Yeniyetmə və gənc şahmatçılarımız Avropanın ikincisi olublar

Riqada yeniyetmə və gənc şahmatçılar arasında qitə birinciliyi keçirilib. Turnirdə Azərbaycanı 8-18 yaş qruplarında oğlan və qızlar təmsil ediblər.

 

Avropanın 47 ölkəsindən 1074 şahmatçının  mübarizə apardığı bu mötəbər yarışda səkkiz yaşlı Azərbaycan şahmatçısı Cahandar Azadəliyev 9 oyundan 8 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Ayan Allahverdiyeva da eyni nəticəni göstərərək (9 oyundan 8 xal)  on dörd yaşlı qızların yarışında Avropa çempionu adına layiq görülüb.

 

Azərbaycan yığması komanda hesabında aktivində iki qızıl medalla  Rusiyadan (7 qızıl, 6 gümüş, 3 bürünc) sonra ikinci yeri tutub. Belarus millisi isə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yerdə qərarlaşıb.

 



02.09.2018 | 13:44