Bir çox bacarıqların-intellektual, fiziki və psixi inkişafının, sadə əmək vərdişlərinə yiyələnməsinin, istedad və qabiliyyətinin üzə çıxarılmasının, sağlamlığının qorunmasının, estetik tərbiyəsinin, təbiətə və insanlara həssas münasibətinin formalaşmasının təməli kiçik yaşlarda qoyulur.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilir: “Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.” Bu sahədə müasir bilik və bacarıqlara yiyələnmiş ixtisaslı kadrların yetişdirilməsi də çox vacib məqamdır. Əmək bazarının tələblərinə cavab verə biləcək kadrların hazırlanması sahəsində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin çox yaxşı təcrübəsi və nəticəsi vardır. Hər il kollecin “Məktəbəqədər təlim və tərbiyə” ixtisasını bitirən tələbələrin əmək fəaliyyətinə nəzər saldıqda müsbət irəliləyişin olduğu görünür. Tələbələrin hazırlığının müasir standartlara cavab verməsi üçün kollecin rəhbərliyi və müəllim heyəti daim axtarışdadır. Yenilənmiş tədris proqramları, xüsusi metodologiyaların işlənib təcrübədən keçirilməsi, müəllimlərin  təhsil və texnologiya sahəsində baş verən yeniliklərdən xəbərdar olması üçün təlimlərə cəlb olunması ümumi nəticənin hər il yaxşılaşmasına səbəb olur. Bu müsbət nəticələr  sırasında tələbələrin kollecdə aldığı nəzəri biliklərin təcrübədə aktiv şəkildə tətbiqi də var.

 

Orta-ixtisas təhsili müəssisəsində pedaqoji təcrübələrin keçirilməsi gələcək  tərbiyəçi- müəllimlərin peşəkar hazırlığında  vacib mərhələdir. Pedaqoji təcrübə peşəkar bacarıq və səriştələrin formalaşmasına imkan yaradır ki, bu da pedaqoji ustalığın əsasını təşkil edir. Tələbələrin elmi qabiliyyətləri və peşə keyfiyyətləri pedaqoji təcrübə zamanı formalaşır. Pedaqoji təcrübə tələbələrdə tərbiyəçi- müəllim peşəsinə maraq və məhəbbət yaradır, pedaqoji vəzifələrin yerinə yetirilməsinə, ixtisas biliklərinin möhkəmləndirilməsinə və dərinləşdirilməsinə kömək edir. Pedaqoji təcrübə gələcək tərbiyəçi-müəllimlərdə peşə bacarığı, peşə vərdişləri formalaşdırır və inkişaf etdirir. Təcrübə zamanı tələbələrdə yaradıcılıq və təşkilatçılıq qabiliyyəti yüksəlir,  məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işlərinin müasir tələblərlə uzlaşdırılması üçün geniş imkanlar yaranır.

 

Pedaqoji təcrübə öyrədici və tərbiyəedici xarakterə malikdir. Kollecimizdə pedaqoji təcrübə üç mərhələ olmaqla təşkil edilir. Hər bir mərhələnin öz funksiyası vardır. Bir mərhələni uğurla başa vurmuş tələbə növbəti mərhələdə iştirak etmək hüququ qazanır.

 

“Diplomqabağı” təcrübə pedaqoji təcrübənin son və tamamlayıcı mərhələsidir. Bu təcrübə  “Məktəbəqədər təlim və tərbiyə”  üzrə 4-cü kursun səkkizinci semestrinin 2-ci yarısında 8 həftə müddətində keçirilir. Diplomqabağı təcrübənin keçirilməsində əsas məqsəd aşağıdakılardan ibarətdir:

 

1. Gələcək tərbiyəçi- müəllimlərin təlim və tərbiyə fəaliyətinin müasir təlim texnologiyası bilikləri və müxtəlif tipli təlim proqramı əsasında təşkili;

2. Yaradıcı təfəkkürün peşəkar fəaliyyətin fərdi tərzinin formalaşması;

3. Təcrübə fəaliyyəti zamanı pedaqoji bilik və bacarıqların formalaşması zəminində özünütəhlil etmənin keçirilməsi;

4. Diplomqabağı təcrübə zamanı tələbələr sərbəst surətdə  qrup müəlliminin  bütün funksiyalarını yerinə yetirib,  bağçanın təlim tərbiyə işləri ilə tanış  olur,   müxtəlif işlərin və tədbirlərin hazırlanıb keçirilməsində yaxından iştirak edirlər.

 

2021-2022-ci tədris ilində “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının bir qrup tələbəsi ilə Bakı şəhəri Yasamal rayonu 60 nömrəli körpələr evi-uşaq bağçasında təcrübə keçdik. 75 uşaq tutumuna malik, 4 qruplu bağçanın maddi-texniki bazası, infrastrukturu, resurs təminatı, kadr hazırlığı qənaətbəxşdir. Bağça ilk gündən tələbələrə qucaq açdı. Bağçanın müdiri Məsmə Quliyeva, tərbiyəçi-müəllimlər və digər işçilər tələbələr üçün optimal öyrənmə mühiti təşkil etdilər.

 

Diplomqabağı təcrübə zamanı tələbələr 16 sınaq məşğələ  təqdim etdilər.  Hər bir məşğələ təhlil edildi və lazımi tövsiyələr verildi.  Təqdim olunan sınaq məşğələlər müasir təlim metodlarına, innovativ yanaşmalara uyğun olaraq tərtib edilmişdi. Əvvəlcədən məşğələnin mövzusu müzakirə edilmiş, icmalı hazırlanmış, metodik məsləhətlər verilmişdir.

 

Tələbələrdən İ.Nərgiz və M.Çimnazın kiçik qrupda “Ətraf aləmlə tanışlıq” məşğələsində “Meyvələrlə tanışlıq” mövzusuna həsr olunmuş sınaq məşğələ çox uğurlu alındı. Məşğələ əyani vəsaitlərlə zəngin idi. İstər uşaqlara fərdi yanaşmada, istər ümumi qrupla birgə fəaliyyət nümunəvi idi. Hər bir uşaq məşğələ prosesində fəaliyyətdə oldu, əyləndi və öyrəndi. N.Nüğbar və M.Aytacın orta qrupda  təqdim etdikləri “Tərəvəzlər” mövzusundakı sınaq məşğələ xüsusilə yaddaqalan oldu. Tələbələr uşaqların nəinki öyrənməsini təmin etdi, həm də onlarla pomidor və xiyar bitkilərinin toxumlarının əkilməsi prosesini birlikdə icra etdilər. Uşaqlar  bu prosesdə olduqca sevincli idilər. Toxumları əkdikdən sonra təcrübə müddətinin sonuna qədər həmin bitkilərə birlikdə qulluq etdilər və böyüməsinin müşahidə olunmasını göstərdilər. Toxumlar cücərdikcə uşaqların sevinci aşıb daşırdı.

 

Ümumən pedaqoji təcrübə müddəti tələbələr bir çox nəzəri məlumatları, metodları, üsul və formaları tətbiq etdilər. Nəzəriyyə təcrübədə özünü doğrultduqca tələbələrin özünə inamı və yenilikləri öyrənməyə həvəsi daha da artırdı.

 

Nəzəri biliklərimizi təcrübəyə nə qədər çox tətbiq etsək bir o qədər yaxşı inkişaf edərik. Tətbiq çoxaldıqca bacarıq formalaşır, bu da özü ilə səriştəli kadrın yetişməsini sürətləndirir.

 

Xatirə XƏLİLOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin dil-ədəbiyyat müəllimi, ARTİ-nin doktorantı