Tərəddüdsüz deyə bilərik ki, Hidayətin 39 yaşında yazdığı “Ömürdən uzun gecə” povesti onun ədəbi taleyini həll edə bilərdi.


Bu hüququ yazıçıya yazdığı povestin  ancaq  sintaksis konstruksiyasının mükəmməlliyi deyil, onun təsvir etdiyi, ömürdən uzun keçən bircə gecə hadisəsinin dinamikasında öz məxsusi yeri olan insanların interpretasiyası verib. O dinamika isə nəfəs kəsəcək ritmi ilə lap əvvəldən oxucusunu öz orbitinə salır və cəmi-cümlətanı 5-6 saat çəkən hadisənin müşahidəçisinə deyil, iştirakçısına çevirir. Nəticədə, kiliddə “açarın ehmalca hərlənməsi ilə” başlayan əhvalatın dramatizmi povestin süjet xəttini tamamlayacaq, hadisələrin axarına qoşulub getməkdən başqa yolu qalmayan insanların yol yoldaşına çevriləcək.

 

Hidayətin poetikasında psixoloji proses bütün mürəkkəbliyi və axıcılığı ilə birbaşa diqqəti çəkir. O prosesdə təkrar istehsal elementləri yoxdur. Yaradılan səhnələr  əsasən personajın intellektual və əxlaqi fəaliyyətinin nəticələrini göstərir.

 

Həmin göstərici mənəvi həyatın bilavasitə təsvirinə diqqət yetirərək insanın daxili aləminin bucaqlarını, həqiqət axtarışında olan ruhun sevinc və kədərini işıqlandırır. Bu, yazıçının zərif  taktikasından daha çox fərdi düşüncəsi, həyata baxış effekti kimi də görünür və qəbul edilir. Müəllifin daha sadə yol kimi seçərək tətbiq etdiyi bu cəhət onun nəinki personajlarının, ümumilikdə, həmin personajların aid olduğu makro və mikromühiti canlandıra bilir. Buna görədir ki, insan onun tərəfindən həyatının ən mühüm və həlledici məqamında, hisslərin və düşüncələrin son dərəcə kəskinləşdiyi, açıq-aşkar göründüyü vaxtda təsvir olunur. Bu anda o, parlaq işıq şüasını istiqamətləndirir, qalanlar isə kölgəyə doğru hərəkət edir. O, mikroskopla əlaqə saxlamır, gözü lazımi məsafədə qalır; beləliklə, pozulmayan nisbətlər aydın görünür.

 

Onu qeyd etməyi vacib sayırıq ki, Hidayətin dramatik əsərlərində, povest və romanlarında açıq-aydın görünən alt mətn ustalıqla təqdim edilir.

 

“Ömürdən uzun gecə” qəhrəmanının qapı kilidinin açılması ilə başlayan (əsllində, söhbət baş qəhrəman təsnifatından getmir, bu əsərdə, ümumiyyətlə, epizodik surət gözə dəymir, hər biri öz yaşantıları ilə oxucunun yaddaşında birdəfəlik qalır) hadisələrin ilk addımındaca gecənin bir yarısı Təvəkkül Kərimlinin mənzilinə daxil oluruq. Yaxşı ki, indiki dəfə bu, “qıfılların hamısının kilidlənməməsi”, “içəri tərəfdəki zırpı dəmir arxalığın salınmaması”  şansı üzündən yüngül baş verir. Bunlar olmasaydı, Təvəkkül Kərimli “qapının zəngini uzun-uzadı basmalı idi, arvadı hannan-hana yaxınlaşmalı, deyinə-deyinə qapını açmalı idi”. Qədəmimizi astanadan bircə addım içəri atmağımızla Təvəkkül Kərimli ilə ilkin tanışlığımız başlayır. Müəllifin özünəməxsus təhkiyə dili ilə onun ətrafında olan, fərqi yoxdur, evdə, yaxud işdə, çeşid-çeşid ölkələrdə, müxtəlif dil və din, mədəniyyət daşıyıcıları olsalar da ancaq insana aid ola biləcək duyğu və arzularla yaşayan qəhrəmanlarının qalereyası ilə nəfəs-nəfəsə qalırıq. İçəri girən kimi birinci eşidəcəyimiz sözlər isə “Eşiyim özgələri yandırır, içim özümü. Görən də deyir, nə bəxtəvərdir. Daş düşəydi Dilaranın ad gününə...” - olacaqdı, lakin kilidlənməmiş qıfıllar bizi bu ağırlıqdan qurtarır və ona görə də zahirən bəxtəvər görünən, əslində, özünü tapa bilməyən bir qadının deyintilərini eşitmək gərginliyindən xilas oluruq.

 

Beləcə də qarşımızda bəşəriyyət üçün təzə olmayan “insan və cəmiyyət” dramının yeni mənzərələri açılır.

 

Onu yada salaq ki, bu dram insanın sosiallaşmaq zərurətinin qaçılmaz olduğu məqamlardan bəri yaranıb. Təhtəlşüurumuzda öz yuvasını qurmuş hisslərə adekvat olan və olmayan hansı məqamlardasa hər bir insanın həmin dramın personajına çevrilməməsi mümkünsüzdür.

 

Bu, ona görə mümkünsüz olur ki, insan mahiyyəti ilə sosialdır, o, yaranışından cəmiyyət üçündür və hələ ana bətnində olarkən öz ətraf mühiti, bətnində olduğu anasının reaksiyaları şəxsində “o ətraf mühitin” mənfi və ya müsbət enerjilərini hiss edir, bir sözlə, cəmiyyətə ilkin adaptasiyasını başlayır. Bu başlanğıc o vaxta qədər davam edə bilir ki, individuum olan insanın içində hansı məqamlardasa ətraf mühitə korreksiya cəhdləri baş qaldırır. O cəhdlər mahiyyəti azadlıq olan insanın xarakterindən yaranır və baş qaldıran həmin cəhd hissindən sonra onun şəxsi taleyinin yönü müəyyənləşir. Hidayətin təqdim etdiyi, personajlarının psixoloji durumları ilə həmahəng olan o dramatik məqamların necə inkişaf etdiyini isə Təvəkkül Kərimlinin şəxsində görürük. Həmin məqamların zaman və coğrafi müxtəlifliyi isə diapazon genişliyi üçün insanları necə varsa o cür tanımaq, qəbul etmək fürsəti verir.

 

Yeri gəlmişkən, Hidayət bütün bu “xoşbəxtlik və bədbəxtliklərin” görünən və görünməyən “sərhədlərini” incə maneralarla təqdim edir, hansı məqamdasa hadisələrin inkişaf edən süjet xəttinin cazibəsindən ayrılan oxucu dilemma qarşısında qalır.

 

Hidayətin povestində həyatda gördüyümüz insanlar öz xarakter və duyğuları, “xoşbəxtlik” və “bədbəxtlikləri” ilə bu cür qarşımıza çıxırlar.

 

Beləcə, ən kiçik söz və ifadədən tutmuş, obrazların qarşılıqlı əlaqəsi, xarakterlərinin yaratdığı hadisələrin axarı ilə gedirik. Süjetin mərhələ-mərhələ inkişafı, mövzunun dərinliklərinə gedən tədrici müdaxilələr oxucunu əsərin zavyaskasına çəkir. Bu gəliş isə o qədər təbii və həyatidir ki, istər-istəməz Leonid Qrossmanın, məşhur ədəbiyyatşünas və tənqidçinin Fyodor Dostoyevskidən tez-tez gətirdiyi sitatların birini yadımıza salır: "Heç vaxt özünüzdən nə fabula uydurun, nə də intriqa. Həyat bizim uydurmalarımızdan qat-qat zəngindir. Bəzən ən adi, gözə çarpmayan həyatın verdiyi şeyi Sizin üçün heç bir təxəyyül uydura bilməz”.

 “Ömürdən uzun gecə” də belədir, “həyatın içindəki hadisələr”in özü ilə gətirdiyi, “təxəyyülün uydura bilmədiyi” insanlar və hadisələr oxucuya o qədər mərhəm  gəlir ki, o, qeyri-iradi olaraq onların hər birinin hisslərinin yaratdığı emosiyanın daşıyıcısına çevrilir.

Gecənin bir yarısı gələn zəngin yaratdığı ovqat kimi: “Zəng çalan susmuşdu, uzaqlardan nə isə qarışıq səslər eşidilirdi: kədərli, həzin...

-Bəli...

Ümidsiz dilləndi, sanki müqəssir stulunda oturub başını aşağı salmışdı.

-Qardaş, bacın boyuna qurban, qorxma, amma tez gəl.

Bu səs yaxından gəlirdi və uzaqdakı o qarışıq, kədərli, həzin səsləri batırırdı.

-Qardaş...

Yaxındakı səs hıçqırığını zorla boğurdu, sonra uzaqdan dəhşətli hönkürtü eşidilirdi, elə dəhşətli idi ki, yaxındakı adam danışsaydı da eşidilməzdi”. 

 

Gecəyarısı, hər vaxt gözlədiyi, lakin hər vaxt gözlənilməsinə baxmayaraq naqafil gələn zəng- çağırışın arxasınca payi-piyada yollanan Təvəkkül Kərimli “uzun-uzadı, sahil parkının yaşıllığı, çiçəkləri arasıyla uzanan” yola çıxır. Yol onu bu dünyada hamıdan yaxşı tanıyan və hamıdan çox, bəlkə Təvəkkül  Kərimlinin özündən də çox onu istəyən, sevən bir kişinin son görüşünə aparır, ancaq Tahir Kərimli bunun fərqində deyil. Biz isə Təvəkkül Kərimlinin, “bu boyda şəhərin yiyəsi olan” adamın yadına düşən xatirələrin, istisi keçməyən, közü heç vaxt öləziməyəcək xatirələrin izi ilə qarabaqara yola düşürük. İndi onun, bacısının naqafil zəngi ilə heç bir maşın-filan çağırmadan piyada gedən kişinin yollarının  başlanğıcına qədər gedib çıxmağımız mümkün olacaq. Hələlik isə bacısının söylədiyi, “boyuna qurban, qardaş, qorxma”- deyərək çatdıra bilmədiyi xəbərin ardınca gedən Təvəkkül Kərimli atası ilə öz arasında çoxdan olmuş dialoqu yadına salır:

 

“- Təvəkkül, çoxdandır yolum düşməyib Zəngəzura, burnumun ucu göynəyir, ordan yana...

- Gördüyün Zəngəzurdur... Gəl, putyovka düzəldim, get Kislovodskə”.

 

Atası Kislovodsk-filan istəmir, onu “Gorus dərəsinə enəndə”, qayanın qoynunda bitmiş tənha palıdı görmək min dənə Kislovodskdən daha artıq düşündürür. Oğul isə onu bilmir və bilmədiyi, yoxsa söhbətin məcrasını dəyişmək istədiyi üçün “Bir az sonra başlayacaqsan çınqılları soruşmağa”- deyir. Ata oğlunun “çınqıl soruşmaqla”  bağlı atmacasından tutulmur, bütün namuslu insanlar kimi, gördüyü hansısa işin əhəmiyyətindən də danışmır, sadəcə olaraq, qayalıqların yanındakı ağaca olan bağlantısı barədə iki-üç kəlmə deməklə kifayətlənir: “O palıdı mən əkmişəm. Min-min adam onun kölgəsində sərinləyib, atama rəhmət oxuyub. Həmən qayanın, həmən palıdın altında, yolun qırağında bir çeşmə də var...”.

 

Yoluzunu, gecənin qaranlığında atası ilə sonuncu görüşə gedən Təvəkkül Kərimli o söhbətləri xatırlayır, lakin xatırladığı söhbətlərin, tərs kimi, heç biri onun ürəyinə təskinlik gətirmir. İndi, bu gecəyarısı, payi-piyada getdiyi yolda Təvəkkül Kərimli, “bu boyda şəhərin yiyəsi”,  atası ilə çoxdan olmuş bu söhbəti xatırladıqca hamının “çox böyük adam” kimi qəbul edərək əksəriyyətin ehtiram göstərdiyi şəxs özünü saxlaya bilmir: “Öz səsini eşidəndə iyrəndi, əti ürpəşdi, söyüş bilmirdi, yoxsa... “.

 

Bu, indiyəcən cəmiyyətdə “nümunəvi ailə başçısının, işində uğurlu karyera qazanmış insanın” gəldiyi yolların hansı məqamındasa özünə verdiyi sual və həmin sualın cavabıdırmı..? Bu, insan ömrünün bir vaxtına qədər içində baş qaldıran, amma məntiqin sərrast özünəbəraəti qarşısında geri çəkilən, hansı zamandansa yığılmış və artıq heç bir arqumentlə razılaşmayan həyat gerçəkliyinin etiraf formasıdırmı? Bəlkə də qədim yunan müdrikinin, Aristotelin adını çəkdiyi əzablar və həmin əzabların od-alovunda qarsımış vicdanın katarsis anı, yoxsa Lessinqin təbirincə desək, affekt vəziyyətində olan şəxsin mənəvi təmizlənmə məqamlarıdır?

 

Onun dramlarında davam etdirilən bu ikinci, gizli psixoloji fəaliyyət planı dilə gətirilməyən “hisslərin titrəməsini” canlandırmaqdan əlavə, sadə insanın mənəvi gücünün, gözəlliyinin aydın hiss olunduğu lirik situasiya yaradır. Ən fərqli "daxili hərəkət" sevginin doğulması və inkişafında tapılır. O, gizli "xoşbəxtlik ləzzətində", zehni narahatçılıqda sözlərin və əməllərin arxasında təxmin edilir. Burada genetik və yaxud hissi bağlılığın heç bir rol oynamadığını müşahidə etmək mümkündür. Kərimlinin təmasda olduğu bütün insanlara baxışlarını müəyyənləşdirən başlıca hərəkətverici qüvvənin də onun mənəvi dünyasında buna görə axtarırıq.

 

Onun sənəti buna görədir ki, yazıçıdan daha çox heykəltəraşın, rəssam və ya bəstəkarın sənətinə bənzəyir. O, daha çox rəngə, daha dərin perspektivə, işıq və kölgələrin daha müxtəlif növbələşməsinə, insanın mənəvi tərəfinin təsvirində daha dolğunluğa malikdir. Hidayətin personajları qarşımızda o qədər canlı və konkret dayanır ki, küçədə rastlaşanda adam onları tanıyır; onun personajları elə təəssürat yaradır ki, sanki qarşınızda onların daxili varlığının bütün sirlərini açan səmimi etirafları və şəxsi yazışmaları var.

 

Bu xüsuslar “ömürdən uzun gecə”də, Kərimlinin şəxsində daha qabarıqdır.

 

Bu andan sonra atasını genetik bağlı olduğu bir şəxs kimi deyil, elə-belə, taleyinə məsul olduğu şəhərin adi sakini kimi xatırlamağa çalışan Təvəkkül onunla söhbətlərini, təmaslarını gözünün önünə gətirir. Burada, yaşadığı şəhərdə belə, “Zəngəzurda, Gorus dərəsinə enən yolda, qayaların böyründə” palıd əkmiş və onun kölgəsində dincələn insanların tapdığı rahatlıqdan zövq alan Kişinin lap ata kimi, hansısa təmənnasını xatırlaya bilmir. Heç hansısa umu-küsüsü də yadına düşmür onun. Təvəkkül onu da xatırlayır, atasının aradabir, park gəzintisi zamanı, elə-belə, Kərimlinin rəhbərlik etdiyi “çox böyük təşkilatın” böyründən keçərkən ayaq saxlayaraq artıq çoxdan dostlaşdığı adamlarla söhbətləri yadına düşür. Bunları atası, deyəsən, axırıncı görüşlərinin birində özünü saxlaya bilməmiş, oğluna demişdi. Onu da demişdi ki, söhbəti başlayır, onlarla gəldən-getdən danışır, sözləri oğlunun üstünə gətirir, amma bircə dəfə də Kərimlinin atası olduğunu söyləmir. Sadəcə olaraq, bilmək istəyib ki, oğlu necə rəhbərdir. Təvəkkül atasının onlara verdiyi, oğluna isə lap bu yaxınlarda danışdığı söhbətlərdən onun həmsöhbətlərinə verdiyi sualların da bəzilərini yadına salır: “Necə insandır?  Xasiyyəti... Camaat adamıdır, yoxsa..?”. Onu əkdiyi ağaclar kimi, yetirdiyi övladlardan ən çox güvəndiyi oğlunun “nə qədər xalq adamı olması” maraqlandırırmış. Bunlar gəlir Təvəkkül Kərimlinin gözünün qabağına və bir də “son altı ayda hər yerdə olan”, Hindistan, İndoneziya, İtaliya, Avstraliya, daha hansı ölkələrə gedən oğulun bu müddətdə bircə atasına baş çəkməməyini də indi xatırlayır. Bir də atasının nə zamansa, onun “rəhbərlik etdiyi o böyük təşkilatın” yanından keçərkən orada həmsöhbət olduğu insanlardan birini, Kərimlinin rəhbərlik etdiyi təşkilatda süpürgəçi işləyən, zirzəmidə yaşayan, son ümid yeri kimi ona üz tutub yanına  gələn qadını xatırlayır. Yada salan kimi də Kərimli atasının xahiş etmədiyi, guya ki, elə-belə dediyi, amma “bu elə-belə”nin içində “Ay oğul, sənə söz gəlmirsə, o arvada kömək edəydin, yazıqdır”- demək istədiyini xatırlayır.

 

Xatırlanmalı çox şeylər vardı...

 

Biri Səlbi, doğma bacısı. Bu o bacıdır ki, anasının ölümündən sonra ancaq atasını tək qoymamaq üçün istəyənləri başına dolansa da ərə getmədi. Elə onun, Təvəkkülün özü Moskvaya, akademiyaya ikinci xüsusi təhsil almaq üçün yollananda institutda işləyən Səlbi qardaşının korluq çəkməməsi, “dost-düşmən yanında şax dayanması üçün” evdə makinaçılıq etmirdimi? Lap günü bu gün, Təvəkkül Kərimlinin əlinin bircə işarəsi ilə kralların sevdiyi paltar brendlərini gətirmək üçün az qala növbə tutan adamların olmasına baxmayaraq, qardaşına görə,  “ona yaraşan” müxtəlif pal-paltarlar, ayaqqabılar, ətirlər, daha nələr və nələr alan, aldığı nəfəsi belə, qardaşı üçün verməyə hazır olan bacısının taleyi ilə maraqlanıbmı...?

 

Bütün deyilənlərdən Hidayət nəsrinin özünəməxsus orijinal xüsusiyyəti belə təqdim olunur: xarici aləmdə və personajların təcrübələrində dəyişkən, ani əlamətlərin bərpası, canlı həyatın dolğunluğunu və axıcılığını sadə dillərlə çatdırmağa imkan verən texnikalar.

 

Hidayət incə seçilmiş xarakterik detallarla bu və ya digər obyektin necə dəyişdiyini, süjet situasiyasının necə inkişaf etdiyini, bütöv bir insanın ani çevrilməsinin necə baş verdiyini göstərir. Buna görədir ki, onun ”Ömürdən uzun gecə”sində oxucunu dramatizmə çəkən və apardığı yolda zərrə qədər darıxmağa macal verməyən və Təvəkkül Kərimli üçün artıq adiləşən gündəlik həyat qrafiki bir insanın daxili aləmini açmaq üçün kifayət edir.

 

Hidayət üçün əsas və bəlkə də yeganə məqsəd insanın daxili həyatının dəqiq təsviridir. Bir rəssam kimi o, təkcə ətraf mühitin həlledici təsiri altında deyil, həm də personajların kifayət qədər sabit olan müstəqil daxili inkişafı, onların mənəvi axtarışları, düşüncələri nəticəsində xarakter hərəkətinin təfərrüatlarına marağı ilə seçilir. Buna görədir ki, onun insan şəxsiyyətinə çoxqatlı (sosial cəhətdən biristiqamətli deyil) inkişaf kimi baxması bizə yazıçı psixologizminin unikallığını başa düşmək və izah etmək üçün açar verir. Bu, istənilən cəmiyyətdə ən çox yayılmış iki təbəqə - mürəkkəb insan tərbiyəsi və təbii sosial-tarixin kilidlənmiş qıfılı üçün təqdim olunan açardır.  Onu təbiətin irrasional dərin qüvvələrinə, onların insanın taleyinə izaholunmaz sirli təsirinə, insan psixikasını bütün təfərrüatlar və incə hərəkətlərdə tədqiq edə bilməyə kömək edəcək yolu göstərən lövhə də adlandırmaq olar. Hidayət üçün sirli, tamamilə naməlum olanı dəqiq bir sözlə göstərmək olmaz. Ona görə də yazıçı çox vaxt psixoloji prosesləri deyil, onların mənşəyini, inkişafını və həmin inkişafın əlamətlərini göstərməklə kifayətlənir.

 

Hidayət  psixologizminin başqa bir səciyyəvi xüsusiyyəti bütün yaradıcılıq yolu üçün səciyyəvi olan cəhət Azərbaycan xalqında nəcib keyfiyyətlərin inkişaf etdirilməsi üçün davamlı axtarışda olmasıdır. O, nəinki insanlarda onları məişət nəsrindən yuxarı qaldıran, insani ümumbəşəri ideallara yaxınlaşdıran bir şey axtarır, üstəlik, öz müasirlərini və sonra gələcək nəsilləri də bu axtarışlar üçün səfərbər edir.

 

Təvəkkül Kərimlinin diqqəti ancaq ona tapşırılan vəzifənin öhdəsindən gəlməyə yönəlib. Bunu atası da bilib; bilib, amma üstünü vurmayıb, “oğlum ürəyinə salar”- deyə, bacısının yükünü ona qıymayıb, özü çəkməyə çalışıb. İndi ağlına gəlir ki, arvadı niyə axşamlar onu deyinə-deyinə qarşılayır, səhərlər də elə deyinə-deyinə işə yola salır.

 

Kim qaldı ki... Dostlar...? Onlarla da sonuncu dəfə nə vaxt yığışdığı yadında deyil. Dost demiş, Təvəkkül Kərimlinin həmin gecə, in-cinin belə, küçədə olmadığı bir vaxtda, “birinci sinifdən onuncuyadək” onun sinif yoldaşı olmuş Zıpo Salmana rast gəlməsi də qətiyyən göydəndüşmə olmur. Hidayətin yaratdığı süjet xəttinin kompozisiyası o qədər ustalıqla qurulur, onun təhkiyə dili hadisələri o dərəcədə koloritli təqdim edir ki, oxucu onun yaratdığı konfiqurasiyasının tərkib hissəsinə çevrilir. Hidayətin yazı üslubunun, təhkiyəsinin sehri ilə personajların birindən o birisinə necə keçdiyinin belə, fərqində olmursan. İndi budur, aldığı “Zaporojest” avtomobili ilə birlikdə özünə ləqəb də “götürmüş” Zıpo Salman bu gecənin yarısında maşınına əl edən bir nəfərin, Təvəkkül Kərimlinin yanında dayanır. Zıpo Salman, əlbəttə, sinif yoldaşını, ölkədə tanınan, özünün də yaşadığı şəhərin rəhbərini gecənin bu vaxtında, yolun kənarında maşın axtararkən görməyinə heyrətlənsə də məmnunluğunu gizlədə bilmir, onun hara getdiyini biləndə isə yorğunluğuna baxmayaraq “getdik”- deyir. Hidayətin bir şəhərdə yaşamalarına, sinif yoldaşı, dost olmalarına baxmayaraq, tamam ayrı-ayrı adamları, Təvəkkül Kəngərli ilə Zıpo Salmanı görüşdürməsi səhnəsi povestin razvyazkası sayıla bilər. Bu, baxışlarından doğan müxtəlif həyat tərzini seçmiş insanlardır. Baxmayaraq ki, hər ikisinin boy atdığı mikromühit, sosial mənsubiyyət eynidir. Kankan kimi çalışan Salman səmimiyyətlə aralarında bir-neçə il əvvəl olmuş söhbəti xatırladaraq o söhbətdən sonra gördüyü işdən danışır: “Axırı, şəhərdə bir kəhriz vurdum da. Bütün Sarıtəpə yamyaşıl olub. Göz yaşı kimi təmiz sudur, həm içməli, həm də... əməlli-başlı arxdır. Sağ ol, deyəsən, Vəliyevin dərsini yaxşı vermişdin!”.

 

Təvəkkülün yadına düşür ki, Salman sonuncu dəfə onun yanına elə şəhərdə, hara məsləhətdirsə orada  kəhriz vurmaq istədiyini, bunun üçün onun şəhər sovetində Vəliyev familiyalı bir şöbə müdirinə tapşırıq verməsini xahiş etmək üçün gəlmişdi. Onu da xatırlayır ki, Salmanın gözündə “Təpəgöz” kimi yenilməz görünən, lakin Təvəkkül Kərimlinin bircə işarəsi ilə bütün karyerası həll oluna biləcək həmin Vəliyevə dostunun xahişi barədə tapşırıq verməmişdi.

 

“Mən Vəliyevə o barədə heç nə deməmişəm” - deməsi də dostunu inamından çəkindirmir, “İnanmıram vallah...Yəqin sənin yanına gəldiyimi bilib. İndi təzə kəhrizlər vurmaq üçün ərizə yazmışam” - söyləyir. Əlbəttə, o ona görə Salmanın növbəti şad xəbərini cavabsız qoymur ki, uşaqlıq dostunu bir daha şöbə müdiri Vəliyevlə mübarizədə onu taleyin və Vəliyevin öhdəsinə buraxacaq. Təvəkkül uzun illərdən sonra ilk dəfədir ki, özünü təftiş edir və buna görə də dostunun son sözlərini eşitmədiyindən ona nəsə demir. Salman isə sanki həyatında baş verən bircə yeniliyi belə yadından çıxarmaq istəmir və fasilə vermədən onların hamısı barədə dostuna məlumat verir: “Anam xəstədir, Təvəkkül,- Salmanın səsi titrəyirdi,- xəstəxanadan gəlirəm, indicə yuxuya getdi, dedim, gedim uşaqlara baş çəkim. Gündüzlər Firəngiz qalır yanında,- Firəngiz Salmanın arvadıdır,-  gecələr mən”.

 

“Rəhmətlik elə indicə keçindi,-  Taksi Volod astaca dilləndi.- Təvəkkülü gözlədi, gözlədi, gəlib çıxmadı. Deyəsən, bir sözü yadından çıxmışdı.

 - Səlbiyə dedi, - Qafar kişi pıçıldadı,- bir arvad haqqındaydı, tapşırırdı ki, onun ev işini düzəldəsən. Amma arvadın adı yadından çıxmışdı. Nə biləsən, bəlkə də sayıqlama idi”.

 

Amma Təvəkkül Kərimli yaxşı bilirdi ki, bu, sayıqlama deyil.

O, bilirdi söhbət kimdən gedir.

O bunları bilirdi.

O, illərdən bəri onunla nəfəs alan, təkcə var-dövlətini, nələri varsa hamısını, hətta canını belə, ona qurban verməyə hazır olan bir kişinin öz ölümü ilə Ata olaraq sonuncu missiyasını necə yerinə yetirdiyinə də şahid oldu.

Buna görə də mərhumu səssizcə ağlayanların içində Təvəkküldən başqa heç kimin səsi o cür ucadan çıxmır.

Həmin səhnə povestdə bu cür təsvir olunur: “Hamı gözünü quruladı ki, Təvəkkül də ağlamasın, amma yenə hönkürürdü Təvəkkül.

- Qardaş, qurbanın olum, bəsdir daha,- Səlbi özünü təmkinli aparmağa çalışırdı, -təki sən sağ ol, ağlama daha. Nə gələrdi əlimizdən, qocalmışdı atam, nə edə bilərdik?

Susmurdu Təvəkkül”.

 

O məclisdəkilər, hamı, hətta Səlbi də elə başa düşür ki, Təvəkkül Kərimli atasının ölümünə ağlayır, lakin onun özü niyə ağladığını yaxşı bilirdi.

 

Bu onun “o boyda şəhərin yiyəsi olan adamın” təmizlənmə anı idi, atasının ruhu qarşısında tövbə məqamı idi.

Bu, yeni bir insanın doğuşu idi.

İnsanların hər biri dünyaya gələrkən ağlamırlarmı?

Amma o doğuşu orada olan heç kim, heç Səlbi də bilmirdi.

Bilən tək o idi, Təvəkkül Kərimli.

 

Bu, Hidayətin süjet kompozisiyasıdır və onun düzümü ilə təqdim olunan poetik fiqurların bolluğunu mütəxəssislər daha geniş prizmadan görə bilirlər. Onun poetik fiqurları konkret funksiyaları yerinə yetirir və bu proses o qədər həssaslıqla baş verir ki, Çernışevskinin təbirincə desək, bunu ancaq “diqqətli oxucu” sezə bilir.

 

Həcminə görə qısa, çox qısa olan bu povest həm də onunla seçilir ki, o, Azərbaycan ədəbiyyatında insanın mövcud mənəvi normalar çərçivəsindən çıxmaq istəyini bərqərar etmək iddiasını gizlətmir. Bir də onun nümunəsidir ki, əsl sənətkar istənilən ictimai-siyasi formasiyada, istənilən ideologiyanın hakim olduğu cəmiyyətdə belə, başlıca vəzifəsini, müasirləri olan gəncliyə və ümumiyyətlə, bütün zamanların gəncliyinə necə yaşamaq lazım olduğunu təlqin edə bilər və etməlidir. Bu, bunun üçün özünü hansısa “dissident obrazına” salmağın da lazım olmadığını göstərən nümunədir.

 

Ümumiyyətlə, Hidayətin “Ömürdən uzun gecə” povestində nümunə göstəriləcək xeyli məziyyətlər sadalamaq mümkündür. Məsələn, tərəddüdsüz demək olar ki, o, ancaq bu povesti ilə ədəbiyyatda qalmaq haqqı qazana biləcək yazıçılardandır.

 

Bir əsərlə dünya ədəbiyyatına adlarını əbədi yazdıran yazıçılar kifayət qədərdir. Marqret Mitçellin “Küləklə sovrulanlar”, Harper Linin “Bülbülü öldürmək”, Nikolay Qavriloviç Çernışevskinin “Nə etməli?”si və digər yazıçıların taleyində belə faktlar olub.

 

Bunları həm də o əminliklə xatırladırıq ki, həmin əsərlər indiyəcən olduğu kimi, indən belə də yüz illərlə insanların ehtiyac duyaraq müraciət edəcəyi, oxuyacağı kitabların sırasında olacağına şübhə yoxdur.

 

Hidayətin ədəbi taleyindən danışarkən qeyd etməmək olmaz ki, onu ədəbiyyatın əbədi imzalarından biri edəcək əsərləri təkcə azərbaycandilli oxucuların deyil, rus, qırğız, gürcü və digər dillərdə oxuyanların da yaddaşına həkk olunub.

 

Mahirə HÜSEYNOVA,

filologiya elmləri doktoru, professor