baykara özünün “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabında onun müharibəyə can atmasının fəlsəfəsini bu ifadələrlə belə təqdim edəcək: “Əhməd Cavad türk xalqının dərdlərilə dərdlənmiş, sevinclərilə də sevinmişdir”.

 

Şairin yaşadığı hər iki duyğu onun qürbətdə, I Dünya müharibəsində, üzünü qaysıyan ölüm küləklərinin səngidiyi məqamlarda baş qaldırır, “Axşamlar” şeirində Vətən həsrəti ilə qoşalaşıb həzin nəğməyə çevrilirdi:

 

Ölkənizdə varsa sizin bir qərib,

Baxın gözlərində nə var axşamlar!

Qəribin halını Vətəndən əsən

Tanrının yelləri sorar axşamlar!

 

Qayıq qucağında, dəniz üzündə,

Dalğanın nəğməsi deyil gözündə.

Bir şeylər söyləyir, onun sözündə

Könül bir incəlik duyar axşamlar!

 

Açmayır dərdini qərib bir kəsə,

Qulaq verib durur hər yanıq səsə;

Vətən müjdəçisi ruzigar isə,

Bəzi günlər olur susar axşamlar!

 

Əhməd Cavad o insanlardan biri olubdur ki, ruhu dünyanın harasını gəzib dolaşsa da qəlbi Azərbaycanla döyünür. Bu, mistik olanların qarşısında qeyri-müəyyənliyin yaratdığı və yaxud yarada biləcəyi duyğu deyil, heç romantik gəncliyin mahiyyətindən doğan ümidə də oxşamırdı, intiuitiv olaraq qarşıda onu və dünyada ən çox sevdiyi ana Azərbyacanı gözləyən sınaqlardan yazırdı. Bu, Azərbaycanın dövlətçilik tarixində ən ciddi hadisələrdən birinin baş verəcəyi may ayına həsr olunan “Mayıs” şeiridir. Onu oxuduqca heyrətamiz öncəgörmə effekti yaşadan bu şeirin, demək olar ki, hər beytinin gətirəcəyi ağırlığın altında sıxılan şairin iniltisini duyur, ancaq peyğəmbərlərə məxsus hissiyyatla yaradılan mənzərə qarşısında daşlaşırsan:

 

Mən hər ildə bir mayısa

Lap çox ümidlər bağlaram.

Hər gələcək mayıs üçün

Nisan ağlar, mən ağlaram.

 

Olmadan axşam əzanı,

Yola çıxart yol azanı.

Kəsmiş yolu dərd tufanı,

Karvan ağlar, mən ağlaram!

 

Səccadəyə alın sürtən,

Birlikdə bir cənnət görən,

Haqq yolunda Xəlil verən

Qurban ağlar, mən ağlaram!

Bunlar sonra olacaq.

 

Hələliksə onun yaradıcılığını, bütün türk dünyasında Əhməd Cavada əbədilik sevgi qazandıracaq “Çırpınırdı Qara dəniz” adlı, Türkiyədə, həmçinin imperatorluğun bütün ərazisində “Yol ver türkün bayrağına” kimi məşhur olan şeirinin yaranma tarixinə ekskurs etmədən onun möhtəşəmliyini duyaq:

 

Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına!

“Ah!...” deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına.

 

Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır gəldi, gedən,

Yol ver Türkün bayrağına!

 

Bu, əsrlər boyu qalibiyyətlə dalğalanan türk bayrağına məhəbbətin vəsf olunduğu ədəbiyyat incisidir. Bu, Türkiyə səfərindən, həmin səfər zamanı qanı bir, canı bir sadə türk insanından, ya şəhid, ya da qazi olmaq üçün taleyüklü döyüşlərə yollanan, ölmək üçün döyüşə girmək əmrini birmənalı olaraq qarşılayan və icra edən türk əsgərindən yaşanan qürurun doğduğu gerçək mənzərənin təqdimatıdır.

 

İncilər tök, gəl yoluna,

Sırmalar səp sağ, soluna!

Fırtınalar dursun yana,

Salam Türkün bayrağına!

 

“Həmidiyyə”, o Türk qanı!

Həç birinin bitməz şanı!

“Kazbek” olsun ilk qurbanı!

Heyran Türkün bayrağına!

 

Dost elindən əsən yellər,

Bana şeir, salam söylər.

Olsun turan bütün ellər

Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağına!!!

 

Bu, son 400 illik tarixində imperiya sərhədləri daxilində ardıcıl və acı məğlubiyyət anlarını yaşasa da, Çanaqqala zəfəri ilə ayaqda durduğunu dünyaya göstərən bir böyük və şərəfli xalqın tarixinə ehtiramın ifadəsidir. Şeirdə adı çəkilən, I Dünya Müharibəsində admiral Rauf Orbayın komandanlığı altında Odessa limanına girərək Rusiya dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları “Kazbek” və “Kaqul” adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batıran  “Həmidiyyə” zirehli gəmisi Türkiyə dəniz qoşunlarının simvolu kimi təqdim edilir. Sonralar, 1918-ci ildə fədakarlığı Azərbaycan xalqı tərəfindən həmişə anılacaq gənc Cümhuriyyət qoşunları və Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak silahlı birləşmələrindən azad edərkən böyük Üzeyir bəy tərəfindən bəstələnərək bütün türk dünyasının himninə çevrilən həmin şeir milyonlarla insanın əzbərdən dedikləri nadir sənət əsərlərindən biri olacaq.

 

Bunlar sonra, qəlblərində böyük sevgiləri ilə bərabər, Azərbaycanın gələcəyi üçün məsuliyyət hissi yaşadan insanların verəcəkləri mücadilələrlə yadda qalan, nəhayət, 23 ay yaşasa da insanların qəlbində cücərən azadlıq hissinin göyərməsi və Şərqdə ilk respublika olaraq tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən alın yazısı olan anlarda baş verəcək.

 

Həmin vaxtlarda isə Əhməd Cavad jurnalist kimi Türkiyənin şərqində, I Dünya Müharibəsinin bütün ağırlıqlarını yaşayan, Eçmiədzin kilsəsinin təşviqi və təbliği ilə tərəf olaraq bu müharibədə iştirak edən, yüz minlərlə müsəlmanı -  türk və kürdlərin həyatına son qoyan, yüzlərlə yaşayış məskənini xarabazara çevirən, Rusiyanın Şərq Cəbhəsində Antanta qüvvələri tərkibində vuruşan nizami erməni ordusunun evsiz-eşiksiz qoyduğu Qars, Ərdahan, Soğanlıq, Xorasan, Sarıqamışda, insanların yanında idi. Onu qeyd etməyi vacib sayırıq ki, Əhməd Cavad ancaq baş verən hadisələr, qaçqına çevrilən insanların yaşadıqları ağrı-acılar barədə “”Açıq söz” və digər mətbuat vasitələrinə yazılar göndərməklə kifayətlənmir, həmçinin Xosrov bəy Sultanovun rəhbərliyi ilə həmin bölgədə çalışan xeyriyyə təşkilatının yardımı ilə onları mümkün qədər daha sakit və əmin-amanlıqda olacaqları yerlərə köçürülməsində iştirak edirdi. Bu, onun 1915-ci il dekabr ayının 23-də “Açıq söz” qəzetində dərc olunan məqaləsində qeyd edilirdi: “Fəlakət yerlərində kimsəsiz qalan 6500 müslümələri Bakıya, Gəncəyə göndərmək üçün hökumət (Rusiya hökuməti) tərəfindən təmsilçilərimizə izn verilmişdir”.

 

I Dünya Müharibəsi bitdiyi, onun yaratdığı təlatümlərin nəticəsi danışıqlar masasına gətirilmədiyi zamanlarda dünyanın siyasi xəritəsində böyük dəyişikliklərin olacağı qaçılmaz görünürdü. “Bütün dünya proletarları, birləşin!”- şüarı ilə Rusiyada siyasi hakimiyyətə gəlmiş Vladimir Ulyanov- Lenin çar Rusiyasını “xalqlar həbsxanası” adlandıraraq o həbsxana qapılarının açılması ilə bağlı verilən siyasi qərarı təsdiq edəcək Dekreti imzalamaq bunun hüquqi əsaslarını yaratdı. Bu dekretin imzalanmasından 6 ay sonra, may ayının 28-də  Zaqafqaziya Seymindəki müsəlman fraksiyasının bazasında yaradılan Azərbaycan Milli Şurası “Dövlət müstəqilliyi haqqında Bəyannamə”ni elan etdi. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bilidirilirdi. 

 

Bu hadisə Əhməd Cavadın yaradıcılığında çox mühüm rol oynadı. Gənc şairin bağrında bəslənən bayraq sevgisinin yaratdığı “Al bayrağa” şeiri buna görə o qədər möhtəşəm alınır:

 

Gül rəngində bir yaprağın

Ortasında bir hilal!

Ey Al Bayraq, sənin rəngin

Söylə, neyçün böylə al!?

 

Bu bənzəyiş nədən gözüm,

Şəhidlərin qanına?!

Uğurunda can verənlər

Neyçün qıyar canına?!

 

Məqamında işlədilən bədii ifadə vasitələri ilə təqdim olunan hisslər ancaq duyğuların konfiqurasiyasını deyil, onun insanların qəlbində əbədi məşəl kimi yaşayacağını deyir və gələcək arzuların təməli kimi qəbul edilirdi:

 

Ey sevgili bayrağımın

O dalğalı duruşu!

Sandım salam rəsmi sana

Buludların yürüşü!

 

Sən ey hilal, al qoynuna,

Aldın göydən yıldızı!

Məftun etdin sən kəndinə,

Ən sevdalı bir qızı!..

 

Bu, göylərdən ulduz alacaq qədər mübaliğəli görünən hadisə deyil, şərəfli və məğrur yaşamaq istəyindən güc alan, illərlə “İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalər içində”- deyərək hayqıran millət fədailərinin canı, qanı bahasına dikələn bayrağa sevginin izharıdır. Söhbət o sevdadan gedir ki, həmin sevdaya çatmaq üçün yüz illərlə davam edən mübarizədə sayı-hesabı bilinməyəcək qədər qurbanlar verilib və bunu Əhməd Cavad “Bismillah” şeirində bu cür təqdim edir:

 

Atıldı dağlardan zəfər topları,

Yürüdü iləri əsgər, bismillah!

O xan sarayında çiçəkli bir qız

Bəkliyor bizləri zəfər, bismillah!

 

Ey hərbin taleyi, bizə yol ver, yol!

Sən ey gözəl dəniz, gəl türkə ram ol!

Sən ey sağa, sola qılıc vuran qol

Qollarına qüvvet gələr, bismillah!

 

Ey Bakı, sən qorxma, geldik, gələli

Sənin üçün biz atıldıq iləri,

Sağ olan annelərə olur təselli

Şəhidlərin ruhu gülər, bismillah!

 

Əhməd Cavad XX əsr Azərbaycan ədəbiyyatında Şəhid obrazını ilk yaradanlardan, şəhidliyin layiq olduğu yeri göstərənlərdən biri kimi də özünü təqdim edir. Bu fikrimizi onun həmin mövzuda yazdığı şeirlərin çoxluğu ilə deyil, o şeirlərdə Şəhid məzarının müqəddəs övliyalar məkanlarına tay tutulması ilə də yox, bütün ruhu ilə oxşadığı məzar daşlarına həkk olunan və heç zaman pozulmayacaq sevgisində təsdiq olunur. Bu, Azərbaycandakı türkiyəli şəhidlərə həsr edilən, 1919-cu ildə Gəncədə yazdığı “Şəhidlərə” şeirində daha qabarıq görünür:

 

Qalx, qalx! Sarmaşıqlı məzar altından,

Gəlmiş ziyarətə qızlar, gəlinlər.

Ey karvan keçidi, yollar üstündə,

Hər gələn yolçuya yol soran əsgər!

 

Sənin qovduqların yabançı xanlar,

Qurtardı ölkəmi tökdüyün qanlar!

Bax nasıl öpməkdə tozlar, dumanlar,

Qərib məzarını mənlə bərabər!

 

Cümhuriyyət şairi Əhməd Cavadın hər bir şeiri aşiqi olduğu Azərbaycanın XX əsrdə ucaldılan Dövlət Bayrağına və o Bayrağın ucaldılması yolunda axıdılan şəhid qanına məhəbbətin nümunəsi olaraq bu günümüzə qədər gəlib çatıb. Bu cəhətdən onun “Azərbaycan marşı” forma və məzmununa görə ən mükəmməl ədəbiyyat nümunələrindən biri kimi istər yazıldığı vaxtlar, istərsə də müasiri olduğumuz zamanın trendinə çevrilən nümunələrdən biri olub. “Marş” o qədər mükəmməl yazılmışdı ki, 1919-cu ildə “Azərbaycan” qəzetində dərc ediləndən dərhal sonra nəinki Qafqazda, həmçinin Türkiyə və İranda, Rusiyada kifayət qədər tanınan böyük bəstəkar Üzeyir Hacıbəyovun diqqətini cəlb edib və o, həmin şeirə musiqi bəstələyib. Günümüzə qədər bir çoxlarının Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Himni kimi tanıdıqları həmin marş, əslində, ilk dəfə 1991-ci ildə özünü Cümhuriyyətin hüquqi varisi elan edən Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul olunub. Xatırladaq ki, 1920-ci il yanvarın 30-da Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etmiş və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olunmuşdu. Müsabiqənin şərtlərinə uyğun olaraq himnin mətn və musiqisi may ayının 1-dək təqdim edilməli, nəticələr isə may ayının 28-də elan olunmalı idi, lakin həmin il aprelin 28-də bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etsə də, xalqın bağrına hopan bu yaşantıları qəlblərdən silə bilmədi:

 

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

 

Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

 

1920-ci il aprelin 28-də bolşevik işğalı Azərbaycanda Cümhuriyyətin ömrünə son qoydu.

 

1920-ci ilin sentyabrından 1922-ci ilin oktyabrına kimi Qusarın Xuluq kənd məktəbində rus və türk dillərindən dərs verməsi isə Əhməd Cavad və onun əqidə dostlarının şəxsində “əcinnə ovuna” çıxanların təqiblərindən yayındıra bilmədi və o, ilk dəfə 1923-cü ildə bu qorxulu nağıllara bənzəyən real hadisələri həyatında yaşadı. Həmin məqamlar Türkiyəyə mühacirət etməzdən əvvəl Bakıda həbs edilən və Əhməd Cavadla eyni kamerada olan Hüseyn Baykaranın “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabında belə xatırlanır: “Onunla bir neçə ay eyni kamerada qalmalı oldum. Kamerada bizə kitab, dəftər, qələm vermirdilər. Necə oldusa, əlimə 3 santimetr böyüklüyündə bir qurğuşun qələm keçdi. Qələmlə Ə.Cavadın şeirlərini divara yazır və əzbərləyirdim. Bir gün gözətçi Nikolay məni qapının deşiyindən izləmiş və divara yazdıqlarımı görmüşdü. Qəflətən qapını açdı və divara yazdıqlarımı bir taxta parçası ilə sildi”.

 

Gözətçi Nikolay divardan silsə də yaddaşlardan silə bilmədi və Əhməd Cavad o şeirlərin birində taleyin ziqzaqlarından söhbət açır:

 

Barı sən gəl dedim, dinləyib bir az,

Ey vəfalı qələm, dərdimi gəl, yaz.

Gəldi bir çirkin əl, söylədi olmaz,

Dinləyənlər məni gəc duyar, neylim.

 

Əhməd Cavad bu dəfə qırmızı terrorun əllərindən onu yaxından tanıyan, ölkə rəhbərliyinə söz deyə biləcək şəxslərin səyləri ilə qurtara bilir və taleyin ironiyası ilə ən gözəl şeirlərindən biri, Azərbaycanın əsrarəngiz gözəlliyi sözlə rəsmə çəkilən “Göygöl”ə görə həbs edilir. Şeirdə zövqlə seçilərək işlədilən bədii ifadə vasitələri yatağında uyuyan pərinin füsunkarlığını belə təqdim edir: 

 

Dumanlı dağların yaşıl qoynunda

Bulmuş gözəllikdə kamalı Göygöl.

Yaşıl gərdənbəndi gözəl boynunda:

Əks etmiş dağların camalı Göygöl!

 

Dolanır başına göydə buludlar,

Bəzənmiş eşqinlə çiçəklər, otlar,

Öpər ayağından qurbanlar, otlar,

Ayrılıq könlünü qıralı Göygöl!

 

Bir sözün varmıdır əsən yellərə?-

Sifariş etməyə uzaq ellərə...

Yayılmış şöhrətin bütün dillərə,

Olursa, olsun qoy haralı Göygöl!

 

Bir tərəfdən yeni quruluşun “ehtiyatkarlığı” və bu ehtiyatkarlıqla silahlanan “ideoloji təminatçılar”ın ayıq-sayıqlığı, bir də... istedadı az olsa da, iddiaları sərhədsiz olan şair və tənqidçilərin “nəyəsə yarımaq” şansı həmin şeirdə “gizlədilmiş” bombaları aşkarlaya bilir:

 

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır, ulduza, aya.

Oldun sən onlara mehriban daya,

Fələk busatını quralı Göygöl!

 

Yeli ədəbi-tənqidin “Göygöl”də aşkara çıxartdığı” Cümhuriyyət bayrağındakı elementlərə görə şairi 5-6 ay həbsə göndərə bilsə də, dünyanın ən humanist peşəsini- şairliyi seçən şəxslər bu dəfə də onu son mənzilə göndərə bilmədilər. Bunun “”baiskarları” isə rus dilinə tərcümə olunaraq Moskvaya göndərilən şeir barədə İttifaq paytaxtından ən yüksək qiymət verənlərin rəyi oldu.

 

Bunlar 1925-ci ildə baş verirdi, o vaxtlar ki, o, 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsində qiyabi oxumaqla bərabər, müəllimlik fəaliyyəti ilə məşğul olur, yaradıcılığında intensivliklə fərqlənmirdi, lakin ona qarşı pressinqlər səngimək bilmirdi. Bir sözlə, Əhməd Cavadın “iç üzünün açılması” üçün dəridən-qabıqdan çıxanların sayı artır, hətta paytaxt Moskvada nəşr olunan mətbu nümunələrdə onun “ifşa olunması” üçün canfəşanlıq edir, ittiham üçün şairin Türkiyə nəşrlərində dərc olunan şeirlərini göstərirdilər.

 

Yerli mətbuatda ardıcıl yer alan materiallarda şairin 1915-1920-ci illər yaradıcılıq nümunələri araşdırılır, onu pantürkizmə qədər gedib çıxan millətçilikdə günahlandırırdılar. Belə bir məqamda Əhməd Cavadın müəllim kimi çalışdığı institutunun Gəncəyə köçürülməsi sadəlöhv müəllim üçün ümid yeri oldu.

 

Özü Gəncədə yaşayan şairi “ifşa edənlər” dəstəsi fəaliyyətsiz dayanmırdı, hətta neçə ildən bəri Azərbaycan dilinə tərcümə etdiyi “Pələng dərisi geymiş pəhləvan” əsərinin dövlət mükafatına layiq görülməsi ona qarşı 15 il davam edən kampaniyanı dayandırmadı. İstedadına çoxlarının həsəd apardıqları Əhməd Cavadın öz yaradıcılıq mövzularında apardığı korreksiyalar da işə yaramırdı, baxmayaraq ki, o, sosializmi, bu ictimai-siyasi formasiyaların tələbatından yaranan yeni təsisatları, “Adsız şeir”ində olduğu kimi ürəklə tərənnüm edirdi: 

 

Kolxozlu ellərin bərəkətindən,

Bərəkətli elin hərəkətindən,

Kim deyərdi bu gün donduran bir qış

Şərəflə bəhs edib, aldılar alqış!

Zəfərlər bayramı, bir qurultayı,

Dondura bilməz ki, bu yanvar ayı!

Ölkənin bir başqa hərarəti var,

Ona neyləyəcək göydən yağan qar?

 

Bu və buna bənzər şeirləri yazılandan sonra da o, həbs edildi.

 

Həbsdən sonra Şükriyyə xanımı qəbuluna çağırtdıran Mircəfər Bağırov ona “xalq düşməni”nin həyat yoldaşı kimi həbsə göndərilməmək üçün Əhməd Cavaddan ayrılmağın yeganə yol olduğunu deyir. Batumdan onun Əhməd Cavadla izdivacına razılıq verməyən ailəsinin inadından sonra ona qoşularaq Azərbaycana gələn acar qızı isə cavabında “Mən atam Süleyman bəyi ataraq seçdiyim Əhməd Cavadı 4 övladıma qurban vermərəm, elə bir addım atsam, bu onu ona atılacaq güllədən tez öldürər”- deyir və öz istəyi ilə 8 illik Sibir həbsxanasını anındaca seçir.

 

Hə, bu, həmən Şükriyyə xanımdır, Əhməd Cavadın qəlbini ovlayan və unikal məhəbbət şeirlərindən birinin, “Sənsiz”in baş qəhrəmanı.

 

O şeirin ki, 1917-ci ildə Əhməd Cavad ona məhəbbətini belə izhar edirdi:

 

Nə çoxdur dünyada qənirsiz pəri,

Gözümə görünməz onun heç biri!

O qızıl saçları, ipək telləri,

Əl atıb birini hörmərəm sənsiz.

 

Məndən xoşbəxt varmı dünyada, deyin?!

Ey telli yavrusu Süleyman bəyin!

Bəxtim tərlan imiş: yeyindən yeyin!

Heç kəsə bu bəxti vermərəm sənsiz!

 

Mahirə HÜSEYNOVA,

Azərbaycan Dövlət  Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor