Onunla redaksiyada ilk görüşümü xatırlayıram... Redaksiyamıza növbəti məqaləsini gətirmişdi. İlqar müəllimlə ilk tanışlığımız onda oldu. Sonradan isə İlqar müəllim redaksiyamıza dəfələrlə gələrək maraqlı yazılarını təqdim edirdi. Onun “Qanlı 20 Yanvar”, “26 Fevral - Xocalı faciəsi”, “31 Mart - Azərbaycanlılara qarşı soyqırım siyasəti”, “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və s. mövzularda yazdığı dərs nümunələri yüksək səviyyəli yazı kimi qiymətləndirilirdi. Növbəti görüşümüzdə jurnalist marağı ilə İlqar müəllimdən özü haqqında daha ətraflı məlumat verməsini xahiş etdim. Deyim ki, onunla danışdıqca maraqlı müsahibəyə rast gəldiyimi hiss edirdim. Belə ki, özüm də ixtisasca tarix müəllimi olduğuma görə və əvvəllər orta məktəbdə bu fənni tədris etdiyimdən İlqar müəllimlə danışarkən ortaq “təmas nöqtələri”ni çox axtarmaq lazım gəlmirdi. Aramızda çox səmimi söhbət alınmışdı. Oxucularımıza fədakar müəllimi daha da yaxından tanıtmaq, onun pedaqoji fəaliyyətindəki nailliyyətlərindən söz açmaq istərdim.

 

İlqar Abdullayev 1962-ci ildə anadan olub.  1979-cu ildə orta məktəbi qızıl medalla, 1985-ci ildə isə BDU-nun tarix fakültəsini bitirərək təyinatla doğma kəndi - Salyan rayonunun Qızılağac kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Vaxtı ilə “Azərbaycan tarixi”ni yazmış böyük tarixçimiz Əlövsət Quliyevin doğma kəndində dörd il müəllim işlədikdən sonra perspektivli kadr kimi 1989-1990-cı tədris ilində o vaxtlar BDU-nun nəzdində açılmış orta məktəblər üçün praktik - psixoloqlar hazırlayan kursu bitirmiş və Salyan RTŞ-də metodist-psixoloq vəzifəsində çalışmışdır. Paralel olaraq Salyan şəhər 1 nömrəli orta məktəbdə tarix fənnini tədris edən İlqar müəllim praktik - psixoloq kimi psixologiya sahəsində əldə etdiyi biliyi tarixin tədrisi ilə üzvi şəkildə əlaqələndirməklə daha yüksək nailiyyətlər əldə edir. Belə ki, artıq növbəti ildə onun yetirməsi - Kərimli Leyla Balamməd qızı tarix fənni üzrə olimpiadanın Respublika turunda qalib olduqdan sonra 1992- ci ildə 700-ə yaxın bal toplayaraq BDU-nun Beynəlxalq münasibətlər fakültəsinə qəbul olunmuşdur. Tələbələr arasında öz istedadı, zəkası, əməksevərliyi, səmimiyyəti ilə seçilən Leyla tezliklə universitet rəhbərliyinin də diqqətini cəlb etmiş və o təhsilini davam etdirmək üçün Parisə, Sen-Jermen Universitetinə göndərilir. Parisdə təhsilini başa vuraraq bir müddət Qərb və Bakı Dövlət Universitetlərində dərs deyən Leyla yenidən imtahan verməklə əvvəlcə Berkli, sonra isə Nyu-Yorkdakı Kolumbiya Universitetlərində çalışır. Hazırda Koliforniya Universitetinin tarix üzrə professorudur. Leyla İlqar müəllimin olimpiadalarda qalib gələn ikinci şagirdi idi.

 

Olimpiadalarda birinci qalib isə İlqar müəllim hələ Qızılağac kəndində işləyərkən yetişdirdiyi Əliyev Aydın Zöhrab oğlu olmuşdur. Orta məktəbi qızıl medalla bitirən Aydın həmin il qəbul imtahanlarını da müvəffəqiyyətlə verərək BDU-nun hüquq fakültəsinə qəbul olunmuşdur. Hazırda Oğuz rayonunun prokurorudur. 2011-ci ilə qədər Salyanda işləyən İlqar müəllim rayonun tarixində o vaxta qədər tarix fənni üzrə olimpiadaların Respublika turunda iştirak  etmiş 16 şagirddən 13-nü yetişdirmişdir. O, bu 13 şagirddən Vaqif Abbasovu xüsusilə qeyd edir. Belə ki, Vaqif  8-ci sinif şagirdi olduğu halda rayonu 9-cu sinif şagirdləri arasında olimpiadanın Respublika turunda təmsil etmişdi... Vaqif haqqında danışarkən İlqar müəllim böyük fəxr hissi ilə “o uşaq sanki anadan tarixçi kimi doğulmuşdu” deyir... Vaqifin anası deyirmiş ki, İlqar müəllim tarixi Vaqifə elə sevdirmişdi ki, o, axşam yatanda da tarix kitablarını balıncın yanına qoyub yatırdı.Yeri gəlmişkən, V.Abbasov hazırda Bakının Əmircan qəsəbəsində sayılıb-seçilən tarix müəllimi kimi tanınır.

 

2011-ci ildə respublikada müəllimlər imtahan verməklə iş yerlərini dəyişmək hüququ qazananda İlqar müəllim də bu fürsətdən istifadə edərək  çoxdankı arzusuna - Bakıda işləmək arzusuna qovuşur. Belə ki, o, ən yüksək bal toplayaraq əvvəlcə Binəqədi rayonu Biləcəri qəsəbəsindəki 301 nömrəli tam orta məktəbdə dörd il işləyir. 2015-ci ildə isə iş yerini dəyişmək üçün yenidən imtahan verərək bu dəfə Bakı şəhəri üzrə ən yüksək bal toplayaraq Nərimanov rayonundakı MLK-ya keçir. Hazırda orada tarix müəllimi işləyən İlqar Abdullayev hələ Salyan rayonunda fəaliyyət göstərərkən “Baş müəllim”, “Metodist müəllim”, 1992 və 1998-ci illərdə “İlin ən yaxşı müəllimi” adını almış, 2009-cu ildə isə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

2013-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, 2015-ci ildə möhtərəm Prezidentimizin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2016-cı ildə üzərində çoxdan işlədiyi “Orta əsrlərdə Azərbaycanın xarici ölkələrlə əlaqələri (folklor materialları əsasında)” mövzusunda dissertasiyanı  müvəffəqiyyətlə müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dissertasiya mövzusu ilə əlaqədar elmi əsərləri Ukrayna və Rusiyada çap olunub. İlqar müəllim üst-üstə bu vaxta qədər həm pedaqoji, həm də tarixi mövzularda keçirilən 23 Beynəlxalq konfransın iştirakçısı olub.

 

Respublika daxilində elmi əsərləri “Tarix problemləri”, “Bakı Universitetinin xəbərləri”, “Geostrategiya”, “Kurikulum”, “Təhsil”, “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” jurnallarında, habelə “Azərbaycan”, “Azərbaycan müəllimi”, “Respublika”, “Təhsil problemləri”, “Bakı təhsili”, “Palitra”, “Paralel”, “Lider” və s. qəzetlərdə 100-dən çox tarix, təhsil, iqtisadiyyat, ekologiya və s. mövzularda məqalələri dərc edilib.

 

2019-cu ildə Təhsil İnstitutunun qrifi ilə “İKT-dən istifadənin tarix dərslərində səmərəliliyin artırılmasındakı rolu”, “Ümumtəhsil məktəblərində tarixin digər fənlərlə əlaqəli tədrisi təcrübəsindən” adlı kitabı isə Təhsil Nazirliyinin qrifi ilə çap edilmişdir. 2021-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə İlqar müəlimin “Orta əsrlərdə Azərbaycanın xarici ölkələrlə əlaqələri (folklor materialları əsasında)” adlı monoqrafiyası çapa məsləhət görülmüşdür.

 

Daim öz üzərində işləyən, mətbuatı bir gün də olsun diqqətdən kənarda qoymayan İlqar Abdullayev 2017-ci ildə Təhsil Nazirliyi, “Azərbaycan müəllimi” qəzetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Ən yaxşı yazı”, 2018-ci ildə isə Təhsil Nazirliyi, “Azərbaycan müəllimi” və “Bank of Baku”nun birgə keçirdikləri “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqələrinin qalibi olmuşdur.

 

2019-cu ildə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Uşaq və gənclərin azərbaycançılıq ruhunda tərbiyəsi” mövzusunda müsabiqə - konfransın da qaliblərindən olmuşdur.

 

2021-2022-ci tədris ilindən İlqar Abdullayev BDU-nun tarix fakültəsinin “Azərbaycan tarixi” kafedrasının doktoranturasına daxil olmaqla həmin kafedrada saat hesabı dərs deməyə başlamışdır. Kafedra rəhbərliyi onu keçmiş tələbələri kimi yaxşı tanıdığından elə birinci ildən tarix fakültəsinin ikinci kursunda həm mühazirə, həm də seminar aparmağı ona etibar etmişdir. Fərəhləndirici haldır ki, İlqar müəllim ona bəslənilən etimadı tam doğruldaraq həm tələbələrin, həm kafedra, həm də fakültə rəhbərliyinin böyük hörmət və ehtiramını qazanmışdır.

 

2022-ci ilin aprelində Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İctimai Elmlər üzrə Problem Şurasının qərarı ilə BDU-nun qiyabi doktorantı İlqar Abdullayevin Vətən tarixi ixtisasında tarix elmləri doktoru adını almaq üçün  “Azərbaycan SSR-də sənaye, nəqliyat, kommunikasiya və rabitənin inkişaf tarixi (1969-1982-ci illər)” mövzusu təsdiqlənmişdir.

 

İlqar  müəllim görəcəyi işlər haqqında elə həvəs, elə şövqlə danışdı ki, düzü məndə onun yaxın gələcəkdə istəyinə, arzusuna qovuşacağına qətiyyən şübhə qalmadı.

 

...Daha nə deyə bilərəm ki? Onsuz da hər şey aydındır. Bircə onu deyərdim ki, görəcəyiniz işlərdə biz də Sizə uğurlar arzulayırıq, İlqar müəllim!

 

Niyazi RƏHİMOV