XIX əsrin sonu, XX əsrin əvvəlləri


ŞUŞA təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Heydər ƏLİYEV,

ümummilli lider

 

Yeni və şərəfli tarixin başlanğıcını qoyan 44 günlük Vətən müharibəsinin odlu-alovlu Qarabağ savaşındakı zəfər Qələbəsi əbədiyaşarlıq nümunəsi, bu yolda bütün nəsillərin fədakarlıq mücəssiməsi olaraq yaddaşlarda əbədi qalacaq, milli ruhumuzun vətənpərvərlik təhkiyəsini daha da inkişaf etdirəcək. Silaha sarılanların, Vətən yolunda çalışanların fədakarlığını tarixin yaddaşına yazmaq həm də nə qədər şərəfli və müqəddəs bir hissdir.

 

Vaxtilə böyük ədib, tarixi romanlar müəllifi, məhsuldar nasir M.S.Ordubadi keçmişimizin, bu günümüzün, sabahımızın qarşımıza qoyduğu məqsədi “Həyat böyük tarixi döyüş günlərində öz qələmlərini süngülərlə yanaşı qoya bilən sənətkarları yaşadır” deməklə, məhz, hərb salnaməmizə töhfələr verən hər bir qələm həmkarımızın da bu yolda əzmkarlıq mücəssəməsi olduğunu təsdiqləmişdir.

 

Bu gün təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada söz sahibi olan Azərbaycan dövləti “Şuşa İli” münasibətilə “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunan doğma Şuşanın tarixi-mədəni zəfər yolunu da öyrənməyi, tədqiq etməyi, hərbi qüdrətimizlə yanaşı, şərəfli tarixi gələcəyə həm də Ordumuzun döyüş və Qələbə ruhunu artırmağa və təkmilləşdirməyə rəvac verən, görkəmli şəxsiyyətlərin didaktik baxışlarından da faydalanmağı qarşıya məqsəd qoyur. Bu qəbildən XIX əsrin sonu, XX əsrin əvvəllərində təşəkkül tapmış Azərbaycan maarifpərvərlərinin alovlu maarifçilik ideyalarında səsləndirilmiş mütərəqqi fikirlərində də vətənpərvərlik və hərbi-vətənpərvərlik coşqusu ilə xalqımızın məhəbbətini qazanmış, fədakar əməllərindən doğan əsl vətəndaş mövqeyinin gənc nəslə örnək olası mənəvi keyfiyyətlərindən hali olmağın gerçəkləşməsi imkanlarının Şuşa maarifpərvərlərinin pedaqoji görüşlərindəki vəziyyətin də öyrənilməsi bu günümüz üçün çox vacib tələbdir.

 

İndi təhsil sistemində baş verən demokratik dəyişikliklər, humanist prinsiplər, aktual yanaşma tərzləri mövcud sosial-mədəni amillərdən nəşət taparaq, cəmiyyətin inkişaf dinamikasını, mədəni-mənəvi keyfiyyətlərini təzələyir, həyat üçün avanqard olan nəsil formalaşdırmaqla xalqımıza və dövlətimizə mənəvi dəstək olur.

 

Bütövlükdə isə təhsil prosesi zəngin tarixi təcrübədən, milli-mənəvi qaynaqlardan, milli və ümumbəşəri dəyərlər əsasında yeniləşən novator ideyalardan, milli intişara kömək edən klassik maarifləndirici bazadan da təhsil və zaman problematikası baxımından yan ötə bilməz.

 

Məhz, bu baxımdan XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Şuşada yaşayıb yaratmış, Azərbaycan maarifpərvərlərinin böyük bir qismi mənsub olduğu torpağın, xalqın, millətin azadlığı, mədəni-mənəvi, elmi-texniki yüksəlişi uğrunda mübarizə aparmağı, onun iqtisadiyyatını, təhsil səviyyəsini yüksəltməyi, vətəndaşlıq vəzifəsi hesab etmişlər.

 

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Şuşa maarifpərvərlərinin ictimai-pedaqoji fikrində təzahür edən ən yüksək əxlaqi-mənəvi keyfiyyətlərin, o cümlədən, milli vətənpərvərliyin, milli mənlik şüurunun, etik-mənəvi prinsiplərin gənc nəsildə qorunub saxlanması üçün də qiymətli tövsiyələr irəli sürmüşlər.

 

Təsadüfi deyildir ki, bu tarixi dövrdə xüsusən, “Qadın təhsilinə olan tələbat” Azərbaycanın digər şəhərində, xüsusilə də Şuşada daha çox idi. Şuşalılar qızların ana dilində təhsili ilə bərabər rus dilində də təhsil almasına cəhd edirdilər.

 

1875-ci il oktyabrın 26-da Şuşada xeyriyyə cəmiyyəti tərəfindən qız məktəbinin əsası qoyuldu. Tədris planına rus dili və hesab, ana dilində oxu və yazı, hüsnxətt, rəsm, rəsmxətt, ümumi coğrafiya, tarix, Şuşa qəzasının, Qafqazın, Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Bunlardan başqa, xorla mahnılar oxudular, təbiət və fizikadan ümumi məlumat verilirdi. Təhsil pullu idi. Kasıblardan olanlar təhsil haqqından azad idi. Əlavə təhsil haqqı verənlərə həmçinin, fransız və alman dilləri, musiqi öyrədilirdi. Rus dili K.D.Uşinskinin “Vətən dili” dərsliyi üzrə tədris edilirdi. Şuşa qız məktəbi 1894-cü ildə Marinski qız məktəbinə çevrildi. 1895-1896-cı dərs ilində burada 147 nəfər təhsil alırdı.

 

Şuşa maarifpərvərlərinin tarixi-pedaqoji irsində qorunub-saxlanılan məktəb və müəllim təcrübəsinə, böyüyən nəslin formalaşma imkanlarının artırılmasına xidmət edən pedaqoji görüşləri birmənalı olaraq maarifçilik ideyaları ilə çulğalaşırdı.

 

XIX əsrin axırları XX əsrin əvvəllərində Şuşa maarifpərvərlərinin böyük bir qismi, o cümlədən, M.M.Nəvvab, N.Vəzirov, F.Köçərli, S.Vəlibəyov, Ə.Ağayeva, F.Ağazadə, Ü.Hacıbəyli kimi simaları Şuşa pedaqoji mühiti üçün fədakar ömür sərf etməklə yanaşı, yüksək ağıl və zəka sahibləri olaraq təhsilin, qabaqcıl pedaqoji fikrin, elm və fəzilət işığının insanda oyatdığı mənəvi keyfiyyətləri əsl vətəndaş və müəllim kimi də şərəf və ləyaqətlə böyüyən nəslin inkişafına həsr edirdilər.

 

Şuşa əfkarının tanınmış şəxsiyyəti olan M.M.Nəvvab həm də Şuşada şəxsi litoqrafiya (daş basma) mətbəəsi yaratmaqla maarifçilik ideyalarının geniş yayılmasına şərait yaratmışdır.

 

Milli dirçəliş yolunda əsl fəal, mübariz nəsil yetişdirməyin mühüm məsələ olduğunu çox gözəl başa düşən M.M.Nəvvab qeyd edirdi ki, elm və mərifət insan üçün ən nəcib əxlaqi məziyyətdir. Elm və mərifət əhli ən ağır təqiblərə, ağır ittihamlara məruz qalsa belə, yenə də vətəndaş mövqeyini, əsl insan qüdsiyyətinin dönməzliyini şərait təsirlərinə qurban verməmək, əksinə, mal və əmlakdansa elm və hünərdən yadigar qoymağın əbədiyaşar bir məram olduğunu xatırlayaraq yazırdı: “Cəmi millətlər qəribə olan elmlər və əcaba olan sənətlər ixtira etməklə tərəqqi tapıb ölkələrini məram-rüfətə yetiriblər. Amma bizim millətimiz o elmlər ki, onların əlindədir, bitamam tərk etməklə mədəniyyət aləmindən uzaqlaşıb və millətlərdən geri qalıblar”.

 

Maarif və mədəniyyətimizin, ümumilikdə ictimai-pedaqoji fikrimizin qarşısında həlli həyati zərurət olan ruhani məktəblərinin köhnə təlim üsuluna, fars və ərəb dillərində keçilən dərslərdəki cansıxıcı vəziyyətə, mexaniki əzbərləməyə, onsuz da çətin olan təhsil prosesini bir az da ağırlaşdıran sxolastik, mürtəce baxışlara qarşı da Şuşa maarifpərvərlərinin mücadilə tendensiyası birmənalı olaraq ictimai şüura mənəvi dəstək olurdu.

 

Azərbaycan maarifinin ilk qaranquşlarından olan, Qori müəllimlər seminariyasının cəfakeş müəllimlərindən sayılan tənqid və ədəbiyyatşünaslıq elminin peşəkar və görkəmli nümayəndəsi əslən Şuşalı Firudin bəy Köçərli ana dilinin saflığı və təmizliyi uğrunda mübarizə cəbhəsində ön addımda gedərək, onu düşündürən məsələ haqqında Abdulla Şaiqə yazırdı: “... Ana dilini yaxşı bilməkdən ötrü lazımdır Qasım bəy Zakir, Molla Pənah Vaqif, İsgəndər ağa Şair kimi milli şairlərimizin əsərləri oxunsun. Çifaidə bunlar da çap olunmayıbdır və bu əsərlərin çoxu itib-batıb, tərk olunubdur. Ələ düşəni mən toplayıb bir qayda üzrə tərtib qılmışam. Onları da çap etdirməyə təvanım yoxdur”.

 

Köçərli vətənsevər təəssübkeşliyi ilə həm də göstərirdi ki, yalnız yerli əhalinin rus dilini öyrənməsini deyil, həm də rusların yerli xalqının dilini öyrənməsini lazım bilirdi. O, həm də Azərbaycan xalqı üçün müqəddəs və əziz olan Qarabağ torpağının hər cür münasibətdən toxunulmazlığına kor gözlə baxmaq kimi mənfur baxışlara qarşı da açıq və aydın düşüncə ilə nəzər-diqqət yetirirdi. 

 

1861-ci ildə Şuşa şəhərində anadan olmuş S.Vəlibəyov təkcə məktəbdarlıq fəaliyyəti ilə kifayətlənməmiş, həm də maarifpərvər ideyalar müəllifi kimi pedaqoji fikir tariximizin aramsız fədailərindən olmuşdur. O, ictimai inkişafda, maariflənmədə olduğu kimi xalqın tərəqqisini vətənpərvər nəslə sahib olmaqda görürdü, xalqın xoşbəxtliyi, gələcək müstəqilliyi uğrunda kəskin mübarizə aparırdı. Səfərəli bəy Vəlibəyov ictimai və pedaqoji ideyalarını da təshih edən zəmindən fəaliyyət göstərmiş, 1883-cü ildə Şuşada tətbiqi məktəb açaraq uşaqlara savad təlimi təlqin edən tövsiyələr hazırlamışdı. “İbtidai məktəb şagirdlərinə məxsus və hüsnü əxlaqa dair Azərbaycan dilində oxu risaləsi” adlanan bu kitabça tezliklə bütün Cənubi Qafqaz məmləkətlərinə yayıldı. 1883-cü il, iyunun 3-də isə Müfti Hüseyn Əfəndi Qayıbov bu qiymətli topluya rəy bildirərək öz mühakimələrini belə əsaslandırırdı: “Bu kitabçanın əvvəlindən axırınadək diqqətlə oxuduqda ibtidai məktəblərin şagirdləri üçün uyğun və faydalı bir kitabça olduğu məlum olur”. S.Vəlibəyovun ana dilinin saflığı, savad təlimi, təhsilin məzmunu, xəlqilik, demokratizm, humanizm kimi ibtidai təhsillənmə üçün xas olan didaktik ideyaları da onun mükəmməl və zəngin yaradıcılığından xəbər verirdi.

 

İnsan şəxsiyyətinin formalaşmasında irsiyyətin, mühitin, tərbiyənin və şəxsi fəaliyyətin danılmazlığı qərarına gələn Nəcəf bəy Fətəli oğlu Vəzirovun pedaqoji görüşlərində insanın şəxsiyyəti, onun mənəvi aləminə dair bu gün də gənc nəslə örnək olası nümunələr çoxdur. 1854-cü ildə Şuşada dünyaya göz açmış bu tarixi şəxsiyyətin ideya və baxışlarının əsas məhvərində xalqa, Vətənə xidmətə bağlılıq ana xətt olaraq yaradıcı ömrünə çıraq tutmuş, onun elmi, ədəbi və pedaqoji fikirlərinə dəstək vermişdir.

 

İnsan müdrikliyini ağıl və zəka ünsiyyətində axtaran xüsusən ailə pedaqogikası sahəsində özünün ədəbi-pedaqoji baxışlar sistemini ümumiləşdirən əsərlərində dərin vətənpərvərlik ehtişamı ilə qələmə alaraq yazırdı: “Gözəl Azərbaycan, uca dağlarına canım qurban, laləli, çiçəkli çəmənlərinə malım qurban, soyuq bulaqlarına, meyvəli bağlarına balalarım qurban, Vətən geniş və vüsətli bir diyardır, onun hər bir guşəsi övladı üçün əzizdir”.

 

Nəhayət, Şuşa maarifpərvərlərinin ən ümdə məqsədi vətənpərvər nəsil formalaşdırmaq üçün “məktəblərimizin müntəzəmliyinə, millətimizin məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə və milli ədəbiyyatdan xəbərdar olmasına, millətin tərəqqisinə, tərbiyə və təlim üsulunun camaat arasında intişar olmasına mətbuat yayımı vasitəsilə nail olmaq və bu işi yüksək amallarla irəli aparmaq idi”.

 

Dövrünün tanınmış simalarından olan Şuşa torpağında püxtələşən Əhmədbəy Ağayevin (Əhməd Ağaoğlunun) (1869-1939), Fərhad Ağazadənin (Şərqli) (1880-1931), Üzeyir bəy Hacıbəyovun (Hacıbəylinin) (1885-1948) və digərlərinin ideya-nəzəri irsində baş qaldıran milli tərəqqi ideyalarının məhvərində dayanan milli mənlik şüuru, milli iftixar, milli ləyaqət, milli təəssübkeşlik, milli vətənpərvərlik hissi yeni pedaqoji fikrin leytmotivinə çevrilən əsl insan və vətəndaş yetişdirməyin üsul və vasitələrini müəyyənləşdirən, nəzəri-təcrübi fəaliyyətə xidmət edən ideya-mənəvi irs olaraq bu gün də öz aktuallığını saxlamaqda davam edir.

 

Dövrünün tanınmış böyük Azərbaycan maarifpərvərlərinin pedaqoji görüşlərində təsbit olunan işıqlı notlar üzərində köklənmiş formalaşma tarixində Şuşa pedaqoji mühitinin də böyük təsiri olmuşdur. Öz tarixi dövründə və gələcək qərinələrdə bu işıqlı ideyaların qorunub saxlanılması ümumxalq və ümumdövlət səviyyəli bir işdir. Xüsusən, Şuşa maarifpərvərlərinin XIX əsrin sonu, XX əsrin əvvəllərində təşəkkül tapan milli-mənəvi, ümumbəşəri dəyərlər sistemindən istifadə etmək nəcib və təşəbbüskar fəaliyyət sayılmalıdır.

 

Qətiyyətlə demək olar ki, nəslin qalibiyyət hünərini, həyat eşqini və mübarizə əzmini zaman-zaman alovlandırıb, ağılın sönməz məşəlinə çevirmək hər kəs üçün şərəfli və müqəddəs missiyadır. Bu vəzifələrin icrasına rəvac verməyi isə həyatın özü bizdən tələb edir.

 

Xüsusən, 2022-ci ilin “Şuşa İli” elan olunması, Şuşa qalasının 270 illiyinin geniş qeyd olunması və Şuşanın “mədəniyyət paytaxtı” statusuna layiq görülməsi, nəhayət, “Şuşa, sən azadsan!” aforistik deyiminin sağlam mənəvi-psixoloji ovqat yaradan məzmun dəyərləri çox uğurlu mətləblərdən xəbər verir.

 

İnanırıq ki, xalqımızın, millətimizin qəlbində xoş ovqat yaradan, gələcək nəslin formalaşmasına çıraq tutan, son örnəklərdən olan neçə-neçə Şuşanamələr bundan sonra da Vətənimizə, Millətimizə böyük həyat amalı, xoş ümidlər bəxş edəcəkdir.

 

Şuşa - Vətən sevgisinin vətənpərvərlik manifestinə çevrilərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uca kürsülərdən qopan “Qarabağ - Azərbaycandır!” kəlməsi də bu tarixi “Şuşa salnaməsi”nin epiqrafı kimi hələ çox-çox tövsiyə xarakterli əməllərə çıraq tutacaq, qəlbimizi hər zaman təravətləndirəcəkdir.

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru