Sadə yaratmışdır onu təbiət,

Sadəni sevərlər belədir adət.

(Səməd Vurğun)

 

Dostluq və dostlar haqqında çox deyilib, çox yazılıb. Hələ nə qədər də deyiləcək və yazılacaq. Amma nə qədər yazılsa da, bu ülvi duyğunun sədaqəti və sınağı üçün kifayət etməyəcək, çünki insanlar  müxtəlif  xarakterli olduğu kimi onların hiss və duyğuları da sonsuz və tükənməzdir. Dostlar üçün düşüncənin eyni olması vacib amillərdən biridir, çünki əsl dostlar müxtəlif cisimlərdə bir ruhdur.

 

Klassiklərimizdən olan Nizami Gəncəviyə görə, dost rahatlıq verən bir məlhəmdir. Əsl dostluq mənəvi fədakarlıqdır. Onun üçün məsafənin, nə də yaşın  heç bir önəmi yox, çünki dostluğun  qolları bir-birini dünyanın bir ucundan  o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur.

 

Deyirlər, dost dar gündə tanınar. Təkcə dar gündəmi? Məncə, əsl dost elə xoş gündə də tanınar. Sənin sevincini öz  sevinci bilib xoş gününə sevinsin, xoşbəxt anlarının, günlərinin sirdaşı olsun... Çoxmu belələri?! Bu sualı kiməsə versən, ani olaraq gözləri yol çəkər, düşünər, dost  hesab etdiyi şəxs haqda səhv edib-etmədiyini yəqinləşdirmək istər. Ona görə ki, dostluq bir günlük, beş günlük vaxta sığmır, onun məhək  daşı elə zamanın özüdür. İllər keçdikcə onun dəyəri daha da artar. Əgər həqiqi dostun varsa, demək varlısan, xəzinə sahibisən və  o xəzinə də sənindir... Dünyanın  bütün  ləl-cəvahirat xəzinəsi əsl dosta bərabər tutula bilməz.

 

...Mən Afət Bakıxanovanı tanıyanda ali məktəb tələbəsi idim. Universitetdən Bakı şəhəri 190 nömrəli tam orta məktəbə pedaqoji təcrübəyə göndərilmişdik. Afət müəllim X sinifdə dərs deyirdi. İlkin müşahidələrim zamanı şagirdlərinin onu çox sevdiyini sezdim. Ona bir qədər qibtə hissi ilə baxaraq: - “Kaş mənim şagirdlərim də məni beləcə sevəydi”, - deyə düşündüm.

 

Çox keçmədi ki, iki aylıq təcrübə müddətində Afət müəllim ilə aramızda  səmimi bir münasibət yarandı. O, müəllimlik peşəsinin sirlərini təcrübəçilərinə, o cümlədən mənə də sevə-sevə öyrədirdi... Bu müddət ərzində  bizləri özünə o qədər öyrətmişdi ki, təcrübənin son  günü heç kim 190 nömrəli tam orta məktəbdən, xüsusən Azərbaycan dili  və ədəbiyyat müəllimləri - Afət müəllim, Ramizə müəllim, Qənirə müəllim, tədris işləri üzrə direktor müavini Sveta müəllimdən ayrılmaq istəmirdi. Lakin qəlbimizdə 190 nömrəli tam orta məktəbə xoş bir xatirə ilə  yenidən doğma universitetə qayıtdıq.

 

Ali məktəbi fərqlənmə diplomu ilə başa vurub, mənə çox doğma olan 190 nömrəli tam orta məktəbə üz tutdum. Arzum bu məktəbdə işləmək idi. Direktor Sona Tağıyevaya müraciət etdim. Məlum oldu ki, Azərbaycan dili və ədəbiyyat fənnindən vakansiya var  və müsabiqədə iştirak etməliyəm. Mən  bu müsabiqədə uğur qazanaraq 190 nömrəli tam orta məktəbdə  Azərbaycan dili  və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başladım.

 

Artıq qarşımda yeni bir səhifə açılmışdı: orta məktəb, ali məktəb illərim günbəgün məndən uzaqlaşırdı. Düşünürdüm ki, təhsil illərində öyrəndiklərimi fəaliyyətimdə  tətbiq edib uğur qazanmaq ali məqsədim olmalıdır, bir halda ki, Tanrı məni məhz 190 nömrəli tam orta məktəbə işə qəbul olunmaqla mükafatlandırıb. Və nə yaxşı ki, ətrafımda sağlam  düşüncəli insanlar,  müəllimlər, sonradan əsl dostluğu onun simasında tapdığım Afət xanım Bakıxanova  vardı...

 

Biz onunla uzun illər bir kabinetdə işlədik: qayğılarımız bir, məsləkimiz bir, arzularımız bir... Həyat onda gözəl olur ki, səni “sən kimi” qəbul edən, yanında mənəvi rahatlıq tapdığın  qəlb sirdaşın olsun.  Onda  dünyanın bütün dərdləri, çətinlikləri  də asan olur. Günün nə vaxt bitdiyini, dərslərin necə keçdiyini hiss etmirdik. Bircə onu bilirdik ki, şagirdlərimizə deməyə hələ çox sözümüz var. Özümüzə, onların uğurlu gələcəyinə inanırdım. Bu inamı məndə ailəmizdə atam, iş fəaliyyətimdə isə Afət Bakıxanova yaratmışdı.

 

Afət Bakıxanova 12 dekabr 1943-cü ildə (Şüvalandakı 156 nömrəli məktəbin direktoru, keçmiş Lenin ordenli  Allahverdi Bakıxanovun ailəsində) anadan olub. O, Azərbaycanın ilk maarifçi ədəbi simalarından olan Abbasqulu ağa Bakıxanovun varisi, Bakı xanlarının nəslindəndir. A.Bakıxanova özünün genetik kodu olan əsilzadəliyi ilə yaşadı, ətrafındakıların dərdinə şərik oldu, köməksizin əlindən tutdu, böyük bir ailəni himayəsinə aldı (bu işdə həyat yoldaşı Xanlar Manıyevin  də köməyini  qeyd etmək yerinə düşər). Azərbaycanın ilk Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli tam orta məktəbin ilk direktoru Sona xanım Tağıyevadan  sonra ikinci direktoru oldu. Direktorluq fəaliyyətində  Afət xanımın Əməkdar müəllim adına layiq görülməsi onun maarifçi nəslinin davamçısı, vətənpərvərliyi, ləyaqəti, xeyirxahlığı isə Azərbaycan xanlığının soyundan olduğunun sübutudur.

 

O, bax beləcə yaşadı: təmiz vicdanla, namusla, şagirdlərinin qayğısı və sevgisi ilə... Qəlbində bütün uşaqlara mərhəmət və məhəbbətdən  bir taxt quraraq yaşadı, onları övladları - Şəfəq, Qüdsi və Azərdən ayırmadan yaşadı, heç kəsdən iltifat və hörmət qarşılığı gözləmədən, ummadan  yaşadı... Onunla söhbətdən heç kəs doymurdu. Allah ona elə bir istedad bəxş etmişdi ki, o tükənmirdi, duyğularının gözəlliyinin sözlə ifadəsi bitmirdi. Birgə işlədiyimiz  illər ərzində neçə-neçə uğurlar qazandı, saysız-hesabsız tədbirlər  keçirdi, dərslik müəllifi oldu.  Axı bir məktəbə 59 il rəhbərlik etmiş Sona Tağıyevadan  sonra  rəhbərlik etmək  adi məsələ deyildi. Bu, hər kəsdən daha çox məsuliyyət tələb edirdi...

 

Bütün bu uğurlara isə səbəb onun yalnız sənətini sevməsi olub. Uzun illər təhsil sahəsində çalışan bir müəllim kimi dönüb geriyə baxanda o yolda  Afət Bakıxanovanın  yalnız zəhməti, əziyyəti, bir də peşəsinə olan sevgisini görürəm. Uca Tanrıya qəlbində yerləşdirdiyi bu sevgi üçün yalnız təşəkkür edirəm, çünki bu sevginin istisindən minlərlə şagirdləri bəhrələndi.

 

İnsanın hansı sahədə  çalışmasından asılı olmayaraq  görülən hər  bir iş onun qəlbinin istəyi və hökmü ilə yerinə yetiriləndə nəticəsi də gözəl olur. Bu nəticə isə şagirdlərə, məktəbə, insanlara xidmətdən ibarət idi.

 

İyulun 14-də səhər təxminən saat  9.48-də qızı Şəfəq xanımdan ismarıc gəldi: bir damla göz yaşı... Bərk həyəcanlandım... bir qədər  nə edəcəyimi bilmədim... İnsanın  öz doğmasını itrirməsi çox çətin olur, bir halda ki, onun yoxluğu həyatımda tam bir bir boşluq yaradacaqdı. Mən bu bəd xəbərə özümü alışdırmaq istəmirdim. İçimdə bir ağrı onunla son görüşə yollandım...

 

İndi bu gen, yalan dünyada, hər kəsə naxələf çıxan dünyada qəlbimdə Afət müəllimə sonsuz ehtiram, sayğı və sevgi ilə onsuz - onunla birgə yaşayıram. Bütün xatirələrimin əvvəli də, sonu da Afət xanımla başlayır, amma  bitmir. Mən onunla “yox olan” kimi deyil, məhz VAR OLAN dost, rəfiqə  kimi yenə də söhbətləşirəm, dərdləşirəm. Dediyim hər kəlmə sözə olan reaksiyasını, xoş  baxışını da görürəm, çünki  o, həmişə yanımdadı, qəlbimdədi... İnsan onda əbədi yoxluqda qeyb olur ki, onu xatırlayacaq bir kimsəsi olmasın. Afət Bakıxanova isə hər bir şagirdinin, ailəsinin, nəvə-nəticələrinin qəlbində əbədi yaşayacaq, çünki onun haqqında danışılacaq söhbətlər, xoş xatirələr  bitməyəcək, doğmaları üçün bir nura, işığa çevriləcək, dönə-dönə yad ediləcək, hər dəfə də qəlblərdən bir ağrı keçəcək, dillərdə isə “bizim Afət müəllimimiz” pıçıltıları gələcək nəsillərə ötürüləcək və onu sevərək yaşayanları bir ömür boyu daima xeyirxahlığa, vətənpərvərliyə, əsilzadəliyə səsləyəcək...

 

Həyat var ki, ölüm qədər zəhərli,

Ölüm var ki, həyatdan da dəyərli. 

(Hüseyn Cavid)

 

Qənirə ƏMİRCANOVA