Rəngkarlıq müsabiqəsinin final – sərgi mərhələsi keçirilib
Avqustun 31- də Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında uşaq və gənclər arasında “İnkişafa aparan təhsil” mövzusunda rəngkarlıq müsabiqəsinin final-sərgi və təltifetmə mərhələsi keçirilib.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun dəstəyi ilə keçirilən müsabiqəyə 7-17 yaş arasında olan respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar müəssisələrinin dərnək üzvləri qatılıblar. Müsabiqəyə təqdim olunmuş 17 təhsil müəssisəsinin 68 rəngkarlıq nümunələri 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi və Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutunun mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən 7-9, 10-12, 13-17 yaş kateqoriyaları üzrə qiymətləndirilib.
Sonda qaliblərə diplom və hədiyyələr verilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin şüurunda təhsilin yerini təsbit etmək, onların yaradıcı təfəkkürünü təhsil və inkişafla əlaqələndirmək, yaradıcılığın inkişafa yönəlmiş aspektlərini qabartmaqdan ibarət olub.
Sifai SƏFƏROVA