Dünya trendləri


Beynəlxalq  təcrübədə  magistr  hazırlığına  dair  xidmətləri  təhlil etdikdə görürük ki, ən çox yenilklər tədrisin məhz bu səviyyəsində müşahidə olunur. Bu yenilikləri həm tədrisin məzmunu və metodikasında, həm də təşkilində görə bilərik. Dünyada magistratura səviyyəsində kadr hazırlığı istiqamətində müxtəlif magistr dərəcəsini təqdim edən proqramlar, interdisiplinar magistr proqramlarının inkişafı və akademik mobilliyin artırılması kimi dayanıqlı trendlər var.  Bu gün dünyanın aparıcı ali təhsil müəssisələri müxtəlif istiqamətli magistr proqramları təklif edirlər. Magistr proqramlarının sayı  universitetlərin  akademik  mühitdə  statusunu əks etdirən ən əsas  amillərdən  biridir.  Master  of  Science  (təbii  elmlər  üzrə  magistr), Master of Arts (incəsənət üzrə magistr), Master of Laws (hüquq üzrə magistr), Master of Engineering (mühəndis elmləri üzrə magistr) və Master of Business Administration (biznesin idərəedilməsi üzrə magistr) proqramları müxtəlif dərəcələr təqdim edən ən geniş yayılmış magistr proqramlarıdır. Bunlardan əlavə Med (pedaqogika elmləri üzrə magistr), Mres (magistr-tədqiqatçı), Mphil (fəlsəfə üzrə magistr), MPA (dövlət idarəedilməsi üzrə magistr) və s. proqramlara da rast gəlmək mümkündür. Bəzi proqramlarda nəzəri və praktiki təlimlər üstünlük təşkil edir, bəzilərində isə əsasən kreditlər  tələbənin  müstəqil  olaraq  elmi  tədqiqatlar  aparmasına  ayrıla bilər.

 

Azərbaycan təcrübəsinə nəzər yetirdikdə görürük ki, mövcud təhsil qanunvericiliyinə əsasən, ölkəmizdə magistratura səviyyəsində 3 akademik dərəcə mövcuddur: beynəlxalq təcrübədə Master of Science proqramının ekvivalenti olan 120 kreditlik magistr dərəcəsi, 90 kreditlik Dizayn sahələri və Biznesin idarəedilməsi üzrə MBA magistr dərəcələri.

 

Cari tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistrantları arasında tədrisin təşkilinin keyfiyyətinə dair tələbə məmnunluğunun ölçülməsinə hesablanan anket-sorgu keçirdik. Sorğunun nəticələrini təhlil etdikdə bəzi suallara verilmiş cavablardan aydın olur ki, gələcəkdə elmi-tədqiqatla məşğul olmaq və ya doktoranturaya qəbul olmaq istəyən tələbələr azlıq təşkil edir. Tələbələr istehsalatda və biznes sahəsində karyera inkişafına daha çox üstünlük verirlər. Dünya təcrübəsində də müxtəlif magistr proqramlarının inkişafının əsas səbəblərindən biri də bu amildir (şəkil 1).

 

 

Beləlilklə, mövcud vəziyyəti, yəni bakalavr məzunlarının istehsalat və biznes sahəsində inkişaf etmək meyillərini və dünya təcrübəsini nəzərə alaraq  hesab edirik ki, növbəti tədris ili üçün MBA (biznes idarəedilməsi üzrə magistr) və 90 kreditlik Dizayn sahələri üzrə proqramlar qəbula əlavə edilməsi məqsədəuyğundur. Artıq növbəti tədris ilində Biznesin təşkili və idarə edilməsi ixtisasında menecment və marketinq, tikintinin, daşınmaz əmlakın, nəqliyyatın idarə edilməsi, tikinti sahəsində investisiyaların, logistika və təchizat zəncirinin, həmçinin ətraf mühitin idarə edilməsi üzrə MBA proqramlarına qəbul elan olunub. Bir məqamı da qeyd edək ki, menecment və marketinq ixtisasından başqa digər proqramlar ölkədə ilk dəfə AzMİU-da tədris olunacaq. Bu proqramların hədəfi universitetimizin baza ixtisas sahələrinin biznes idarəçiliyi üçün kadr hazırlığıdır.

 

Yalnız deyilən fikirlərdən “mütəxəssis gələcəkdə akademik və ya elmi-tədqiqat sahəsində fəaliyyət göstərməyəcəksə, magistrlik dissertasiyası yazmamalıdır” nəticəsi çıxarmaq da düzgün deyil. Hamıya məlumdur ki, magistrlik  dissertasiyanın yazılması məzunda mustəqilliyi və yaradıcılığı inkişaf etdirir, elmi-tədqiqat metodlarından istifadə etmək və təcrübə aparmaq qabiliyyətini artırır. Bu səriştələrə sahib olan mütəxəssis yalnız akademik sahədə deyil, istehsalat, biznes və sahibkarlıq sahəsində də inkişaf edə bilər. Bəzi şirkət rəhbərləri və sahibkarlar magistr məzunlarını işə götürdükləri zaman bu amilləri nəzərə alırlar.

 

İnterdissiplinar magistr hazırlığına gəldikdə, beynəlxalq aləmdə təhsil ekspertləri hesab edirlər ki, əmək bazarında konkret tapşırıqların yerinə yetrilməsinə təhkim olunmuş dar profilli mütəxəssislərdən başqa, bir məhsulu ideya mərhələsindən istehsal mərhələsinə qədər müstəqil apara biləcək və sistemli düşünmə qabiliyyətinə malik lider mühəndislərə, universal mütəxəssislərə ehtiyac var. Artıq dünya təcrübəsində qəbul edilir ki, magistratura bakalavr təhsilinin mütləq davamı kimi olmaya bilər. Həm beynəlxalq, həm də yerli əmək bazarında tələblər dəyişir və mütəxəssisdən yeni kompetensiyalar tələb olunur. 

 

Müasir dövrümüzdə, xüsusilə mühəndis fəaliyyətinə diqqət yetirsəniz görərsiniz ki, bu sahənin xüsusiyyəti gündən-günə mürəkkəbləşir. Yəni bu sahədə sosial, psixoloji, iqtisadi və ekoloji məsələlər getdikcə daha çox önə çəkilir. Bundan əlavə, İT texnologiyaların sənayenin bütün sahələrinə necə nüfüz etdiyi insanı heyrətə gətirir. Mütəxəssislərin rəylərinə əsasən sahələrarası texnologiyalar daha yüksək sıçrayışla irəliləyir.

 

Bundan irəli gələrək və qabaqcıl istehsal texnologiyalarının inkişafını nəzərə alaraq,  deyə bilərik ki, bu gün lazımi kompetensiyaları aşılayan interdisiplinar magistr proqramlarının yaradılması Azərbaycan ali təhsili üçün də aktualdır.

 

Hazırda beynəlxalq təcrübədə magistr tədrisinin iki modeli mövcuddur: ənənəvi  və innovativ. Ənənəvi modeldə bakalavrlar bitirdikləri ixtisasa uyğun olaraq magistr ixtisaslaşmasına qəbul olunur və təhsil alırlar. Magistr dissertasiyalarının mövzusu da müvafiq ixtisasın aktual problemlərini əks etdirir. İnnovativ modeldə isə məzunların bitirdikləri bakalavr ixtisaslarından fərqli ixtisasa qəbul olmaq imkanları var. Bu modellərdə ixtisasların qovuşmasına daha çox rast gəlinir.

 

AzMİU-da son dövrlərdə dissiplinlərarası magistr proqramlarının inkişafına xüsusi diqqət ayrılır. Bu proses universitetin rektorunun xüsusi nəzarəti altında həyata keçirilir. İnterdissiplinar proqramların formalaşmasına dair yaradılmış işçi qruplarının bütün müzakirələrində rektor iştirak edir. Universitetdə interdissiplinar mütəxəssis hazırlığının inkişaf etməsinin əsas səbəbi də bu amildir.

 

2019-2021-ci illərdə müasir istehsalatın tələblərinə cavab verən və bir neçə sahə üzrə zəruri biliklərə malik mütəxəssis hazırlığını təmin etmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində 3 interdisiplinar magistr proqramları yaradıldı.  Bunlar “Layihələrin idarə edilməsi”, “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” və “Şəhər infrastrukturunda smart texnologiyalar” magistr proqramlarıdır.

 

Layihələrin idarə edilməsi magistr proqramına 4 bakalavr ixtisasının məzunları qəbul edilir. Bu ixtisasın açılmasında əsas məqsəd mühəndis layihələri, proqram və portfellərin idarə edilməsi kompetensiyalarına malik mühəndislərin yetişdirilməsidir.

 

Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması proqramının əsas məqsədi və vəzifəsi Azərbaycanın bütün regionlarının, o cümlədən işğaldan azad edilmiş 20% ərazinin regional inkişafının iqtisadi, sosial, şəhərsalma və memarlıq planlaşdırılması və idarə edilməsi üçün mütəxəssis hazırlığını təmin etməkdir. Təklif edilən proqram mövcud proqramlardan fərqli olaraq çoxkomponentli inkişaf layihələrinin hazırlanması və idarə edilməsi üçün bir neçə sahə üzrə zəruri biliklərə malik mütəxəssis hazırlığına istiqamətlənib. Bunun üçün həmin mütəxəssislərə tələb olunan interdisiplinar biliklər verilməli və kompleks idarəetməni həyata keçirmək üçün zəruri səriştələr aşılanmalıdır.  Bu proqrama 7 bakalavr ixtisasının məzunları qəbul edilir.

 

Şəhər infrastrukturunda smart texnologiyalar proqramının açılmasında isə əsas məqsəd Azərbaycanın regionlarının inkişafının iqtisadi, sosial, şəhərsalma, nəqliyyat, enerji təchizatı və enerjinin smart texnologiyalar vasitəsilə distant və optimal idarə edilməsi sahələrində mütəxəssis hazırlığıdır. Bu proqrama 8 bakalavr ixtisasının məzunları qəbul edilir (şəkil 2).

 

 

 

Bir məqamı da qeyd edək ki, interdissiplinar magistr proqramları yalnız istehsalatın tələbi deyil. Bu proqramlara orta qəbul balını əks etdirən reytinq cədvəlinə nəzər salsaq görərik ki, bu proqramları seçən tələbələrin qəbulda orta göstəriciləri öz ixtisaslarını seçən yoldaşlarından daha çoxdur. Bundan belə nəticə çıxarmaq olar ki, tələbələr əmək bazarında seçim imkanlarını artırmaq məqsədilə yeni biliklər və səriştələr əldə etmək istəyirlər (şəkil 3).

 

 

Akademik mobilliyin inkişaf etdirilməsinin vacibliyini əsaslandırmağa isə düşünürəm ki, ehtiyac yoxdur. Müasir şəraitdə ali təhsil sistemi dünya əmək bazarının tələblərini nəzərə almadan, qlobal proses və tendensiyalardan kənarda qalaraq inkişaf edə bilməz. Məhz bu səbəbdən təhsilin beynəlmiləlləşməsi ölkənin məqsədyönlü siyasətinə çevrilir. Boloniya prosesinin siyasətinə dair təşkil olunmuş 3-cü forumda prioritet məsələlərdən biri kimi ali təhsildə dövlət məsuliyyəti ilə bərabər qlobal akademik mobillik də önə çəkilir.

 

Akademik mobillik təhsil müəssisələrinin və elmin beynəlxalq təhsil məkanına inteqrasiyasının ən mühüm hissəsidir.  Akademik mobilliyin elm və təhsil sahəsində təcrübə mübadiləsi, beynəlxalq əmək bazarında işləmək qabiliyyətinə malik mütəxəssislərin yetişdirilməsi kimi əsas məqsədlərindən biri də tədrisin keyfiyyətinin yüksəldilməsidir. Bundan əlavə, ali təhsil müəssisələrində akademik mobilliyin inkişafı eyni zamanda bakalavr məzunlarının müstəqil qaydada xarici universitetlərə axınetmə meyilərinin azalmasına və xaricdə təhsilalma arzularını ali təhsil müəssisələrinin vasitəsilə reallaşdırmasına da səbəb olacaq. Nəzərə alsaq ki, tələbələrin xarici universitetlərə meyil etməsi digər təhsil səviyyələri ilə müqayisədə magistraturada daha çoxdur, bu prosesi tənzimləmək üçün magistratura səviyyəsində akademik mobillik daha böyük əhəmiyyət kəsb edir.

 

Akademik mobilliyin inkişafını ləngidən əsas amillərdən biri də xaricdəki partner universitetlərin tədris planlarındakı fərqlər, fənlərin məzmunundan irəli gələn kreditlərin tanınması kimi çətinliklərdir. Bu vəziyyət tələbələrdə mübadilə proqramlarında iştirak etmək istəklərinin azalmasına səbəb olurdu. Deyilənləri nəzərə alaraq 2019-cu ildən AzMİU-nun magistratura səviyyəsində akademik mobilliyin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir:

 

  • * Beynəlxalq təcrübəyə uyğun yeni tədris standartlarının hazırlanması. 2019-cu ildə Avropa Kredit Transfer Sisteminin tələblərinə və Avropanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanan yeni standartlar hazırlanıb. Standartlar AzMİU-nun yalnız 7 baza ixtisasları üçün nəzərdə tutulub;
  • * Fənlər arasında vahid kredit sisteminin yaradılması. Mövcud tədris planlarında müxtəlif kreditli fənlər Erasmus, Mövlanə və ikili diplom proqramlarında iştirak edən tələbələrin kreditlərinin tanınmasında çətinliklər yaradırdı. Bu çətinlikləri aradan qaldırmaq məqsədilə fənlər üçün vahid kredit olaraq mühəndislik ixtisaslarında beynəlxalq təcrübədə ən çox yer almış 6 kredit vahidi müəyyənləşdirilib.
  • * Magistr dissertasiyalarının hazırlanmasına ayrılan kredit sayının artırılması. Beynəlxalq təcrübənin təhlili zamanı məlum olur ki, dünyanın aparıcı universitetlərində magistrlik dissertasiyasının hazırlanmasına ayrılan kredit ümumi kredit faizini bəzi hallarda 50% aşır. Bu səbəbdən akademik mobilliyin inkişafı və keyfiyyətli dissertasiyaların ərsəyə gəlməsi məqsədilə 2016-cı ildən etibarən bir çox ixtisaslarımızda magistr dissertasiyasına ayrılmış 18 kredit 30 və 36 kreditlə əvəz olunub.

 

Yuxarıda sadalanan yeniliklər pilot layihəsi çərçivəsində həyata keçirilir. Yəni layihədən kənar mövcud standartlarla bu işləri reallaşdırmaq, təbii ki, mümkün deyil.

 

Beynəlxalq rəqabətliliyin artırılmasında ikili diplom proqramlarının həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. AzMİU-da bu gün magistratura səviyyəsində “Ekologiya mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisasları üzrə ikili diplom proqramları öz aktivliyini qoruyub saxlayır. Bundan əlavə, “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasında Milan Politexnik Universiteti ilə birgə “Abidələrin bərpası və mühafizəsi”  adlı ikili diplom magistr proqramına dair hazırlıq işləri də intensiv davam etdirilir və Təhsil Nazirliyinin razılığı əsasında artıq növbəti tədris ilindən bu proqrama qəbul elan edilib.

 

Buna baxmayaraq hesab edirik ki, qarşıda bir sıra mühüm vəzifələrimiz və hədəflərimiz var. İqtisadiyyatın və əmək bazarının müasir tələblərinə çevik cavab verən yeni magistr proqramlarının hazırlanması, dünya standartlarına və “Bolonya prinsipləri”nə əsaslanaraq magistr proqramlarımızın tədris planlarının beynəlxalq standartlara uyğunlaşdırılması işlərinin təkmilləşdirilməsi, ikili diplom proqramları üzrə partnyor universitetlərlə yeni müqavilələrin bağlanması və interdissiplinar mütəxəssis hazırlığını inkişaf etdirmək üçün dissiplinlərarası elmi-tədqiqat proqramlarının hazırlanması kimi işləri vurğulaya bilərik.

 

Ümumiyyətlə, bir çox yeniliklər etmək və ya dünyada artıq dayanıqlı olan modelləri bizdə tətbiq etmək olar. Yalnız bunun üçün magistr tədrisinin çevikliyini təmin edə biləcək yeni standartların işlənməsinə ehtiyac var. Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən bir neçə ildir ki, ardıcıl və mühüm tədbirlər həyata keçirilir, mövcud standartların və ya təhsil proqramlarının yaratdığı məhdudiyyətlər artıq sürətlə aradan qalxır. Görülən işlər, bu tendensiyanın inkişafı əminlik yaradır ki, ali təhsil müəssisələrində magistratura səviyyəsində tədrisin beynəlmiləlləşməsi işlərini sürətlə həyata keçirmək imkanları ilbəil artacaq.

 

Rövşən SƏMƏDOV,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Magistratura Mərkəzinin direktoru