Riqada yeniyetmə və gənc şahmatçılar arasında qitə birinciliyi keçirilib. Turnirdə Azərbaycanı 8-18 yaş qruplarında oğlan və qızlar təmsil ediblər.
Avropanın 47 ölkəsindən 1074 şahmatçının mübarizə apardığı bu mötəbər yarışda səkkiz yaşlı Azərbaycan şahmatçısı Cahandar Azadəliyev 9 oyundan 8 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ayan Allahverdiyeva da eyni nəticəni göstərərək (9 oyundan 8 xal) on dörd yaşlı qızların yarışında Avropa çempionu adına layiq görülüb.
Azərbaycan yığması komanda hesabında aktivində iki qızıl medalla Rusiyadan (7 qızıl, 6 gümüş, 3 bürünc) sonra ikinci yeri tutub. Belarus millisi isə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yerdə qərarlaşıb.