Yazıçı Hidayətin “İrəvanda xal qalmadı” povesti onu oxuyan hər bir azərbaycanlının, qəlbindəki əlçatmaz dərinliklərin qatında özünü azərbaycanlı hiss edən hər bir kəsin mənəvi yaddaşında mənsur elegiya kimi qalacağı şübhəsizdir. Ona görə yox ki, İrəvan, azərbaycanlıların etnogenezində mühüm rol oynamış tarixi ərazilərimizdən biri hesab olunur, o, həm də ona görədir ki, o, azərbaycanlı kültürünün formalaşmasında Bakıdan sonrakı yerləri Şuşa ilə bölüşə biləcək mənəvi paytaxtlarımızdan biridir.
Yeri gəlmişkən, İrəvan şəhərinin və ümumilikdə, İrəvan mahalının xalqımızın həyatındakı yerini çox zaman XVIII əsrin ortalarında Nadir şah Əfşarın öldürülməsindən sonra meydana gələn Azərbaycan xanlıqlarının biri, İrəvan xanlığı ilə bağlayırlar. Bu tendensiyanın məftunu olmuş dəyərli insanlarımıza xatırlatmaq istərdik ki, həmin vaxt yaradılan İrəvan xanlığı, olsa- olsa, həmin ərazidə azərbaycanlıların dominantlığını təsdiq edən faktlardan biri kmi tarixi əhəmiyyət daşıyır. İrəvan şəhəri ayrı-ayrı zamanlarda Çuxursəd vilayətinin, daha sonra İrəvan xanlığının, XIX əsrin 2- ci onilliyində Rus İmperiyasına ilhaq edildikdən sonra isə İrəvan quberniyasının mərkəzi olubdur. Sonuncu statusda olarkən nəinki şəhərin özündə, həmçinin quberniyanın ərazisində yaşayan aborigen əhali, azərbaycanlılar işğalçı Rusiyanın diskrinimasiya siyasətinin hədəfinə çevrildilər. Həmin proses 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında, paytaxt İrəvan şəhəri olmaqla, Ermənistan Respublikasının elan edilməsi ilə başa çatdı. Həmin prosesin ikinci dalğası bu dəfə bolşevik Rusiyasının bu ərazilərdə bərqərar edilməsindən sonra başladı.
Bu gün İrəvanda, azərbaycanlıların qədim mədəniyyət mərkəzi olmuş şəhərdə nəinki bir nəfər azərbaycanlı yoxdur, üstəlik, bu qədim xalqın adı ilə bağlı nə varsa dağıdılıb, məhv edilib və yaxud özgəninkiləşdirilib.
Azərbaycan ədəbiyyatının öz dəst- xətti ilə seçilən görkəmli nümayəndəsi, şair və yazıçı, dramaturq Hidayətin (Hidayət Orucovun) yaradıcılığında böyük mədəniyyət yaradıcısı olan xalqın etnosid siyasətinə məruz qalması qırmızı xətt kimi keçir. Sözsüz ki, bu baxımdan onun “Burdan min atlı keçdi...” əsərinə ancaq ədəbiyyat hadisəsi kimi deyil, həm də ictimai-siyasi, tarixi faktlarla zəngin ədəbi nümunə kimi baxılacaqdır.
Yazıçının “İrəvanda xal qalmadı” povesti ötən əsrin 80-ci illərində qələmə alınan, azərbaycanlılara qarşı yönəldilən 150 illik siyasətin hansı itkilərlə nəticələnəcəyini göstərən ədəbiyyat nümunəsidir.
Böyük ədəbiyyatın əsas missiyası elə bu deyilmi..?
Hidayətin “İrəvanda xal qalmadı” povesti bəlkə də buna görədir ki, parlaq xarakterlərin yaratdığı kaloritli personajların hərəkət və düşüncələri çərçivəsindən kənara çıxan mövzu genişliyi ilə diqqəti cəlb edir.
Bu, yazıçının ancaq hadisələrə deyil, hadisələri şərtləndirən amillərə və bu hadisələrin məntiqi sonluğuna diferensial baxışlarıdır.
Bəlkə o baxışların ifadəsidir ki, povestdə baş verən hadisələrin mərkəzindəki qəhrəmanın, Sultanın uşaqlıq vaxtlarından indiyəcən yaşantılarını Hidayətin özünəməxsus təhkiyəsində oxumaq maraqlıdır. Bu təhkiyənin dili zəngindir, üstəlik, Hidayətin üslubundakı cazibədarlığı artıran müxtəlif elementlər oxucunu söylənilənlərin müşahidəçisi kimi deyil, baş verənlərin iştirakçısı kimi hadisələrin axarına qatır. Məqamında bədii ifadə vasitəsi olan inversiyalardan istifadə etməklə yazıçı əsərdə nəinki fikrin təsir gücünü artırır, üstəlik, nağıl edilən hekayətə poetik fon verməyə nail olur. Və özünün maneraları, bədii ötürmə vasitələri ilə zamandan zamana, məkandan məkana keçir, İrəvana da əcdadlarımızın ancaq ayaq izləri qalmamış məkanlardan dolanıb gəlirik. O izlər indiki Azərbaycanın ərazilərindən uzaqlarda, Şimali Qafqazda toponimləşib, oykonimləşib və müəllifin təqdimatında bunlar zərif şəkildə, sərrast olaraq təqdim edilən mənzərəni tamamlayır.
Beləcə, Ərzni dincərliyində qəfil eşitdiyi xoş xəbərin ovqatına bürünən gənc yazıçıya qoşulub Jeleznovodsk şəhərinə nə cür gedib çıxmağımızın fərqində olmuruq. Sadəcə olaraq, “Dağ havası” dincərliyindən Dəmirdağ meşəliklərinə, Məşuq Təpəsinin ətəklərinə, “Məkr və Məhəbbət” qalasına baş çəkir, “Meşəbəyi koması”nda “həqiqətdən qopmuş nağılların” içinə düşürük. Bu içinə düşdüyümüz nağılların yüyrək dili ilə də Zəngəzura, Sultanın uşaqlıq illərinə, oradansa “Kamal - Sevda” dastanına qədər yeriyirik.
Hələ, “İrəvanda qalmayan xalların”ın lirik ricətlərin keçidi ilə bağlanan hadisələrdə başlıca leytmotivi olduğuna diqqət yetirə bilmirik. Onun da fərqində o vaxta qədər olmaq lazım gəlməyəcək ki, dünənlə bu günün arasında dayanan, ancaq genetik transformasiyanın deyil, mənəvi keyfiyyətlərin daşıyıcısı olan Sultan, əslində, gedəcəyimiz yolların yönümüdür. Hələ bu yönümün bizi haraya qədər aparacağı məlum deyil, lakin özünü təsdiq etmiş, ucsuz-bucaqsız bir ölkənin ən mötəbər ədəbi mükafatına qədər gəlib çatmış yazıçının heyrəti ilə açılan qapının astanasından içəri keçirik.
Bu heyrətin subyektlərindən biri Sultanın “köhnə dincərlik dostu” olan Kazım, biri isə uşaq vaxtlarından itirdiyi atasıdır. İqtisadçı olan Kazımın təqdimatı belədir: “Kazım iqtisadçı idi, amma ədəbiyyatı elə dərindən bilirdi ki... Şeirlər yazırdı,bu şeirlərin çoxu çapa layiq idi, amma qəzetə şeir göndərmək, kitab çap eləmək heç ağlına da gəlmirdi. Hə, Kazım istəsəydi yazıçı da ola bilərdi, amma...”.
Atası isə... : “Sultan Kazımı xatırlayanda həmişə atası düşür yadına. Bağban idi atası. Amma tarı elə dilləndirirdi ki... elə bil konservatoriyada, nə bilim, kimin sinfini bitirib, elə bil Filarmoniyada neçə-neçə müəllif konserti verib...”.
Müəllifin xarakter toplusu olan insan portretləri ilə oxucunun tanışlığı beləcə davam edir və Hidayətin özünəməxsus bədii ifadə vasitələrinin təqdimatı ilə onların daxili aləminə nüfuz etmək mümkün olur. Beləcə, Sultanın bələdçiliyi ilə Kazımı, “kiyevli yəhudi balası” Dimanı, Kamalı və onu hamıdan əvvəl “kəşf edən” Günyaz kişini görürük. Sona Miriqızını, Firəngizi, Rənanı, Akifi, Usubu, Babaş Savalanı, “nəçənniyi nəçənniy olduğuna görə, nə desə də inciməyən” milis nəfəri Qulamovu, qarşılaşdığı şəxslərə “nə qədər böyük adam olsa da insan kimi yanaşan” Şura xalanı, əsər boyu bircə kəlmə danışmayan Kristinanı, nazir müavini Stepanovu yaxından tanıya, onların mahiyyətini ortaya qoyan fikirləri, hətta bircə replikaları ilə həyat fəlsəfələrini duya bilirik.
Bunlar hər biri öz yaşantıları və əməlləri ilə Hidayətin kəşf etdiyi insan qrupu, qəribə bir duyumla yaratdığı və təqdim etdiyi dünyanın hərəkətverici qüvvələridir. O qüvvələrin hər biri xeyir və şər olmağından asılı olmayaraq missiya daşıyıcılarıdır. Onlar məzmunca eyniyyət yaradır, bəzən öz mahiyyətlərindən doğan ziddiyyətləri ilə həyat konfiqurasiyasını tamamlaya bilirlər.
Buna görə, XX əsr ədəbiyyatında yaratdığı insan obrazlarına görə seçilən Ernest Heminqueyin “Nəsr- dekorasiya sənəti deyil, arxitekturadır” sözləri yada düşür. Bu, söz arxitekturasının yaradılmasında, fikrin bədii təsir gücünün qüvvətləndirilməsində sintaktik fiqurların yaratdığı heyrətamiz şəbəkəni görməyə, hətta özünü bu konfiqurasiyanın içində görməyə imkan verir. Fərqi yoxdur, hadisə hansı zamanda və məkanda baş verir, Jeleznovodskun şaşırdıcı gözəlliklərinin məcmusu olan geniş təbiətdə və yaxud Moskvada, “Növbətçinin yanından uzun dəhlizə daxil olanda sağ qol üstə dördüncü qapının arxasındakı” divarların arasında... Zəngəzurun balaca bir kəndində, “yüz illərin qonşululuğunda yaşamış” insanların mühitində və ya nəfəskəsən iri şəhərdə, lap Ərzni dincərliyində, harada cərəyan etməsindən asılı olmayaraq adamlar və onların hərəkətverici qüvvə olduqları hadisələr o şəbəkə daxilində baş verir.
İrəvanda xal qalmadı...
“İrəvanda qalmayan xallar” leytmotivdir və həmin leytmotivin axarı ilə ilk baxışda, povestin epizodik görünən personajlarından birinin, lakin əslində, yada düşən və yaxud cərəyan edən hadisələrin mərkəzində dayanmış Kamalın həyat hekayəsinin dramatik tarixçəsinə qoşuluruq. Bu, belə baxanda, qəlbinin dərinliklərində gizlənmiş, ancaq bağban əlinin barmaqları ilə tarın pərdələrində köklənən dərdin hekayəti deyil. Heç onun gəncliyinin ilk sevgisi olan “irəvanlı qızın”, Sevdanın özü ilə İrəvana, oradansa Ərdəbilə apardığı, “qızılgüllərin açan vədəsi, çayların daşan vaxtı”, Kamala qovuşmaq üçün keçmək istədiyi Arazda boğulan bir sevginin kədəri də deyil. Belə baxanda, Kamalın üstündən keçib getmək istədiyi, “kəndlərindən yetmiş-səksən kilometr aralı”da olan Xudafərinə yaxın düşə bilməməyi də o dərdin hekayəti deyil.
Bu, bir millətin bərkiyəcəyi qədər gedə biləcəyi yolun hekayətidir.
Bu, “Atası yolçular haqqında mahnılar oxuyardı, belə mahnıları dinləyən sanki diyarbadiyar köç eləyən yolçulara oxşayardı”- düşüncəsinin fokuslaşdığı bir tale hekayətidir.
Bu hekayət ibrətamizdir. İndi, ədəbi taleyinin ən uğurlu vaxtlarını yaşayan, kitabının layiq görüldüyü sanballı mükafata görə onu təbrik etməyə gələcək adamların, ardı-arası olmayacaq telefon zənglərinin əlindən baş götürüb ancaq sükutun verə biləcəyi rahatlığa can atan Sultan belə, o hekayətin haraya qədər davam edəcəyini bilmir. Amma yeddi yaşının tamam olmadığından birinci sinfə götürülməməsinə görə üz tutduğu, ancaq dağların arasına sığınmış kəndlərində deyil, bütün Yer üzündə ən qüdrətli adam bildiyi kolxoz sədri ilə söhbətindən başlayan xatirələrin ömür boyu unudulmayacağına əmindir.
Nəcəf müəllimdən eşitdiyi, indi də qulaqlarında cingildəyən “Yaşın çatmır hələ... Maarif nazirliyinin təlimatında yazılıb ki...”- sözlərindən sonra kolxoz sədrinin qabağını kəsərək ona verdiyi suallar kimi:
“- Maarif nazirliyi kimdir?
Sədr başa düşdüyü tərzdə izah eləmişdi.
- Bəs təminat onun nəyidir?
Təlimat təminat kimi qalmışdı yadında.
Sədr yenə başa düşdüyü tərzdə izah eləmişdi.
- Sən böyüksən, yoxsa o maarif nazirliyi?
Sədrin cavabı indi də yadındadır:
- Baxır yerinə, burda mən böyüyəm, orda o.
- Onda Nəcəf müəllimə de, məni məktəbə götürsün.
- Ə.Nəcəf, - sədr müəllimə göz vurmuşdu, - bunu niyə götürmürsən məktəbə?”.
Bəlkə də, “sədrlərin müəllimlərə vurduğu gözdür” İrəvanda qalmayan, qala bilməyən xalları perikdirən..?
Harada, nə vaxt baş verməsindən asılı olmayaraq povestdə cərəyan edən hadisələrin hər birində İrəvanda qalmayan xalların göynərtisi var. “İrəvanda qalmayan xallar”, sadəcə olaraq, bir xalqın nisgili, kökünün su axtardığı ağacın həyat uğrunda çarpışmasıdır.
Və beləcə, kədərdən süzülən işıqda o hekayətin personajlarını təqdim edən Hidayətin yaratdığı kompozisiyada qurulan sistemin tərkib hissəsinə çevrilməyimizdən xəbərimiz olmur. Bu, ona görədir ki, onun oxucusu Sultanın yol yoldaşına çevrilir, özünün uğurlu taleyini yaşayan “Səadət”i də vərəqləməyə, onun baş qəhrəmanı Günelin hisslərini yaşamağa da daxili istəyi ilə qoşulur. Ancaq bunlardırmı? Yox, ümumilikdə, Hidayətin müəyyən xarakter xüsusiyyətlərinə görə ümumiləşdirərək ədəbi tipə çevirdiyi obrazların hər biri, əsərin süjet xəttindəki inkişaf dinamikasında iştirak edir.
Bunların hər biri canlı obrazlardır, müxtəlif temperament və həmin temperamentin müəyyənləşdirdiyi xarakter keyfiyyətlərinin individuallaşdırdığı obrazlar. Biz onların hər birinin, hətta Qərbi Almaniyadan olan jurnalist qadının, əsərdə hansı situasiyadasa görmədiyimiz, lakin bir cümləsi ilə Sultanın yada saldığı Yelenorada da o individiumluğu görürük. Bu alman qızını bircə cümlə ilə, “Mən öləndən sonra sakit olacağam”- ifadəsi ilə oxucunun yaddaşına yazmağı bacaran müəllifin ustalıqla yaratdığı personajların heç biri göydəndüşmə deyil. Sultanın atasına, bağban Kamala “Kamal, çoxdan əhd eləmişəm ki, İsgəndərin toyunu sən çalasan”- deyib, arzusunu dilə gətirən Günyaz, “öz köhnə “Moskviç”i ilə” dostlarının dadına çatan Mürvət, “yəhudi balası” Dima, usta Turab, “bircə qızının bağbanla evlənməsini ağlına belə, gətirə bilməyən” Müzəffər, bunlar hamısı Hidayətin yaratdığı obrazlar qalereyasını tamamlayır. Həmin personajların heç biri hadisələrin cərəyan etdiyi məkanda, Ərzinidə deyil, yazıçının yaratdığı mükəmməl kompozisiyada yer alıblar. Onlara XIX əsrdən dünya ədəbiyyatı nümunələrində görünən “xırda adamlar” kateqoriyasını tamamlayan personajlar kimi də baxmaq ona görə mümkün deyil ki, müəllifin təqdimatında bu insanlar mənşəyinə, sosial mövqeyinə görə fərqlənsələr belə, xarakter kimi tam görünür və harmoniyanın tərkib hissəsinə çevrilə bilirlər. Onların hər biri povest boyu qarşımıza istər mənəviyyat, istərsə də əxlaq daşıyıcıları kimi çıxır. Bu keyfiyyət yazıçı Sultanın uşaqlıq vaxtlarından itirdiyi, qəlbində təkcə böyük məhəbbəti deyil, insanlığı zinətləndirən ən alicənab xüsusiyyətləri də saxlaya bilmiş atası Kamalın şəxsində qabarıq görünür. Yeri gəlmişkən, Hidayətin oxşar “xırda adamlar”ını onun “Ömürdən uzun gecə”sində də görürük və etiraf edək ki, həmin insanlar oxucu yaddaşında silinməz izləri ilə qalır. Bu, Hidayətin öz personajlarına yanaşma manerası ilə birbaşa bağlıdır və ona görədir ki, əsərlərinin hər birində, ən epizodik iştirakına baxmayaraq onun personajları ötəri görünmür. Ona görədir ki, Ərzni dincərliyində uğurlu gənc yazıçının təmasda olduğu və yaxud xatırlamaları ilə hadisələrin süjet xəttinin inkişafına qoşulan heç bir kəs artıq görünmür. Sultanın özü, o böyük ölkənin ədəbi mükafatını qazandığını qəzetlərdən öyrənən, ədəbiyyat dünyasının ulduzu olaraq parlamaqda olan yazıçının həyatına müxtəlif vaxtlarda və müxtəlif məkanlarda qoşulan bu adamların hər biri İrəvanda qalmayan xalların sızısında göynəyir. O sızı Sultanın əbədi yol yoldaşı olacaq xatirəsində elə bu cür danışır: “Atası yolçular haqqında mahnılar oxuyardı... Belə mahnıları dinləyən sanki diyarbadiyar köç eləyən yolçulara oxşayardı...”.
Hə, “İrəvanda xal qalmadı” yolçuluğa köklənən insanların mahnısı imiş...
Belə olmasaydı, mahnıda bir belə ürək yanğısı, sadəcə, olmazdı, ola bilməzdi.
“... İndi dincərliyin qənşərindəki qoca palıdın altında, qayanın üstündə əyləşib dünən olanları xatırlayırdı. Yalnız dünəni, srağagünü xatırlayırdı, oradan o yana getmirdi, keçmişlərə baş vurmaq istəmirdi. Bilirdi ki, bir az o yana getsə, ordan da o yana gedəcək, sonra lap o yana...”
Bu, Hidayətin baş qəhrəmanı, hətta prototipi kimi də qəbul edə biləcəyimiz Sultanın ağlına gələn, “ordan o yana gedə biləcək” yol yolçuluğunun üşərtisidir. Bu, “İrəvanda qalmaya biləcək xalların” vahiməsidir ...
Amma təbii ki, ruzgarların yön götürüb əsdiyi həmin məqamlarda “ulduz ömrünün” astanasından təzəcə keçmiş yazıçı üçün, hətta Sultan Oğuz üçün ağlagəlməz görünən o saatlarda onu narahat edən bircə məsələ var. Bu, ayın 28-nə iki istiqamətə aldığı o iki təyyarə biletininin hansına üstünlük verməsi məsələsidir. Biri Moskvaya, digəri Kiyevə alınmış təyyarə biletlərindən biri onu hay-küydən, bir vaxtlar həsrətlə gözlədiyi şöhrətinin şirəsinə uçub gələn milçəklərin zəhlətökən vızıltılarından qurtarmalıydı. Moskvada olardısa, Kazımı çağıracaddı oraya: “Orada hər şey sakit idi; nə düşmənlər vardı, nə yalan tərif deyənlər, nə təbrikə gələnlər vardı, nə də arxasınca onun kölgəsini qamçılayanlar... Ona görə də o xəbər qəzetdə çıxan kimi Moskvaya getmək qərarına gəldi”.
Amma şöhrətin ətrafına yığılmaq istəyən, dünənə qədər görmədikləri, bəlkəm heç görmək istəmədikləri insanın yanında yer almaq üçün bəhsəbəhsə düşən kəslərdən qaçmaq elə də asan məsələ deyil: “Moskvada rastlaşacağı basırıq birdən ağlına gəlir və elə həmin andaca “Kiyev düşdü yadına,yaşıllıqların nəhəng guşəsi Kiyev. Orada Dimadan başqa tanıyanı yox. Ukrayna yazıçılarından bircə Borislə tanışdır, o da indi xaricə ezamiyyətə gedib. Dimadan xahiş edər ki, heç kəsə xəbər verməsin. Elə Dimanın özü də belə istəyər. Dimaya da belə xoşdur. Həyatı yaman bilir yəhudi balası (o, Dimanı hərdən belə çağırardı və bu, Dimanın da xoşuna gələrdi). Məzəli söhbətləri, dadlı-duzlu lətifələri var, iki-üç həftəliyə Sultan unudar ədəbiyyatı, qələmi, dünyanı, yox, unutmaq mümkün deyil bunları. Bu təbriklərdən, ürəkli-ürəksiz sözlərdən qurtarar yaxasını. Yadlar arasında olanda adam özünə kənardan baxa bilir...”.
Bu, Sultanın bir vaxtlar can atdığı şöhrətin indi verdiklərindən, verə biləcəklərindən baş götürüb getmək istəyidir.
O, ümumiyyətlə, indi çox şeylərin əlindən bezib, usanıb. Həyatda hər şey bu cürdür, elə, beləcə, bir vaxt can atdıqların birdən-birə bezdirir və onların hamısından baş götürüb uzaqlara, heç kimin tanıya bilməyəcəyi yerlərə getmək istəyi baş qaldırır.
Bu belədir.
Sultanın yeni romanı olan, çap edildikdən sonra ona ağlagəlməz şöhrətlə bərabər, ən böyük ədəbi mükafatı gətirən “Səadət”lə indiyəcən soyuq baxışlarda hərarət yarada bildiyini, ədəbi mühitin elitasına ayaq basdığını və istisnasız olaraq bütün məclislərin ən arzuedilən qonaqlarından birinə çevrildiyini görür. Onu alqışlayırlar, harada olmasından asılı olmayaraq publika onu əhatə edir, ancaq çoxsaylı oxucuları deyil, ölkənin ən mötəbər nəşriyyatları “Səadət”in ikinci hissəsinin nə vaxt yazılacağı ilə maraqlanır, ucsuz-bucaqsız ölkənin müxtəlif yerlərindən ən titullu tərcüməçilər onu dəng edir, romanın tərcüməsi üçün icazə verməsini xahiş edirlər. Onun istedadını qiymətləndirir və onu sevirlər, lakin bununla bərabər, Sultanı istedadının qaldırdığı yerdə görmək istəməyənlər, hətta ona düşməncəsinə münasibətini gizlətməyənlər də tapılır. Nəticə olaraq hər iki faktorun təsiri ilə yaranan hissin diffuziyası baş verir. Bunları, XIX əsrin sonlarında Herbert Spenser, şöhrətin zirvəsinə çatan insanların böyük əksəriyyətində baş verən psixoloji yükü “materializm və rasionalizmin özünəməxsus qarışığının sindromu” adlandırırdı. Buna görə idi ki, cəmiyyəti individiumların aqreqatı kimi təqdim edən sosioloq bu sindromun çox vaxt qaçılmaz olduğu qənaətindəydi.
Lakin şöhrət pyedestalına yenicə ayaq basan Sultan o sindromdan daha çox özünü, uşaqlıqdan bəri içində saxladığı duyğuları itirməkdən qorxur. Bilir ki, atasının tarının pərdələrindən baş qaldıran, dillənən, indiyəcən qulağından getməyən və belə görünür ki, heç vax da getməyəcək bircə havadan başqa, o, hər şeydən bezə bilər...
Ərzni dincərliyində, “seçilmişlər” üçün nəzərdə tutulan korpusda, “uzun dəhlizin başındakı otağın qapısını açıb” içəri keçənə, “televizorun üstündəki vazaya qoyulmuş təzətər gülləri, stoldakı dəmdəsgahı, açılan süfrəni, düzülən cürbəcür soyuq qəlyanaltını, irili-xırdalı qədəhləri” görüb də heyrətlənməsəydi heç yadına düşməzdi ki, bu gün aprelin iyirmi yeddisidir.
Heç televizoru açıb orda “Spartak” a 0:1 hesabı ilə uduzan “Neftçi”-nin halını görməsəydi, 15 il əvvələ də qayıtmazdı...
Hidayətin kompozisiyasında hadisələr lirik ricətlərlə bağlanır. Və bu bağlantılar o qədər təbii baş verir ki, oxucu nəinki zaman fərqinin, heç məkan fərqinin də necə dəyişdiyini hiss etmir. Beləcə, hiss edilməyən zaman və məkan fərqində yazıçı Sultanla onun tələbəlik illərinə qayıdırıq, onun ən mərhəm hisslərinin ovqatını yaşayırıq. Onun və iki tələbə yoldaşının, Rəna ilə Firəngizin uzaqda qalmış tələbəlik illərinə Sultanla birlikdə dönür və gələcək hadisələrin gedişatına hazırlaşırıq: “Onlar üç dost idilər: Sultan, Firəngiz, Rəna.
Paxıllar dal-dala gah “Üçlər şurası” deyirdilər onlara, gah “Üçbucaq” deyirdilər, gah “Üçbulaq”... Bu sözlər onlara da gəlib çatırdı ( dünyada xəbərçilər də lazım olur...). Onlar keflərini pozmurdular. Rəna isə bir dəfə auditoriyada ucadan dedi ki, hər kəs belə ayamalarla fəxr eləyə bilər! (Rəna şəhər qızıydı, özü də sözü üzə deyən idi).
“Üçbulaq” kitabxanada bir yerdə dərs hazırlayırdı, kinoya, teatra bir yerdə gedirdi”.
Bunlar çoxdan keçmişə dönmüş hadisələrdir, lakin hər keçmiş olan itmir, unudulmur, əksinə, yeni başlanğıclar üçün impuls olur. O impulsun kinetik enerjisi daha çox insanın daxili gücüdür.
Müəllifin gəldiyi qənaət belədir.
Və Hidayətin yaratdığı problem-situasiyalarda onun zəngin obrazlarla dolğun personajları həmin keçmişin öləziməkdə olan ocağındakı közərtiləri körükləyə bilir. Bu, ancaq bircə anda lazım gələn cəhddir və belə də olur. Elə asta-asta alova çevrilən o közün yaratdığı işıqda müəllifin təqdim etdiyi yeni personajlarla tanış oluruq. Bunlar kaloritli və dinamikdirlər, həyat haqqında öz fəlsəfələri var və onların əsərin süjet xəttinin inkişafında oynadıqları rolun böyük-kiçikliyindən asılı olmayaraq oxucunun yaddaşında dərin izlərlə qalacaqları da şübhəsizdir. Dincərliyin həkimi Sona Miriqızı, Sultanın tələbə yoldaşı Firəngiz, nazir müavini Stepanov, dincərliyin gözətçisi Usub və digər personajların hər biri Sultanın ancaq yaddaşına deyil, qəlbinə, ruhuna hopmuş o mahnının dillənməsində iştirak edəcəklər.
İrəvanda xal qalmadı...
Hələliksə Hidayətin xüsusi bir ruhla yaratdığı, bəlkə də özünün prototipi olan Sultan uzaq olmayan, bəlkə də əl çatası məsafədə dayanmış keçmişi, öz gəncliyi ilə söhbətləşir. Onun yaxından və uzaqdan tanıdığı şəxslər gəlir gözünün qabağına. Ərzni dincərliyində Sultan hər bir kəsi görməyi ağlına gətirərdi, bircə onu, Firəngizi yox və budur, Firəngiz Sona Miriqızı ilə onun otağına qalxıb, bir az da dəbdəbəli sayıla bilinəcək stolun arxasında oturub, bir azdan hətta onun sağlığına badə qaldıracaq. Bunlar bir azdan olacaq, amma indi, qonaqlar üçün musiqi səsləndirməyə görə Sultan özü ilə gətirdiyi vallar arasında seçim edir. Firəngiz isə onun nə axtardığını bilir, lakin niyə o valı gəzdiyini anşırda bilmir: “Sultan niyə o köhnə valların içində “İrəvanda xal qalmadı”nı axtarırdı? Niyə ilk dəfə bu valı patefona qoydu? Niyə o gecə neçə dəfə dinlədi bu mahnını? Atasının sonu kədərli ilk məhəbbət nağılınımı xatırlayırdı? İlhamənin sol yanağındakı qəşəng xala görəmi sevirdi o mahnını? Bəlkə Xanın avazına görə. Xanın başqa mahnıları yoxdumu?”.
Firuzə nə qədər duyğulu, ağıllı və savadlı olsa da bu sualların ancaq Sultanın bildiyi cavabını tapmaqda çətinlik çəkir.
O, hardan bilsin ki, həmin mahnıya çökmüş o qəm, o kədər yüz il sonra yaranacaq həsrətin bağrında bitən Dərd olacaq...
Bircə Sultan sövq- təbii duyur mahnının havasında gizlənmiş nisgil dolu fəryadı, o bilir bu mahnıdakı sirli kodları...
Deyəsən, Sona, gənc olmasına baxmayaraq, Ərzni dincərliyinin sayılan-seçilən həkimlərindən biri kimi tanınan, Təbrizdə doğulmağını, orada boya-başa çatmağını gizlətməyən, əksinə, bir az da qürurla bunu deyən erməni qızı intuitiv olaraq bu havada nəsə duyub... Və buna görə də Xanın ifası bitər-bitməz o mahnını özü, bir az da həmin yanğı ilə davam edir:
“İrəvanda xal qalmadı,
Gəncədə Sultan qalmadı...
Daha məndə can qalmadı...
Ay, o nə xaldır- üzə düzdürmüsən,
De görüm, nə xaldır- üzə düzdürmüsən?
Xal - mənim,
Yar - mənim,
İxtiyar - mənim...
Ay, de görüm, nə xaldır - üzə düzdürmüsən...
Atam oxuyardı bu sözləri, özü kamançada çalıb- oxuyardı atam. Atam mənnən təmiz danışardı azərbaycanca, həmişə Azərbaycan mahnıları oxuyardı. Heç bilmirəm, niyə ermənicə oxumurdu?”.
Bunu Ərzni dincərliyində həkim işləyən, milliyyətcə erməni Sona deyir.
Bu atmacanı isə yenə milliyyətcə erməni, həmin dincərlikdə gözətçi kimi çalışan Usub əlavə edir: “Əşşi, ermənilərin heç mahnısı var ki? Bir on beş il, iyirmi il əvvəl bu Ərznidə elə hamı Azərbaycan mahnıları oxuyurdu. Onda burda azərbaycanlılar çox idi, çox-çox idi”.
“- Dikar! Nastoyaşiy dikar! - əllərini aşırmalı şalvarının rezinlərində oynatdı nazir müavini”.
Bunu isə dincərlikdə müalicəyə və istirahətə gəlmiş nazir müavini, indicə məclisi tərk eləmiş Usubun arxasınca, Stepanov deyir.
Yeri gəlmişkən, povestdən çəkilən sitatları yazdıqca xırda, bəlkə də əhəmiyyətsiz görünəcək bir məqamı, əsərin 1983-cü ildə, indiki Ermənistan Respublikasının ərazisində, Ərzni dincərliyində yazıldığını xatırladırıq. Onu da xatırlatmağı lazım bilirik ki, yaşadığımız indiki zamanlarda SSRİ KQB-sinin “Novruz yumurtalarının, belə, boyanmasını nəzarətdə saxladığını” iddia edənlər kifayət qədərdir.
Onu da, yeri gəlmişkən, xatırladaq ki, Hidayət bu povesti yazarkən dövlət teatrının, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının direktoru, Ermənistan Yazıçılar İttifaqı Azərbaycan ədəbiyyatı şurasının rəhbəri idi. Amma bunları yazırdı...
Bir daha yada salırıq ki, yazıçının, povestin bədii gücünü, mükəmməl kompozisiyasını və parlaq personajlarını şərtləndirən sənətkarlıq xüsusiyyətlərindən söz açdığımız məqamda Hidayətin şəxsində “KQB ilə mübarizə aparmış ədəbiyyatçı” obrazı yaratmaq fikrindən çox-çox uzağıq. Hesab edirik ki, Hidayətin özünün də ürəyinin ən dərin guşələrində belə bir oxşar bir istək keçməz... Lakin həyatda elə faktlar var ki, onun yanından sükutla, elə-belə adlamaq olmur. Biz isə dəyərli oxucumuzun diqqətini parlaq ədəbi istedadla şəxsiyyətin birləşməsinin nə qədər zəruri bir məqamlar yaratdığına yönəltmək istədik.
Povestdə nazir müavini Stepanovun yazıçı Sultana növbəti suallarının şahidi oluruq: “Yeri deyildi, amma Stepanov birdən soruşdu:
- Kak vı popali syuda, Sultan Kamaloviç?
- Kuda?- təəccüblə soruşdu.
- V Armeniyu. Vı izvestnıy pisatel. Mne prosto interesno.
- İndi torpaq istəyəcək xəstəmiz,- dedi Sona, - Stepanovun adını qəsdən çəkmədi, - çalışacaq sübut eləsin ki, ermənidir. Belə söhbətlər indi yaman dəbdədir burada,- istehzalı gülüşünü boğa bilmədi.
- Mənim atam da burda yaşayıb, babam da, babamın ulu babaları da... - azərbaycanca dedi Sultan, ayağa qalxdı, otaqda var-gəl elədi, unutmuşdu Stepanovun ancaq rus dilini bilməsini, Firəngiz yenə tərcüməyə başladı: - Bayaq eşitdiniz Usub nə dedi. - Əvvəllər burda hamı Azərbaycan mahnıları oxuyurmuş... İndiyəcən yaşayır o mahnılar. “Ərzni” nədir” Erməni sözüdür? Sözün kökü “ərz” deyil? “Ərz” bilirsiniz nədir, yoldaş Stepanov, qədim türk sözüdür, “Yer kürəsi” deməkdir.
Telefon zəng çaldı və Sultan fikirləşdi ki, yaxşı oldu, bəlkə söhbətin məcrası dəyişilə”.
Hidayətin yazı manerası (əslində, buna təfəkkür manerası demək daha düzgün olar, ona görə ki, hər bir yazı müəllifinin təfəkkür ölçüsüdür) fərqlidir. Orada onun qəhrəmanlarının uzun-uzadı dialoquna və yaxud monoloqlarına rast gəlmək mümkün deyil. O, təqdim etdiyi xarakterdəki ştrixləri qabardır, portreti təsəvvüründə necə canlandıracağını isə oxucusunun öhdəsinə buraxır. Babasının babasının... babasının da bu yerlərdə doğulduğu yazıçı Sultanla Krasnodardan gəlib buralara çıxan, orasa haradan getdiyi məlum olmayan nazir müavini Stepanovun dialoqundakı mənzərə kimi... O kiçicik dialoqda bu möcüzə şəhərin ruhunun hopduğu mahnıların adı çəkilməyən, lakin hansısa sehrli səslə eşitdiyimiz sözləri kimi:
İrəvanda yol işlərəm,
Xəncəlimi gümüşlərəm.
Bir öpərəm, bir dişlərəm...
İrəvanda ayaq quşu
Gedər yazı, gələr qışı.
Yaxşı olar yar görüşü...
İrəvanda Çarşı bazar,
İçində bir gəlin gəzər.
Dərdlərimə dərman yazar...
İrəvanda Zəngi çayı,
Hüsnün mat eyləyir Ayı,
Mən yazıq yetimin payı...
İrəvanda olar dügü,
Tacirlər bağlayar yükü,
Hindistandakı qul təki...
İrəvanda xan qalmadı,
Gəncədə soltan qalmadı,
Daha məndə can qalmadı....
Hər bir süjet xəttinin təbii və öz axarı xətlə getməsi, həmin xətti inkişaf etdirməli olan personajların “göydəndüşmə” olmamalarını şərtləndirən başlıca faktoru Cəfər Cabbarlı bir cümlə ilə belə ifadə edirdi: “Tipik şərait və tipik qəhrəmanlar”. Bu nöqteyi-nəzərdən Hidayətin obrazları xüsusilə seçilir və tipik şəraitin inkişafına təkan verdiyi hadisələr ancaq personajların açılmasına deyil, bədii əsərin dolğunluğuna xidmət edir.
Və biz “İrəvanda xal qalmadı...” povesti ilə üzbəüzük...
Qarşımızdakı kitab isə bir Millətin dərdlərindən yaranmış elegiyadır.
Yaddaşımızda Qaf dağındakı Simurq quşu haqqında bir əfsanə yazılıb, odlara yanan, yenidən öz külündən yaranan quş haqqındakı əfsanə.
Mahirə HÜSEYNOVA,
filologiya elmləri doktoru, professor